Almaniyada 70 il əvvəl
nəşr edilən “Azərbaycan” jurnalı
İkinci Dünya Hərbində sovet xalqlarını təsir dairəsində saxlamaq məqsədi ilə Almaniya dövləti xüsusi təbliğat vasitələrindən məharətlə istifadə edirdi. Müharibənin gedişində və Hitlerin ilk aylardakı qələbələrində isə alman təbliğatının əhəmiyyəti silahın gücündən az olmamışdı. Təbliğat Nazirliyi bu sahədəki işini gücləndirmək, əl elanı, kitabça və plakatlar hazırlamaq üçün öz fəaliyyətini “Vineta” təşkilatı ilə genişləndirirdi. 1941-ci ilin 22 iyunundan bir həftə əvvəl isə on ikiyə qədər rus, ukraynalı, qafqazlı və türk-tatar bir yerə toplanaraq Qızıl Ordu əsgərlərini fərariliyə dəvət edən çağırışlar hazırlamışdılar. Bu heyət Göbbelsin tabeçiliyində olan oberregierungstar Eberhard Taubert tərəfindən istiqamətləndirilirdi. Təbliğat Nazirliyi əl elanları və radio yayımlarından istifadə etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da bəhrələnirdi. Elanların təyyarələrlə sovet bölgələrinə yayılması işi “Vermaxt-təbliğat” dairəsi ilə birgə aparılırdı.
Qeyd edək ki, müharibənin ilk aylarında bir çox Qızıl Ordu zabitləri bu vərəqələrdən istifadə edərək sərbəst şəkildə almanların tərəfinə keçmişdilər. Müharibənin zamanı uzandıqca vərəqələrin də məzmununda dəyişikliklər yaranırdı. Belə ki, vərəqələrdə xalqın dini hisslərinə müraciət olunur, kilsə və məscidlərin yenidən açılacağı vəd edilirdi. Çərkəzlərin, gürcü və azərbaycanlıların yaşadığı bölgələrə atılan vərəqələrdə isə kəndli və fəhlələr kolxoz və fabriklərin Qızıl Ordu tərəfindən dağıdılmasına qarşı mane olmağa çağırılırdı.
Almaniya dövləti vərəqə və kitabçalardan başqa türk-tatar və Qafqaz xalqları üçün, siyasi parçalanma məqsədi daşıyan radio təbliğatından da istifadə edirdi. Taubertin məlumatlarına görə, Təbliğat Nazirliyinin xətti ilə Sov. IKP-nin Stalinə qarşı olan “Leninçi” qrupunu müdafiə xarakteri daşıyan “Leninçi” radiostansiyası da qurulub fəaliyyət göstərirdi. Bu radionu işlətməkdə məqsəd Sov. IKP-ni bölmək, qruplar yaratmaq, qrupları bir-birinə qarşı qoyub sovet dövlətini zəiflətmək idi . Belə saxta “Leninçi” proqramlar sonradan Sovetlər Birliyində danışılan hər dildə yayımlanır, ehtiyaca görə gündə bir və ya iki dəfə efirdə verilirdi. Ümumilikdə isə nasistlər həmin illərdə yeddiyə qədər radiostansiyadan istifadə edirdilər.
Qeyd etdiyimiz kimi, hərbi əsirlərə və legionerlərə münasibət də tədricən dəyişir və getdikcə onlara daha çox hüquqlar verilirdi. Artıq 1942-ci ildən başlayaraq hərbi əsirlərin yerləşdiyi düşərgələrdə və legionlarda poçt işi təşkil edilmiş, qəzetlər nəşr olunmağa başlamışdı. Düşərgələrdə “Kliç”, “Zarya” adlı qəzetlər nəşr edilir, siyasi təbliğat xarakteri daşıyırdı.
