Jurnalistika bu gün – sənət, peşə, ixtisas kimi

 

Yaradıcılıq insanın özünüifadəsidir. Özünüifadə insanın əbədi istəyidir. Yalnız istedad, bacarıq və bilik insanın yaradıcılıq imkanlarının gerçəkləşməsinə şərait yaradır. Qədim nağılların, dastanların, bütün folklor nümunələrinin hamısı insanın fərdi istedadının kollektivləşmiş özünüifadəsidir. Yaradıcılıq insanın bütün fəaliyyət sahəsində özünü göstərə bilər. Minlərlə bağbanın içərisində yalnız yaradıcılıq istedadı ilə seçilən möcüzə yarada bilir. Yüzlərlə bənnadan biri   hamının qəbul etdiyi daşlaşmış qaydalara yeni yaradıcılıq bacarığı ilə yanaşanı digərlərindən fərqlənir və bənna möcüzəsi yaradır. Beləcə, rəngsazdan tutmuş toxucuyadək hər kəsin özünü daşlaşmış, qəbul edilmiş populyar qaydalardan artıq göstərmək üçün potensial imkanı var. Lakin onun bu imkanı istedadla, öz peşəsinə vurğunluq aktı ilə müşayiət olunur. Amma insan fəaliyyətinin elə spesifik sahələri var ki, oradakı bütün görülən iş yaradıcılıqla, istedadla bağlıdır. Belə sahələrin “fəhlələrinə” yaradıcı şəxsiyyət kimi baxılması ta qədimdən ictimai məzmun kəsb etmişdir. Bu, insanın intellektual fəaliyyət sahəsidir. İnsanın ağıl və bacarığın, düşüncənin, istedadın, təxəyyülün iştirak etdiyi bütün sahələrdəki fəaliyyəti yaradıcı iş kimi qəbul edilir. Şair, yazıçı, dramaturq, aktyor, rejissor, rəssam, heykəltəraş, alim və daha onlarca insan yaradıcılıq işilə məşğuldur. Bu adamlar seçdikləri fəaliyyət sahəsində ağılın, intellektin, təxəyyülün bütün gücünü səfərbər edərək birinin digərindən tamamilə fərqli, orijinal əsərlər yaradırlar. İstedadın, təxəyyülün, xüsusi bacarığın, intellektual səviyyənin maksimum iştirak etdiyi yerdə sənət əsəri yaranır. Bu əsərlərin müəlliflərinə – yəni yaradıcılarına sənətkar deyirlər. Jurnalistika da yaradıcılığın bu sahəsinə aiddir. Lakin müəyyən fərqlər var. Əsas fərqlərdən biri: məsələn, bədii yaradıcılıq, onu ustaddan öyrənməkdən daha çox fitri istedad tələb edir. Fitri istedad mütləq sənətkarlığa aparıb çıxarır. Deməli, bədii yaradıcılığın sənət növü olmaq imtiyazı mütləqdir. Jurnalistika da fitri istedad tələb edir. Fitri istedada sahib olan jurnalistlər bu peşəni sənətə çevirir və beləliklə, “jurnalistika sənət deyil, peşədir” kimi bəzilərinin postulat hesab etdikləri fikri təkzib edə bilirlər. Lakin jurnalistikanı fitri istedad olmadan da öyrənmək mümkündür. Ona görə də jurnalistika sənətdən daha çox peşə xarakteri kəsb edir. Peşəni isə öyrənmək gərəkdir. Bu mənada jurnalistliyə yiyələnmək mümkündür. Eyni sözü şairlik haqqında demək çətindir. Ona görə də xalq arasında “şair olmaq üçün gərək şair doğulasan” fikri də əsaslıdır.

