“Hesab edirəm
ki, Türkiyə Böyük Millət Məclisində
Xocalı ilə bağlı müəyyən qərarlar qəbul
etmək imkanı olacaq”
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov “Media forum”
saytının suallarını cavablandırıb
–
Fransada “erməni soyqırımı”nı inkar edənlərin
cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə
tutan qanunun qəbulu Türkiyə və Azərbaycan
münasibətləri üçün bir sınaq oldu.
Türkiyə tərəfi Azərbaycanın dəstəyindən
heç də razı görünmür. Azərbaycan bu məsələdə
Türkiyəyə mümkün olan bütün dəstəyi
veribmi?
– Azərbaycan
bu məsələdə lap başlanğıcdan, hələ
Fransa prezidenti Nikola Sarkozi bu ideyanı ortaya atdığı
gündən Türkiyənin yanında olub, bu gün də
yanındadır və gələcəkdə də yanında
olacaq. Azərbaycan ilk gündən bu qanunun qəbul edilməsinə
qarşı mümkün olan bütün tədbirləri
görüb, görür və gələcəkdə də
görəcək. Azərbaycanın dəstəyi Türkiyənin
rəsmi dairələrində lazımi səviyyədə dəyərləndirilib,
dəyərləndirilir və gələcəkdə də dəyərləndiriləcək.
Azərbaycan-Türkiyə
dostluğunu, iki ölkə arasında münasibətlərin
yaxşı olmasını istəməyən, buna opponentlik
edən mətbuat orqanları məsələyə müdaxilə
edir, öz fantaziyalarını işə salırlar. Belə
mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda,
həm də başqa ölkələrdə var. Erməni
lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər
var ki, fürsətdən istifadə edib Türkiyə ilə
Azərbaycanı qarşı-qarşıya qoymaq, iki ölkə
arasındakı yüksək səviyyəli münasibətləri
pozaraq qarşıdurma yaratmaq, Ermənistan məsələsini
yenidən Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə
gətirmək istəyirlər.
Belə
mərkəzlərin başqa maraqları da mövcuddur. Ona
görə də məsələnin üzərinə təkrar-təkrar
qayıtmağı, onu çeynəməyi, ona dəfələrlə
münasibət bildirməyi lazımsız və artıq
iş hesab edirəm. Bu, tamamilə süni şəkildə
yaradılan, şişirdilən məsələlərdir.
Çünki Azərbaycan və Türkiyə məsələyə
dəfələrlə münasibət bildirib.
–
Diqqəti cəlb edən məqamlardan biri də Türkiyədə
Azərbaycanı, Azərbaycan hakimiyyətini, Prezident İlham
Əliyevi tənqid edən şəxslərin və mətbuatın
Türkiyənin hakim Ədalət və İnkişaf
Partiyasına, baş nazir Rəcəb Teyyub Ərdoğana
yaxın olmasıdır. Azərbaycanda da hakim Yeni Azərbaycan
Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti
və iqtidaryönlü digər mətbuat orqanları bu tənqidlərə
cavab verdi.
–
Türkiyəyə dəstək verən rəsmi mövqe və
fəaliyyət ortaya qoyulub. Ona görə də mən qəzet
yazılarını şərh etmək istəmirəm.
–
Türkiyə Fransanın ATƏT-in Minsk qrupundan
uzaqlaşdırılmasını tələb edir. Azərbaycan
Fransanın Minsk qrupundan çıxarılması təşəbbüsü
ilə çıxış edə bilərmi?
–
Minsk qrupu ATƏT-in institutudur, ayrı-ayrı dövlətlərin
təklifləri və münaqişə tərəflərinin
razılığı ilə formalaşdırılır.
Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın
qurumdan çıxarılması təşəbbüsünü
irəli sürüb. Hər halda Minsk qrupunun növbəti
toplantısında Türkiyə məsələni
qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi
dairələri bu işdə nə etmək
mümkündürsə, hüquqi cəhətdən nə
etmək olarsa, Fransanın bitərəfliyi pozması
hallarına qarşı hansı tədbirləri görmək
mümkündürsə, bunları müzakirə edir.
