Jurnalistikanın
nəzəri konsepsiyaları
Jurnalistikaya ictimai, elmi maraq yeni tarixin deyil, onun bir ictimai
institut kimi formalaşma dövrünün məhsuludur. İlk vaxtlar bir az bəsit görünən nəzəri fikirlər
getdikcə öz ümumi qanunauyğunluqlarını taparaq
ciddi elmi sahəyə çevrilməyə
başlamışdır. Ancaq təkrar
görünsə də, yeridir deyək ki, jurnalistika nəzəriyyəsi
digər fundamental və ictimai elmlərə nisbətən
xeyli cavan sahədir. Hətta o qədər
cavan ki, hələ onun öz kateqoriyaları, yalnız
özünə xas olan nəzəri postulatları indi-indi
formalaşır. Mətbuatın
yaranışından bütün funksiyaları ilə bərabər,
həm də çox vaxt ideoloji, manipulyativ keyfiyyəti və
bu keyfiyyətin zamana, şəraitə, məkana, ölkəyə,
rejimə görə dəyişkən olması onun ümumi
qanunauyğunluqlarının gec yaranmasına səbəb
olmuşdur. Bir az da aydın olsun deyə
açıqlayaq: məlumdur ki, bədii ədəbiyyat da
zamana, şəraitə, ölkəyə, rejimə görə
ideoloji, manipulyativ xarakterdən heç də həmişə
uzaq olmamışdır. Lakin bədii
sözün qədimliyi, tarixən jurnalistikadan
çox-çox qədimliyi onun nəzəri aspektlərinin,
estetik dəyərlərinin nəzəri konsepsiyasının
çoxdan işlənilməsini şərtləndirmişdir.
Digər tərəfdən, bədii
sözün folklor qolu ideolojilik, manipulyativlik kimi
anlayışları heç vaxt qəbul etməyib.
Senzuranın təqib etməyə gücü
çatmadığı folklor bütün dünyada,
bütün zaman və məkanlarda, bütün rejimlərdə
ancaq kamillik ideallarına, ancaq ədalət və estetik dəyərlərə
xidmət etdiyindən onun ümumbəşəri inkişaf
qanunauyğunluqlarının elmi-nəzəri modellərinin dəqiqliyi
az qala, təbiət elmlərinin
qanunauyğunluqlarının elmi-nəzəri modelləri ilə
müqayisəyə gələr.
Jurnalistikanın ümumi kateqoriyaları XX əsrin
sonlarında xeyli formalaşsa da, hələ, məsələn,
KİV ABŞ-da öz xüsusiyyətlərinə,
Böyük Britaniyada başqa xüsusiyyətlərə,
Çində digər xarakterə, Rusiyada fərqli cəhətlərə
malikdir. Bu fərqli cəhətlər jurnalistika elminin,
xüsusilə onun nəzəriyyəsinin ümumiləşdirmə
səmərəsinə uzun müddət mane olmuşdur.
Son yüz ildə isə bütün fərqlərə və
ölkə xüsusiyyətlərinə baxmayaraq
dünyanın hər yerində az və ya
çox dərəcədə qəbul edilən eyni, yaxud
bir-birinə çox bənzəyən xüsusiyyətlər
nəzəri ümumiləşmələrə təkan
vermişdir.
Qeyd edək ki, jurnalistikanın ən ciddi və
fundamental problemlərindən biri onun ifadə etdiyi
sözün azadlığıdır. Jurnalistikanın lap erkən
çağından onun ifadə azadlığı, onun təqdim
etdiyi informasiyanın müstəqilliyi ətrafında
mübahisələr və mübarizələr
başlamışdır. Mətbuat
azadlığı problemi hələ XVII əsrdə
İngiltərədə ciddi şəkil almışdı.
Mətbuatın vəzifəsi və cəmiyyətdə
yeri barədə diskussiyaların Avropada üç yüzə
yaxın yaşı var. ABŞ-da mətbuatın nəzəri
cəhətdən öyrənilməsinin tarixi bu ölkədə
1860-70-ci illərdə əsası qoyulan jurnalist təhsili ilə
əlaqələndirilir. Onu da demək
vacibdir ki, mətbuata dair ilk əsərlər onun tarixinin tədqiqi
və xüsusilə hüquqi aspektlərinin öyrənilməsi
ilə əlaqədar olmuşdur.
Qərb ölkələrindən fərqli olaraq Rusiyada mətbuatın
nəzəri problemlərinə ciddi diqqət verilmişdir. İndinin
özündə də Qərb ölkələrində
jurnalistikanın praktik cəhətlərinə onun nəzəri
problemlərindən qat-qat artıq diqqət yetirilir. Lakin ənənəvi olaraq, Rusiya elə bu gün də
sənətin nəzəri araşdırılmasına xeyli tədqiqat
həsr edir. Qərb ölkələrində praktik
istiqamətə marağın çoxluğu təkcə belə
bir faktla sübut edilir ki, bəzi ölkələr indi hətta
jurnalistin KİV-də, birbaşa iş yerində daha
yaxşı hazırlandığını iddia edir. Bəzi
ölkələrdə isə başqa sahələrdə
fundamental biliklər alan – ali təhsili
olan, habelə jurnalistikaya maraq göstərən adamları
xüsusi məktəblərdə az müddətə peşəyə
hazırlayırlar.
