Azərbaycanın elmi elitası yeni təqdimatda

 

Bəzən ilk baxışdan adama sadə görünən kitabların daxili mahiyyətinə varandan sonra hiss edirsən ki, kitab mədəniyyətin, dünyagörüşün çox mühüm artibutlarından biri, bəlkə də birincisidir. Aydın tipoloji xarakterə, aydın təyinatına görə məlumat kitabları da ilk baxışdan sadə mahiyyət daşıyan kimi görünür. Lakin hər bir məlumat kitabı hansısa sahənin, hansısa fəaliyyət istiqamətinin adamları üçün, bəzən xarakterindən və məzmunundan asılı olaraq, elə hamı üçün xüsusi bir köməkçi vasitəyə, xüsusi bir müraciət faktına çevrilir. Ona görə də kimsə hesab etməsin ki, məsələn, filan sahəyə dair məlumat kitabının mənə dəxli yoxdur, çünki, axı, mən o sahə ilə məşğul deyiləm! Mən uzun müddətli təcrübəmdən çıxış edərək deyə bilərəm ki, məsələ qətiyyən belə deyil. Hər bir məlumat kitabı özündə xalqımızın min illik sınağından çıxmış “saxla samanı, gələr zamanı” kimi müdrik atalar sözünün böyük məzmununu daşıyır. Məni bütün bunlar barədə bir daha düşünməyə vadar edən təzə bir məlumat kitabı oldu. “Azərbaycanın elmi elitası: elmlər doktorları” (“Şərq-Qərb” nəşriyyatı, Bakı, 2011) adlanan bu kitab çox nəfis və uzun müddət qoruna biləcək bir poliqrafik keyfiyyətlə çap olunmuşdur. Belə bir layihənin rəhbəri Azərbaycan Respublikasının Təhsil naziri, Əməkdar Elm Xadimi, professor Misir Mərdanovdur. Misir müəllim həm də kitaba ön sözün müəllifidir. Bu məqamı, bu faktı ona görə xüsusi vurğulamaq istədim ki: 1. Misir müəllim bu layihənin ideyasını verməklə gərəkli, faydalı bir fakta imza atmışdır; 2. Bu maraqlı, gərəkli və faydalı bir ideyanın gerçəkləşməsi yolunda fəallığı şəxsən öz boynuna götürmüşdür. Kitabın annotasiyasından bir-iki cümləni diqqətə çatdırmaqla bu əsərin (mən bilə-bilə bu kitabı “əsər” adlandırıram) mahiyyətini ortaya qoymaq istərdim: “Elmlər doktorları, elmi elita – millətin intellektual potensialının qaymaqları, seçilmişlərin seçilmişi, tanınmışların tanınmışlarıdır. Belə ziyalılar – milli elita Azərbaycan xalqının mənəvi sərvətidir. Onları qorumaq, xalqa daha dərindən tanıtmaq bir ziyalılıq və vətəndaşlıq borcudur”. Dərhal qeyd etmək istərdim ki, professor Misir Mərdanovun bu kitabda gerçəkləşmiş ideyası onun “ziyalılıq və vətəndaşlıq borcunun” yerinə yetirilmiş bir faktı kimi qiymətləndirilməlidir.

