Qəzetin informasiya siyasəti və jurnalistin fərdi yaradıcılıq prinsipləri

 

Azərbaycanın müasir KİV sistemi xeyli dərəcədə formalaşmış və dünya təcrübəsinə inteqrasiya etmişdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə beynəlxalq aləmdə – müxtəlif ölkələrin işlək lüğət tərkibinə düşmüş “yeni jurnalistika”, “yeni dönəm jurnalistikası”, “yeni media”, “mediologiya” və bu kimi anlayışlar Azərbaycan gerçəkliyi üçün də adiləşmişdir. Azərbaycanın müstəqillik əldə etməsi və bununla da bazar münasibətlərinə keçməsi, bütün sahələrdə olduğu kimi, jurnalistikada da özəl sektorun meydana gəlməsini şərtləndirdi. KİV-in özəl sektoru isə bütöv bir sistemin formalaşma prosesini şərtləndirdi. Bununla da kütləvi informasiya vasitələrinin çoxçeşidli tipoloji strukturu formalaşdı. Eyni zamanda hər tip KİV faktının özünəməxsus informasiya siyasəti ortaya çıxdı. Bu fakt isə jurnalistin özünün də yaradıcılıq kredosunu müəyyənləşdirdi və o, jurnalistikanın yaradıcılıq prinsipləri ilə birlikdə əqidəsinə uyğun informasiya siyasətinə malik mətbuat orqanı axtarmalı oldu. Məsələnin elmi aspektlərini aydınlaşdırmaq üçün, ilk növbədə, “informasiya siyasəti” anlayışının mahiyyətinə diqqət edək.

Mətbuatin, kütləvi informasiya vasitələrinin informasiya siyasəti ilə siyasi fəaliyyəti qarışdırmaq olmaz. Məlumdur ki, ilkin mənasında siyasət yunancanın “politika” sözündən olub, dövlət idarəçiliyi “sənəti” mənasını bildirir. Siyasət sözün müstəqim, birbaşa mənasında “ayrı-ayrı partiyaların, siniflərin, qrupların, dövlət strukturlarının maraqlarını ifadə edən bir anlayışdır”. Qəzetin informasiya siyasəti isə “hər hansı bir mətbuat orqanının öz fəaliyyətini istiqamətləndirən, prinsiplərində üstünlük verdiyi amilləri ehtiva edir” . Daha anlaşıqlı ifadə etsək, qəzetin informasiya siyasəti onun öz fəaliyyətində nəyə üstünlük verməsi, hansı auditoriyaya ünvanlanması, informasiyaya, xəbərə yanaşma tərzi, təhlili, analitik yazılarında daha çox nələrə, hansı mövzulara üstünlük verməsi və s. kimi amillərlə şərtlənir. Bütün bunlar bir tərəfdən qəzetin tipoloji xarakterini formalaşdırırsa, digər tərəfdən həmin qəzetdə fəaliyyət göstərən jurnalistin tipoloji xarakterini, yaradıcılq üslbunu, prioritetlərini, hansı məsələyə necə münasibət göstərməsini müəyyənləşdirir. Beləliklə, qəzetin, mətbuat orqanının tipoloji faktı kimi, həmin orqanda çalışan jurnalistin də tipoloji xarakteri formalaşır, yaxud, həmin informasiya siyasətini özündə çoxdan formalaşdırmış jurnalist məhz iş yeri seçimində öz yaradıcılıq prinsiplərinə uyğun qəzet redaksiyası seçir.

Əlbəttə, heç kim inkar etmir ki, “jurnalist əməyi kompleks xarakter daşıyır”. Yəni jurnalist ixtisasına yiyələnən hər kəs siyasi, iqtisadi, sosial, mədəniyyət və s. mövzuların hamısında yaza bilmək tələbi ilə üzləşməli olacağını bilir. Lakin hər bir jurnalistin həm də həyatı, dünyanı görmə prinsipləri var və o, haçansa öz yaradıcılığında bu prinsipi seçərək özünün yalnız ona məxsus olan fəaliyyət sahəsini ortaya qoyur. Beləliklə, məsələn, siyasi hadisələrdən yazmağı üstün tutan və hətta çox zaman siyasətçi kimi daranmağa girişən jurnalist partiya qəzetlərini, mədəniyyət məsələlərindən yazan jurnalist ən azı redaksiyadakı mədəniyyət şöbəsini, idmandan yazmağa üstünlük verən, bu sahədə formalaşmış jurnalist idman qəzetini seçir və s.

