Fucayra Beynəlxalq Monodram
Festivalının qəhrəmanı – Qurban
İsmayıl!!!
Mən
özüm bilərəkdən “Qurban İsmayılov”
yazmadım. Çünki ərəblər, hətta ərəblərin
bütün teatr dünyası, yəni içi Misir, Yəmən,
İraq, Livan qarışıq və Fucayra Beynəlxalq
Monodram Festivalına Polşadan, Almaniyadan, Litvadan,
İsveçrədən, Böyük Britaniyadan
toplaşmış Avropa sənətçiləri cəmi 50
dəqiqəlik “Bu da axırı” (və ya “Vəssalam”)
monotamaşasından sonra bizim Gənc Tamaşaçılar
Teatrının aktyorunu QURBAN İSMAYIL kimi tanıdılar,
sevdilər.
Qurban
festivalın lap birinci günü oynadı öz
tamaşasını: o zaman ki, teatr törəninin
açılışı hələ heç
olmamışdı. Elə effektli, elə emosional, elə
ehtiraslı oynadı ki, əlüstü
tamaşaçıların aşırı
simpatiyasını qazandı. Odur ki, festival müddəti
boyunca sanki hamı Qurbanı axtarırdı, bu aktyoru bir
etalon, bir ulduz kimi görürdü, Qurban İsmayılla
danışmaq, şəkil çəkdirmək, ona
alqış söyləmək istəyirdi. İş o yerə
çatmışdı ki, hər dəfə yeni bir festival
tamaşası oynanılıb qurtardıqdan sonra seyrçilər,
jurnalistlər, teatr yazarları, dünyanın və ərəb
ölkələrinin sayılıb-seçilən səhnə
ustaları Qurbana yaxınlaşıb gülümsəyə-gülümsəyə
ingiliscə deyirdilər “qud, qud”.
Odur
ki, hələliyə mən çəkilirəm bir kənara:
qoy, özgələr danışsın, mənsə, sadəcə,
mirzəlik eləyim, onların söylədiklərini qısa
eksklüziv xülasələr kimi dilimizə çevirim.
Fucayra Monfestinə xəstəliyi ucbatından gələ bilmədiyi üçün öz mesajını iştirakçılara video vasitəsilə göndərmiş “əfsanəvi” rejissor 87 yaşlı Piter Brukun ən ünlü aktyorlarından biri qoca Bryus Mayers (“Hamlet”də Poloni, “Mahabharata”da Krişna) aktrisa Şükufə Yusupovaya və mənə müraciətən, Qurban İsmayılı göstərərək söyləyir ki, “Sizin aktyorunuz əladır, əsl istedad sahibidir, çox duyğusaldır”. Bax, elə buradaca biz Piter Brukun teatr dünyası ilə birbaşa təmas yaradırıq, onun şəxsiyyəti ətrafında formalaşmış teatr mifinə, sənət əfsanəsinə qatılıb qürrələnirik.
2011-ci ildə 45 illik yubileyini qeyd eləmiş “Bir aktyorun teatrı” adlı Vroslav Beynəlxalq Monodram Festivalının daimi direktoru Vislov Geras artıq festivalın üçüncü günü “Bu da axırı” monotamaşasının rejissoru Bəhram Osmanovu və aktyor Qurban İsmayılı mütləq öz festivalına dəvət edəcəyini bəyan eləyir. Yaşlı adamdır, amma qətiyyətlə danışır: “Sizin tamaşa “diridir”. Monodramda necə forma olursa olsun, köklü heç nə dəyişməz. Burada cənab aktyordur yeganə ağa”. Bu sözləri rus dilində o mənə deyir və üstündən müasir Avropa teatrının intellektual buzkimiliyindən şikayətlənir.
Adi ərəb seyrçisi hətta misirli aktyorun monotamaşasından sonra belə məhz Qurban İsmayılın əlini sıxır: “Mən Sizin oyununuzdan o qədər həzz aldım ki... Bərk təsirləndim. Siz yaxşı aktyorsunuz”. Bu ərəb həmin gün çox söz dedi, di gəl, mən az tərcümə eləyə bildim.
Fucayra Monfestinin dördüncü günü yenə festivalın gündəlik nəşr olunan jurnal-bülletenində bir daha Qurban İsmayılın şəkli yerləşdirilib, yanındasa ingiliscə yazılmış bir məqalə: “Azəri tamaşası dil sərhədlərini aşıb keçir”. İndi həmin məqalədən sonuncu abzası sitatlaşdırıram oxucular üçün: “Tamaşanın üstünlüyü onun hədsiz sadəliyindədir: aktyorun təbiiliyində və özünü toparlamaq bacarığındadır ki, bu da bir oyun elementi olub səhnə və seyrçi arasındakı məsafəni aradan götürür; icazə vermir ki, kimsə neytral müşahidəçi qismində kənarda qalsın. Dil əngəllərinin fövqündə dayanmış bu tamaşa aktyorun səhnədə yaşamaq enerjisinin gerçəkliyidir və Monodram ideyasının təsdiqidir. Çünki monodram heyrətləndirmək, təəccübləndirmək, insanın sirlərini, gizlinlərini göstərib aşkarlamaq sənətinin bayramıdır ki, onun da adı, qısaca olaraq, aktyordur”.