Jurnalist hazırlığının Rusiya təcrübəsi
də özünü doğruldur. Burada jurnalistika
ixtisası fundamental biliklərlə birgə verilir. Habelə Rusiya ənənəvi olaraq
jurnalistikanın nəzəri istiqamətlərinə ciddi diqqət
yetirir. Hələ 1820-30-cu illərdə A.S.Puşkin,
N.V.Qoqol, V.Q.Belinski və s. kimi ədiblər jurnalistikanın
nəzəri məsələlərinə xeyli əsər həsr
eləmişlər. Hələ XVII əsrin
ortalarında M.V.Lomonosov onun əsərlərini əsassız
tənqid etmiş jurnalistlərə verdiyi maraqlı məsləhətləri
ilə bu sahədə nəzəri fikirlərin
başlanğıcını qoymuşdur. V.Q.Belinski
1830-cu illərdə “Biblioteka dlya çteniya” jurnalının
redaktoru Bulqarinin jurnalı populyarlaşdırmaq üsulunu
öyrənməyə çağırırdı. 1856-cı ildə N.Dobrolyubov özünün
“Yekaterina dövrü rus satirası” məqaləsində
satirik jurnalistikanın nəzəri əsasları barədə
xeyli fikir demişdi. Azərbaycan nəzəri fikir
tarixində M.F.Axundovun “Yüksək İranın “Millət” qəzetinin
münşisinə kritika” və “Kəmalüddövlə məktubları”ndakı
mülahizələrini nəzəri jurnalistikanın
başlanğıcı hesab etmək olar.
Azərbaycan jurnalistikasının bünövrəsi
olan “Əkinçi” qəzetinin yaradılması ərəfəsində
M.F.Axundovun, H.Zərdabinin bir-birinə məktubları hələ
qəzet ortaya çıxmamışdan onun nəzəri
modeli barədə maraqlı fikirlərlə zəngindir. Sonralar H.Zərdabinin
“Rusiyada əvvəlimci türk qəzetəsi” (1904) məqaləsi
də nəzəri məsələlərə toxunur.
Böyük ictimai xadim və publisist M.Ə.Rəsulzadə
özünün “Mətbuat azadlığı” məqaləsində
mətbuatın dünya praktikasındakı işlək modelləri,
onların nəzəri əsasları, söz və mətbuat
azadlığı barədə bu gün üçün də
çox aktual səslənən fikirlər demişdir.
Sovet dövründə SSRİ-də jurnalistikanın nəzəri
aspektlərinə diqqət çox olsa da, bu diqqət birtərəfli
xarakter daşımış, dünya praktikasının
işlək modellərindən yalnız tənqid hədəfi
kimi istifadə edilmişdir. Bu modelləri üzə
çıxarmaq və onların barəsində obyektiv fikir
demək kommunist ideologiyasına qarşı çıxmaq demək
olardı. Ona görə də, olsa-olsa, həmin
nəzəri fikirlər barədə ancaq tənqidi
monoqrafiyalar üzə çıxırdı. Qərbdə isə alimlər jurnalistika nəzəriyyələrinin
tarixi inkişaf yolunu, onları doğuran ictimai şəraiti
və bu nəzəriyyələrin təcrübədə
gerçəkləşmə mexanizmini izah edirdilər.
Jurnalistikanın ideya-nəzəri konsepsiyaları
haqqında müasir araşdırıcıların fikirləri
də, əslində, daha çox əvvəllər
aparılmış axtarışlar üzərində qurulur. Bu nəzəri fikirlərin
birində jurnalistikanın nəzəri konsepsiyaları
sırasında aşağıdakılar göstərilir:
humanitar –demokratik konsepsiya. Bu istiqamət öz
başlanğıcını maarifçilik nümayəndələrinin
baxışlarından alır. Bu
konsepsiyada jurnalistin sosial məsuliyyəti əsas kimi qəbul
edilir. Avropa burjua-demokratik təsisatlar tərəfdarları
mətbuatın demokratikliyini və xəlqiliyini konsepsiya kimi
irəli sürürdülər.