Yazıçının, şairin, dramaturqun insanın daxili aləminə nüfuzu xüsusi bir istedad tələb edir. Tipik şəraitdə tipik hadisələri görmək və yaradıcılığın bütün məqamlarında tipikləşdirməyi bacarmaq ancaq istedad sahibinin işidir. Biz yüzlərlə bədii əsər tanıyırıq ki, onu sənət nümunəsi adlandıra bilmirik. Çünki bu “əsərlərin” müəlliflərinin hadisəni sənət səviyyəsinə yüksəltmək qabiliyyətləri olmayıb. Böyük C.Məmmədquluzadə “Poçt qutusu”, “Usta Zeynal” kimi şedevr hekayələrində dövrün tipik obrazlarını elə yaratmışdır ki, bu gün də həmin əsərlərin sənətkarlıq möcüzəsi olduğuna heç kimdə şübhə yoxdur. Lakin həmin hadisə və obrazlar jurnalist qələmində konkret insanların təsviri ilə olacaqdır deyə, tipikləşmə kimi sənətkarlıq məqamı özünü zəif göstərəcək. Min illərlə sənətin bu məqamını daha maraqla qəbul edən insan indi xeyli dəyişmişdir və “müasir oxucu personifikasiyaya- yəni konkret insan üzərində qurulan mətnə daha çox əhəmiyyət verir” (Media. Zarubejnıy uçebnik.M., İzd-vo “Öniti”, 2005). Deməli, ümumiləşməyə meyli ilə güclü olan bədii əsərdən fərqli olaraq jurnalistika dəqiq, olmuş, olan, olacaq faktlarla danışır. Jurnalistin bütün fikirləri konkret faktlara əsaslanır. Burdan belə bir nəticə də çıxır: bədii əsər hisslərə, duyğulara ünvanlandığı halda, jurnalistika daha çox şüurlara, ağıla ünvanlanır. Bu, çox ciddi məqamdır. Hisslərə və duyğulara ünvanlanan bədii söz kütləvilik iddiasında deyil. Bir sıra hallarda hamı üçün deyil. Şüura yönəldilən jurnalistika məhsulu hamı üçündür. Hamıya ünvanlanan əsərin müəllifinin “dünyagörüşü hərtərəfli, zəngin olmalıdır” (Çernikova E.V. Osnovı tvorçeskoy deyatelnosti jurnalista. M., İzd-vo “Qardariki”, 2005). Jurnalist hər kəsdən artıq iti müşahidə qabiliyyətinə malik olmalıdır.

Jurnalistika və jurnalist günün aktual problemlərilə yaşayır. Yazıçının, bədii söz sənətkarının oxucusu növbəti əsrdə də yaşaya bilər. Lakin jurnalistin oxucusu bu günün, bəlkə də bu saatın insanıdır. Bunları nəzərə alan peşəkar jurnalist bütün günü, bütün həftəni, ayı, ili işləyir. Əslində, ətrafı, hadisələri izləyən jurnalist mənəvi mənada heç vaxt istirahət etmir. Amma bütün günü, bütün ili işləmək əsl peşəkar jurnalistin həyatını bəzəyir, ona mənəvi ləzzət gətirir.

Jurnalist məhsulu daha çox tirajlanma tələb edir. Bu məhsulun tirajlandığı texnikanın “kütləvi informasiya vasitələri” adı ilə adlandırılması həm də burdan doğur. Jurnalistikanın bir sıra cəhətləri nə qədər dəyişsə də, tiraj dominantlığı heç vaxt dəyişmir. Yeni informasiya texnologiyaları hər hansı informasiyanı istənilən məsafədə istənilən istehlakçıya ötürməyə qadirdir. Və bu texnologiya dəyişdikcə bütün parametrlərdə tirajlanmanın çoxalmasına gətirib çıxarır. Tiraj isə – kommunikasiya prinsipi kimi jurnalistikanın əsasıdır. Tiraj informasiyanı demokratikləşdirir, jurnalisti populyarlaşdırır.  Ona görə də tirajlanan informasiya hakimiyyətdir, dünyanı idarə sistemidir. “Bu sistemdə jurnalistin şərəfli bir yeri var”. İndi yeni texnologiya “hadisənin baş verdiyi gerçək anda onun oxucuya, tamaşaçıya ötürülməsinə imkan yaradır” (Media. Zarubejnıy uçebnik.M., İzd-vo “Öniti”, 2005) və belə anda jurnalist cəmiyyətin gözündə qiymətə minir. “Jurnalist bir anda milyonlarla oxucu, tamaşaçı, dinləyici ilə təmasda olur. Ona görə də jurnalistika və jurnalist cəmiyyətlə kütləvi ünsiyyətdədir” (Zasorina T., Fedosova N. Professiə – jurnalist. Rostov-na-Donu, “Feniks”, 1999).

