Gün var əsrə bərabər”

 

Ulu Tanrının insana verdiyi ömür payını hərə bir cür yaşayır. Ömür var həzin bir mehə bənzəyir, əsir, əsir sonra da yoxa çıxır. Ömür var ki, torpağı göylərə sovuran burulğana bənzəyir, aləmi bir-birinə qataraq iz salıb gedir. Ömür də var ki, taleyin döngəli sərt yollarını cəsarətlə yarıb keçərək yüksəlir, neçə-neçə ömürlərə çıraq tutur, şölə saçır. Belə şərəfli ömür sürmüş şəxsiyyətlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırovdur.

1946-cı il aprel ayının 22-də Ağdam şəhərində Teymur kişinin ocağı bir sevinc nuruna boyandı. Bir oğlu dünyaya gəldi. Adını Allahverdi qoydular. Doğrudan da sonralar həyat göstərdi ki, onu elə obaya Allah vermişdi. Vermişdi ki, köməksizlərə arxa dursun, dara düşənlərin dadına çatsın, ümidsiz qalmışlara inam versin.

Allahverdi Bağırovun mənalı həyat yolundan yaddaşlarda qürursevinc doğuran çoxlu xatirələr qalıb. O, uşaq vaxtı çox qoçaq olub. Heç nədən qorxub çəkinməzmiş. Tay-tuşlarının, hətta özündən yaşca böyüklərin belə qollarını əyər, kürəklərini yerə vurarmış. O, gücsüzlərə arxa-dayaq olar, həmişə sözün düzünü 3danışardı. Qorxmazlıq, məğrurluq, bütövlük, əyilməzlik, dönməzlik, tale yazısı kimi onun alnına yazılmışdı. Allahverdi Bağırov öz mərd, xeyirxah əməlləri ilə böyümüş, qalxıb-ucalmış, mətinliyin, kişiliyin və insanlığın zirvəsində qərar tutmuşdu. Elə bu xarakterinə görə də həmişə ətrafındakılar ondan çəkinmişlər, bir sözlə, bu döyüşkən-əyilməz insanın bir sözünü iki etməyə heç kəsin cürəti çatmazmış.

Deyirlər hər bir tanınmış şəxsiyyətin həyatı və fəaliyyəti dövrlə, zamanla, öz vətəni, öz xalqı ilə, azadlıqla bağlı olmalıdır. Bu baxımdan Allahverdi Bağırovun ömür payına iftixarla, qürur hissi ilə sadalanan günlər, aylar, illər düşmüşdür. O, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həmişə ön sırada olardı. Allahverdi Bağırov, Qarabağ bölgəsində bu müqəddəs amal uğrunda mübarizə aparanların sarvanı idi. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

Allahverdi Bağırov erməni daşnaklarının Respublikamıza ərazi iddiaları irəli sürdüyü ilk günlərdən onlara qarşı mübarizəyə başladı. Çox keçmədi ki, elimizin igid, vətənpərvər oğulları onun ətrafına toplandılar. Yaranmış könüllülər batalyonuna Allahverdi Bağırov komandirlik edirdi. Batalyonun şəxsi heyəti bölgənin müdafiəsində ayıq-sayıq dayanır, dinc əhalinin təhlükəsizliyini layiqincə təmin edirdi. Allahverdi Bağırovun göstərdiyi qəhrəmanlıqlar, etdiyi mərd işlər barədə günlərlə, həftələrlə danışmaq olar.

Allahverdi Bağırov, XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı zamanı misilsiz xidmətlər göstərib. O, çox böyük qətiyyət və mərdlik göstərərək komandirlik etdiyi batalyona göstəriş verib və qaçıb canını qurtarmaq istəyən yüzlərlə Xocalı sakininin köməyinə çataraq onları ölümün pəncəsindən alıb. O, vəhşiliklə qətlə yetirilib çöllərdə qalmış cəsədləri ərazidən yığdırıb, dəfn etdirmiş, yaralıları, donmuş adamları xəstəxanaya çatdırıb. Qeyd edək ki, bu işlərin çoxunu Allahverdi Bağırov öz şəxsi vəsaiti hesabına edib. Onun şəxsi təşəbbüsü və ciddi səyi nəticəsində ən amansız erməni vəhşilikləri teleoperator Seyidağa Mövsümlü tərəfindən video kamera vasitəsilə lentə köçürülüb. Allahverdi Bağırov Xocalı soyqırımı zamanı öz şəxsi nüfuzu hesabına 1003 nəfəri əsirlikdən azad edib. Xocalı soyqırımının əzab-əziyyətlərini Allahverdi Bağırovdan çox çəkən, bu faciənin müsibətlərini ondan çox görən olmamışdı. Əminliklə deyə bilərik ki, Allahverdi Bağırov olmasaydı, Xocalı soyqırımı zamanı həlak olan insanların sayı daha yüzlərlə olardı. Allahverdi Bağırov olmasaydı, amansız erməni vəhşilikləri video lentə köçürülməzdi.

