Qənirə
Paşayeva:“Talassemiyalı xəstələrin sayı sürətlə
artır”
Müsahibimiz millət vəkili Qənirə Paşayevadır
–Qənirə xanım, parlamentin ötən həftə öz işinə başlayan yaz sessiyasının ilk iclasında cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsinin yenidən qanunvericilk işləri planına daxil edilməsi və bu sessiyanın müzakirələrinə çıxarılması təklifini irəli sürdünüz. Sizcə, belə bir qanun layihəsinin təzədən müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac varmı?
–Hesab edirəm ki, adıcəkilən qanun layihəsinin yenidən parlament müzakirələrinə çıxarılmasına çox ciddi ehtiyac var. Yadınızdadırsa, hələ ötən çağırış parlament dövründə bu sənəd birinci oxunuşun müzakirəsinə çıxarılmış və gərgin müzakirələrdən sonra təkmilləşdirilməsi adı ilə geriyə qaytarılmışdı. Ancaq çox təəssüf ki, üstündən xeyli keçməsinə baxmayaraq, ötən dövr ərzində həmin qanun layihəsi müzakirələrə çıxarılmadı. Bu baxımdan hesab edirəm ki, həmin sənəd üzərində işlər davam etdirilərək, o yenidən müzakirələrə çıxarılmalı və hər kəs də yenidən ona öz fikrini söyləməlidir, yaxud söyləyə bilər.
Amma biz həmin sənədi təkmilləşdirmək əvəzinə, onu hər dəfə kənara qoyuruqsa, bundan cəmiyyətimiz heç nə qazanmır. Axı, bizim bu yöndə çox ciddi problemlərimiz var. Mən çox istərdim ki, həkim həmkarlarımız da bu məsələdə öz fikirlərini bildirsinlər. Çünki burada çox ciddi məsələlər var ki, onlar məhz qanunvericiliklə tənzimlənməlidir. Onların tənzimlənməməsi isə çox ciddi mənfi fəsadlar doğurur, yəni, biz elə bu gündən başlayaraq gələcəyə doğru onun kəskin problemləri, fəsadları ilə üzləşə bilərik.
Ona görə də mən hesab edirəm ki, həmin qanun layihəsini yenidən müzakirəyə gətirmək lazımdır. Yenidən müzakirə edək, yeni təkliflər varsa, onların ətrafında da fikir mübadiləsi aparaq, amma nəticədə onu qəbul edək. Bir daha qeyd edirəm ki, bu məsələ qanunvericilik səviyyəsində öz həllini tapmalıdır...
–Siz həmin çıxışınız zamanı ölkədə talassemiyalı xəstələrin sayının artmasından və bu yöndə bır sıra addımların atılmasının zəruriliyindən də danışdınız...
– Bilirsiniz, bu məsələ bizim cox ciddi problemlərimizdəndir. Hər gün talassemiyalı xəstələrin sayı sürətlə artır və bu, Azərbaycanın hər bir yerində belədir. Talassemiyalı, hemofiliyalı, irsi-qan xəstəlikli uşaqların sayı getdikcə çoxalır və bir sıra faktorlar var ki, bunlar millətin bu gün və gələcəkdə də genefonduna çox ciddi problemlər yaradır, yaradacaq. Həm o ailələrə problem yaradır, həm cəmiyyətə, həm də cəmiyyətin genefonduna. Bunların qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə dəyişikliklər məsələsi parlamentin müvafiq komitəsində də var. Söhbət burada nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etməsindən gedir...
–Belə fikirlər də var ki, bu məqam insan haqlarının pozulmasına səbəb ola bilər?
–Mən bu fikirlərlə və iddialarla heç cür razı deyiləm. Axı, başa düşə bilmirəm, burada insan haqlarının pozulmasına səbəb ola biləcək nə var ki, biz bu məsələni ortaya çıxara və onu qanunla tənzimləyə bilmirik?! Burada anonimlik qorunur, insanların sadəcə, özlərinə problemlər çatdırılır. Ona görə hesab edirəm ki, biz Ailə Məcəlləsinə dəyişikliklər etməklə bu problemin öz həllini tapmasına yardım edə bilərik.
Biz bununla irsi-qan xəstəliklərinin daşıyıcılarının sayının azaldılmasına nail ola bilərik. Eyni zamanda, bu bizə gizli narkomaniyaya qarşı mübarizədə də çox ciddi şəkildə kömək edə bilər. Bunun özü də bizim ən ağrılı məsələlərimizdəndir ki, gizli narkomaniya daşıyıcılarının ucbatından ailələr dağılır. Yəni, bir müddətdən sonra məlum olur ki, nikaha daxil olan şəxslərdən biri narkomaniyadan əziyyət çəkirmiş...
–Siz həm də Ailə Məcəlləsində nikah, mülkiyyət müqaviləsi məsələsinin nəzərdə tutulmasının zəruriliyini dilə gətirdiniz...
–Bu məsələ də çox ciddi məsələlərdəndir və vaxtı ilə bu məsələ də Sosial siyasət komitəsinin müzakirəsinə, gündəminə çıxarılmışdı. Bu gün məhkəmələrə, bizə gələn müraciətlərə baxırıq ki, bu yöndə nə qədər ciddi problemlər var. Hesab edirəm ki, bu məsələnin də Ailə Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulması vacibdir və bununla da bu yöndə ortaya çıxan problemlərin, şikayətlərin sayı xeyli dərəcədə azalmış olar. Bu baxımdan bir daha təklif edirəm ki, biz Ailə Məcəlləsinə sözügedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsini müzakirələrə çıxarmalı və gecikmədən onu qəbul etməliyik.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2012.- 8 fevral.- S.5.