Azərbaycan dilçiliyinin hazırkı vəziyyəti və
perspektivləri
Azərbaycan dilçiliyi uzun və şərəfli bir yol keçib bugünkü səviyyəsinə çatmışdır. Dilçilyimizin başında duran fədakar alimlərimiz ciddi tədqiqatlar aparmış və özlərinə layiqli nəsil yetişdirmişlər. Azərbaycan dilçiliyinin inkişafında mərhum alimlərimizdən B.Çobanzadə, Ə.Dəmirçizadə, M.Hüseynzadə, F. Zeynalov, M. Şirəliyev, Ə.Abdullayev, M. Tağıyev, N. Ağazadə, Ə. Orucov, F. Kazımov, Z. Tağızadə, V. Aslanov, M. Adilov, A. Qurbanov, Z. Budaqova və s.-inin əməyini xüsusi qeyd etmək lazımdır. Dilçiliyimizin canlı təmsilçiləri A.Axundov, T.Hacıyev, Y.Seyidov, A.Ələkbərov, Ə.Rəcəbli, O.Musayev, K. Abdullayev, N. Cəfərov, Q.Kazımov və onlarca başqa dilçi alimlər bu gün elmimizi ölkəmizdə və ondan çox-çox uzaqlarda layiqincə təmsil edirlər. Ümuminəzəri problemlərin və Azərbaycan dilinin konkret məsələlərinin həllində yuxarıda adları çəkilən hər bir alimin öz yeri və çəkisi vardır. Onların yaradıcılığı xalqımız yolunda şam kimi ərimək anlamına gəlir. Bu gün bu alimlərin yetişdirdikləri tələbələr dilçilik elmimizin ön sıralarında gedirlər.
Uzun müddətdir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu bütün Azərbaycan Respublikası üçün dilçi kadrların hazırlanmasında böyük nailiyyətlər əldə etmişdir. Uzun illər bu institiuta rəhbərlik etmiş görkəmli teoretik və türkoloq A.Axundovun dilçiliyimizin inkişafında əvəzsiz xidmətləri vardır.
Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının tətbiqilə işlənib hazırlanıb, fonetika və fonologiya, morfonologiya və morfologiya, leksikoqrafiya və leksikologiya, sintagmatika, praqmatika və semantika sahələrində uğurlarımız danılmazdır. Azərbaycanda son 20 il ərzində ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya, onomastika, etnolinqvistika, psixolinqvistka və uşaq dilçiliyi formalaşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçilyi və koqnitiv dilçilik sahəsində istiqamətlər formalaşmaqdadır, bu aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır.
Dilçilik İnstitutunda hazırda 10 şöbə müasir dilçiliyin müxtəlif problemləri üzərində çalışır. Respublikanın bir sıra universitetlərində dilçilyin bu və ya digər sahələrilə məşğul olan onlarla kafedra və tədqiqat mərkəzləri fəaliyyət göstərir. Dilçilik İnstitutunda böyük elmi ənənəyə malik “Türkologiya” adlı beynəlxalq jurnal çap olunur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” adlı 4 may 2009-cu il tarixli sərancamına əsasən AMEA Dilçilik İnstitutu 2015-ci ilə qədər dilçiliyimizin inkişaf konsepsiyasını işləyib hazırlamışdır. Bu sənədə əsasən diliçilk sahəsində tədqiqatlar həmin strategiyanın tələblərinə uyğunlaşdırılmalı, dünya elmi, texnikası və texnlogiyalarında aparıcı istiqamətlərə rəğmən müəyyənləşməli, fundamental və tətbiqi tədqiqatlar mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərin həllinə yönəlməli, elmlərarası əlaqələr inkişaf etdrilməli, xüsusilə fəlsəfə, semiotika, informasiya və ehtimal nəzəriyyələri, kibernetika, habelə dilin öyrənilməsi, dil və cəmiyyət, dil və mədəniyyət kimi mühün problemlərin tədqiqinə, tətbiqinə və tədrisinə yönəlməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, azərbaycançılıq məfkurəsinin genişləndirilməsi kontekstində həyata keçirilməlidir. Eyni zamanda Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı məsələlərinin dilçilik yönümündən araşdırılması azərbaycançılıq fəlsəfəsinə söykənməlidir.
Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, akademik R.Mehdyev “İctimai və humanitar elmər: zaman kontekstindən baxış” adlı məqaləsində (“Azərbaycan”, 8 dekabr 2009, N: 272) çox haqlı olaraq yazır: “...tədqiqatlar yalnız şəxsi karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etməlidir.
Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər”.
R.Mehdiyev daha sonra yazır : “Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq”. Çox yeində deyilmiş fikirdir. Həmin məqalənin başqa yerində R.Mehdiyev çox doğru olaraq dilçilik institutunun fəaliyyətini tənqid edərək yazır: “Dilçilik İnstitutu da dövrün qarşıya qoyduğu tələblərlə ayaqlaşmalıdır. Ölkəmizdə Azərbaycan dilinin inkişafına böyük diqqət yetirildiyi bir şəraitdə Azərbaycan dilini müstəqil öyrənmək üçün əldə cüzi sayda olsa da, müasir elmi vəsait hələ də yoxdur. İnstitut illərlə əvvəl formalaşmış tədqiqatlar çərçivəsində qapanıb qalmışdır. Müasir dünya elmində dil problemi fəlsəfi problem kimi yozulduğu halda, biz “sovet danışığı” standartlarından uzaqlaşa bilmirik”.
Dilçi alimlərimiz onların qarşısında qoyulan bu yüksək tələblərə cavab vermək və ali məqsədə çatmaq üçün ictimai elmlərlə dəqiq elmlərin inteqrasiyasına bu gündən başlamalıdırlar. İndi elmdə yeniliklər müxtəlif sahələrin qovuşuğunda mümkündür. Dilçiliyin ontoloji və metodoloji problemlərinin həllində uğur qazanmaq, dil fəlsəfəsi və dilçilik fəlsəfəsində yeni üfüqlər fəth etmək, dilçiliyin cəmiyyət, ədəbiyyat, mədənyyət, informatika və digər sahələrlə bağlılığını açıb göstərmək , dilin semiotik mahiyyətinin və funksiyasının geniş planda tədqiqi üçün dilçiliyi fəlsəfə, məntiq, semiotika, sosiologiya, psixologiya, akustika, fiziologya və s. elmlərlə əlaqəli şəkildə inkişaf etdirmək lazımdır. Bütün hallarda riyazi statistikanın tətbiqinə böyük ehtiyac duyulur. Bu məqsədlə Dilçilik İnstitutu AMEA-nın digər institutları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur (fəlsəfə, sosiologiya, informasiya texnologiyaları, kibernetika, riyaziyyat, fizika və s. institutlar). Bütün bunlar birinci növbədə Azərbaycan dilinin materialı əsasında tədqiq olunmalı, sonra isə Respublikada danışılan və tədris olunan digər dillərlə müqayisə və tutuşdurma yolu ilə bir daha dərindən tipoloji araşdırmalar üçün başlanğıc olmalıdır. Azərbaycan dilinin diaxron planda tədqiqi, yazılı abidələrin və klassik irsimizin öyrənilməsi AMEA-nın Ədəbiyyat və Tarix institutları ilə birgə layihələr əsasında həyata keçirilməlidir. Azərbaycan dilinin qloballaşma şəraitində dünyadakı yeri, ədəbi dilin dialekt və milli variantlarla sıx əlaqəsi, tezlikli və orfofonik lüğətlərin hazrlanması geniş çeşidli empirik tədqiqatlar əsasında mümkündür. Avtomatik tərcümə və maşınla ünsiyyət, obrazların avtomatik müəyyənləşməsi və şəxsiyyətin danışığı və yazısı əsasında tanınması, yazı sisteminin təkmilləşməsi və bu kimi digər problemləri Respublikanın digər elm ocaqları ilə birgə həll etmək mümkün olacaqdır.