–
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Fransa Minsk
qrupunun həmsədri olmağa mənəvi haqqını
itirib, amma hüquqi haqqını saxlayır. Fransanın Minsk
qrupundan çıxarılmasının mexanizmi varmı və
bunu necə etmək olar?
– Məsələnin
detalları ilə tanış deyiləm, ona görə də
dərinə gedə bilmirəm. Amma mən də parlamentin sədri
Oqtay Əsədovun fikri ilə tam razıyam. Həqiqətən
də Fransa Minsk qrupunun həmsədri olmağa mənəvi
haqqını itirib. Çünki Azərbaycanla münaqişədə
olan tərəflərdən birini açıq-aşkar və
əsassız şəkildə müdafiə edir. Fransanın
Minsk qrupundan çıxarılması məsələsinin
necə qaldırılacağına gəlincə, bu sahə
üzrə mütəxəssis olmadığıma görə
şərh verə bilmirəm.
– Bəzi
ekspertlər hesab edirlər ki, Fransanı Minsk qrupundan
uzaqlaşdırmaq mümkün deyil. Çünki bunun
üçün ATƏT-ə üzv olan ölkələrin
konsensusu, yekdil mövqeyi olmalıdır. Ona görə də
ekspertlər Azərbaycanın Fransanı Minsk qrupunun həmsədri
kimi boykot etməsi təklifini irəli sürüblər. Yəni
Azərbaycanın prezidenti, xarici işlər naziri və
başqa rəsmiləri Fransadan olan həmsədri qəbul
etmirlər və bununla da bu ölkə Minsk qrupundan kənarda
qalır. Bunu mümkün hesab edirsinizmi?
– Azərbaycanın
xarici siyasəti ilə Xarici İşlər Nazirliyi məşğul
olur. Bu məsələnin həm beynəlxalq, həm də
yerli hüquqa uyğunluğu, effektivliyi, Azərbaycana və
Türkiyəyə nə verib-verməyəcəyi kimi məsələlər
planlı şəkildə Xarici İşlər Nazirliyində
hazırlanır. Ona görə də bu məsələni dərinləşdirib
proqnoz vermək istəmirəm.
– Azərbaycan
sanki Fransanın Minsk qrupundan uzaqlaşdırılması məsələsində
ehtiyatlı mövqe tutub və bu amil sizin də fikirlərinizə
təsir edib...
– Bir
var xarici siyasətlə bağlı nəyisə şərh
edəsən, bir də var konkret fəaliyyət haqda
danışasan. Fransanın Minsk qrupundan
uzaqlaşdırılması məsələsinin hüquqi tərəfi
və digər tərəfləri
araşdırılmalıdır. Bununla Xarici İşlər
Nazirliyi məşğul olur. Ona görə də bu məsələyə
əlavə şərh vermək istəmirəm.
–
2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həllində
dönüş ili ola bilərmi? Azərbaycanın gözləntiləri
nədir? Rəsmi Bakı bu il Dağlıq Qarabağ siyasətinə
yenidən baxa bilərmi?
–
Burada proqnoz vermək həddən artıq çətindir.
Münaqişənin həllində gözləntilər bizim
iradəmizdən tam asılı deyil. Əlbəttə, biz
çox şey gözləyirik və bu gözləntilərimiz
də beynəlxalq hüquqa əsaslanır. Təəssüflər
olsun ki, bu məsələdə bizim mövqeyimiz məsələnin
yalnız bir tərəfidir. Digər tərəfində
qeyri-konstruktiv mövqe tutan Ermənistan durur. O biri tərəfdə
isə Ermənistana çox zəif təsir və təzyiq
göstərən ATƏT-in Minsk qrupunun həmsədrlər
institutu dayanır. Ona görə də mən proqnoz vermək
istəmirəm.