Müasir günlərimizdə Azərbaycan mətbuatında iqtidar, müxalifət, müstəqil istiqamətlərə ayrılan və cəmiyyətdə özünü göstərən bu bölünmələrə görə özünün informasiya siyasətini formalaşdıran qəzet bolluğu var. İqtidar düşərgəsində özünü göstərən “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, “Səs”, “İki sahil”, “Yeni təfəkkür” və s., müxalif düşərgəyə mənsub “Azadlıq”, “Yeni müsavat”, “Bizim yol”, “Nota” və s., müstəqil mətbuat nümunələrinə aid “525-ci qəzet”, “Ayna”, “Zerkalo”, “Exo”, “Üç nöqtə”, “Ekspress” və s. tipli qəzetlərin hər bir qrupunun öz informasiya siyasəti mövcuddur. Bu qəzetlər qrupunda fəaliyyət göstərən jurnalist və redaksiya kollektivi hər hansı bir informasiyaya, xəbərə formalaşan informasiya siyasəti bucağından yanaşır. Məsələn, Azərbaycanın müasir inkişaf tempi iqtidar qəzetlərində yüksək pafosla təqdim olunduğu kimi, müxalifətyönlü qəzetlərdə mütləq nöqsanlı cəhətləri ilə, müstəqil qəzetlərdə isə mümkün qədər faktın olduğu kimi təqdimi ilə oxucuya çatdırılır. Qəzetlərin informasiyaya bu fərqli cəhətlərini nəzərdə tutan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil jurnalistikaya daha çox önəm verməyi vacib sayırdı. Prezident İlham Əliyevin belə bir fikri bizim bu tədqiqatımız üçün çox önəmlidir: “Azərbaycanda sözün əsl mənasında müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardır... Əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində müstəqil KİV-lərin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır”.

Müasir Azərbaycan media sisteminin bütün parametrlərini yaxından izləyən və həmişə jurnalistlərə faydalı məsləhətlərini verən, jurnalistikamızın fəaliyyətini tam obyektiv mövqedən qiymətləndirən Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iqtidar, müxalifət istiqamətli mətbuatın hadisələrə, faktlara münasibətini belə ümumiləşdirir: “Bəzi qəzetlər hökumətin gördüyü işi bütövlükdə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe çıxarmalı olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər”. Bu dəqiq fikirdəki birinci “bəziləri” müxalifət mətbuatını, ikinci “bəziləri” isə iqtidar mətbuatını nəzərdə tutur.

Bu günkü Azərbaycan demokratik dövlət rolunu ifadə edən mətbuat azadlığı şəraitində müxalifət, iqtidar qəzetlərinin varlığı heç kəsdə etiraz doğurmur. Ümummilli liderimiz H.Əliyevin belə bir fikri bu gün çox aktualdır ki, “mətbuat – ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbiidir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə kömək etməlidir. Məsələn, mən bütün mətbuatın yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının da məhz bu yolla getməsini istəyirəm. Dövlət mətbuatı yalnız iqtidarı təbliğ etmək, iqtidarın qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməməlidir. O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkara çıxarmalıdır, tənqid etməlidir”.

Göründüyü kimi, H.Əliyev həm müxalifət, mətbuatını, həm də dövlət mətbuatını obyektiv olmağa, hər ikisində nöqsanları tənqid edən yazıların getməsinə çağırır. Lakin bu günün gerçəkliyi professor Əli Həsənovun müşahidəsində elə görünmür. Jurnalistlər şüurlu olaraq iqtidaryönlü, müxalifətyönlü yaradıcılıq istiqaməti seçir və istiqamət qəzetin tipoloji xarakterini necə formalaşdırırsa, jurnalistin tipini də eləcə müəyyən edir.