Azərbaycan legionerlərinin yayımladığı “Azərbaycan”, “Hücum” qəzetləri, “Milli Birlik” dərgisi Vermaxt tərəfindən maliyyələşdirilir, Azərbaycan legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında yayılan “Siqnal” jurnalı rus dilində çap edilsə də, burada azərbaycanlıların döyüş qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. “Azərbaycan” qəzeti isə 1942-ci ildən Berlində (Ünvan: Berlin, W8, Behrenstrabe 65, 111) nəşr edilməyə başladı. “Azərbaycan” qəzeti Şərq Nazirliyinin xüsusi himayədarlığı ilə nəşr edilirdi. Qeyd edək ki, qəzetin ilk saylarında türk-osmanlı şivəsinə üstünlük verən mühacirlərə azərbaycanlı legionerlər etiraz etmiş, onun müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə qəzet Təbliğat üzrə Baş Idarənin himayəsinə keçirilmişdi. Qəzet Berlində nəşr edilirdi, 6-8 səhifədən ibarət idi və tirajı 10 mindən 20 minə qədər artırdı. Qəzetdə Məcid Musazadə (Qarsalanlı) redaktor, Cəmil Isgəndərli redaktor müavini, Əliheydər Süleymanov arxiv işçisi, Mövsüm Babayev təlimatçı, Xaliq Babayev mətbəə işləri üzrə texniki əməkdaş, Zahid Ağayev icraçı katib, Əli Adıgözəlov korrektor vəzifəsində çalışırdılar. Bəzi məlumatlara görə Sovet Azərbaycanında sonralar “Mixaylo” kimi məşhurlaşmış Mehdi Hüseynzadə də legioner olmuş və “Qürbətzadə” təxəllüsü ilə həmin mətbuat orqanlarında çıxış etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir.
Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz, ədəbiyyatımız, folklorumuzla bağlı çoxlu yazılar çap edilirdi. Qəzetin 1942-ci ildəki 20 dekabr tarixli sayında (N28) “Milli Azərbaycan” başlıqlı bir məqalədə yazılırdı: “Taburlarımızın başları üzərində dalğalanan üçrəngli bayraq – bu Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı”. Qəzetin eyni sayında “Göy-Qırmızı-Yaşıl” (Milli Azərbaycan bayrağı) “Milli Azərbaycan bütün xalqın Azərbaycanıdır”, “Siniflər yox, millətlər var” kimi milli Azərbaycan ideolojisinin əsaslarını anladan məqalələr çap olunurdu.
Keçmiş legioner, Azərbaycan Milli Mərkəzinin Başqanı M. Kəngərli “Azərbaycan” qəzetinin fəaliyyəti ilə bağlı yazırdı: “Qəzetin 3 yanvar 1943-cü ildə “Müqəddəs arzu, böyük ümid” məqaləsində – “23 illik əsirlikdən sonra istiqlalçı azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz legionerlərə nəsib olmuşdur”. Eyni nüsxədə Qurban bayramı münasibəti ilə yazılan “Qurbanlarımız qəbul olsun” məqaləsində “Biz milli Azərbaycanın qurbanlarıyıq” deyilirdi. 1943-cü ilin 10 yanvar sayında çap olunan “Bir kərə yüksələn bayraq, bir daha enməz!” məqaləsində bu sətirlər var: “Eyni ilin 28 Mayısında Milli Azərbaycan Cumhuriyyətinin istiqlalını elan etmiş olan Milli Azərbaycan Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq Milli hökumət və Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə ilə bitirmişdir: – Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Bu tarixi xatirələri nəql etdikdən sonra qəzet legionerlərə xitabən bunları əlavə edir: “Əziz arkadaşlar! Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir) adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!..”. 24 yanvar 1943-cü il tarixli nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli Azərbaycan Komitəsinin alman hökuməti məqamlarının məlumatı ilə fəaliyyətə başladığı xəbər verilir. Bu xəbərə görə, “Adlon” otelində azərbaycanlıların bir toplantısı olduğu və bu toplantıda möhtərəm Məhəmməd Əmin Rəsulzadənin çıxış etdiyi bildirilir. Milli Komitənin Proqramı: “Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə etmək, Qafqasiyalı millətlərin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx surətdə işbirliyi təmin etməkdən