Tarixi
düşüncə və mədəni irs
Bəşər sivilizasiyasının tarixi mövcudluğunu, onun səviyyəsini və təkamül mərhələlərini əks etdirən ən böyük amillərdən biri bədii mədəniyyətdir. Bədii mədəniyyətin, incəsənətin fundamental əsasında SÖZ sənəti dayanır. Ona görə də mədəniyyətin bütün növlərinin və janrlarının tarixi dəyərini, bədii-fəlsəfi mənasını, müasirlik keyfiyyətlərini müəyyən etmək üçün ədəbiyyat ən yaxşı vasitədir. Söz sənəti, ədəbiyyat böyük bir qüvvə ilə mədəniyyətin, incəsənətin bütün sahələrini öz arxasınca çəkərək mərhələdən-mərhələyə aparır. Tarixiliyin bir prinsip və problem kimi kəşfindən sonra bu həqiqət bir daha ortaya çıxmışdır.
Filologiya elmləri diktoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” (Bakı, “Təhsil” nəşr. 2011) adlı fundamental kitabı belə bir konsepsiya üzərində qurulub. Qədim və zəngin Azərbaycan mədəniyyətinin tarixini və bədii-fəlsəfi mahiyyətini məhdudlaşdıran köhnəlmiş materialist təlimlərdən imtina edən müəllif yazır: “Bədii mədəniyyət heç də həmişə tarixdən asılı bir fenomen deyil. Onun özünəməxsus, bədii təfəkkürün, istedadın, ilhamın imkan və səviyyəsindən bəhrələnən inkişaf qanunauyğunluqları var. Bu fikirlə biz heç də mədəniyyətimizi tarixin təcrübəsindən tam təcrid etmək niyyətində deyilik. İlahi bir vergi olan istedad, səmavi bir anlayış olan ilham xalqın tarixi taleyi, onun çoxəsrlik yaşantı səviyyəsi ilə birləşəndə əsl sənət əsəri meydana gəlir, mədəniyyət isə xalq mənəviyyatı xəzinəsi kimi formalaşaraq bədii sərvətə çevrilir. Mədəniyyət xalqın enerji saxlancıdır”. (s.3) Fikrimizcə belə yanaşma həm məzmunca, həm də forma etibarilə doğrudur və o kitabın “Azərbaycan mədəniyyətinin inkişaf mərhələləri” adlı ön sözündə yer alır. Burada yer alan diqqətəlayiq mülahizələrdən biri də odur ki, müəllif mədəniyyətin tarixinə və nəzəriyyəsinə yanaşma metodu olaraq xüsusi bir həssaslıqla dövlətçilik amilinə istinad edir. Əsərin müqəddiməsində Heydər Əliyevin, İlham Əliyevin, akademik Ramiz Mehdiyevin mədəniyyət haqqında dəyərli qənaətləri müəllifin metodoloji görüşlərinin əsasına çevrilir. H.Əilyevin ədəbiyyat və mədəniyyət haqqında qiymətli fikirlərini T.Əfəndiyev Azərbaycançılıq fəlsəfəsinin məxəzində dayanan nəzəri-tarixi qənaətlər kimi qəbul və tətbiq edir.
Kitabın müqəddiməsində yer alan metodoloji xarakterli üçüncü cəhət, əvvəlki tədqiqatlardan fərqli olaraq Şərq amilinə üstünlük verilməsidir. Baza təhsili şərqşünaslıq – ərəb filologiyası olan müəllif Azərbaycan mədəniyyətini tarixilik və müasirlik kontekstində araşdırmaya cəlb edərkən istər-istəməz Avropa dəyərlərindən daha çox Şərq klassik normalarına diqqət yetirmişdir ki, bu da çox razılıq doğuran bir haldır. Çünki uzun illər totalitar sovet ideologiyası yeni – sovet mədəniyyəti üçün Şərq ənənələrini yararsız elan edərək gözdən salmağa çalışmışdır. Elə kitab müəllifinin milli mədəniyyətə münasibətində rəğbət doğuran dördüncü cəhət onun 20 illik müstəqilik tariximizin nailiyyətləri səviyyəsində, istiqlal məfkurəsi olan Azərbaycançılıq məfkurəsi əsasında yazılması, mədəniyyətimizlə bağlı yanlış konsepsiyalara tutarlı cavab kimi ortaya çıxmasıdır.