Yunanıstan Milli Teatrının Beynəlxaq Əlaqələr sektorunun rəhbəri İren Moundraki bir çox monotamaşalara baxdıqdan sonra Dibbə teatrının foyesində mənə deyir: “Sizin tamaşanın sirayətedici qüvvəsi ondadır ki, aktyor öz oyunu ilə, öz oyun manerası ilə insanın iç dünyasına toxunur, emosiyaları insanın daxilindən sanki maqnit kimi tutub çölə çıxarda bilir”.
Festivalın axırıncı tamaşasını ərəb dünyasının ən sevilən teatr aktyorlarından biri Livandan gəlmiş Rafiq Əli Əhməd ifa eləyir və nədənsə məhz həmin gün bu sənətçi müzakirə öncəsi fasilədən yararlanıb Qurban İsmayıla yaxınlaşmaqda qərarlı olur: “Əfsus ki, mən Sizin tamaşanızı görmədim. Amma tərifli sözlər eşitmişəm Sizin haqqınızda. İnşaallah, mən Sizi öz ölkəmdə təqdim etmək şərəfinə nail olaram”.
“Çox... çox güclü aktyordur. Yaman da emosionaldır” – bu sözləri tamaşadan sonra mənə Beynəlxalq Tənqidçilər Assosasiyasının Baş Katibi kanadalı Mişel Vais deyir.
Məncə, bəsdir, kifayətdir özgələrdən sitatlar. Hərçənd özgələr içində “Bu da axırı” monotamaşasının uğuru şübhəsizdir. Əlbəttə ki, bu, fəxrdir, başucalığıdır. Mənə gəldikdə isə məsələnin məğzi budur ki, önəmi budur ki, dünyanın və Avropanın monodram festivalları xəritəsinə Azərbaycanın da adı düşdü: bizi gördülər, fərqləndirdilər, teatr sənətçisi kimi yüksək dəyərləndirdilər, bizimlə hesablaşdılar, Azərbaycanın teatr həyatı ilə maraqlandılar, beynəlxalq festival və konfranslara gəlmək istəyini bildirdilər..
Amma bununla yanaşı... əgər rejissor Bəhram Osmanov Avstriya dramaturqu Piter Turrininin bu gözəl pyesini Nəriman Əbdülrəhmanlının tərcüməsində tapmasaydı və bu rejissorun aktyorla sonacan hövsələ ilə işləmək qabiliyyəti, bacarığı olmasaydı “Bu da axırı” (“Vəssalam”) tamaşası belə əks-səda doğura bilməzdi Fucayra Monfestində. Bəhram mətndən çıxış eləyərək aydın oxunan sadə bir konsepsiya qurmuşdu öz tamaşasında: illərcə həsrətində bulunduğumuz arzular gerçəkləşdiyi andaca köhnəlir, keçmişdə qalır, sanki işlədilmiş əşyalara, kağızlara dönüb zibil olur və insan bu zibillik üzərində yaşamaq və ölmək məcburiyyətilə üz-üzə dayanır. Bu, fərdin psixoloji dramıdır: yolsuzluqdur, qlobal dirənişdir. Sən artıq bu zibillikdən heç hara qaça bilməzsən. Arzuların zibilliyi isə elə dünyanın özüdür. Yeganə ümid və xilas ölümdür. Bax, tamaşa oynanılan gün bu fəlsəfi paradiqma elə bil ki Qurbanın boynundan asılmışdı ölüm ilgəyi kimi.
Təbii ki, mən indi monotamaşanı bütövlükdə təhlil etmək fikrində deyiləm, yalnız faktları vurğulamağa, təəssüratları yazmağa meylliyəm. O da çox mühümdür ki, məhz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsinin aktivliyi, Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Şaiq Səfərovun operativliyi nəticəsində biz Fucayra Monfestinə gedib orada iştirak eləyə bildik. Əgər bu sayaq çalışsaq, istədiyimiz alınar, cənablar! Axı, sonucda hamımızın içində yaşatdığı və hər yerdə özü ilə bərabər gəzdirdiyi ideya Azərbaycandır!
İndi məqalə kontekstində majoru minorla əvəzləyirəm və daha analitik təhkiyə üsuluna qayıdıram.