Prezident
İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə
öz mövqeyini bildirib. Azərbaycan Dağlıq Qarabağ
problemində birmənalı şəkildə ölkənin ərazi
bütövlüyünün bərpa olunması
ideyasını qoyub. İstər danışıqlar vasitəsilə,
istərsə də başqa yollarla olsun, Azərbaycan ərazi
bütövlüyünü təmin edəcək. Müddət
proqnozu vermək istəmirəm. Bizim üçün
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın
ərazi bütövlüyünün bərpa
olunmasıdır. Azərbaycan bu çərçivədə
istənilən məsələni müzakirə etməyə
hazır olub, indi də hazırdır və gələcəkdə
də hazır olacaq.
–
Xocalı soyqırımının 20-ci ildönümü gəlir.
Soyqırımın anılması üçün
hazırlanan tədbirlər proqramında hansı məsələlər
var?
–
Xocalı soyqırımının, insanlığa və Azərbaycan
xalqına qarşı törədilmiş bu vəhşi cinayətin
ifşa olunması, onu törədənlərin cəzalandırılması
Azərbaycan dövlətinin indiyə qədər
yürütdüyü daxili-xarici siyasətin əsas prioritet
istiqamətlərindən biridir. Biz Xocalı
soyqırımı ətrafında işi bu 20 ildə bir
gün də dayandırmamışıq. Faciənin 20-ci
ildönümü olduğuna görə cənab Prezident
İlham Əliyev xüsusi sərəncam imzalayıb. Sərəncamda
20-ci ildönümünün qeyd olunması, Xocalı faciəsinin
bütünlüklə dünya ictimaiyyətinə
çatdırılması, dünya ictimaiyyətində bu
faciəyə ədalətli münasibətin
formalaşdırılması, dünya parlamentlərində bu
qətliamın pislənməsi və yaxud mümkün olan yerlərdə
faciənin soyqırımı kimi tanıdılması Azərbaycanın
xarici və daxili siyasətinin prioritet istiqaməti olaraq
vurğulanır.
Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də
xüsusi sərəncam imzalayıb. Həmin sərəncam
daxili və xarici mexanizmləri işə salmaq, Prezident
İlham Əliyevin sərəncamından irəli gələn
məsələləri həll etmək məqsədi
daşıyır. Bu işlər başlanıb və davam
edir. Nəyə nail olacağıq, necə nail
olacağıq, əvvəlcədən bunun proqnozunu vermək
istəmirəm. Amma biz bütün gücümüzlə
çalışacağıq, Azərbaycanın ixtiyarında
olan bütün rəsmi və qeyri-rəsmi resursları
işə salacağıq. Həm diplomatik institutlar, həm də
xaricdəki diaspora qurumlarımız, xarici siyasətlə məşğul
olan digər qurumlar, Azərbaycanla dostluq münasibətləri
olan ölkələr, onların parlament nümayəndələri,
ictimaiyyət təmsilçiləri, kütləvi informasiya
vasitələri bu işə cəlb olunacaq. Bunların
hamısı ilə bağlı xüsusi proqram
hazırlanıb və həyata keçirilir.
–
Sizcə, bu faciənin Türkiyə Böyük Millət Məclisində
soyqırımı kimi tanınması Fransa parlamentinə
tutarlı cavab olardımı?
–
Əlbəttə, Türkiyə böyük dövlətdir.
Onun qəbul etdiyi qərar təkcə Türkiyədə
deyil, bütün islam dünyasında, bütün Avrasiya məkanında,
bütün dünyada bəlli təsirini göstərir,
insanlarda fəallıq yaradır. Ona görə də hesab
edirəm ki, Türkiyə Böyük Millət Məclisində
Xocalı ilə bağlı keçiriləcək xüsusi
müzakirələrdə müəyyən qərarlar qəbul
etmək imkanı olacaq.
–
Ötən ilin dekabr ayının əvvəlində İrana
səfər etdiniz. Səfər zamanı əldə olunan
razılaşmaların həyata keçirilməsi sahəsində
vəziyyəti necə qiymətləndirirsiniz?