Azərbaycan dilinin cəmiyyətimizdə işlənməsi və saflığının qorunması üçün ümummimilli lider, Azərbaycan Respublikasının mərhum prezidenti H.Əliyevin müxtəlif forum və yığıncaqlardakı çıxışları və kəlamları, habelə onun 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman dərindən öyrənilməli, xalqımızın gələcəyinə yönəlmiş istiqamətləndirici tövsiyyələri və göstərişləri əsas götürülməlidir. Eyni zamanda dahi lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə dilimzlə bağlı imzaladığı fərman və sərəncamlar, o cümlədən onun 12 yanvar 2004-cü il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi” haqqında sərəncamı dilçi alimləri daha ciddi çalışmağa sövq edir.
Bu gün dilçiliyimizin inkişafını təmin etmək üçün güclü maddi-texiki bazanın yaradılması ilə yanaşı dünya dilçilik irsinin Respublikamıza gətirilməsi üçün xeyli iş görmək lazım gəlir. Bunun üçün dünya dilçilk korifeylərinin əsərlərini orijinaldan dilimizə tərcümə etmək lazımdır. Bu da yaxın gələcəkdə fəaliyyət proqramımızın tərkib hissəsi olmalıdır. Bununla yanaşı Azərbaycan dilçiliyində işlənib hazırlanmış və dünya dilçiliyi səviyyəsində qəbul edilmiş ideya və fikirləri dünya dillərinə tərcümə etmək yaxşı nəticə verə bilər. Biz dünyanın aparıcı ölkələrindən mübadilə yolu ilə magistraturaya və ya doktoranturaya qəbul təşkil edə bilsək, ölkəmizə gələn hər bir əcnəbi tədqiqatçı müəyyən dövr ərzində dilimizin bu və ya digər problemləri ilə bağlı dissertasiya və ya monoqrafiyalar yazıb müdafiə edərlər və sonra onları aparıb öz ölkələrində çap etdirərlər. Bu da elmimizin və mədəniyyətimizin dünyada yayilmasına güclü təkan verərdi.
Bütün bunlar müasir, sürətli texnoloji yeniliklərin tətbiqilə həyata keçirilə bilər. Ona görə də AMEA-nın Dilçilik İnstitutunun müasir kompüter avadanlığı ilə təmin olunması günün vacib məsələlərindəndir. Bu gün hər bir dilçi alim kompüterdə işləməyi, axtarışlar aparmağı, öz ixtisasına yaxın adamlarla əlaqə yaratmağı bacarmalıdır.
Deyilənləri uğurla həyata keçirmək üçün AMEA-nın Dilçilik İnstitutu öz bilik və bacarığını səfərbər edib konkret layihələr hazırayır və qarşısına qoyduğu məqsəd və vəzifələri gerçəkləşdirmək əzmindədir.