Əlbəttə, bütün xalqlardabütün cəmiyyətlərdə insanın elm aləminə gəlişində müxtəlif motivasiyalar var: kimsə, elm sahəsini özü üçün rahat karyera sayır, kimsə konyuktur üsullarla elmi sahədən şəxsi məqsədləri üçün istifadəyə gəlir və s. Lakin adamlar da var ki, onlar elm üçün doğulublar, elm onların həyat tərzidir, elm onların idealıdır. Belələrini Allah elm üçün yaradır və elm onlar üçün ilahi poeziyadır, incəsənətdir, zövq və həzz mənbəyidir. Haqqında bəhs etdiyim məlumat kitabının əsas sərlövhəsini ifadə edən “Azərbaycanın elmi elitası” söz birləşməsi, qoy hansısa bir obıvateli elə bəri başdan hiddətləndirməsin. Tərtibçinin nə günahı ki, adı bu kitaba salınan elmlər doktorlarının heç də hamısı bizim yuxarıdakı ikinci sıramızı təmsil etmir. Dünyada, cəmiyyətdə heç bir ideal məsələ olmadığı kimi, yəqin ki, Azərbaycanın müasir elmlər doktorlarının statistik siyahısında daelitakimi müqəddəsi bir anlayışın əsl mahiyyətinə uyğun gəlməyənləri olacaqdır. Amma kitabın ideya rəhbəri və ön sözün müəllifi üçün ümumi bir statistika varçox doğru olaraq, hər şey bu statistikanın təqdiminə bağlı verilir. Kitabın ön sözü belə adlanır: “Azərbaycanın elmi elitası milli sərvətimizdir”. Və bu ön sözün müəllifi öz məqaləsinə Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin əsərin mahiyyətini əks etdirən bir cümləsini epiqraf seçmişdir: “Professorlar, müəllimlər hər bir cəmiyyətin elitasıdır, bu insanlar ölkənin inkişafını, onun gələcəyini müəyyən edirlər”. Prezidentin professor və müəllimlər haqqında bu fikri təkcə kitabın mahiyyətini təqdim etmir, həm də elə bu kitabda adı keçən hər kəsin cəmiyyət qarşısındakı vəzifəsini bir daha və həm də yeni bir kontekstdə xatırladır.

Ayrıca olaraq qeyd edim ki, Misir Mərdanovun kitaba ön söz kimi təqdim etdiyi “Azərbaycanın elmi elitası milli sərvətimizdir” məqaləsi əsərin ümumi konsepsiyasını mükəmməl şəkildə ehtiva edən bitkin bir əsərdir. Bu məqalə Azərbaycan elmi təfəkkür tarixinin əsrlərdən gələn ideyalarını və bu ideyaları ortaya qoyan, gerçəkləşdirən elm, məktəb nümayəndələrini xronoloji ardıcıllıqla bizə təqdim edir. Biz bu gün bəzən adi məlumatsızlıq ucbatından Qərb sivilizasiyasına və bu sivilizasiyanın elmi faktlarına heyranlıqla baxır, Şərqin və bu kontekstdə Azərbaycanın elmi tarixinin hansı möhtəşəm məktəblərə mənsub olduğunu bilmirik. Misir Mərdanovun aşağıdakı fikirləri başqalarına baxıb heyrətə düşən, özününkünü görə bilməyənlərə bir mesaj, bir bilgi mənbəyidir: “Azərbaycan bəşər sivilizasiyasının qədim ocaqlarından olmaqla yanaşı, həm də qədim elm və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı dünya elm və mədəniyyətinə istər tarixən, istərsə də çağdaş dövrdə böyük mütəfəkkirlər, dahi fikir adamları bəxş etmişdir. Onların adları dahi elm korifeyləri ilə birlikdə çəkilməkdədir. Hazırda Azərbaycan elmi, təhsili, mədəniyyəti sivilizasiyasının müasir tələblərinə, beynəlxalq standartlara uyğun olmaqla intellektual potensial baxımından da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir”. Müəllif bütün bunları məqalənin gedişi boyu haqqında söhbət açdığı böyük Azərbaycan alimlərinin nümunəsində sübut edir. Bu sırada Azərbaycanın böyük alimi, Aristotelin davamçısı Əbülhəsən Bəhmənyar, Xətib Təbrizi, Nəsirəddin Tusi, Səfiəddin Urməvi, Fəzlüllah Rəşidəddin, Həsən bəy Rumlu, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov, Mövsüm bəy Xanlarov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev... kimi elmi, ictimai şəxsiyyətlərin, filosof alimlərin hər birinin millət qarşısında xidmətlərini qeyd edir. Daha sonra müəllif bizim çoxumuzun müasirimiz kimi tanıdığımız Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Mirzə İbrahimovun, Heydər Hüseynovun, Mikayıl Hüseynovunbir sıra digər alimictimai fikir adamlarının xidmətləri üzərində dayanır. Bundan sonra müəllif “mətləb aydınlığı üçün müasir Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuş, müxtəlif elm sahələrində yeni elmi istiqamətin əsasını qoymuşelmi məktəb yaratmış alimlərdən bəzilərinin adlarını və elmi xidmətlərini yada” salır. Bu sırada xüsusilə fizika elmində məktəb yaratmış akademik Həsən Abdullayev, Maqsud Əliyev, Çingiz Cuvarlı, Hacıbəy Sultanovun adları qeyd olunur. Ən maraqlısı budur ki, Misir Mərdanov cəmi on səhifəlik bir məqalədə yüz iyirmidən çox Azərbaycan elm xadimini hər birinin bir neçə sətirdə, lakonik bir formada xidmətini, elmi fəaliyyətini, yaratdığı məktəbin xarakteristikasını təqdim edir. Bu məqaləni oxuyursan və adları çəkilən alimlərin ömür tarixinə, elmi fəaliyyətinə qısaca nəzər salırsan və təəssüf edirsən ki, bu böyük şəxsiyyətləri hələ xalqımıza onların layiq olduqları səviyyədə tanıda bilməmişik.