Azərbaycanın müasir ictimai xadimlərindən tutmuş adi oxucuya qədər hər kəs və H.Əliyevdən gətirdiyimiz sitatdan da göründüyü kimi, xüsusilə dövlətin istəyi də ən yüksək səviyyədə müstəqil mətbuatın tərəfindədir.

Belə bir suala cavab axtaraq: qəzetin informasiya siyasəti və jurnalistin tipoloji xarakterinin formalaşması praktikada özünü necə göstərir? İlk növbədə redaksiya kollektivində jurnalistin ixtisaslaşması ilə redaksiyanın bütövlükdə informasiya siyasətinin formalaşdırdığı jurnalisti bir-birindən fərqləndirmək vacibdir. “Jurnalistin qəzet redaksiyasında müxtəlif sahələr üzrə ixtisaslaşması adi haldır, vəzifənin tələb etdiyi bir haldır”. Hər bir normal fəaliyyət göstərən qəzet redaksiyasında bir neçə şöbə mövcuddur: ictimai-siyasi, sosial, mədəniyyət, idman, təhsil və s. Hər redaksiyada ayrı-ayrı jurnalistlər həmin şöbələrdə həmin sahələr üzrə ixtisaslaşırlar. Məsələn, iqtisadiyyat üzrə təcrübəsi olmayan jurnalist bu sahədən yazısında mütləq naşı görünəcək. Digər sahələr üzrə də həmçinin. Hətta, məsələn, beynəlxalq həyat şöbəsinin özündə belə jurnalistlər dünyanın ayrı-ayrı bölgələri üzrə də ixtisaslaşırlar. Biri Amerikanı, digəri Afrikanı, üçüncüsü Avropa ölkələrini işıqlandırır.

“Redaksiyalarda jurnalistlər hətta janrlar üzrə də ixtisaslaşırlar. Jurnalistlərdən biri reportaj hazırlamağa, digəri oçerk, üçüncüsü korrespondensiyaya üstünlük verir”.

İnformasiya siyasətini formalaşdırmış qəzet və onun jurnalistlərinin bu siyasətə uyğun ixtisaslaşması fərqlidir. Bu qəzetlərin öz tipologiyası var və həmin tipologiyanı informasiya siyasəti formalaşdırıb. Belə qəzetlərə jurnalist özü artıq formalaşıb gəlmişdir. Bazar münasibətləri şəraitində qəzetlər müxtəlif statuslara malikdir: dövlət qəzetləri, xüsusi-özəl – kommersiya qəzetləri. Belə statusda qəzetin maliyyəsi, texniki bazasının kimə mənsubluğu əsas rol oynayır. Dövlət qəzetlərinin maliyyə qaynağı da, maddi-texniki bazası da dövlətə məxsusdur. Məsələn, “Azərbaycan”, “Respublika” qəzetləri öz statusuna görə dövlət qəzetləridir. “Azərbaycan” qəzeti Azərbaycan Respublikası Milli Məclisinin orqanıdır. Qəzetin birinci səhifəsinin lap görkəmli yerində “Rəsmi dövlət qəzeti” statusu qeyd olunub. “Xalq qəzeti”ni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiyası təsis etmişdir. Prezidentin İşlər İdarəsinin də təsisçi rolunda çıxış etməsi qəzetin yarı olaraq dövlət qəzeti hesab olunmasına əsas verir. “Respublika” qəzetinin də təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyətidir. Deməli, bu qəzeti də yarı dövlət qəzeti hesab etmək olar. “Xalq qəzeti” öz statusuna görə həm də “Gündəlik ictimai-siyasi qəzet”dir. “Respublika” qəzetinin şüarı belədir: “Azərbaycanın bütövlüyü, müstəqilliyi və tərəqqisi”. “Əslində qəzetin ümumi şüarı onun informasiya siyasətinin ifadəsidir”. Sovet dövründə qəzetlərin bir şüarı vardı: “Bütün ölkələrin proletarları birləşin!” Bu şüar həm də onu göstərirdi ki, sovet-kommunist rejimi dövründə qəzetlərin hamısı bir ideologiyaya – dünyada fəhlə sinfinin birləşməsi ilə kommunizmin qələbəsinə “nail” olmaq ideologiyasına xidmət edirdi. Bu gün vahid ideologiyadan uzaq və bazar münasibətlərinin rəqabət qanunlarına istinad edən qəzetlərimizin hər birinin özü üçün müəyyən etdiyi auditoriyası və bu auditoriyaya uyğun informasiya siyasəti var. Bu siyasət, əsasən, sosial məsuliyyət mətbuat nəzəriyyəsi ilə həyata keçirilir və “liberal-demokratik sistemdə özünə geniş yer tapmışdır”. “Bu mətbuat cəmiyyətin bütün təbəqələrinin səsini eşitdirməyi özünə məqsəd seçir”.