ibarətdir”- deyilirdi. İqtibasları, əlimizdə təsadüfən mövcud olan nüsxələrdən dərc edirik. Bu nüsxələr arasında bir də “Azərbaycan” qəzetinin 25-ci istiqlal ildönümünə təsis etdiyi 30 may 1943-ci il tarixli nüsxəsi var. Nüsxənin səhifəsini başdan-başa böyük manşetlərlə – nasist Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur olan – “insanlara azadlıq, millətlərə istiqlal!” şüarı bəzəyir. Sonra idarə tərəfindən “Azərbaycanın qəhrəman oğullarına” – deyə bir xitab var. Bu xitab belə bitir: “Davamız haqqdır. Haqq bizimlədir. Yaşasın cəsur legionerlərimiz, yaşasın milli istiqlal!” Eyni nüsxədə “Azərbaycan istiqlalının susdurulduğu 27 aprel – Azəri türklərinin qaragünü münasibəti ilə milli şefimiz hörmətli M. Ə. Rəsulzadəyə redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik” müqəddiməsiylə Əmin bəyin bir məktubu dərc edilib. Məktub belə bitir: “Yaşasın milli Azərbaycan, yaşasın milli istiqlal idealına bağlı qalan Azərbaycan legionerləri!” Məktubun bir cümləsi çox mənalıdır, deyilir: “Milli istiqlal uğrunda canlarını verməyə hazır fədailərin şəxsinə qarşı göstərdikləri etimada layiq bir xidmətdə bulunmaq imkanını əldə etmək, milli davaya sərf etdiyim həyatımın ən sədaqətli anını təşkil edəcəkdir!” Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük, demokratiya və Azərbaycan istiqlalını canlandıran xatirələr və aktual məqalələrlə doludur: “28 Mayıs Azərbaycan tarixinin əhəmiyyəti”, “Azərbaycan istiqlalı uğrunda mübarizə” kimi başlıqlar nüsxənin hər səhifəsində gözə çarpmaqdadır. Qəzetin ədəbiyyata ayırdığı səhifədə milli şairimiz Əhməd Cavadın “Milli bayrağımıza!” xitab edən şeiri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin, legioner şairlərdən Daşqın, Süleyman, Mustafa Həqqi, Azəri və başqa şairlərin istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin: Milli Şura başqanı möhtərəm M. Ə. Rəsulzadə, Milli Məclisin ikinci rəisi Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız, pul və sair bu kimi xatirələri canlandırmaqdadır. Bütün bu yazı və rəsmlərin arasında özəl bir çərçivə içində 28 Mayıs 1918-ci ilin Istiqlal Bəyannaməsinin 6 maddəsi dərc olunmuşdur”.
Azərbaycan legionerlərinin Berlində nəşr edilən “Azərbaycan” qəzetinin 1943-cü ilin avqust (32(60) sayındakı materiallar, məlumatlar, yazılar olduqca maraqlıdır. Bu yazılar legionerlərin həyatını, fəaliyyətini öyrənməkdə ilkin mənbədir. Qəzetin həmin sayındakı “Nöqsanlarımız haqqında”kı məqalədə yazılırdı: “Etiraf etməliyik ki, Azərbaycan legionerləri arasında milli şərqilər oxumaq işi o qədər də qabaqda deyildir. Son zamanlarda bəzi legionerlərimiz tərəfindən yazılan bir neçə əcaib mahnılar oxunurdusa, indi bəzi alaylarımızda legionerlərimiz “Qarabağ şikəstəsi” və ya “Kəsmə şikəstə” ilə addımlayırlır. Bəzən də vaxtı ilə Sarı Aşığın “Yaxşı” adlı sevgilisi üçün yazdığı sözləri də oxuyurlar. Əcəba, tara və ya kamançaya layiq olan həzin can yandırıcı bir musiqi ilə addımlamaq olarmı? Əlbəttə yox! Legionerlərimizin oxuduğu ağı və şikəstələrin toylarda, məclislərdə oxunanlardan fərqi orasındadır ki, legionerlərimiz mahnının əvvəlində gələn “əziziyəm”, axırında isə “ay anam qurbanı, gəl qadan alım” sözlərini demirlər.
Biz gözəlcə bilirik ki, legionerlərimiz arasında qüvvətli talanta sahib olanlar vardır. Onları bu işə cəlb etməklə belə nöqsanları aradan qaldırmaq olar. Nöqsanlarımızı aradan qaldıralım və legionerlərimiz üçün elə mahnılar yazalım ki, o, apardığımız milli azadlıq mübarizəmizdə bizə ilham və ruh versin.
Bu çağırış birinci növbədə Ucadağlıya, Dənizə, Daşqına, Əzimliyə, Divaniyə, Zahidliyə və sair bunlar kimi gənc qüvvələrimizə daha çox aiddir (Leg. Qürbətzadə)”.
