Rafael Hüseynov: “Siyasət
siyasətlə aparılmalıdır”
Müsahibimiz Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini, professor Rafael Hüseynovdur
–Rafael müəllim, bildiyiniz kimi , Fransa parlamenti Milli Assambleyası və Senatının bədnam qərarından- uydurma “erməni soyqırımı”nın inkarına görə cəzanı müəyyənləşdirən qərarından sonra bu ölkənin haqlı olaraq, ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Sizcə, indiki reallıqlarda bu məsələ mümkündürmü, bunun prosedur qaydaları varmı və ən əsası Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilərmi?
–Dağlıq Qarabağ münaqişəsi,Ermənistanın Azərbaycana təcavüzü problemi ilə əlaqədar ATƏT-in Minsk qrupu yaradılıb və 3 həmsədr ölkə- ABŞ,Rusiya və Fransa bu istiqamətdə səylərini davam etdirir. Ən müxtəlif beynəlxalq təşkilatlar çərcivəsində bu münaqişə ilə bağlı məsələlər, problemlər qaldırılanda, həmişə o qurumlar Qarabağ konfliktinə öz töhfələrini verməyi, verəcəklərini vəd edirlər, müəyyən addımlar da atırlar. Amma hər dəfə də onu vurğulayırlar ki, münaqişənin konkret olaraq həlli üçün bilavasitə cavabdeh olan, problemi çözmək üçün səlahiyyətlərə sahib iş görə bilən qurum ATƏT-in Minsk qrupudur və həmsədrlər də arxada qalan illərdə ciddi bir nəticə ortada olmasa da, hər halda fəaliyyət göstəriblər.
Yaxşı-pis, ortada olan mexanizm bundan ibarətdir və bu mexanizm də indi yaranmayıb, illərin arxasında yaranıb və həmsədrlik də məhz şəkildə formalaşıb. Fransanın Ermənistanın lobbisinə yaxınlığı,bu ölkənin içərisində erməni mənşəli insanların çoxluğu, hətta, sözügedən dövlətin müəyyən dövlət strukturlarında mənşəcə erməni və eyni zamanda, ermənilərin, erməni lobbisinin təsiri altında olan insanların çoxluğu bu gün yox, uzaq illərdən hər kəsə bəlli olan həqiqətdir. Bu problemi yalnız ölkə siyasətində deyil, dünya siyasəti və dövlətçiliyində çox böyük simalardan olan Heydər Əliyev də yaxşı bilirdi.
Zamanında əgər bu problemi mümkün olsaydı,yəni, Fransa yox, başqa bir dövləti həmsədr olaraq ATƏT-in Minsk qrupuna daxil etmək imkanı yaransaydı, təbii ki, o dövrdə bu fürsət əldən buraxılmazdı və bu istiqamətdə də vaxtında ən müxtəlif səylər olub. Bizim üçün, Azərbaycandan ötrü daha əlverişsiz olan həmsədrlik tərkibi yaratmaq təşəbbüsləri də olub və zamanında bunun qarşısı alınıb. Həmin o Azərbaycana zidd və ola bilsin, baş tutarsa bu gün çox ciddi fəsadlar doğura biləcək halların qabağını almaqda da zamanında Heydər Əliyevin qətiyyəti böyük rol oynayıb.
Bu gün Fransa Senatında qaldırılan məsələ mahiyyəti etibarı ilə təzə bir hadisə deyil. Bu ölkə içərisində erməni lobbisinin apardığı ardıcıl siyasətin “bəhrəsidir”. Bunu müəyyən nöqteyi-nəzərdən prezident Sarkozi tərəfindən dəstəklənən bir addım olaraq o mənada anlamaq olur ki, bəli, ermənilər Fransada haradasa 4 faiz səs təşkil edirlər və bu heç də balaca bir rəqəm deyil. Lakin bunun müqabilində böyük idealları da qurban vermək olmaz.
Fransa Konstitusiyası 1791-ci ildə qəbul olunub və burada insan hüquq və azadlıqlarının təməl prinsipləri müəyyənləşdirilib, dünyanın digər ölkələri konstitusiyalarını yaradanda da oradan nümunələr götürüblər. Fransa Senatında da müzakirə olunmuş məlum qanun layihəsi elə təməlindən demokratik dəyərlərin əleyhinə olan bir qərardır və təbii ki, bu ən müxtəlif ölkələrdə- yalnız Türkiyədə,Azərbaycanda deyil, demokratiyanın ardınca gedən hər bir ölkədə etiraz doğuracaq. Ona görə mən onun tərəfdarı deyiləm ki, indi bu gedişatın içərisində çox böyük hissiyyata qapılaraq, Fransa ilə bütün diplomatik münasibətləri kəsək, bu ölkə ilə hissiyyat müharibəsinə başlayaq, adıçəkilən dövlətlə ticarət əlaqələrini dayandıraq və onlarla hər cür münasibətlərə son qoyaq, belə yanaşmaq olmaz...