Fucayra Beynəlxalq Monodram Festivalı iki ildən bir olmaq şərtilə beşinci dəfədir ki, keçirilir. Burada cəmi 12 monotamaşa oynanıldı: onlardan 6-sı ərəb ölkələrini təmsil edirdi, 6-sı – Avropa ölkələrini, içi biz daxil olmaq şərtilə. 200-dən artıq qonaq, iştirakçılarla birgə, dəvətli idi festivala və bu iki yüz nəfərin hər birinə teatr mərasiminin yekununda böyük zövqlə hazırlanmış, gözəl dizayna malik Fucayra Monfestini simvollaşdıran bir xatirə hədiyyəsi əta edildi. Yəni demək istəyirəm ki, Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə daxil Fucayranın rəhbər şeyxləri bu festivala böyük pullar xərcləmişdilər. Gör, necə şeydir ki, festivalın açılış mərasimində qısa iclas və konsert proqramından sonra Fucayranın səması fişənglərlə çiçəklədi. Mən şahidi oldum ki, dünya tarixinin belə bir çətin dönəmində ərəblərin özlərində və şeyxlərində sonsuz və ədasız bir teatr sevgisi var. Və bu sevgi teatr bilgisindən və teatr zövqündən doğur.
Fucayra Birləşmiş Ərəb Əmirliklərinin zadəganlıq simvolu kimi qavranıla bilər: adını “fəcr”, yəni “dan yeri” kəlməsindən alıb. Bir tərəf Hind okeanıdır, bir tərəf dağlardır, bir tərəf səhra: səmum, torpaq, günəş, su, ortada isə Fucayra. Monodram da bir janr kimi fikrin zadəganlarına, hissin zadəganlarına ünvanlanır.
Monodram (“monotamaşa” sözünü biz ruslardan alıb dilimizə çevirmişik: dünya isə sanır ki, janrın adını olduğu kimi saxlamaq daha məqsədəyönlüdür) insanın öz-özü ilə oyunu kimi bir şeydir. Biz artıq özümüzlə danışanda ikiləşirik və xəstələnirik. Bu, psixikanın bədənlə oyunudur. Normal adam öz-özü ilə oynayanda ya saqqallı uşaq hesab olunur, ya da divanə. Üçüncü variant yoxdur. Ona görə monodram olumla ölüm sərhəddinin monoloqudur və bu monoloqu oynamaq əsl aktyor hünəridir. Əgər sənin daxilin olumla ölümün sərhəddinə gəlməsə, bunun nə olduğunu bilməzsən, bunu oynaya bilməzsən, yaşaya bilməzsən. “Olum, ya ölüm” Hamletin monodramıdır, bir zadəganın monodramıdır.
Bəlkə də elə bu səbəbdən ərəblər öz Fucayra Monfestinə Avropanın zadəgan tipli kübar aktyorlarını dəvət etmişdilər! Böyük Britaniyadan Bryus Mayers (“Dahi İnkvizitor”), Polşa/Avstraliya təmsilçisi İolanta Cukeviç (“Dezdemona”), Litvadan Biryute Mar (“Sevgili”), Almaniya/İraq vətəndaşı Əzəl Yəhya İdris (“Bağdada doğru”) öz monotamaşaları ilə festivalda müasir teatr zövqünün hüdudlarını nişanlayırdılar.
Mənə “Dezdemona” monotamaşası yamanca ləzzət elədi: əvvəlcə heç nə anlamadım. Amma hiss elədim ki, aktrisanın obraz üçün tapdığı plastikanın cazibəsindən çıxa bilmirəm. İdmançı bədəni vardı İolanta Cukoviçin. Amma tamaşa vaxtı bu nataraz, qüvvətli bədən o qədər yumşaq və elastik oldu ki, mən heyran qaldım. Bir-iki təlqinedici jestlə, dalğavari rəqqasə hərəkətləri ilə İolanta mumiya-ilan plastikasında oynayırdı öz obrazını. Cukoviçin “Dezdemona” monotamaşası Dezdemonanın ölümündən sonrakı monoloqu üzərində qurulmuşdu. Ona görə aktrisa səhnədə mumiya görkəmində görsənirdi və tamaşanın sonunadək ilan öz qabığından çıxdığı kimi mumiya libasından yarıyacan xilas olurdu, Otello ilə Dezdemona sevgisinin faciə səbəblərini çözməyə çalışırdı.
Biryute Marın “Sevgili” moonotamaşası avanqard teatr üslubunda stilizə edilmiş rejissura və oyun tərzi sərgiləyirdi. Bryus Mayersin ifasında “Dahi inkvizitor”, monotamaşanın quruluşu görkəmli rejissorların görkəmlisi Piter Brukun özünə məxsus olsa belə, seyrçidə aşkar köhnəlik duyğusu oyadırdı. Əzəl Yəhya İdrisin “Bağdada doğru” monotamaşası isə müasir alman rejissurasının estetik parametrləri kontekstindən “cücərmiş” və müxtəlif mənalar “yelpiyi”nə malik intellektual bir oyun idi.