Qəzetdə şeir və hekayələrə, şairlərimizin, yazıçılarımızın əsərlərindən nümunələrə və əsərlərinin təhlilinə də yer verilirdi. “Böyük milli və lirik şairimiz Hüseyn Cavid” məqaləsində yazılmışdı: “Azəri türk ədəbiyyatının milli və lirik şairi, mənzum və mənsur dram əsərlərinin yaradıcısı, müasir ədəbi varlığımızın parlaq tacı olan Hüseyn Cavidi tanımayan bir azəri türkü və onun inci kimi qiymətli şeirlərini sevə-sevə oxumayan bir çox qabaqcıl türk ziyalısı belə yoxdur. Cavid təkcə Azərbaycan, Qafqaz deyil, eyni zamanda, bütün Orta Asiya millətləri, Kazan, Krım, Idil-Ural tatarları, Türkiyə və Iran xalqları arasında belə özünü yaxşıca tanıtmış və müasir şərqin diqqətəşayan şairləri sırasına daxil olmuşdur”. Sonra Hüseyn Cavidin “Uçurum” əsərindən Əkrəm ilə Ildırımın söhbətindən parçalar verilmiş, “Şeyx Sənan”dakı Şeyx Hadi və Şeyx Kəbirin dialoqu təsvir olunmuş, maraqlı təhlil aparılmışdır. Məqalənin sonu bu sözlərlə yekunlaşır: “Bədii drama əsərində mövcud quruluşun iç üzünü tərənnüm edən elə bir məfkurə heç bir zaman dinsizlər, allahsızlar və vicdansızlar hakimiyyətinin müti və kor “nəzəriyyəçi” və “alimləri”nin hər cür humanistlik və insani duyğulardan kənar olan bu cəllad bolşevik “tənqidçiləri”nin xoşuna gələ bilməzdi. Bunun üçün də sovet bolşevik üsul-idarəsi və bu idarəni başlıca olaraq kəndilərinə (özlərinə) xas bilən rus-bolşevik-yəhudilər və onların Azərbaycan xalqı içərisindəki satqınçı və alçaq agentləri olan bir sıra vətən xainləri daima Hüseyn Cavidə hücum edərək, onun ədəbi varlığını baltalamış və şairi arası kəsilməyən təqiblərlə yaxalamışlardır. Xüsusən, Azərbaycanda “NEP” dövrünün qurtarması ilə əlaqədar olaraq, bu təqib və hücumlar özünü daha şiddətlə göstərməyə başlamış və şairi dəfələrlə “QPU” podvallarını ziyarət etməyə məcbur etmişdir. Hələ 1917-ci il inqilabının müdhiş dəhşətləri ilə həyəcana gəlmiş və xalqımıza azadlıq deyil, zülm və işgəncə gətirən belə bir amansız tufandan mütəəssir olmuş şair Azərbaycanda doğan aprel tufanı ilə əlaqədar olan (situasiyaya) qarşı üsyan bayrağı qaldıraraq yazmışdı:
Elə bir əsr içindəyəm ki, cahan
Zülm dəhşətlə qıvrılıb yanıyor,
Üz çevirmiş də Tanrıdan insan,
Küfri haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Hər münafiq, şərəfsiz, əxlaqsız”.
“Azərbaycan” qəzetinin saylarında belə maraqlı yazılar tez-tez dərc olunurdu.
Qəzetin 1943-cü ilin 14 noyabrında çap edilmiş 46(74)-cı sayında isə Berlində keçirilən Milli Azərbaycan Qurultayı haqqında geniş məlumatlar dərc olunmuşdu. Qəzetdə qurultaya göndərilən təbriklərin mətni və çıxış edənlərin məruzələri ilə də tanış olmaq mümkündür. Bundan əlavə, çıxışçıların fotoları da verilmişdi ki, bu da həmin şəxsləri tanımaq, öyrənmək baxımından maraqlıdır.
Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini bolşevik işğalından xilas etməyə çalışan azərbaycanlılar həm öz dillərində mətbu orqanlar çıxarır, qəzet, jurnallar, kitablar çap edirdilər, həm də başqa qəzet və jurnallarda onların qəhrəmanlığı və uğurlu döyüşləri haqqında məlumatlar dərc olunurdu.
Nəsiman Yaqublu
525-ci qəzet.- 2012.- 8 fevral.- S.6.