Ümumiyyətlə, “jurnalistika kimi mürəkkəb
bir sosial sistemin bütöv şəkildə öyrənilməsi
üçün onun formalaşma prosesinə, tipologiyalaşmasına
və modelləşməsinə diqqət etmək çox
vacibdir” (Axmadulin E.V. Kratkiy kurs teorii jurnalistiki. M.,
İzdatelğskiy üentr “MarT”, 2006). Həm
də nəzərə almaq lazımdır ki, KİV-in
müxtəlif sistemlərdə, rejimlərdə və
müxtəlif tarixi şəraitdə bu faktların
formalaşdırdığı modelləri, nəzəri
konsepsiyaları mövcuddur. Buna görə
də jurnalistikanın Qərbdə formalaşan modellərini
bütünlüklə Şərqə tətbiq etmək
çətindir. Bununla belə bu modellərin
hamısında eyni bir qanunauyğunluq olur. Və özündə oxşar qanunauyğunluqlar
daşıyan bu modellər olmadan nəzəriyyə yoxdur.
Model nəzəriyyənin məntiqi
karkasıdır.
Görünən
odur ki, Qərbdə Uilbur Şrammın sosial məsuliyyət
istiqamətini əsas tutan modeli, Con və Matilda Raylinin
sosioloji modeli, Herbert Maletkin sosial modeli, rus alimlərindən
A.N.Alekseyevin, M.Larustinin, Y.V.Vorontsovanın, Y.P. Proxorovun, E.Q.
Bağırovun modelləri mövcuddur.
Jurnalistika nəzəriyyələrinin formalaşma
tarixini və bütövlükdə bu nəzəri
konsepsiyaların öyrənilməsində ABŞ alimlərinin
rolu daha çoxdur.
Məşhur
ABŞ sosioloq və mətbuat nəzəriyyəçiləri,
habelə mətbuat tarixçiləri Fred Sibert, Teodor Piterson və
Uilbur Şrammın “Mətbuatın dörd nəzəriyyəsi”
kitabı bu tədqiqatların nəticəsi kimi XX əsrin
ortalarında meydana gəlmişdir. Hələlik
bu kitabın ortaya qoyduğu, əsaslandırdığı
dörd nəzəriyyə özünün həm elmi, həm
də praktik qiymətini indi də saxlayır. Bu kitab mətbuatın mahiyyətini, xidmət etdiyi məqsədləri,
müxtəlif ölkələrdə özünü niyə
müxtəlif cür göstərdiyi barədə maraqlı
elmi mülahizələr irəli sürür. “Mətbuatın
dörd nəzəriyyəsi”nin müəllifləri
sübut edirlər ki, mətbuat həmişə əhatəsində
fəaliyyət göstərdiyi sosial və siyasi strukturun forma
və rənglərini qəbul edir. Mahiyyətcə
mətbuat sosial nəzarət sistemini əks etdirərək
ayrı-ayrı adamlarla ictimai institutlar arasındakı
münasibətləri tənzimləyir. Kitabda
təfsilatı ilə izah olunan dörd nəzəriyyənin
ikisi, müəlliflərin özlərinin də qeyd etdiyi
kimi, əslində, iki əvvəlki nəzəriyyənin
modifikasiyası təbirində qəbul edilməlidir.
İlkin və əsaslı modellər:
1.Avtoritar;
2.Libertarian;
Doğrudan da, sonrakı dövrün nəzəri modeli
kimi qəbul edilən sovet – kommunist mətbuat nəzəriyyəsi
avtoritar modelin, sosial məsuliyyət mətbuat nəzəriyyəsi
isə libertarian modelinin çox xırda çalarlı dəyişikliklərə
uğrayan forması kimi qavranılmalıdır. Beləliklə, mətbuatın
dörd nəzəriyyəsi aşağıdakılardır:
1.
Avtoritar mətbuat nəzəriyyəsi;
2.
Libertarian mətbuat nəzəriyyəsi;
3.Sosial
məsuliyyət mətbuat nəzəriyyəsi;
4.Sovet-kommunist
mətbuat nəzəriyyəsi;
Bu nəzəri konsepsiyalara ayrı-ayrılıqda diqqət
edək, onların tarixi-funksional yolunu izləyək.
“Avtoritar
modelin intişar tapmağa
başladığı illəri cəmiyyətdə atanın
mütləq avtoritet olaraq qəbul edildiyi patriarx
ideologiyasına qədər endirmək mümkündür”
(Vural Sacide. Kitle İletişiminde Denetim
Sistemleri. Ankara, Özışık
Maatbaçılık, 1994). Dövlətin
demokratikləşməsində böyük rolu olan mətbuatın
avtoritar idarə sistemi millətin, ölkənin geridə
qalmasına səbəb olan ən ciddi faktorlar
sırasındadır. Klassik filosof Əflatun dövlətin
ancaq ağıllı, dəyərli və qətiyyətli
insanların əlində güvənli ola
biləcəyini söyləyirdi. Ancaq nə etməli
ki, tarixən çox nadir hallarda dövlət belə
adamların əlində olmuşdur. Əksər
dövlət başçıları demokratik dəyərləri
formalaşdıran hər şeydən, o cümlədən mətbuatdan
ehtiyat etmişlər. Avtoritar mətbuat belələrinin
idarə sistemindən doğmuşdur.