Jurnalistikanın yaranması ilə eyni vaxtda meydana çıxan müəllif və senzor anlayışları sırasından indiki texnologiya senzorun hətta təbii qeyb olmasına şərait yaradır. XXI əsrin jurnalistika şüarı belədir: hər cür informasiya hamı və hər kəs üçün. Bu prinsip qaçılmazdır. Öz sözünü duyğulara yönəldən bədii ədəbiyyatın min illərdən gələn yaradıcılıq dominantlığı informasiya texnologiyasının yaratdığı informasiyalı cəmiyyət çağında öz yerini jurnalistikaya – daha kütləvi və daha çox tirajlı jurnalistikaya verməkdədir.

Belə bir cəmiyyətdə jurnalistin yeri daha çox hiss olunur. Bu cəmiyyət jurnalistdən də öz peşəsini sənət səviyyəsinə yüksəltməyi, çevik və operativ, cəsarətli və qərəzsiz, dəqiq və vicdanlı olmağı tələb edir.

Müstəqil Azərbaycanda söz və mətbuat azadlığı təmin edilmiş, KİV-in mükəmməl hüquqi bazası yaradılmışdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu jurnalistin hüquq və vəzifələrini dəqiq parametlərlə təsbit etmişdir. İnformasiyanın təqdimində dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir. Əslində, beynəlxalq jurnalistika praktikasında informasiyanın qiyməti və keyfiyyəti jurnalistin öz peşəsi ilə məşğul olduğu zaman həmin postulatlara necə əməl etməsilə ölçülür. Peşəkar, dəqiq, qərəzsiz, operativ, cəsarətli, çevik, vicdanlı və s. kimi yaradıcılıq prinsiplərini əks etdirən və ilk baxışda sadə görünən bu sözlərin sırada yerini dəyişmək olar. Ancaq onların ifadə etdiyi məzmunu dəyişmək mümkün deyil. Çünki bu sözlərdə jurnalistin peşəkarlıq, müasirlik, təsiretmə və hətta, dünya düzənini dəyişmə imkanı ifadə olunur. Yeni əsr jurnalistlərdən maksimum peşəkarlıq tələb edir. Böyük peşəkar olmağın yolları isə öyrənməkdən, təcrübədən keçir. Dünyanın, demək olar ki, əksər universitetləri jurnalistika peşəsini öyrədən fakültələrə, şöbələrə malikdir. Bu fakültə və şöbələr bir sıra universitetlərdə müxtəlif cür adlana bilər, lakin onların hamısında peşəkarlığın həm nəzəri, həm də praktik istiqamətləri tədris edilir. Hər bir ölkənin universitetlərindəki jurnalistika təhsili iki əsas istiqamətə diqqət yetirir: milli ənənələrin və müasir beynəlxalq təcrübənin öyrədilməsi. Azərbaycanda jurnalistika təhsilinin yeganə mərkəzi sayılan Bakı Dövlət Universiteti də tədrisi bu istiqamətdə formalaşdırmışdır. Postsovet məkanında jurnalistika təhsilinə hətta Moskva Dövlət Universitetindən də tez başlamış Bakı Dövlət Universiteti (Azərbaycan Dövlət Universiteti) milli ənənələrin öyrədilməsinə heç vaxt etinasız