Bu mənada T.Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” əsərinin dəyəri, Azərbaycan (və Yaxın Şərq) mədəniyyətinin inkişafında İslam dininin ideya-mənəvi rolunu, ümumən islam amilini düzgün müəyyən etməsidir. Alim yazır: “Mədəni düşüncəmizin ümumdünya bədii təfəkkürü səviyyəsində formalaşmasında islam dininin böyük rolu olmuşdur... Ərəblərin, fars və türklərin əsrlər boyu yaratdığı maddi və mənəvi mədəniyyət təcrübəsini təmkin və uğurla özündə sintez edən ümummüsəlman mədəniyyətinin qüdrəti bir də bunda idi ki, onun arsenalında antik yunan incəsənəti, qədim yunan fəlsəfəsi dayanırdı”. (s.4-5) Ümummüsəlman mədəniyyəti tarix etibarilə beş əsr davam etmiş Abbasilər sülaləsinin hakimiyyəti dövrünü əhatə edir. Bütün bunlarla yanaşı özündə Azərbaycan teatr sənətinin, kinomuzun, musiqimizin, muzeyşünaslıq və kulturologiyamızın, memarlıq və incəsənətin digər sahələrinin tarixi inkişaf mərhələlərini, nəzəri problemlərini əhatə edən bu möhtəşəm kitabın biri-digərini tamamlayan iki əsas problemi var: Tarixilik və müasirlik! Kitabda teatr, kino, musiqi, rəssamlıq sənətimiz, muzeyşünaslıq, kulturologiya elmimiz bu iki qütb arasında nəzəri tədqiqatın və analitik təhlilin predmetinə çevrilir. Bu zəmində də mədəniyyətdə tarixilik məhz obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən tarixilik prinsipinə istinadən müasirlik müstəvisinə çıxarılır. Elə bu səbəbdən də kitaba ayrı-ayrı fəsillər kimi daxil edilmiş teatr, kino, musiqi sənətimiz haqqında oçerklər faktların tarixi-xronoloji sadalanması səviyyəsində qalmır, müasirlik kateqoriyası sayəsində çağdaş oxucuya təqdim olunur. Mədəniyyətimizlə bağlı faktlara istinadən T.Əfəndiyev tarixin təcrübəsini, onun yaratdığı abı-havasını, mühitini müasir dövrə gətirir, XXI əsrin, III minilliyin, kompüter əsarətindən qopa bilməyən oxucusuna təqdim edir. Məhz müasirlik kateqoriyası, müəllif düşüncəsinin müasirliyi sayəsində, məsələn, XIX əsrin böyük filosofu və dramaturqu M.F.Axundzadə donuq tarixi faktdan çıxaraq çağdaş teatrın canlı iştirakçısına – bizim müasirimizə çevrilir. Kitabda geniş icmal təhlilləri ilə bərabər, həm də dəqiq ümumiləşmələr yer alır. Müəllif yazır: “XX əsr Azərbaycan mədəniyyəti müxtəlif əqidələrin toqquşduğu bir mərkəz idi. Bu mədəniyyətə münasibətdə müstəqilliyə can atan Şərq təfəkkürü ilə Avropa və rus təzyiqinin toqquşması baş verirdi. Həmin mübarizə 30-cu illərin sonuna qədər davam etsə də, əslində sosializm quruluşu onu ikincinin xeyrinə həll etmişdi”. (s.8) Yaxud, digər bir konseptual ümumiləşmə: “Əgər XIX əsr Azərbaycan mədəniyyəti, maarifçilik, islahatçılıq yolu ilə gedirsə, XX əsrin əvvəllərində realizm və romantizm iki başlıca istiqamət əmələ gətirir. Maraqlıdır ki, realistlər əsasən rus yönümlü, romantiklər isə Şərq, əsasən Türkiyə təhsili alanlar idi”. (s.8.)
Həqiqətən də, məsələn H.Cavidi Türkiyə, türk romantizmi Ə.Hamid, R.Tovfiq, N.Kamal, T.Fikrət mühiti, C.Məmmədquluzadəni, Ü.Hacıbəylini və s. Qori müəllimlər seminariyası yetişdirmişdi. T.Əfəndiyevin Azərbaycan musiqi sənəti haqqında da dəqiq ümumiləşmiş qənaəti var: “Azərbaycan musiqisi əsrlər boyu iki əsas istiqamətdə – muğam və aşıq musiqisi istiqamətində böyük inkişaf yolu keçmişdir. XX əsrin əvvəllərindən isə bu iki əsas üslubla yanaşı yeni üslub-klassik (Avropa) üslub da inkişaf etməyə başladı”. (s.11) Kitabda belə ümumiləşmiş qənaətlər çoxdur və bunu bütün oçerklərdən misal vermək olar.
