Mahirə Abdulla
– “Həqiqət,Azadlıq, Məhəbbət haqqında”
Zəngin şəxsi kitabxanası olan
dostum, yazıçı-jurnalist Fariz Çobanoğludan
ürəyimə, ruhuma uyğun bir şeir kitabı istədim
ki, oxuyub qaytararam. Fariz səhəri gün mənə Mahirə
Abdullanın “Həqiqət, Azadlıq, Məhəbbət
haqqında” şeirlər kitabını gətirdi. Mahirə
xanımın bu kitabı 3 hissədən ibarətdir: Tərk
edilmiş yuvalar; Qırmızı təpələr; Qoruyaq
dünyamızı.
Dünyada ən dəhşətli
qıtlıq azadlıq qıtlığıdır,
azadlıq, dövlətçilik ənənəsi, milli mənəvi dəyərlərə bağlılıq,
öz kökü
üstündə inkişaf etmək hər
bir xalqın inkişafına böyük təkan verir. Azərbaycan özümləşə
bilməsə özgələşəcək. Mahirənin poetik təfəkkür mədəniyyəti təbiətcə
millidir. Bu müstəsna
dərəcədə zəruri haldır ki,
sən övladı olduğu xalqın nitq hissəsində fel
olmağı bacarırsan, xalqının canlı dil memarlığına öz
töfhəni verə biləsən. Bununla
yanaşı, M. Abdullanın poetik təfəkkür
mədəniyyəti daha üstün
mahiyyət kəsb edir və millilikdən
ümumbəşəri səviyyəyə qalxır.
Doğulan uşağı saxlamaq
olmaz,
Düzlüyün əynində donu
azadlıq.
Elə dirəklər
var, laxlatmaq olmaz
Dünyanın əvvəli
sonu azadlıq.
Mahirə Abdulla öz möhtəşəm
poeziya məbədini ucaltmaqdadır. Oxucu bu məbədi
tez-tez ziyarət etməlidir.
Başımıza gələn faciələrin
bir səbəbi milli yaddaşımızın zəifliyi, bizə
edilən pislikləri unutmağımızdadır. Axı
tarixini, keçmişini unudan onu təkrar etməli olur.
Yaddaşımız qayıdır. Gələcək
bütün böyüklüyü və gözlənilməzliyi
ilə keçmişin sarsılmaz özülü üzərində
dayanır. Gələcək keçmişin şagirdidir və
müəllimini nə qədər yaxşı dərk etsə,
o qədər güclüdür.
Keçmişi bilmədən indini
qurmaq və gələcəyə getmək mümkün deyil.
Rus və Farsın məkri ilə torpağımız iki yerə
parçalandı. Müstəmləkəçilər
“Parçala və hökmranlıq et” siyasətlərini davam
etdirərək torpaqlarımızın parçalanması
siyasətini davam etdirdilər.
O taya əlim çatmayır
Öz qanımdır, öz ətimdir.
Ayrı yaşamaq çətindir,
Allah, bu necə Vətəndir-
Sol qınaqda, sağ qınaqda.
(“Qınaq”)
Azərbaycan vahiddir, o tayı da bu
tayı da bir xalqdır. Sərhəd
ayrılığı-xalqın mənəvi ayrılığı
demək deyil. Xalq həmişə bir olub: dünən də,
bügün də. Qoy yuxarılar birləşsin. Ancaq uzun
müddət bu xalq bir-birindən təcrid olunub.
Şairlər Allaha yaxın,
tanrının sevimli bəndələridir. Onlar vətən,
xalq, vətəndaş borcunu haqqından qabaq görər, kamillik
zirvəsinə ucalarlar. Mahirə xanım ürəyinin səsini
dinləyən şairədir. Müşahidə etdiyi həqiqətlər
onu dərindən sarsıdanda, sevinc, yaxud kədər öz həddini
aşanda şairə öz qələminə sarılır.
Yaşadığımız
ağlı-qaralı günlərin ömrümüzə,
taleyimizə əsən acı sazaqların, yellərin nəfəsi
Mahirə Abdulla şeirlərinin canından, qanından
keçir.
Onun şeirləri, xalqa, vətənə,
insanlara, ulu tanrıya üz tutaraq yazdığı haray
monoloqları da şair qəlbinin atəşindən
yaranıb. Bu şeirlərdə Mahirənin dərdi, ələmi
sızım-sızım sızıldayır, nifrəti ərşə
dayanır , ildırım olub göylərdə
çaxır. Şairlərin sevgisi də, nifrəti də
böyük, bütöv olur. ”Qum saatı” şeirini yada
salaq.
.. . Tərsinə çevrilmiş qum
saatıyam,
Bu tərs dünyamızdan
yığmışam, yetər!
Məndə tərs adamam, qiyamət
günü,
Baş-ayaq gümanım düzünə
bitər.
Tənhalıq şairin ulu qisməti, əbədi
payıdır. M. Abdulla da o tənhalardan biridir. Və bu tənhalıq illər keçdikcə güclənir. O tənhalıq
boşluq deyil, öz dünyanı dağıdan, daim ürəyi Azadlıq deyilən o səadət üçün çırpınan,
o səadəti görməyincə
məyus olan bir dərin hissdir. Şairin nəyini istəyirsənsə,
al əlindən, amma tənhalığına toxunma.
Nazik iplər
üzülməli,
Gilli sular
süzülməli,
Satqın cəngdə
əzilməli,
Ya da ki, qul çıxmalıdır.
Dağılıbdır qala bürcü,
Onda idi Babək gücü.
Böyük-böyük işlər üçün
Səsimiz gur çıxmalıdır.
(“Səsimiz gur çıxmalıdır”)
Hər şairin öz
daxili aləmi, öz dünyası var və bu
dünyanın öz müqəddəsliyi, öz
rəngarəngliyi.
Şairə M.Abdullanın “Həqiqət,
Azadlıq, Məhəbbət
haqqında” şeir kitabını oxuyanda buradakı əsərlər,
xüsusilə lirik və bəşəri mövzuda yazılan şeirlərdə insanların
böyüklüyü, vicdanın
ucalığı, ədalətin
qələbəsi oxucuya
bir növ təsəlli kəsilir. Bu poetik təsir
nəticəsində həmişə
şair haqda düşünəndə onun
yaradıcılığını təsəvvür edən
sakit və mavi bir dəniz
gözlərim önündə
canlanır. Bu dəniz M. Abdullanın təqdim etdiyi poetik dünyadır, ləpələr isə onun ardıcıl ahənglə səslənən
misralarıdır.
Qoruyaq ocağın
tüstüsünə biz,
Sobanın, təndirin
istisini biz,
Qoruyaq dağları,
çəməni, düzü,
Qoruyaq vətəni,
yer kürəmizi
(“Qoruyaq dünyamzı”)
M.Abdulla yaşa dolduqca onun məsuliyyət hissi və nigarançılığı
da artır. Dönüb özünə baxmaq, yaradıcılığının dəhşətli əzablarını
dərindən duymaq onda hesabat məsuliyyəti
yaradır. Bu isə Mahirə xanımın yaradıcı
imkanlarının hələ
irəlidə olmasından
xəbər verir.
Vüqar
VAQİFOĞLU,
İsmayıllı
525-ci qəzet.-
2012.- 7 fevral.- S.7.