Qəzetin statusuna görə onun informasiya siyasəti ən çox görünən haldır. “Azərbaycan” qəzeti birmənalı olaraq “Rəsmi dövlət qəzetidir” və öz siyasətini bu status üzrə müəyyənləşdirir. Bu informasiya siyasəti qəzetin birbaşa dövlət maraqlarına xidməti və rəsmi informasiyalara geniş yer verməsi ilə müəyyənləşir. Qəzetin bir nömrəsindəki yazıların ən azı sərlövhələrinə diqqət edək: “Azərbaycanın davamlı yüksəlişinə xidmət edən mükəmməl siyasət”, “Azərbaycan-Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə tətbiq edildi”, “Regionların sosial-iqtisadi inkişafı prioritet vəzifələrdəndir”, “Danışıqlar prosesi Azərbaycanın milli maraqları çərçivəsində gedir” və s. Eyni informasiya siyasəti “Respublika” qəzetinə də aiddir. Onun bir nömrəsinin əsas yazılarının sərlövhələrinə diqqət edək: “Regional İnkişaf Dövlət Proqramı uğurla icra olunur”, “Azərbaycan Dəmir Yolları QSC- (Qapalı Səhmdar Cəmiyyəti – K.N.) öhdəsinə düşən vəzifəni uğurla yerinə yetirir” və s. “Xalq qəzeti”ndən bir nömrənin bəzi başlıqları: “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sənayenin inkişafını sürətləndirir”, “Davamlı insan inkişafı kontekstində informasiya təhlükəsizliyi siyasəti”, “2011-ci ilin dövlət büdcəsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcək”, “Saatlı: 2010-cu ilin uğurları” və s. Bundan əlavə, dövlət qəzetlərinin informasiya siyasətində Milli Məclisin müsbət yönlü fəaliyyəti, prezidentin fərmanları, sərəncamları, müxtəlif dövlət tədbirlərindən hesabatlar... mühüm yer tutur. Bu tipli informasiyalara müxalifətyönlü qəzetlər heç vaxt yer vermirlər. Müxalifətyönlü qəzetlər hətta prezidentin xalqa yönəlik, çox ciddi ictimai maraq kəsb edən fərmanları barədə də informasiya vermirlər. Əlbəttə, bu proses düşünülmüş şəkildə baş verir və əslində belə mətbuat orqanları hakimiyyətə gəlmək istəyən qüvvələrə dəstək verir. Bu da jurnalistin siyasiləşməsi, birbaşa siyasətlə məşğul olması deməkdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan qəzetlərinin bəzilərinin belə siyasi fəaliyyəti həm nəzəriyyəçilər, həm də KİV-in demokratikləşməsi yolunda fəaliyyət göstərən qurumlar tərəfindən birmənalı qarşılanmır. Məsələn, Azərbaycan Mətbuat Şurası jurnalistin siyasətlə məşğul olmasını medianın ziyanına, etik normalara uyğun olmadığına işarə edir. Şura sədrinin fikrincə: “Azərbaycanda jurnalistlərin siyasiləşməsi demokratik mətbuatın, müstəqil mətbuatın inkişafını ləngidən amilə çevrilib”.