Kitab çapının ən müasir poliqrafik imkanları səviyyəsində “Təhsil” nəşriyyatında çap olunmuş “Mədəniyyətdə tarixilik və müasirlik” əsərini müəyyən mənada bir mədəniyyət ensiklopediyası da hesab etmək olar. Təkcə ona görə yox ki, burada Azərbaycan teatr, kino, musiqi sənətləri, memarlıq, kulturologiya və muzeyşünaslıq barəsində kifayət qədər məzmunlu məlumatlar yer alıb. Daha çox ona görə ki, bu kitab Azərbaycan incəsənətinin tarixi və nəzəriyyəsi haqqında dolğun təsəvvüf əldə etməyə imkan yaradır. Burada həm tarixi səhihlik, həm fakt-sənəd dəqiqliyi, həm də faktların fövqündə dayanan nəzəri ümumiləşmələr milli incəsənətimizin tarixi durumunu estetik tutumunu, təsir dairəsini yaxşı əks etdirir. T.Əfəndiyev hər şeydən öncə belə problemlərin həllinə çalışır: mədəniyyətimizin mənşə və mərhələlərindəki ümumtürk qaynaqları və bədii təcəssüm oxşarlığı hansı cəhətlərlə bağlıdır; Azərbaycan mədəniyyəti milli varlığımızı hansı formalarda əks etdirir: qloballaşma və onunla bağlı mədəniyyətlərin inteqrasiyası epoxasında Azərbaycan mədəniyyətinin özünüqoruma imkanı hansı bədii-poetik və fəlsəfi estetik amillərlə bağlıdır və s.
Bu kompleks problemlər incəsənətin təkcə bir növü timsalında yox, teatr sənətinin, kino sənətinin materialı əsasında nəzərdən keçirilir. Artıq qeyd etdiyimiz kimi bu fundamental kitabda kulturologiya və muzeyşünaslıq sahəsində aparılan tədqiqatlara bir nəzəri – metodoloji yekun vurulur, dəyər verilir. Müəllif doğru olaraq kulturologiyaya müasir elm kimi baxır və XX əsrin ikinci yarısından inkişafa doğru start götürmüş bu elmin sinkretik bir elm olduğunu təsdiq edir: “Kulturologiya müxtəlif elmlərin – kulturo – fəlsəfənin, mədəni və sosial antropologiyanın, mədəniyyət sosiologiyasının, etnologiyanın, semantika və semasiologiyanın, sinergetikanın, kulturopsixologiyanın, mədəniyyət tarixinin, filologiyanın qovşağında formalaşır. O, müxtəlif elmlərin mədəniyyətə olan baxışlarına inteqrasiya edərək onları bütöv bir sistemə salır, mədəniyyətin mahiyyəti, vəzifələri, strukturu və dinamikası haqqında cəmiyyətdə təsəvvür formalaşdırır. Kulturologiya müxtəlif dövrlərin, xalqların konfeksiyalarını, silklərin mədəni konfiqurasiyasının təmin edərək, müxtəlif mədəni dünyaların özünəməxsus cəhətlərini aşkarlayır və sistemləşdirir” (s.321).
T.Əfəndiyev düzgün qeyd edir ki, XXI əsrin önlərində kulturologiya xüsusi bir vüsətlə inkişaf edib. Çünki bu elm müxtəlif elmlərin nailiyyətlərini özündə yüksək səviyyədə sintez edərək, həm fəlsəfənin, həm də estetikasının görməli olduğu işləri icra etməyə, mədəniyyəti tarix və filologiya ilə əlaqələndirməyə çalışır. Kultural mühit bu gün mədəni mühit anlayışına sinonim (və daha çox) kimi işlədilir.
Azərbaycanda ilk muzeylər XIX əsrin sonlarında yaranmağa başlayıb. Müasir mənada muzeyşünaslıq isə bir elm kimi dünyada təxminən elə bu dövrdə XIX əsrin ikinci yarısında yaranıb. Müəyyən baxımdan sinkretik elm olan, yəni tarixi, nəzəriyyəni, mənbəşünaslığı və tətbiqi sahələri özündə sintez edən bu elm Azərbaycanda XX əsrin ilk onilliklərində təşəkkül tapıb. T.Əfəndiyev bu elm sahəsini də müasir humanitar elmlər kontekstində araşdırmaya cəlb edir. Alim doğru olaraq bu fikrə gəlir ki, muzeyşünaslığın təlimdən elmə çevrilməsində XVIII-XIX əsrlərin ayrıcında muzeylərin qapalılıqdan çıxaraq ictimai funksiya daşıması həlledici rol oynamışdır. Müəllif doğru olaraq belə bir istiqamətdə fikir yürüdür ki, müasir qloballaşma prosesində mədəniyyətlərin inteqrasiyası ilə bağlı mədəniyyətdə milli müəyyənliyin qorunması muzeylərin həm nəzəri, həm də praktik əhəmiyyətini artırır. Muzeyin spesifikasını nəzərə alan alim yazır ki, “Muzeyşünaslığın tarixi və nəzəri məsələləri uzun müddət yardımçı xarakter daşımış bu və ya digər muzeyin profilinə uyğun gələn elm sahəsini əhatə etmişdir. Bu proses indi də davam edir və muzeyşünaslığın əsas səciyyəvi xüsusiyyətlərindən birini-profil (baza) istiqamətinin öyrənilməsi prinsiplərini əks etdirir”. (s.350) Kitabda muzeyşünaslığın nəzəriyyəsi, mənbəşünaslıq sahəsində müasir elmi nailiyyətlər problemlər üzrə analitik təhlilinin predmetinə çevrilir.