–
Çalışırıq ki, mövcud problemləri aradan
qaldıraq. Həll olunan məsələlər də var, həll
olunmayan məsələlər də. İranın bəzi
dairələri, xüsusilə də ruhani dairələri Azərbaycana,
eləcə də Azərbaycanın bəzi dairələri,
demokratik, azad mətbuatı və fərqli düşünən
ziyalıları İrana həddindən artıq maksimalist tələblər
irəli sürür, bəzi hallarda sərt bəyanatlar verirlər.
Bir-birinin daxili işlərinə müdaxilə halları da
mövcuddur. Amma çalışırıq ki, bu məsələlər
rəsmi dövlət siyasətinə, münasibətlərə
təsir etməsin. İranla Azərbaycan arasındakı
münasibətlər mehriban qonşuluq, dostluq şəraitində
davam etsin, bu münasibətlərdən İran əhalisi də,
bizim əhali də ziyan, əziyyət çəkməsin.
–
Milli Təhlükəsizlik Nazirliyi bir neçə şəxsin
İranın xüsusi xidmət orqanlarının sifarişi
ilə Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd
hazırladığı və bunun qarşısının
alındığı haqda bəyanat yaydı. Bir məsələ
qaranlıq qaldı ki, bu hadisə sizin səfərinizdən əvvələ,
yoxsa sonraya təsadüf edib. Bu o deməkdirmi ki, İran əvvəlki
kimi müxtəlif vasitələrlə Azərbaycana öz təzyiqlərini
davam etdirir?
– Mən
elə düşünmürəm. Hər halda biz bu faktın
mövcudluğunu da İrandakı bəzi strukturların,
şəxslərin iki dövlət arasındakı münasibətləri
gərginləşdirmək, pozmaq cəhdləri kimi dəyərləndiririk.
Əgər İran hökuməti onun bu faktla heç bir əlaqəsinin
olmadığını bəyan edibsə, deməli, İranda
başqa dairələr, qüvvələr də var ki, onlar
iki dövlət arasında münasibətləri gərginləşdirməyə,
korlamağa çalışır. Bunu aşkarlamaq,
günahkarları cəzalandırmaq həm İran, həm də
Azərbaycan tərəfinin borcudur.
–
Ötən ilin əvvəllərində Azərbaycanda
korrupsiyaya qarşı yüksək səviyyədə
mübarizə elan olundu, bununla bağlı sərəncamlar,
qərarlar verildi, qanunlarda dəyişiklik edildi. Korrupsiya ilə
mübarizənin nəticələrini necə qiymətləndirirsiniz?
–
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyanın açıqlamaları,
görülmüş təbdirlər, onların dəyərləndirilməsi
göstərir ki, ötən il bu sahədə kifayət qədər
effektli addımlar atılıb və nəticələr də
göz önündədir. Xüsusilə də iqtisadi vəziyyətin
yaxşılaşdırılması və korrupsiyaya
qurşanmış sahələrdə normal iş ahənginin
yaradılması, bu sahələrin şəffaflaşdırılması
istiqamətində çoxlu tədbir görülüb.
Qanunlar qəbul edilib, sərəncamlar verilib və bunlar kifayət
qədər effektli nəticələr doğurub.
Amma
korrupsiyaya qarşı mübarizə elə bir prosesdir ki, onu
bir gün də olsun, dayandırmaq olmaz. Davamlı şəkildə
bu işi aparmaq lazımdır və 2012-ci ildə də bu
iş aparılacaq. İctimaiyyət arasında müəyyən
sorğular keçirilir. Hansı sahədə problemlər,
narahatlıq doğuran məsələlər qalıbsa, harada
rüşvətxorluq halı tendensiya şəklini alıbsa,
orada mübarizə tədbirləri həyata keçiriləcək.
Burada ayrı-ayrı hallardan deyil, sistemdən söhbət
gedir, yəni bu kimi hallar hansı sahədə sistemləşib.
Həmin sahələrdə mübarizə tədbirləri
gücləndiriləcək.
–
Əli müəllim, korrupsiya və rüşvətxorluqla
mübarizəni çətinləşdirən nədir?