Mətbuatın və jurnalistlərin siyasiləşməsi problemi indi geniş dairələrdə müzakirə olunur. Bu siyasiləşmə jurnalistin də tipoloji xarakterinə təsir edir. Hətta, bir sıra müxalif yönlü, siyasiləşmiş jurnalistlər var ki, özlərinin köşə yazılarında Azərbaycan ziyalısının müxalifətdə, siyasətdə olmayanlarını tənqid, bəzən də təhqir atəşinə tuturlar. Bir sıra hallarda tərəfsiz jurnalistlər, hadisələrdən obyektiv informasiya vermək kimi əsl jurnalist qaydalarına əməl etmək istəyən jurnalistlər də siyasiləşmişlərin hücumuna məruz qalırlar.

Halbuki, Atilla Girginin dediyi kimi, “jurnalist tərəfli olmaqdan qurtarmaq üçün bunun yollarını göstərən qaydaları bilməlidir”. Və aşağıdakıları bilmək tövsiyə olunur: “Mükəmməl, müasir peşə ixtisasına sahib olmaq, yetkin mədəniyyətə sahib olmaq, ölkənin problemlərini bilmək, beynəlxalq hadisələrdən xəbərdar olmaq, vicdan dəyərlərinə hörmət etmək, gerçəyi müdafiə etmək, hadisələrə öz duyğularını qatmamaq, hadisəyə siyasi görüşlərlə yanaşmamaq, hadisəni kiçiltməmək, hadisəni böyütməmək, xüsusi məqsədə xidmət etməmək, hadisəni yozmamaq”. Bütün bunlar mətbuatda çalışan müstəqil düşüncəli, heç kimin tərəfini saxlamayan, hadisələrə obyektiv qiymət verən müstəqil jurnalistin peşə xarakterinə aiddir. Bu qaydalara əməl edən qəzetin informasiya siyasəti cəmiyyəti hadisələr barədə dəqiq, qərəzsiz məlumatlandırmaq üzərində qurulur və belə qəzetlərin jurnalistləri müstəqil, peşəkar jurnalistin tipoloji xarakterini əks etdirirlər.

Müasir dövrdə jurnalistikanın, jurnalistin siyasiləşməsi cəmiyyətin mətbuata inamını azaltmışdır. “... infarktdan uzaqlaşmaq üçün həkim məsləhəti lazımdır. Həm də xəstə müalicə həkiminə inanmalıdır. Oxucunun, tamaşaçı və dinləyicinin jurnalistə etibarı da belədir. İndiki zamanda bu inam itmişdir. Bu da medianın cəmiyyətə təsirinin azalmasına gətirib çıxarmışdır”. Bu nöqsandan xilas olmağın yollarını müasir rus jurnalistika nəzəriyyəçisi Q.V.Lazutina belə müəyyənləşdirir: Jurnalist “cəmiyyətə gerçəklik haqqında operativ, dəqiq bilgi verməli, ... vətəndaşlara öz fikrini ifadə etməyə meydan verməli, özü dəqiq, qərəzsiz olmalıdır”. Yalnız göstərilən bu xarakterik hallara əməl etməklə qəzet əməkdaşı müstəqil jurnalist kimi formalaşır.

Müstəqil qəzetlərin informasiya siyasəti yuxarıdakı istiqamətlərdən fərqlənir. İlk növbədə “525-ci qəzet”in informasiya siyasətinə diqqət edək. “525-ci qəzet” müstəqil mətbuat orqanıdır, hadisə və faktlara obyektiv, yalnız ictimai maraq bucağından baxmağı üstün tutur.

Yuxarıdakı araşdırma metodu ilə yanaşsaq, bu qəzetin də bir nömrəsinin əsas başlıqlarına nəzər salmalı olacağıq: “Özəlləşmə paylarının istifadə müddəti başa çatıb”, “Bəzi bölgələrdə kadr çatışmazlığı var”, “Teleradio Şurası telekanallara müraciət etdi”, “Müxalifətin yaratdığı İctimai Palatanın iclası keçirildi”, “İctimai Palatadan narazılıqlar başladı”, “Saxlama müddəti bitmiş ərzaq malları satışdan çıxarıldı”, “Partiyalara maraq azalıb” və s. Yaxud, başqa bir nömrədə: “Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək”, “Ombudsmanın hesabatı qənaətbəxş hesab edildi”, “Qərbin hər zaman ehtiyat variantı olub”, “Mənim ruhlar şəhərim”, “Xocalısız uşaqlar”, “Xırda biznesin iri gəlirləri”, “Ölülərin ölməzliyi...”