Dilçilik elminin obyekti olan dil ən qədim zamanlardan xalqların milli şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasında əsas amillərdən biri olduğu üçün bşər tarixində onun özünəməxsus ictimai-siyasi əhəmiyyəti vardır. Müasir dövrdə müstəqil dövlətimizin dünya sivilizasiyasında tutduğu mövqe ilə bağlı dilimizin həm ölkə daxilində, həm də xaricdə öyrənilməsi və öyrədilməsi, habelə Azərbaycan dilçiliyinin dünya dilçiliyinə inteqrasiyası və dünya dilçilik irsinin Respublikamızda yayılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dilimizin və dilçiliyimizin gələcək inkişafı ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət proqramı işlənib hazırlanmalıdır:
I. Məsələyə diaxron (tarixi) aspektdə yanaşıldıqda “dilin tarixi onun daşıyıcısı olan xalqın tarixidir” konsepsiyasından çıxış edərək, bu sahədə dərin araşdırmaların aparılması üçün tədqiqatçılarımızın dilimizin və xalqımızın tarixən bölgədə və dünyada təmasda olduğu etnomədəniyyətlərə aid tarixi mənbələri araşdırmaq və dilimiz və dilçilyimizlə bağlı fikir və mülahizələri toplayıb təhlil etməklə xalqımızın kimliyi və mədəni səviyyəsi haqqında dolğun məlumatlar əldə edə bilərik. “Kitabi Dədə Qorqud”dan bəri həm öz mütəfəkkirlərimizin, həm də dünya dahilərinin dilimizi yüksək səviyyədə dəyərlərndirmələri dilmizin necə qüdrətli və yenilməz bir ünsiyyət vasitəsi olduğunu sübut edir. Bestujev Marlinski, M.Y.Lermontov, Avqust von Qaksthauzen, M.P. Falev və başqaları dilimizə yüksək qiymət vermiş, onun nəinki Azərbaycanda, həm də Qafqazda və Asiyada möhtəşəm ünsiyyət vasitəsi olduğunu, fransız dilinin Avropada olduğu kimi Azəraycan dilinin bu bölgələrdə ünsiyyət vasitəsi kimi şıxış etməsini dəfələrlə qeyd etmişlər. Məşhur səyyah və folklorçu A.on Qaksthauzen XVIII əsrin ortalarında yazırdı ki, ermənilər əsərlərini öz dillərində yox, tatar (Azərbaycan-F.V.) dilində yazırlar, çünki bu dil Qafqazın cənubunda xalqlar arasında informasiya, ticarət və qaşılıqlı anlaşma dilidir, bu mənada onu Avropada fransız dili ilə müqayisə etmək olar” (F.Yadigar-Veysəlli. Fonetika və fonologiya məsələləri. Bakı, 1993, s.47). Fikrimizcə, xalqımızın qədimdən yüksək intellektual səviyyədə olmasını sübut etmək üçün bu cür qaynaqları toplayıb çap etmək Dilçilik İnstitutunun müvafiq şöbələri (Dil tarixi, Müasir dil, Dil əlaqələri şöbələri) qarşısında duran mühüm vəzifə olmalıdır.
II. Ölkə daxilində dilimizin vəziyyəti, ondan cəmiyyətin müxtəlif sahələrində istifadənin səviyyəsi, xaricdə yaşayan soydaşlarımıza, dilimizi internet vasitəsilə öyrənən və öyrənmək istəyən əcnəbilərə kütləvi-informasiya vasitələrinin köməyilə yardım göstərmək, müasir tələblərə cavab verən müxtəlif sorğu xarakterli lüğət və kitabçaların, o cümlədən ölkəmizin fauna və florasını əks etdirən sözlüklərin, yerli və əcnəbi adların transliterasiyasının elektron variantda hazırlanması, kompüterlə dilöyrətmə və dilimizin müasir səviyyədə formal və semantik təhlili bugünkü dilçiliyimizin aktual problemlərindən sayılmalıdır, canlı dilimizdə çeşidli dərs vəsaitlərinin tərtbiqi müvafiq şöbələrin qarşısında bir nömrəli vəzifə kimi dayanır (Müasir dil, Leksikoqrafiya və leksikologiya, Terminologiya, Onomastika şöbələri).
III. Azərbaycan və dünya linqvistik irsinin, habelə bütövlükdə dilçilik elminin müasir səviyyəsinin öyrənilməsi, Azərbaycan dilçilik konsepsiyasını və dəyərlərini dünyaya çıxartmaq və dünya dilçiliyinin nəzəri fikirlərini Azərbaycana gətirmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müasir dilçilikdə fundamental əsərlərdən bəzilərinin Azərbaycan dilinə tərcümə edilərək şərhlərlə çap edilməsi , habelə Respublikamızın görkəmli dilçilərinin əsərlərinin almanaxının hazırlanması müvafiq şöbələrin (Nəzəri və tətbiqi dilçilik, Roman-german filologiyası, Dialektologiya şöbələri)) qarşısında duran aktual məsələdir.