Allahverdi Bağırov Şuşa işğal olunarkən də bir çox dinc əhalinin dadına çatmış, onların erməni işğalçılarına əsir düşməsinə imkan verməmişdi. O, həmçinin Şuşanın işğalı zamanı və digər vaxtlarda əsir düşmüş həmyerlilərimizi əsirlikdən azad etmişdi. Demək olar ki, bəlkə də Qarabağ savaşı başlayan gündən indiyə kimi beynəlxalq təşkilatların azad etdiyi azərbaycanlı əsir və girovların sayı təkcə Allahverdi Bağırovun azad etdiyi əsir və girovların sayından azdır.

Allahverdi Bağırovun rəhbərliyi ilə komandirlik etdiyi batalyon Əsgəran rayonunuonun Aranzəmin, Pircamal, Təkir, Mirkənd, Naxçıvanik kəndlərini erməni daşnaklarından azad etmişlər. O, bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmişdir. O, Əsgəran uğrunda gedən döyüşlərin birində minaya düşərək qəhrəmancasına həlak oldu.

12 iyun 1992-ci ildə dəyişdi dünyasını Allahverdi Bağırov. Hər günü, hər ayı qeyri-adi hadisələrlə, qəhrəmanlıqlarla və mübarizələrlə dolu olan 46 il onun üçün elə bir uzun ömür deyildi. O, hələ yaşamaq, torpaqlarımızın müdafiəsi naminə vuruşmaq istəyirdi. Özüsona qədər vuruşmaqqalib gəlmək əzmindəydi. Hələ Xankəndinə qələbə bayrağını özüm sancacağam da demişdi. Lakin... azğın düşmən fitnəsi, nadan cəllad fəsadı bu əzmi qırdı, Vətən məhəbbəti ilə döyünən qəlbini söndürdü.

Tarixdə elə günlər olur ki, o günlər heç vaxt unudulmur, xoşya acı bir xatirə kimi yaddaşlara həkk olunur, müqəddəsləşir, nağıllaşır və gələcək nəsillərə ötürülür.

Gün var əsrə bərabər: 22 aprel 1946-ci il. Bu gün, yüzlərlə, minlərlə insanların ümid, pənah yerinə çevriləcək; ölümlə üz-üzə qalmış, artıq bütün ümidlərini itirmiş neçə-neçə insanları ölümün pəncəsindən qurtaracaq; yaşadığı ömrü boyu vətənini, millətini bütün varlığı ilə sevəcək, bu yolda canını belə əsirgəməyəcək bir insan dünyaya gəldi-Allahverdi Bağırov.

Gün var əsrə bərabər: 26 fevral 1992-ci il. Bu gün, XX əsrin ən dəhşətli faciəsi-“Xocalı soyqırımıadı ilə Azərbaycan tarixinə qara hərflərlə yazıldı. Xalqımız, tarix boyu dəfələrlə məruz qaldığı erməni xəyanətini, erməni xislətini, erməni vəhşiliklərini bir daha gördü. Erməni ziyalılarınınsifarişi ilə minlərlə dinc xocalı sakinləri, uşaqlar, qadınlar, qocalar qəflətən, amansızlıqla, qəddarlıqla qətlə yetirildilər.

Gün var əsrə bərabər: 12 iyun 1992-ci il. Bu gün, xalqımız vətənpərvər, mərd, qeyrətli, qorxmaz, igid oğlunu-Allahverdi Bağırovu itirdi. O, şəhidlik zirvəsinə ucaldı.

Allahverdi Bağırov Vətənini, Xalqını olduqca çox sevirdi. Bu amal uğrunda O, hər şeydən, hətta canından da keçməyə hazır bir şəxsiyyət idi. Keçdi . Çox tez dəyişdi dünyasını Allahverdi Bağırov. Onun möhkəm fiziki qüvvəsinə, vüqarlı baxışlarına, güclü iradəsinə, mərd görkəminə, nurlu çöhrəsinə ölüm yaraşmırdı. Bircə şeylə təskinlik tapırıq: Allahverdi Bağırov həyata, insanlığa, dostluğa, qartal kimi gəlmişdi. O ömrünün sonunadək qartal qamətini dəyişmədi . Onun zəiflədiyini, əldən düşdüyünü heç kəs görə bilmədi, elə qartal görkəmi ilə dünyanı tərk etdi.

 

Ölümün pəncəsindən

neçə insanlar aldı,

Haraya, hoya çatdı,

çox bəlalar sovuşdu.

Yaddaşlarda xilaskar

qəhrəman kimi qaldı,

Şərəfli ömür sürdü,

ölməzliyə qovuşdu.

  

Bəli Allahverdi Bağırov ölmədi, o bütün mənalı həyatını, gücünü, cəsarətini, iradəsini Vətəninə, Xalqına həsr etdi müqəddəs amal uğrunda canından keçmiş, ürəklərdə həmişə böyük hörmət məhəbbətlə yaşayan unudulmaz qəhrəmanların: Babəkin, Koroğlunun, Cavad xanın, ... qərar tutduğu bir aləmə qovuşdu.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Bəxtiyar PAŞAYEV,

Bakı Dövlət Universitetinin müəllimi,

fizika-riyaziyyat elmləri namizədi.

 

525-ci qəzet.- 2012.- 4 fevral.- S.9.