–Bəs sizcə, yanaşma necə olmalıdır?
–Bilirsiniz, siyasət siyasətlə aparılmalıdır. Əgər Fransa Senatının içərisində bu qanun layihəsini müzakirə edən, erməni tərəfdarı olan, ona belə canfəşanlıqla səs verən insanlar varsa, onun ziddinə imza atan fransızlar da var. Eyni zamanda, onlarla başqa fransızlar var ki, Türkiyəni çox fədakarlıqla müdafiə edirlər. Elə Senatın özünün içərisində həmin müzakirələr zamanı da bu mövqeni nümayiş etdiriblər, mətbuat səhifələrində öz kəskin mövqelərini sərgiləyiblər. Ona görə Fransaya, hətta, onun Senatına birmənalı, birrəngli yanaşmaq olmaz.
Bu, mürəkkəb bir prosesdir, bu, böyük bir siyasi oyundur və bunun içində çalışmaq lazımdır ki, müvazinəti itirməyəsən. Müvazinəti də itirməmək üçün məsələlərə ölçülü-biçili yanaşmaq lazımdır. Yəni, Türkiyəyə dostluğumuzu, sədaqətimizi, məhəbbətimizi, dəstəyimizi ifadə edək, demokratik dəyərlərə sadiqliyimizi, bu yolda ardıcıl olduğumuzu nümayiş etdirək, Fransanın hansı məqamda düz, hansı məqamda yanlış olduğunu açıq şəkildə bəyan edək , dilə gətirək, amma hisslərə də qapılmayaq.
Siyasət daha çox soyuq başla, soyuq ağılla problemlərə yanaşmağı təklif edir. Eləcə də biz eyni şəkildə həmsədrlik institutuna yanaşmalıyıq. Yaxşı, əgər bizim deməyimizlə bu məsələ həll olunarsa, bunu çoxdan həll edərdik. Azərbaycana qarşı Ermənistanın təcavüzü, Dağlıq Qarabağ məsələsi tək Ermənistanla Azərbaycan arasında olan məsələ deyil. Əgər bu iki ölkənin arasında həll oluna bilən məsələ olsaydı, mənə elə gəlir ki, bu münaqişə çoxdan həllini tapmışdı. Bu, dünya səviyyəli, qlobal bir problemdir. Dünyanın bir çox ölkələrinin maraqlarının toqquşduğu, ehtiraslarının müstəvisində cərəyan edən bir hadisədir. Odur ki, bu problemin- Qarabağ münaqişəsinin həlli bir çox dövlətlərin iradəsindən, müzakirəsindən asılı olaraq, gələcəkdə yəqin ki, həllini tapacaq.
Eyni şəkildə
də həmsədrlik
institutu. Həmsədrlik institutu da yalnız Ermənistanın,
yalnız bizim iradəmizdən asılı
deyil. Bəli, orada biz nəyə isə etiraz edə ,
bizi təmin, qane etməyən dövləti, onun nümayəndəsini həmsədrlik
institutuna əlavə
daxil etsələr,
biz ona etirazımızı
səsləndirə bilərik.
Amma formalaşmış
institutun elə dərhal bizim bir bəyanatımızla dağılacağına, sıradan
çıxacağına da
ümid bəsləmək
olmaz...
–Belə fikirlər də var ki,
Türkiyənin özünün,
həmçinin, Almaniyanın
, digər bizə münasib ölkələrin
yaxından dəstəyi
ilə Fransanın həmsədrlikdən uzaqlaşdırılması
və Türkiyənin,
yaxud Almaniyanın onu əvəzləməsi
istiqamətində ciddi
, ardıcıl işlərə
başlanılmalıdır...
–İşi daim aparmaq lazımdır. Mən Almaniyaya
da Azərbaycan üçün çox vacib bir strateji
portnyor kimi baxıram. Ümumiyyətlə, biz Almaniya ilə
gələcəkdə bütün
siyasətimizi çox
aydın qurmalıyıq,
bu istiqamətdə ardıcıl fəaliyyət
göstərməliyik. Amma bu problemin də
həlli beləcə
hay-küylə, bu emosiya dalğasının
içərisində olmur.
O istiqamətdə biz işimizi
aparaq, quraq, ardıcıl olaq, təməlləri hazırlayaq
və bəlkə biz
elə təməl, elə bünövrə hazırlayacağıq ki , gələcəkdə
bu məsələ çox məntiqi, hadisələrin gedişinin
nəticəsi olaraq həyata keçəcək.
Ancaq bu gedişatın içərisində elə
“ mən səni istəmirəm ,digərini istəyirəm,
bunu bəyənmirəm,
o birisi olsun ” kimi sadədil çağırışlarla bu
cür böyük siyasi məsələləri
də həll etmək olmaz...
KAMİL
525-ci qəzet.- 2012.- 7 fevral.- S.4.