Müstəqil qəzetlər xüsusilə xəbərə münasibətdə obyektiv olmağa cəhd göstərirlər. Bu mənada Azərbaycanda nəşr olunan “Şərq” qəzetini xüsusi misal gətirmək olar. Bu qəzetin bir nömrəsindən gətirəcəyimiz başlıqlar dediyimizi sübut edir: “Şəhidə məzar yeri satılmaz”, “Həkim və müəllimlərin maaşı artırılacaq”, “Hərbi hissədə güclü yanğın olub”, “Elektrik altında tikilən evlər dağıdılır”, “Xalq olimpiyadası yenidən işə salınır”, “Evdə televizor partladı”, “Sədərək” ticarət mərkəzində meyit tapılıb”, “Gizir sevgilisini və özünü güllələyib”, “Quba məzarlığına diqqət artırılıb”, “Saatlı və Sabirabad sakinləri mitinqə hazırlaşır”... Göründüyü kimi, bu sərlövhələrin hamısı xəbər sərlövhələridir, obyektivliyi, tərəfsizliyi gözləyir. Bu tip xəbəri hazırlayan jurnalistlər müstəqildirlər, fəaliyyət göstərdikləri redaksiyanın informasiya siyasətinə uyğun olaraq özlərinin tipoloji yaradıcılıq xarakterini formalaşdırmışlar.

Diqqətlə nəzər yetirdikdə hiss olunur ki, iqtidaryönlü, dövlət qəzetləri daha çox ənənəvi qəzetçiliyə üstünlük verirlər. Bu qəzetlərin müxbir heyəti yaşlı, cavan nəslin nümayəndələrini birləşdirir. Əlbəttə, rəsmi dövlət qəzetləri vətən, xalq, xalqın rifahı, dövlətçilik, milli ideallar uğrunda mübarizə və s. problemləri, daha doğrusu, mövzuları işləyib oxucuya təqdim etməyi vacib sayırlar. Belə mövzulara həmin qəzetlərin yaşlı nəsildən olan əməkdaşları ilə cavan nəsildən olan əməkdaşlarının yaradıcılıq üslublarında, mövzuya baxış bucağında, hadisə və faktlara yanaşmada çox da böyük fərq hiss olunmur, əksinə müxtəlif nəsillərə məxsus əməkdaşların hamısında Azərbaycan və azərbaycançılıq, “öncə Vətən” məqsədi irəlidə gedir. Rəsmi dövlət qəzetləri Azərbaycanın inkişafına dair dövlət proqramlarını, seçkilərin demokratik qaydada keçirilməsini, əmək adamlarının dolğun portretini əks etdirən müxtəlif janrlı yazıları oxucuya daha çox təqdim edir. Həmin qəzetlərin jurnalistləri də məhz bu xarakterli materialları ərsəyə gətirirlər.

Məsələn, məlumdur ki, Azərbaycan neft ölkəsidir və bu neft “Əsrin müqaviləsi” adlandırılan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə Türkiyəyə, oradan da Avropaya ötürülür. “Azərbaycan” qəzeti həmin kəmərin tikintisinə başlanandan, onun fəaliyyətinin bu günədək hər addımını izləyir və bu kəmərin ölkəmizə gətirdiyi böyük qazancı, bu qazancdan yaranan sürətli inkişaf prosesini daim öz oxucularına çatdırır. Kəmərin işə düşməsinin 4 illiyi münasibətilə qəzetin əməkdaşı Flora Sadıqlının “Azərbaycanı dünya ilə birləşdirən polad kəmər” sərlövhəli yazısı həm qəzetin, həm də jurnalistin yaradıcılığının tipoloji göstəricisi kimi diqqəti çəkir.