Avtoritar mətbuat nəzəriyyəsi mətbuat nəzəriyyələri
içərisində ən qədimidir. O, intibahın son
çağındakı avtoritar üsul-idarəsi
dövründə, xüsusilə kitab çapının
meydana gəlməsi ilə formalaşmışdır. Bu dövrün cəmiyyətində belə bir fikir
vardı ki, həqiqət geniş kütlədən deyil, onu
idarə edən və istiqamətləndirən imtiyazlı
adamlardan gəlir. Təzəcə
formalaşmağa başlayan mətbuat da yuxarıdan
aşağıya fəaliyyət göstərirdi. O
dövrün hakim dairələri cəmiyyətə mətbuat
vasitəsilə özlərinə sərf edən
informasiyanı ötürürdülər. Habelə,
insanlara hansı siyasəti dəstəkləmək istiqamətini
aşılayırdılar. Hakimiyyət
adamları mətbuatın hakimiyyətə məxsus
olduğunu iddia edərək onu kral siyasətini həyata
keçirməyə borclu sayırdılar. Mətbuatın xüsusi mülkiyyət sektoruna
düşməyi çox çətin idi və xüsusi
icazə tələb olunurdu.
Xüsusi mətbuat hakim dairələrin diqtəsindən
azacıq imtina edən kimi çətinliklə əldə
edilmiş bu icazə dərhal ləğv olunurdu. Deməli,
naşir onun fəaliyyətinə icazə verən hakimiyyətin
siyasətini təbliğ etməyə məhkum idi. Hakimiyyət mətbuatın siyasətini müəyyən
edir, yeri gəldikdə senzura tətbiqindən, lisenziyanı ləğv
etməkdən də çəkinmirdi. Aydındır
ki, belə mətbuat özünün bugünkü anlamda olan
hakimiyyətə nəzarət funksiyasını heç vaxt
yerinə yetirə bilməzdi. Mətbuatı
hakimiyyətə nökər funksiyasında qəbul edən
bu nəzəriyyə XVI əsrdən başlayaraq uzun müddət
öz qüvvəsini saxlamışdır. Bu konsepsiya müxtəlif ölkələrdə mətbuatın
başlanğıc nöqtəsi olmuş və bu gün də
bəzi yerlərdə yaşamaqdadır.
Avtoritar mətbuat
nəzəriyyəsinin aşağıdakı əsas
xüsusiyyətləri müəyyənləşdirilmişdir:
1. XVI-XVII
əsrdə formalaşmış, bir çox ölkələrdə
hələ də özünü göstərir;
2.
Monarxın, yaxud onun hökumətinin tam
hökmranlığı fəlsəfəsindən
doğmuşdur;
3.
Əsas məqsədi – hakimiyyətdə olan hökumətin
siyasətini dəstəkləmək və həyata
keçirmək, hakimiyyətə xidmət etmək;
4. Mətbuatı
yalnız kral patenti, yaxud başqa növ icazəsi olan adamlar
işlədə bilər;
5. Mətbuata
dövlət patentləri, gildiyalar (birliklər), lisenziyalar, bəzən
senzura vasitəsilə nəzarət edilir;
6.Mətbuatda siyasi idarə sistemini və bu idarənin hakimiyyət
adamlarını tənqid etmək qadağandır;
7. Mətbuat
şəxsi adamların (özəl) və dövlətin əlində
olur;
8.
Hökumətin əlində olmayan mətbuat orqanları da
hakimiyyətin siyasətini həyata keçirir.
Bu nəzəriyyənin ən mürtəce mahiyyəti
onun hakim dairələrin diqtəsi ilə fəaliyyət
göstərməsidir; onun fəaliyyəti üçün
dövlət lisenziyasının mütləq olmasıdır,
hakimiyyət adamlarını tənqid etmək
qadağasıdır; senzuranın mövcudluğudur. Lakin sonralar
yaranacaq və haqqında bir azdan
danışacağımız kommunist mətbuat nəzəriyyəsindən
bunun müsbət cəhəti odur ki, bu modeldə həm də
özəl sektor fəaliyyət göstərə bilir.
Məlumdur ki, mətbuat demokratiya uğrunda mübarizənin
bir vasitəsi, demokratiyanın inkişafını təmin edən
bir faktdır.
Tarixin inkişaf yoluna diqqət etmək kifayətdir
ki, avtoritar sistemin uzun müddət yaşaması ilə
dövlətin, ölkənin inkişafdan necə
qaldığının şahidi olaq. Qərb
ölkələrinin avtoritar rejimdən nisbətən tez xilas
olmasının əsas səbəblərindən biri mətbuata
verilən az-çox azadlıqla bağlıdır.