Dövlət qurumlarında işləyənlərin əməkhaqqının
az olması, yoxsa yüksək vəzifəlilərin
korrupsiyanı himayə etməsi?
– Mən
bunun təfsilatına vara bilmirəm. Əsas
odur ki, sadaladığınız amillərin hər birinin
öz yeri var. Əlbəttə, müəyyən qədər
insanların vərdişləri də var, keçmiş mərəzdən
qurtula bilmirlər, bəzi vətəndaşlarımızın
qeyri-prinsipiallığı da var ki, öz məsələlərini
tez həll etmək üçün rüşvətə əl
atırlar. Eləcə də bəzi məmurların
müəyyən sahələrdə öz vəzifələrindən
sui-istifadə etməsi, qeyri-şəffaflıq halları da
olur. Korrupsiya doğuran halların müxtəlif
elementləri mövcuddur. Bunlar sistemli
şəkildə öyrənilir və onlara qarşı
sistemli şəkildə tədbirlər həyata
keçirilir.
– Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
və Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyanın açıqladığı hesabatlara baxanda məlum
olur ki, korrupsiya və rüşvətə görə cəzalandırılan
ən yüksək vəzifəli məmur hansısa qurumda
idarə və ya şöbə müdiri olub. Ekspertlər isə
hesab edirlər ki, korrupsiya və rüşvət lokal proses
deyil və yüksək səviyyədə himayədarları
olmasa, onu reallaşdırmaq mümkünsüzdür. Azərbaycanda korrupsiya və rüşvətin
yüksək vəzifəli himayədarlarının olması
haqda deyilənlərlə razısınızmı?
–
Rüşvətxorluq, korrupsiya və digər qanun
pozuntularına qarşı mülahizə ilə mübarizə
aparmaq olmaz. Əgər yüksək vəzifəli
şəxs sərəncam imzalayıbsa, konkret göstəriş
veribsə və onun burada imzası varsa, adı keçirsə,
əlbəttə ki, bu artıq təsdiqlənmiş
faktdır və ona qarşı tədbir görülməlidir.
Yox, kimsə, hansısa məmur yüksək səviyyəli
şəxsin əhval-ruhiyyəsini nəzərə alıb bu
işi həyata keçiribsə, bunun məsuliyyətini də
məmur daşımalıdır. Kim
konkret halda qanunu pozubsa, o da cəzasını almalıdır.
Himayəçilik-filan hamısı boş
şeydir. Kim qanunu pozursa, o da cəzalanmalıdır.
Əgər işi icra edən tabe olmursa, qoy bəyanat
versin, yuxarı orqana şikayət etsin ki, kimsə onu bu
işə təhrik edir. Belə bəyanat
yoxdursa, bu barədə xəbər vermə mövcud deyilsə,
deməli, bu işlər birbaşa həmin məmurun öz fəaliyyətindən
qaynaqlanır.
– Dövlət
investisiyası ilə yolların çəkilməsi,
körpülərin, elektrik stansiyalarının tikilməsi,
Bakının abadlaşdırılması, infrastrukturun
yaradılması kimi dəyəri milyardlarla manat olan layihələr
sanki korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə aparan qurumların diqqətindən kənarda
qalıb. Yol çəkilir, amma bir neçə
aydan sonra dağılır, Bakının küçələrinə
ildə bir neçə dəfə asfalt çəkib sonra
qazırlar, yenidən asfaltlayırlar. İndiyə
qədər bir fakt belə açıqlanmayıb ki, bu sahədə
hansısa yoxlama aparılıb. Bu nə ilə
bağlıdır? Sizcə, dövlətin
pulunun səmərəli istifadəsinə nəzarəti
gücləndirməyə ehtiyac varmı?
– Bununla
bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiyada müəyyən müzakirələr gedir. Böyük layihələrin icrasında şəffaflığın
təmin olunması, tenderlərin keçirilməsi, işin
icrasına nəzarət, maliyyə xərclənmələri
ilə bağlı Hesablama Palatasına və digər qurumlara
müvafiq tapşırıq və tövsiyələr də
verilib. Mən bununla bağlı ekspert
deyiləm. Bir müsahibədə bunun təfərrüatına
vara bilmərəm. Amma onu deyə bilərəm
ki, bu sahələrlə bağlı məsələlər də
dövlətin diqqətindədir.