Jurnalistin bu yazıda faktlara münasibətindəki vətəndaşlıq münasibəti həm onun özünün, həm də “Azərbaycan” qəzetinin tipoloji xarakterini ifadə etdiyinə görə korrespondensiyadan bir parçanı təqdim edirik: “Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi zamanın tələbi idi. Belə ki, 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” çərçivəsində 1997-ci ilin noyabrında neft çıxarılmağa başlamışdı. “Çıraq”dan hasilat get-gedə artırdı. “Azəri” yatağının mərkəzi, Qərb və Şərq hissələri, “Dərinsulu Günəşli” işlənirdi. Bütövlükdə bu yataqların gündəlik hasilatının 1 milyon barelə çatacağı gözlənilirdi. Beləcə müəllifi ümummilli lider Heydər Əliyev olan BTC-nin-təkcə XXI əsrin deyil, bütövlükdə III minilliyin nəhəng mühəndis qurğusunun inşası ideyası yarandı”.

Bu yazıda jurnalistin tipoloji xarakteri özünü Azərbaycanın inkişafına inamından, Azərbaycan neftinin ölkəyə gətirdiyi qazancdan qürur duyduğu aydın görünür.

Doğrudur, jurnalistikaya dair nəzəri fikirlərdə jurnalistin fakta bu tip münasibəti o qədər də məqbul sayılmır. Lakin Qərb jurnalistika nəzəriyyəçiləri jurnalistin vətəndaşlıq mövqeyini nə qədər qəbul etməsələr də, onların öz qəzetlərində və jurnalist yaradacılığında belə xarakter aydın şəkildə özünü göstərir. Belə bir fakt maraqlı olardı: Koalisiya qüvvələrinin Liviyanı bombardman etməsi ilə bağlı Rusiyanın REN TV kanalı özünün “Nə baş verir?” (“Çto proisxodit?”) proqramında bir araşdırma aparmışdı. Bu araşdırmada aparıcı Anisa adlı ABŞ jurnalistini də studiyaya dəvət etmişdi. Aparıcı ABŞ jurnalistin qarşısına bir qlobus qoyur və soruşur:

“-Anisa Dünyanın elə bir ölkəsi varmı ki, ABŞ oranı bombalamamış olsun: Laos, Vyetnam, Kamboca, Yuqoslaviya, İraq, Əfqanıstan...

ABŞ jurnalisti:

– Bu ölkələrə ABŞ demokratiya gətirir.

Aparıcı:

– Demokratiya ixrac olunurmu?

ABŞ jurnalisti:

– ABŞ bu ölkələrə xeyirxahlıq edir...

Aparıcı:

– Anisa, sən bütün cavablarında ABŞ vətəndaşlığı mövqeyindən çıxış etdin. Kaş bizimkilər də belə olaydılar”.

Göründüyü kimi, ABŞ jurnalisti bütün suallara cavablarında Amerikanın mövqeyindən çıxış edir. Ona görə də bizim bəzi qəzetlərin və bəzi jurnalistlərin “informasiyanın vətəni yoxdur” fikri özünü heç də həmişə və heç də hər yerdə doğrultmur. Bu mənada öz tipoloji xarakteri ilə Azərbaycan dövlətçiliyinə və azərbaycançılığa xidmət edən jurnalist Əhməd İsayevin Azərbaycan prezidentinin ölkədə quruculuq işlərinə diqqət yetirdiyini ifadə edən “Xan bağı” bizim tarixi sərvətimizdi” yazısı özünü tamamilə doğruldur. Flora Xəlilzadənin “Dəniz boyda ürəyi var” və s. yazıları da jurnalistin vətəndaşlıq mövqeyindən qələmə alınmışdır.