İngiltərə hakimiyyəti hələ XVII əsrin
sonundan anlamağa başlamışdı ki, mətbuatın təzyiqlərə
məruz qalması cəmiyyətin total
savadsızlığına gətirib çıxarır ki, bu
keyfiyyət də öz növbəsində yeni texnika və
texnologiyanın yaranmasına əngəl olur, onun idarəsinə
tələb edilən bilgiləri yox edir. Bu səbəbdən
də İngiltərə Qərb ölkələri içərisində
mətbuatın maarifçilik funksiyasını daha tez dərk
edərək onun normal nizamlanması qayğısına
qalmışdır.
Rusiya ənənəvi olaraq, mətbuata uzun müddət
avtoritar bucaqdan baxmış və onu hakimiyyətə qulluq edən
vasitə kimi nəzarətdə saxlamışdır. Hər cür
potensial intellektual qüvvəyə, maddi zənginliyə,
yeraltı sərvətə malik Rusiyanın bu günə kimi
davam edən geriliyi, qeyri-sivilliyi və qeyri-demokratikliyi mətbuata
avtoritar münasibətin nəticəsindən də irəli
gəlir. Avtoritar-faşist rejiminin ən ağır
nümunəsi olan Hitler Almaniyası zamanı onun “rəhbərinin”
“Mənim mübarizəm” kitabında təbliğatla
bağlı sözləri Rusiyanın uzun müddət qəbul
etdiyi konsepsiyaya çox bənzəyir: “Bütün təbliğat
aydın olmalı, ən aşağı səviyyəli
kütlə üçün nəzərdə
tutulmalıdır. Diqqət ona yönəlməlidir
ki, yüksək intellektual səviyyə yaranmasın. Yüksək intellektual səviyyə təbliğatı
qəbul etmir.” Hitler “rəhbərə” pərəstiş
prinsipi ilə kütlələri ələ almağı ən
etibarlı üsul sayırdı.
Rusiyada dövlət mövcud olandan “rəhbərə” pərəstiş
özünü həmişə göstərmişdir. Hətta
2000-ci ilin astanasında belə Rusiyada “Boje, soxrani tsarya!”
avtoritar dövlət himninin bərpası ətrafında
müzakirələr getdi.
Mətbuat Rusiyada uzun müddət cəmiyyəti məlumatlandırmaq
üçün deyil, ona hakimiyyətin vacib saydığı
informasiyanı sırımaq aləti olmuşdur. Doğrudur,
avtoritar modellərin işlək olduğu bütün ölkələrdəki
kimi Rusiyada da tarixən özəl mətbuat olmuşdur.
Lakin sivil Qərb ölkələrindən fərqli
olaraq buradakı özəl mətbuat həmişə rəsmi
dövlət senzurasının nəzarəti altında fəaliyyət
göstərmiş, ən adi müstəqil fikrə görə
təqib edilmişdir. Rus çarları içərisində
azad fikrə – mətbuatın müstəqilliyinə tolerant II
Yekaterina (1770-ci illər) və II Aleksandr (1850-ci illərin
ikinci yarısı) bu dözümlülüyü cəmi 4-5 il davam etdirmişlər. Kütlənin
mətbuat vasitəsilə nəyisə dərk etməsi rus
hakim dairələri üçün tarixən təhlükəli
hesab edilmişdir.
Sovet-kommunist rejimində bu “təhlükə” daha
çox nəzərə alınmış və mətbuata nəzarət
ikiqat güclənmişdir. Mətbuatın rus ənənələri
ilə yaşamış sovet respublikaları 70 il
avtoritar modelin təsiri ilə fəaliyyət göstərmişlər.
Son illər bu nəzarətdən
çıxmış müstəqil postsovet respublikaları mətbuatı
ictimai maraq və bazar münasibətləri üzərində
qurmaqdadır.
Məsələn, müstəqil Azərbaycan
Respublikası kütləvi informasiya vasitələrinə
dair qanunvericilik aktlarında dünyanın ən demokratik təcrübəsinə
söykənir. Ölkədə jurnalistin, mətbuatın
tam müstəqilliyi Azərbaycan Respublikasının
Konstitusiyasında təsbit edilmişdir. Azərbaycanın
KİV haqqında qanunları o qədər liberaldır ki, hətta
bir çox Avropa ölkələrinə nümunə ola bilər. Bu gün avtoritar mətbuat
modeli ilə fəaliyyət göstərmək ən geridə
qalmış ölkələrdə mümkündür.
İnsan cəmiyyətinin inkişafı və
dünyada maariflənmə prosesinin sürətlənməsi
avtoritar rejimin dayaqlarını, hər yerdə olmasa da,
ayrı-ayrı ölkələrdə, sivilliyə meyl edən
bölgələrdə sarsıtmağa başladı. Avtoritar rejimin
sarsılması mətbuata münasibətin dəyişməsinə
və onun yeni konsepsiyasının meydana çıxmasına
təkan verdi. XVII əsrin
axırlarında özünü göstərən, XVIII əsrdə
formalaşan, XIX əsrdə tam mənası ilə işlək
modelə çevrilən yeni nəzəriyyəni tədqiqatçılar
libertarian, yaxud azad iradə nəzəriyyəsi
adlandırdılar. Bu nəzəriyyə mətbuatın
insan və dövlət münasibətlərində avtoritar
sistemin tam əksi kimi özünü göstərir.