T.Əfəndiyev 25 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik edir. Bu təkcə mədəniyyət təhsili sahəsində təşkilatçılıq bacarığı deyil, həm də mədəniyyətin tədqiqi, təbliği və tədrisi sahəsində böyük təcrübə deməkdir. Mən dəfələrlə şahidi olmuşam ki, o simpoziumda, müşavirə və konfranslarda, sərgilərdə virtuozcasına, ən gözlənilməz yönlərdən sənət əsərlərini dəyərləndirmiş, həlledici söz söyləməyə nail olmuşdur. Mütəxəssislərə yaxşı məlumdur ki, incəsənət əsərləri – musiqi, rəssamlıq çox zaman nəzəri təhlilə gəlmir. Bəzən ən yüksək biliyə malik olan nəzəriyyəçi musiqi və rəssamlıq nümunələrinin qiymətləndirilməsində yanlışlığa yol verə bilir. Çünki sənət zehindən daha çox duyğuya tabe olur. XX əsrin 20-ci illərində Bakıda fəaliyyət göstərmiş Türkiyə alimi iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1928) müəllifi İsmayıl Hikmət (Ərtaylan) “Lirizm” adlı silsilə məqaləsində yazırdı: “İlham pərisinin büllur gərdəninə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngləri vurular”. Kitabdakı bütün oçerklər belə qənaətə gəlməyə əsas verir ki, T.Əfəndiyev sənət əsərlərinin həssaslıqla duyan, onların həqiqi bədii-estetik dəyərini qiymətləndirməyi bacaran, bədii yaradıcılığın psixologiyasına yaxından bələd olduğu üçün, bəzən çox qəribə xasiyyətləri olan sənət adamları ilə ünsiyyətə girməyi bacaran filoloq və sənətşünasdır. Məhz söz-sənət, ədəbiyyat mühitində formalaşması, XX əsrin canlı klassikləri ilə mütəmadi ünsiyyət hələ lap gənclik yaşlarından onda gözəlliyə yüksək həssaslıq, estetik duyum hissi yaratmışdır.
“Mədəniyyətdə tarixilik və müasirlik” təkcə T.Əfəndiyevin yox, müasir Azərbaycan sənətşünaslıq elminin nailiyyətidir. Azərbaycan mədəniyyəti haqqında ehtibarlı məxəz kimi onu müxtəlif dillərə tərcümə edib dünya ölkələrinə, sivil bəşəriyyətə təqdim etmək olar və bu olduqca vacibdir.
Kitabın həm məzmunlu müqəddiməsi, həm də mədəniyyətin müxtəlif sahələrini əhatə edən fəsilləri hər cür regionçuluqdan uzaq, müasir sivil təfəkkür, analitik düşüncə səviyyəsində yazılıb. Şərq və Qərb mənəvi dəyərlərinin vəhdəti əsasında yazılmış bu monoqrafik tədqiqat bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlıya, onların kimliyini tanıdan, azərbaycançılıq qayəsi aşılayan fundamental tədqiqat əsəridir. Müəllif mövqeyinin, bundan dolayısı üslub aydınlığı onun müasirlik məziyyətləridir. Dünyanın hansı ölkəsinə aparılsa, hansı əcnəbi dilə çevrilsə bu kitab təkcə mədəniyyət və incəsənətimizin növ və janrları haqqında deyil, ümumiyyətlə bir xalq kimi qədimliyimiz, yüksək əxlaq və mənəviyyatımız, estetik duyumumuz, gözəlliyə daxili – fəlsəfi pərəstişimiz, sevgimiz və ailə mədəniyyətimiz, daşlara həkk olunan milli – tarixi taleyimiz barəsində dolğun təsəvvür yaradacaq.
Hər bir müasirlik zaman keçdikcə tarixə çevrilir, müasirlik öz bətnində tarix doğurur. Sivilizasiyanın yolu belədir: tarixdən müasirliyə və əksinə. Bu vəhdətin tilsimindən çıxmaq mümkün deyil.
Nizaməddin Şəmsizadə
Filologiya üzrə elmlər
doktoru,
professor
525-ci qəzet.- 2012.- 7 fevral.- S.4.