Bütün bu misallar və bu tipli qəzetlərdəki jurnalist tipləri sübut edir ki, peşənin daha mükəmməl olması üçün onun peşəkarlıq sirlərinə daha yaxından bələd olmaq çox vacibdir. Müasir dövrdə də belə bir sual aktualdır: “Jurnalist doğulurmu, yoxsa olurmu?” Jurnalist istedadla meydana gəlir, yoxsa peşəni öyrənir? Nəzəriyyəçilərin fikrincə, jurnalistə istedad da lazımdır, amma o, mütləq xüsusi təhsil almalıdır. Faktlar sübut edir ki, xüsusi jurnalist təhsili almış redaksiya əməkdaşları öz yazılarında dəqiq və qərəzsiz olurlar. “Kaspi” müstəqil qəzetinin müxbiri, jurnalististika fakültəsinin məzunu Təranə Məhərrəmovanın yazıları bu tip jurnalist yaradıcılığına misal ola bilər. Həmin jurnalistin adi bir kitab təqdimatından hazırladığı “Vətənpərvərlik – əsas silahımız” hesabatı vətəndaş-jurnalistin qələmindən çıxan əsər təsiri bağışlayır. Jurnalist tədbirdən qələmə aldığı hesabatda mövqeyindən asılı olmayaraq bütün çıxış edənlərə eyni münasibət bəsləyir. Yazıda bir çıxışçının fikirləri belə təqdim olunur: “Kaspi” qəzetinin rəhbəri, filologiya elmləri namizədi, tanınmış publisist, şairə Sona Vəliyeva vurğulayıb ki, vətənpərvərlik mövzusu həyatımızın əsas qayəsinə çevrilərək bütün fəaliyyət sahələrimizin içindən işıqlı bir xətt kimi keçməlidir: “Nəzərə alsaq ki, biz taleyimizin sınaq mərhələsində olan bir mərhələni yaşayırıq, onda bu mövzu bizim üçün əsas amala çevrilməlidir”. S.Vəliyeva diqqətə çatdırıb ki, bu gün gənclər təşkilatları QHT-lər, xarici qurumlarla əməkdaşlıq edən bütün təşkilatlar Azərbaycanın düşdüyü bəlaları məhz vətənpərvərlik mövqeyindən təqdim etməyi bacarmalıdır: “Vətənpərvərlik hissi bizim ordunun döyüşə hazırlıq prosesində xüsusi rol oynayır. Vətənpərvərlik bu gün əsas silahımız kimi cəsarəti ortaya qoymalıdır. Adını qızıl hərflərlə tariximizə yazan qəhrəmanlarımız sübut etdilər ki, vətənpərvərlikdən irəli gələn cəsarət öz sözünü deyir. Onda insanın şəxsi arzuları arxa plana keçir. Onun bütün amalları ictimailəşir. Vətən təşəbbüsü, vətəndaşlıq qeyrəti olan yerdə mütləq qəhrəmanlıq olacaq və onlar sabaha doğru öz arxasında qəhrəmanlar ordusunu yetişdirməyə xalqı sövq edə biləcək”.

S.Vəliyeva vurğulayıb ki, qəhrəmanlıq həm də dövlət və dövlətçilik təfəkkürünün, Vətən və vətənçilik təfəkkürünün mövcudluğu deməkdir: “İctimai əhəmiyyət baxımından vətənərvərlik və qəhrəmanlıq həm də ilahi bir sirrdir. Mübariz İbrahimovun, Fərid Hüseynovun və digər şəhid qəhrəmanlarımızın ölümü sübut edir ki, qəhrəmanlıq bir məktəbdir. Bu gənclər 22-23 yaşlarında əbədi cavan qalmağın hikmətini bizə öyrətdilər”.

Çoxçeşidli mətbuat orqanlarından gətirdiyimiz illüstrativ faktlar jurnalistikada iki mühüm keyfiyyəti müəyyənləşdirməyə imkan verir: 1. Azərbaycan mətbuatında hər bir qəzetin (əlbəttə, söhbət ictimai rəyə təsir edən, öz oxucu auditoriyası olan qəzetdən gedir) formalaşmış informasiya siyasəti var; 2. Qəzetin formalaşmış informasiya siyasəti bir tərəfdən onun özünün tipoloji xarakterini, digər tərəfdən əməkdaşlarının, bütöv redaksiya kollektivinin və həm də ayrıca olaraq jurnalistin fərdi yaradıcılıq xarakterini formalaşdırır.

 

 

Könül NİFTƏLİYEVA,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 7 fevral.- S.6.