Libertarian mətbuat modeli öz təməlində
liberalizm fəlsəfi görüşünə söykənir. Ona görə
də “Liberal nəzəriyyəyə ümumi bir nəzər
saldıqda, Qərb nəzəriyyəsinin yalnız mətbuat
sahəsində bir düşüncənin ortaya
atılmasında nəzəri bir məsələ olmaqdan
çox, orta əsrlərin sxolastik kilsə təlimi və
doqmalarından sıyrılaraq, ağılın ön plana
keçdiyi işıqlı bir dövrə
çatmasını müjdələyən simvolik məna da
ehtiva etdiyi görünməkdədir” (Özgen Murat.
Qazeteinin Etik Kimligi. İstanbul, Qazeteçiler
Cemiyyeti Yayınları, 1998).
Bu nəzəriyyə insanı yalnız idarə olunan
varlıq kimi deyil, öz təbii fikri, öz düşüncəsi,
özünüifadə qabiliyyəti olan, yalanı doğrudan
ayıran varlıq kimi təqdim edir. Burada insana bir neçə
variantdan seçmək, ayırd etmək, müstəqil qərar
qəbul etmək imkanı verilir. Həqiqətin
yalnız hakimiyyətə məxsusluğu fikri rədd edilir,
onun insanın hər birinə xas olan keyfiyyət kimi qəbulu
məqbul sayılır. İnsana
seçim hüququ verilir. Bu cəmiyyətdə mətbuatın
yeri çox maraqlıdır: mətbuat həqiqət
axtarışında insanın köməkçisinə
çevrilir. Universal keyfiyyətdə olub, sinfilik mahiyyətini
rədd edən mətbuatın azad iradə nəzəriyyəsi
də, “Mətbuatın dörd nəzəriyyəsi” müəlliflərinin
fikrincə, aşağıdakı əsas xüsusiyyətləri
özündə əks etdirir:
1.Bu nəzəriyyə
İngiltərədə (1688-ci ildən sonra) və ABŞ-da
formalaşmış və qəbul edilmiş, digər ölkələrə
də öz təsirini göstərmişdir;
2.Nəzəriyyə Milton, Lokk və Millin əsərlərindən,
rasionalizm və insanın təbii hüquqlarından
intişar tapmışdır;
3.Bu mətbuatın
əsas məqsədi-bilgiləndirmək, əyləndirmək,
satışa çıxmaq, lakin ən əsası, həqiqəti
tapmağa kömək etmək, hökumətin fəaliyyətinə
nəzarət etməkdən ibarətdir;
4.Mətbuatı maliyyə imkanı və vasitələri olan hər bir
vətəndaş işlədə bilər;
5.Mətbuata “azad ideyalar bazarı”nda həqiqətin təsdiqi və
məhkəmələrlə nəzarət olunur;
6.Bu mətbuatda
böhtan, əxlaqsızlıq, müharibə zamanı
satqınlıq qadağan edilir;
7.Mətbuat, əsasən, xüsusi şəxslərə (özəl
sektora) məxsusdur;
8.Başqa konsepsiyalardan bu mətbuat dövlətə nəzarət
vasitəsi olması, cəmiyyətin digər
ehtiyaclarını təmin etməsi ilə fərqlənir.
Müasir Türkiyə media nəzəriyyəçilərindən
birinin dediyi kimi, kommunikasiya vasitələrinin siyasi hakimiyyətin
nəzarətindən kənara çıxması prosesinə
qədər sadələşdirilməkdə olan liberal nəzəriyyənin,
əslində avtoritar nəzəriyyəyə etiraz
reaksiyası olduğu qənaətinə də gəlmək
olar. Xüsusilə vurğulamaq lazımdır ki, liberal
media nəzəriyyəsi XVII əsrdən etibarən liberal
anlayışın ictimai fəlsəfi və iqtisadi təcrübələri
üzərində qurulmuşdur.
Libertarian mətbuat nəzəriyyəsinə görə
KİV hakimiyyətin təzyiq, təbliğat, manipulyasiya aləti
deyil, təqdim olunan faktlar vasitəsilə xalqın, cəmiyyətin
hakimiyyətə nəzarət etmək və faktlara söykənərək
öz fikrini, qərarını, nəticələrini müəyyənləşdirmək
vasitəsidir.
Ona görə də belə şəraitdə
mətbuat dövlətin nəzarətindən və təsirindən
çıxmalı olur. Bu nəzəriyyəyə
əsasən, “Həqiqətin üzə çıxması
üçün hamının səsi, ideyası eşidilməlidir.
Bu səs isə ancaq kütləvi kommunikasiya
vasitəsilə tirajlanır və ancaq onun köməyilə
eşidilir. Deməli, libertarian mətbuat
modeli azad ideyalar və informasiyalar bazarını yaradır.