Ərəb teatrlarının festivala təqdim etdiyi işlər içərisində mən Piter Brukdan dərs almış rejissor və aktrisa Lətifə Əhrarın (Fucayra) “Pianoçu” adlı monotamaşasını fərqləndirərdim. Lakonik səhnə dizaynı kontekstində eleqant oyun manerası: qadın, pəncərə və kakofoniya... Səhnədə heç bir piano gözə dəymir. Qadının pianosu bədənidir, və bir də onu əhatə edən əşyalar... Bu “abstrakt piano”da o, sadəcə, öz taleyini, yaşantılarını melodiyaya çevirir. Hərçənd rejissor Lətifə Əhrar finalda aktrisa Lətifə Əhrarı müğənni kimi oxutdurmaqla oyun estetikasını dəyişdi, tamaşanın tül pərdə qədər zərif partiturasına yabançı element gətirdi və bədii bütövlüyü “sındırdı”.
O ki qaldı digər ərəb teatrlarına... burada yetərincə emosional və coşqulu oyun tərzinə, haradasa müəyyən aqressiv rejissura əlamətlərinə rəğmən bir düzxətli primitiv teatral təhkiyə vardı. Aktyorlar səhnədə rahat və sərbəst işləsələr də, onların ifa manerasında bir səthilik əlüstü nəzərə çarpırdı. Bu da tamaşaların rejissor partiturasındakı fikir və mizan kasadlığından, rejissorun aktyoru “kəşf etmək” iqtidarında olmamasından irəli gəlirdi.
Fucayra Monfestində mənim müşahidələrimdən biri də bu oldu ki, deyəsən Avropada, daha konkret söyləsəm, müasir Qərb teatrı mədəniyyətində “intellektual ekstrim”ə dəb qurtarır və yaşantı teatrının gələnəkləri yenidən aktuallaşır. Olsun ki, rejissor Bəhram Osmanovun “Bu da axırı” (“Vəssalam”) monotamaşasının uğurunu da elə burada axtarmaq lazımdır. Çünki bu monotamaşa yaşantı teatrının bədii-estetik parametrləri üzərində qurulmuşdu və odur ki, ifaçı ilə personaj arasındakı yabançılıq məsafəsi maksimal şəkildə aradan götürülmüşdü. Lakin bununla bərabər, yəni səmimilik, təbiilik və inandırmaq gücü ilə bərabər burada Qurbanın yüksək aktyor texnikası da, bir insan kimi iç yaşantılarının mozaikası da son dərəcə mühüm bir faktor idi. Həmin tamaşa günü Qurban ustalıqla bir oyun müstəvisindən o birisinə keçirdi və heç yerdə aşırı yubanmırdı: məqam olurdu ki, seyrçilər üçün oynayırdı, seyrçilərlə oynayırdı; məqam da olurdu ki, tam şəkildə roluna qapanıb hamıdan uzaqlaşırdı. Qurbanın öz-özü ilə bu aktyor “fristayl”ının nə ilə nəticələndiyini, necə nəticələndiyini isə mən artıq sizlərə söyləmişəm.
İndisə qısaca yekun: festivallara getmək lazımdır, gedib iştirak etmək lazımdır, iştirak edib hər bir konkret festivalın formatını öyrənmək lazımdır, öyrənib özünü tanıtmaq və təqdim etmək mədəniyyətinə yiyələnmək lazımdır, yiyələnib festival formatında “oxuna” biləcək tamaşalar hazırlamaq lazımdır... Ki, həmişə özün olasan, özgür olasan və komplekslərdən qurtulub dünya ilə bərabərhüquqlu dialoqlar qura biləsən!!!
Bax, elə bütün bunlara görə Fucayra Beynəlxalq Monodram Festivalına, iki Dibbə teatrının böyründəcə məskunlaşıb fasilələr zamanı qonaqların əla istirahətini təşkil etmiş “İrs kəndi”nə, yəni qədim səhra ərəbinin həyat tərzini açıq səma altında imitasiya edən Milli Etnoqrafiya Muzeyinə sonsuz təşəkkürlər. Ərəb ölkələrinin cavan xanım teatrşünası Şəiqə əl Mismarinin dediyi kimi bir festival həftəsində bu Fucayra Muzeyindən dünya gəlib keçdi... və Monodram festivallarının tarixinə yeni bir səhifə yazdı. Fəxr edək ki, bu səhifədə bizim də imzamız var!
Aydın TALIBZADƏ
525-ci qəzet.- 2012.- 7 fevral.- S.7.