Məqalədəki belə bir statistik mənzərə diqqəti cəlb edir: “... müstəqillik illərində Azərbaycanın təhsil sistemində çalışan elmlər doktorlarının sayı dinamik olaraq artdı və hazırda onların sayı 1200 nəfərə çatmışdır. Müqayisə üçün deyək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən elmlər doktorlarının sayı ümumilikdə, Milli Elmlər Akademiyası sistemidaxil olmaqla, təxminən 1900 nəfərdir”. Göründüyü kimi, elmlər doktorlarının və akademiklərin böyük əksəriyyəti təhsil sistemində çalışır. Haqqında bəhs etdiyimiz kitab oxucunu həm təhsil sistemində, həm də akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan elmlər doktorlarını adı, ixtisasının şifri, müdafiə ili yeri ilə tanış edir.

Kitabın maraqlı cəhətlərindən biri hər səhifədə “dahi fikir adamlarının elm, təhsil, bilik, savad haqqında müdrik kəlamlarından seçmələrin, ən yaxşı örnəklərin” oxucuya təqdim olunmasıdır. Bəşəriyyətin, ayrı-ayrı xalqların və millətlərin sözünə inandığı, pənah gətirdiyi müdrik şəxsiyyətlərin bu sahədəki fikirləri bir tərəfdən Allahın elm üçün yaratdığı insanları elmə daha da bağlayırsa, digər tərəfdən elmə şəxsi qazanc yeri kimi baxan, lakin içində az da olsa, vicdanı tükənməmiş insanları tövbə etməyə, saxta diplom dalınca qaçmağın günah olduğunu anlamağa çağırır. Məhəmməd Peyğəmbərin “Elmi biliklərə yiyələnmək üçün bir an çalışmaq Allahın yanında oruc tutmaqdan da, Həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündürmüdrik kəlamı cahilləri elmdən kənarlaşdırmağa xidmət edir. “Qurani-Kərim”dən gələn “Pərvərdigara, mənim elmimi artır” kəlamı insanı öz savadını artırmağa sövq edirsə, Çin mütəfəkkiri Lao TszininAz bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir” kəlamı psevdoalimi, ljeziyalını adam olmağa, həqiqəti dərk etməyə səsləyir. Kitabda müdrik insanların dilindən deyilmiş 150-yə yaxın belə ibrətamiz kəlam, fikirdeyim yer almışdır. Kitab təkcə elmlər doktorlarının statistikasını təqdim etmək baxımından deyil, habelə müasir Azərbaycan elmini təmsil edən alim elitasının dəyərini, bu dəyərin sambalını ifadə edən bir mənbə kimi də maraqlı və faydalıdır.

 

Cahangir Məmmədli

525-ci qəzet.- 2012.- 8 fevral.- S.4.