Burada istənilən çoxluq, istənilən azlıq, istənilən
zəif, istənilən güclünün – hamının mətbuata
əli çatmalı, ondan öz fikrini ifadə etmək vasitəsi
kimi bəhrələnməlidir” (Metin İşık.
Dünya ve Türkiye Bağlamında Kitle İletişim
Sistemləri. Konya, Egitim Kitabevi Yayınları, 2007).
ABŞ, İngiltərə, Almaniya, Fransa kimi ölkələr
bu modelin işləklik səviyyəsinin yüksəlməsində
nümunə rolu oynamışlar. Əslində mətbuatla
bağlı bir anlayış kimi “dördüncü hakimiyyət”
ifadəsinin öz başlanğıcını məhz
İngiltərədən alması da təəccüblü
deyil.
Bu nəzəriyyə o qədər işıqlı, o qədər
aydın, ədalətli və yarayandır ki, hətta
kommunistlər də sözdə onu qəbul etdiklərini
bildirirdilər. Kommunistlərin minimum proqramlarında
söz və mətbuat azadlığının xalqa təklif
olunan modeli məhz libertarian nəzəriyyəsinə söykənirdi.
Sosial ədalətə, sosial məsuliyyətə,
plüralizmə, hər kəsin azad özünüifadəsinə
söykənən libertarian nəzəriyyəsi sonralar sosial
məsuliyyət nəzəriyyəsi kimi qəbul
edilmişdir. Mətbuatın bu nəzəriyyəsi,
hər şeydən əvvəl, demokratik prinsiplərə
söykənən liberal cəmiyyətin məhsuludur. Doğrudur, mətbuatın bu tip funksional şərtini
elə mətbuatın özü uzun mübarizələrdən
sonra yetişdirmişdir. Lakin bu şəraitin
formalaşması üçün digər ictimai
institutların da rolu böyük olmuşdur. Hansı ölkə sosial məsuliyyət nəzəriyyəsinə
gec gəlibsə, yaxud, hələ də gələ bilməyibsə,
onun günahı, başda dövlət sistemi olmaqla, o ölkənin
mətbuatının və ictimai institutlarının –
parlamentin, icra strukturlarının, məhkəmə sisteminin
üzərində qalır.
Digər tərəfdən, mətbuatın libertarian nəzəriyyəsi,
habelə bazar, kommersiya stixiyasının məhsuludur. Geniş tiraj
və populyarlıq mətbuatın bel sütunu, onun bazarda
uğurlarını şərtləndirən bir fakt kimi cəmiyyətin
bütün təbəqələrini nəzərə
almağı tələb edir. Populistlərin
söykəndiyi vədlər həmişə cəlbedici
olur. Ona görə cəlbedici olur ki, bu vədlərlə
bağlı faktlar yararlıdır, hamıya, əksəriyyətə
sərfəlidir. Bu mənada libertarian nəzəriyyə
populistlərin də söykənəcək yeridir. Ona görə də XX əsrdə ən qatı
antidemokratik ölkələrin hakim dairələri belə bu
nəzəriyyənin gerçəkləşəcəyini vəd
edirdilər. Hakimiyyətdə olanlar da, hakimiyyətə
can atanlar da.
Libertarian- azad iradə mətbuat modelinin bir sıra
qeyri-demokratik məqamları mətbuatın sosial məsuliyyət
nəzəriyyəsinin formalaşmasına əsas olmuşdur. Bu nəzəriyyə,
əslində, Libertarian- azad iradə nəzəriyyəsi
içərisindən özünü göstərmişdir.
Sosial məsuliyyət nəzəriyyəsinin
ortaya çıxmasında texnoloji və iqtisadi inkişafla bərabər,
liberal media düzəninin təşkilati olaraq nəzərdə
tutduğu sərbəst düşüncə bazarı
formalaşdırmaqda yetərsiz qalması müəyyyən
rol oynamışdır. Bu nəzəriyyə
öz mütərəqqi qaydaları, demokratik konsepsiyası
ilə hələlik demokratik dövlətlərin qəbul
etdiyi bir modeldir.
Sosial məsuliyyət nəzəriyyəsi azad rəqabətə söykənir. Bu nəzəriyyə mətbuatın libertarian modelini inkişaf etdirərək, hətta, mətbuatın sahibkardan da asılı olmamaq ideyasını irəli sürür. Doğrudan da, adi məntiqlə yanaşsaq, rəqabət bazarında duruş gətirmək üçün istər hakimiyyətin, istərsə də sahibkarın diktəsi ilə işləmək digər maraqlara məxsus böyük bir auditoriyanı itirmək təhlükəsi ilə üzləşir. Əlbəttə, sahibkarın öz diktəsindən tamamilə imtina edib mətbuatın fəaliyyətini yalnız jurnalistlərə və cəmiyyətə həvalə etməsi də çətin gerçəkləşən bir prosesdir. Ona görə də libertarian nəzəriyyəsi heç də total şəkildə reallaşa bilmir. Cəmiyyət libertarian modelindən sosial məsuliyyət modelinə keçir.