– “Siyasi
partiyalar haqqında” qanun layihəsi üzərində iş
başa çatıbmı? Avropa Şurası
Venesiya Komissiyasının qanunla bağlı iradlarından
sonra sənəddə hansısa dəyişiklik edilibmi?
– “Siyasi partiyalar haqqında” qanun layihəsi tam
yekunlaşdırılıb. Venesiya Komissiyası ilə
müzakirələr keçirilib. Həm
də bu müzakirələr Azərbaycanın təşəbbüsü
ilə baş tutub. Bizim hər bir qanun
layihəsini Avropa Şurası və Venesiya Komissiyası ilə
məcburi şəkildə razılaşdırmaq öhdəliyimiz
yoxdur. Sadəcə olaraq özümüz
“Siyasi partiyalar haqqında” qanun layihəsinin beynəlxalq
standartlara uyğun olub-olmaması ilə bağlı belə
müzakirələr keçirdik. Bütövlükdə
Venesiya Komissiyası qanun layihəsindən razıdır.
Onlar bir neçə müddəanın
başqa formada olmasını deyirdilər, amma biz bunu qəbul
etmədik. Qanun layihəsi hazırlanıb
və yaxın günlərdə parlamentə təqdim
olunacaq.
– Beynəlxalq
təşkilatlar Azərbaycan hakimiyyətini İctimai
Palatanın ötən il aprelin 2-də
Bakıda keçirdiyi aksiya zamanı həbs olunan şəxsləri,
o cümlədən həbsdə olan başqa bir şəxsi
– gənc fəal Bəxtiyar Hacıyevi azadlığa
buraxmağa çağırır. Azərbaycan
hökumətinin həmin məhbuslarla bağlı yaxın
vaxtlarda qərar verməsi və onları azadlığa
buraxması mümkündürmü?
– Ötən
il paytaxtda yaradılan
qarmaqarışıqlıqda, qarşıdurmada,
münaqişədə iştirak etdiklərinə görə
həbs olunan şəxslərin məsələsi bu günlərdə
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament
Assambleyasının həmməruzəçilərinin
keçirdikləri görüşlərdə
qaldırılıb. Həmməruzəçilər
onların cəzalarının yüngülləşdirilməsi
və yaxud əfv edilməsi ilə bağlı Azərbaycan
hökumətinə müraciət ediblər. Bu haqda müvafiq olaraq Əfv Məsələləri
Komissiyasına, komissiyanın sədri cənab prezidentə, eləcə
də bu sahə ilə məşğul olan digər qurumlara
müvafiq arzu və istəklərini bildiriblər. Bunları araşdırırıq. Bilirsiniz ki, əfv olunmaq üçün proseduralar
var və onlar da gerçəkləşdirilməlidir. Bundan əvvəl bu siyahı üzrə üç
nəfər əfv olunmuşdu. Yəqin
ki, gələcəkdə AŞPA həmməruzəçilərinin
müraciətinə baxılacaq.
– Hakimiyyət
həmin şəxsləri əfv ərizəsi yazmağa
çağırırmı?
– Bilmirəm
onlara belə bir müraciət olub, ya yox. Hər
halda istənilən halda prosedura ondan ibarətdir ki, onlar əfvə
düşmək istəyirlərsə, müraciət mütləq
şəkildə olmalıdır. Ya
onların özləri tərəfindən, ya da ailə
üzvləri tərəfindən, yaxud da ictimai qurumlar tərəfindən.
–
Qarın yağması Bakıda, o cümlədən bölgələrdə
xeyli fəsad ortaya çıxardı. Halbuki
dövlət qurumları qışa, qarın yağması
kimi təbiət hadisəsinə hazır olmalıdır.