olmamışdır. Lakin milli ənənə bir zamanlar yalnız kommunist ideologiyası prinsiplərinə uyğun gələn faktları ilə önə çəkilmiş, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli... jurnalistika məktəbləri məhz milliliyinə görə senzura qadağaları səviyyəsində unudulmağa məhkum edilmişdir. “Sovet jurnalistikası” kimi qeyri-elmi bir anlayış gündəmdə olmuş və jurnalistika təhsili bu ideoloji aspektin qurbanına çevrilmişdir. Beynəlxalq jurnalistikanın azad ifadə tərzi, ideoloji kanonlardan uzaq xarakteri, tərəfsizlik, qərəzsizlik, vicdanlılıq, obyektivlik kimi yaradıcılıq prinsipləri kommunist mətbuatının təbliğatçılıq, təşviqatçılıq, təşkilatçılıq kimi zorakılıq prinsiplərinin altında qalmışdır. Sovet dönəmində çap olunmuş dərslik və dərs vəsaitlərinin hamısı bu ideoloji prinsiplər əsasında hazırlanmışdır. Azərbaycan media məkanının dünya media məkanına sürətli inteqrasiyası bu dərslik və dərs vəsaitlərinin yararsızlığını sübut etdi. Yeni dövr bizə tamamilə yeni düşüncənin, yeni zamanın jurnalistika qaydalarına uyğunlaşmağı diqtə etdi. Ədalətlə deyək ki, bu diqtə, bu dönəm yaxşı-pis bir sıra yeni dərs vəsaitinin ortaya çıxmasına zəmin yaratdı. Lakin bu əsərlərin əksəriyyəti daha çox nəzəri xarakter daşıyır. Azərbaycan jurnalistika elminə bu xarakter jurnalistikanın nəzəri əsaslarına hələ də daha çox önəm verən rus alimlərindən gəlir. Azərbaycan elmi jurnalistikası uzun müddət bu məktəbə söykənmişdir. Etiraf edək ki, bu məktəb bizim üçün müəyyən zaman kontekstində çox yararlı olmuşdur. Lakin zamanın, yaradıcılıq üslublarının, dünyaya baxışın dəyişdiyi indiki məqamda yaradıcılıq məktəblərinə yenidən baxmaq lazım gəlir. Sovet-kommunist ideologiyasının uzun müddət üzümüzə bağladığı Qərbin qapıları bu gün açıqdır. Əlahəzrət İnternet bizi dünyaya, dünyanı bizə qovuşdurub. Parabolik antennalar bizə dünyanın ən müxtəlif teletəcrübəsini duymağa imkan verir. On illərlə bizə əlçatmaz olan Qərb qəzetlərinin İnternet versiyaları, ən azı, kalka proqram tərcümələri ilə əlimizdədir. Bu telekanalların və bu mətbuatın iş prinsipləri sübut edir ki, dünyada mənimsəyəcəyimiz bir çox yeni jurnalistika məktəbi var. Bu məktəblərin hansını seçməli? Sualın cavabı çox sadədir: Bazar münasibətləri sisteminə yararlı olan məktəbləri. Belə məktəblər jurnalistin yaradıcılıq potensialını tam mənasında üzə çıxarmağa böyük maddi və mənəvi stimul yaradır. Bazar münasibətləri sistemi jurnalisti dəqiq, qərərsiz, vicdanlı, ədalətli, çevik, cəsarətli... olmağa məhkum edir.

Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaratmışdır. Xüsusi jurnalistika təhsili almamış bir çox mətbuat işçiləri tanıyırıq ki, onların mətbuada məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə doğurmur. Lakin bununla belə, hər bir peşənin, ixtisasın, xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir.  Azərbaycan jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır. Bugünkü söz və mətbuat azadlığı şəraitində bir sıra qəzetlərdə özünü total şəkildə göstərən böhtan, şər xarakterli materiallar, faktın dəqiqliyinə və qərəzsizliyinə göstərilən etinasızlıq, peşə etikasının prinsiplərinin pozulması, jurnalistikanın və jurnalistin siyasiləşməsi və bunun nəticəsi olaraq tez-tez baş verən məhkəmə çəkişmələri bir daha sübut edir ki, bu cür neqativ halların hamısı redaksiya əməkdaşının nəzəri bilikdən uzaq olmasının nəticəsidir. Ona görə də bu gün xeyli dərəcədə dəbdə olan “jurnalist peşəsi xüsusi təhsil tələb edirmi?” ritorik sualına birmənalı şəkildə müsbət cavab verilməlidir. Bəli, necə ki, peşəkar həkim, peşəkar arxitektor, peşəkar aktyor, sənətkar yazıçı ... olmaqdan ötrü xüsusi ixtisas təhsili vacibdir, eləcə də peşəkar jurnalist olmaq üçün bu sahənin kanonlarını öyrədən təhsilə malik olmaq zəruridir. Minlərlə həkimdən birinin mükəmməl jurnalist olmağı (Qənirə Paşayeva), minlərlə baytardan birinin yazıçı olmağı (Çingiz Aytmatov), minlərlə jurnalistdən birinin aktyor olmağı qeyri-tipik hadisədir. Belə hadisələri ümumiləşdirmək xüsusi təhsilə münasibətdə zərərli tendensiyadır.

Bütün bunlar birmənalı şəkildə sübut edir ki, xüsusi jurnalist təhsili çox vacibdir və bu sistemdə jurnalistikanın nəzəri və praktik modellərinin öyrənilməsi gələcək jurnalistin peşəkarlıq xarakterini müəyyənləşdirən əsas amildir. Bu mənada “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursu xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, hər bir peşənin, hər bir ixtisasın nəzəri aspektləri mövcuddur. Jurnalistika da belə bir sahədir. Jurnalistikanın da nəzəriyyəsi ilə praktikası bir-birini tamamlayan amillərdir. Nəzəriyyə praktikanı doğurur və yaradıcı praktika yenə nəzəri konsepsiyaların meydana çıxmasına təkan verir. Bütün bunlarla belə, nəzəriyyə ilkindir. “Bir çox hallarda jurnalistikanın nəzəriyyəsi özünə yaxın digər “sərhədyanı” elmlərin-fəlsəfənin, politologiyanın, sosiologiyanın, psixologiyanın, məntiqin, linqivistikanın, ədəbiyyatşünaslığın, informatikanın və bir çox digər sahələrin metodologiyasını, metodunu, kateqoriyalarını özündə birləşdirərək kütləvi informasiya sistemlərinin və proseslərinin, yaradıcılıq konsepsiyalarının paradiqmalarını irəli sürür, praktikanı qabaqlayaraq jurnalistika metomorfozasının yeni istiqamətlərini müəyyənləşdirir” (Axmadulina E.V. Kratkiy kurs teorii jurnalistiki. İzdatelskiy sentr “Mart”, M., – Rostov- na –Donu, 2006).

Jurnalistika xüsusi elm sahəsidir. “Jurnalistika aləminə daxil olarkən, ilk növbədə bu aləmi təşkil edən elementləri bütöv görə bilmək, “jurnalistika” anlayışının mahiyytini dərk etmək lazımdır. Bunun üçünsə, bəzi təsəvvürlərdə olduğu kimi, köşklərdəki yüzlərlə qəzeti görmək, çoxsaatlı teleproqramlara baxmaq kifayət deyil. Çünki bunlar “jurnalistika” deyilən mürəkkəb bir sahənin nəticə məhsullarıdır. Jurnalistika bu məhsulun yaranmasının, onun oxucuya, tamaşaçıya necə çatdırılmasının sirlərini öyrədən bir mürəkkəb mexanizmdir. Bu mürəkkəb mexanizm, bu mürəkkəb anlayış birdən-birə yaranmayıb. Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini də öyrənmək çox vacibdir.

 

 

 Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 4 fevral.- S.10-11.