İV.Dilin fəlsəfə (dil fəlsəfəsi və dilçilik fəlsəfəsi, dilin ontoloji və metodoloji problemləri), psixologiya (ünsiyyətin uğurluluğu və uğursuzluğu problemləri), sosioloinqvistika (cəmiyyətin müxtəlif səviyyələrində və qurumlarında dilin işlənməsi, milli dil və variantları və dialektləri, dil siyasəti və millətlərarası ünsiyyətdə dilimizin yeri), fiziologiya (koqnitiv dilçilik, afaziya, loqopediya, defektologiya v s.), texnologiyalarla (maşınla tərcümə, danışıq aktı nəzəriyyəsi, danışanın kimliyinin nitqinə görə, yəni obrazların tanınması, kriminalistikada dilin rolu), semiotika (dilin işarəviliyi və dil işarələrinin başqa işarələrdən fərqi, dil işarələrinin praqmatik və semantik təhlili, mətn dilçiliyi və diskurs təhlili) əlaqələri müasir nəzəri dilçilik işığında öyrənilməli və bu sahələr üzrə tədqiqatlar sistemli olmalıdır (Müasir dil, Nəzəri və tətbiqi dilçilik şöbələri).
Yuxarıda deyilənlərə nail olmaq üçün bu yöndə mərhələli işlər aparmaq, vaxtaşırı müxtəlif tədbirlər keçirmək lazımdır. Məsələn, dilimizin, xalqımızın tarixi ilə bağlı faktları, həqiqətləri üzə çıxarmaq üçün:
– qədim və müasir dillərdə Azərbaycanla bağlı qaynaqları araşdırmaq (şumer, het, urartu, etrusk, latın, çin , german, roman və slavyan və s. dillərindək qaynaqları.) və nəticələri Azərbaycan dilində çap etdirmək;
– qohum türk dilləri (o cümlədən çuvaş, başqırd, Altay, xakas, yakut və s. dillər) üzrə mütəxəssislər hazırlamaq, qarşılıqlı mütəxəssis mübadiləsinə nail olmaq;
– xarici ölkə dilçiləri və türkoloqları ilə, ilk növbədə türkdilli dövlətlərlə elmi əməkdaşlıq əlaqələri yaratmaq, təcrübə mübadiləsi aparmaq, türk dillərinin dünəni, bu günü və sabahı (ümumtürk dili və əlifbası) ilə bağlı beynəlxalq səviyyədə elmi konfranslar keçirmək;
– AMEA-nın Tarix, Şərqşünaslıq, Arxeologiya və etnoqrafiya, Ədəbiyyat, Əlyazmaları, Folklor institutları, Fəlsəfə, Kibernetika, İnformasiya nəzəriyyəsi, Fizika və riyaziyyat institutları ilə daim əlaqə saxlamaq, dilin tədqiqi, tətbqi və tədrisi ilə bağlı məsləhətləşmələr aparmaq;
– ali təhsil müəssisələrində dilçilik kafedraları və mərkəzlərilə əlaqələr, dilçilik fənlərinin tədrisi, orta və ali məktəblər üçün yazılmış dərsliklərin dililə bağlı əməkdaşlıq əlaqələri yaratmaq,
– ölkə daxilində dilin işlənməsinə (KİV-in, reklam çarxlarının dili, yer, müəssisə, təşkilat, obyekt adları ilə bağlı məsələlərə) yardım məqsədi ilə nəzarət etmək;
– dilimiz və dilçiliyimizlə bağlı məsələləri həm daxili, həm də xarici auditoriyaya çatdırmaq, geniş çərçivədə işıqlandırmaq, o cümlədən Azərbaycan dilini təbliğ etmək məqsədi ilə müvafiq televiziya kanalları ilə əməkdaşlıq etmək;
– tranliterasiya, transkripsiya, orfofoniya məsələləri üzrə beynəlxalq simpoziumlar keçirmək.
Fəxrəddin
VeysƏlli
professor
525-ci qəzet.-
2012.- 8 fevral.- S.7.