Rəsmi dövlət qəzeti “Azərbaycan”da
da dövlət qurumlarının bu sahədəki fəaliyyəti
tənqid edilib. Eləcə də müstəqil
mətbuat, ekspertlər problemlərin öhdəsindən gələ
bilmədiyinə görə dövlət qurumlarını
günahlandırır. Sizcə, rəsmi
qurumlar bu sınaqdan çıxa bildimi?
– Belə
təbiət hadisələrindən, təbii fəlakətlərdən
heç bir ölkə, cəmiyyət, struktur
sığortalanmayıb. Belə hadisələr
olur. Hansı qəzetdə olmasından
asılı olmayaraq bir jurnalist buna emosional münasibət
bildirə bilər, birisi isə öz
dünyagörüşünü yaza bilər. Bunlar da
demokratik cəmiyyətdə mümkündür, siyasi
plüralizm olan yerdə nə qədər insan varsa, o qədər
də fikir ola bilər.
Amma mən ümumən hesab edirəm ki, Bakı Şəhər
İcra Hakimiyyəti, yol, elektrik, qaz, su və sairə sahələrə
cavabdeh strukturlar öz işlərinin öhdəsindən
layiqincə gəlirlər. Şükür, adam
ölməyib, böyük bir fəlakət baş verməyib.
Baxın, Ukrayna kimi böyük dövlətdə
artıq ölənlərin sayı onlarladır. Başqa ölkələrdə də həmçinin.
Azərbaycanda, Bakıda günlərlə davam
edən qarın, çovğunun qarşısında ciddi fəlakətlər
olmayıbsa, deməli, hökumət strukturları qışa
yetərincə hazırlıqlıdır və hər şey
normaldır. Rayon və şəhərlər
arasında yollar açıqdır. Cəmi
iki-üç saat ərzində müəyyən problem
yaranır və bunun da qarşısı alınır.
Dünyanın mərkəzi sayılan Belçikada
qarın yollarda yaratdığı tıxaclar zamanı
avtomobillər dörd-beş saat yerindən tərpənə
bilmir. Bununla müqayisədə Bakı şəhərində
hər şey yaxşıdır. Əlbəttə
ki, qar olan yerdə, şaxta olan yerdə problemlər də
olacaq. Amma gəlin baxaq, Bakı şəhərinin, eləcə
də bütün respublikanın işıqları davamlı
yanır, yollar vaxtlı-vaxtında təmizlənir,
küçələrə qum səpilir. Güclü qar yağandan, çovğun olandan bir
gün sonra təxminən səhər saat 8-də
Bakının aparıcı yolları ilə Əhmədlidən
Prezident Administrasiyasına işə gəlmişəm və
çox rahat çatmışam.
Amma
müəyyən yerlərdə problemlər ola
bilər. Çünki sürücülərin
şaxtalı, buzlu yollarda avtomobil idarə etmək təcrübəsi
yoxdur. Bakı dairəvi yolunda 20-30 avtomobilin
toqquşması yolun təmizlənməməsindən irəli
gəlmirdi ki... Yol təmizlənmişdi, sadəcə,
yolun sürüşkənliyinin qarşısını dərhal
ala biləcək hansısa bir sehirli çubuq yoxdur. Sürücülərin naşılığı,
qarda hərəkət etmək bacarığının
olmaması nəticəsində 20-30 avtomobil toqquşdu.
Mətbuatımız da belə şeylərə
çox həssas yanaşır. Təəssüflər
olsun ki, özlərinin fəaliyyətində olan nöqsanlara
münasibət bildirəndə dərhal bu məsələyə
daha emosional cavab verirlər. Şəhərdir, ölkədir,
belə şeylər ola bilər. Amma vəziyyəti bütövlükdə dəyərləndirəndə
görürük ki, həm Bakıda, həm də başqa
şəhərlərdə, bölgələrdə
bütün infrastrukturlar, qurumlar bu qarlı-çovğunlu
günlərdə öz işinin öhdəsindən gələ
bilir.
525-ci qəzet.-
2012.- 8 fevral.- S.4.