Mətbuatın libertarian – azad iradə nəzəriyyəsinin bəzi məhdud cəhətləri söz azadlığının yüksək təminatına mane olur. Belədə ABŞ-da meydana çıxan yeni bir konsepsiya irəli sürülür: 1942-ci ildə Birləşmiş Ştatlarda Mətbuat azadlığı haqqında Komissiya yaradılır. Bu Komissiya “ABŞ-da mətbuat azadlığına təhlükə varmı?” sualına müsbət cavab verir. Buradan da Komissiya mətbuatın cəmiyyət qarşısında məsuliyyəti və dövlətin onun işinə müdaxiləsi məsələsini irəli sürür. Yenə də “Mətbuatın dörd nəzəriyyəsi” kitabına müraciət etsək, bu nəzəriyyənin də əsas xüsusiyyətləri ilə tanış ola bilərik:
1. Mətbuatın sosial məsuliyyət nəzəriyyəsi XX əsrdə ABŞ-da yaranıb;
2. Bu konsepsiya mətbuat azadlığı Komissiyasının materialları, komissiya üzvü, Harvard universitetinin fəlsəfə üzrə professoru U.E.Hokinqin əsərləri, jurnalistlərin təcrübəsi və təşkilatlarının kodeksləri əsasında formalaşıb;
3. Bu mətbuatın əsas məqsədi – bilgiləndirmək, əyləndirmək, satışa çıxmaq, xüsusilə də konfliktləri diskussiya məcrasına keçirməkdir;
4. Bu mətbuatdan söz demək istəyən hər kəs istifadə edə bilər;
5. Bu mətbuata cəmiyyətin rəyi ilə, istehlakçıların fəaliyyəti, peşə etikasının təsirilə nəzarət edilir;
6. Bu mətbuatın şəxsi həyata, vacib ictimai maraqlara müdaxiləsi qadağan edilir;
7. Bu mətbuat cəmiyyət maraqları naminə onu öz əlinə almaq məcburiyyətində qalanadək şəxsi əllərdə olur;
8.İnformasiya vasitələri öz üzərinə sosial məsuliyyət götürməlidir. Onlar bunu etmirsə, bu vəzifəni mətbuatın yerinə yetirməsi üçün kimsə onun fəaliyyətini izləməlidir.
Libertarian modeldə nəzəri cəhətdən irəli sürülən, lakin gerçəkləşməsinə bir çox obyektiv səbəbin imkan vermədiyi məqamlar sosial məsuliyyət modelində reallaşa bilir. Bu mətbuat cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır, çünki o, bir çox cəhətdən – informasiya toplamaq və ötürmək cəhətdən sərbəst üstünlüyə malikdir. Bu modeldə mətbuat özü üzərinə nəzarət öhdəlikləri götürür.
Nəzəriyyə özünün tarixi inkişaf yolunda altı vəzifəni üzərinə götürmüşdür: 1. Sosial məsələlər üzrə informasiya təminatı, müzakirə və polemika yolu ilə siyasi sistemə xidmət etmək; 2. Özünüidarə etmək qabiliyyətini tərbiyə üçün kütləni maarifləndirmək; 3. Şəxsiyyətin hökumətlə bağlı hüquqlarını müdafiə etmək; 4. Reklam vasitəsilə iqtisadi sistemə xidmət etmək; 5. Əyləndirmək; 6. Fəaliyyət müstəqilliyini təmin etmək üçün özünün maliyyə problemlərinin qayğısına qalmaq.
Bu altı vəzifənin hamısının nəzəri əsasları var. Lakin narahatlıq bəzi media sahibinin bu funksiyaları necə başa düşməsində və mətbuatın onları necə yerinə yetirməsindədir. Nəzəri araşdırmalarda bu tipli mətbuatın özünəməxsus böyük imkanlarından öz nəfinə istifadə edilməsindən narahatlıq bildirilir. Onun sahibləri siyasi, iqtisadi məsələlərdə öz baxışlarını yeritməyə çalışırlar; bu mətbuat, yeri gələndə, böyük biznesə güzəştlər edir, reklam sahiblərinin redaksiya siyasətinə nəzarət etmələrinə şərait yaradır; bu mətbuat sosial dəyişikliklərə müqavimət göstərir; bu mətbuat cari hadisələrin işıqlandırılmasında prioritetə deyil, sensasiya xarakterli materiallara üstünlük verir, əyləncə materiallarında ictimai normalara meydan oxuyur. Bu mətbuat əsassız olaraq insanların şəxsi həyatına soxulur; bu mətbuat bir sosial-iqtisadi qrupun nəzarətində olur, yeni adamların bu sahəyə keçmələrini çətinləşdirir.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 11 fevral.- S.24-25.