Şərq-Qərb
qovşağında yeniləşmə hərəkatı və
ziddiyyətlər
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR
(Əvvəli ötən şənbə sayımızda)
...Yeni dövr dünyaya qəflətən gəlmədi. Antik dövrdən başlamış butün zamanların içində hüceyrə-hüceyrə yetişən, toxuma-toxuma cücərən yeni dövr öz kökünə, mənbəyinə tamam yeni biçim vermiş, dünyanın indiyə qədər bəlli olmayan yeni mənzərəsini çəkmiş, yeni arzu və ideallara, həvəs və istəklərə, zövq və amallara yol açmışdı.
...Hər xalq da yeni dövrü eyni cür qarşılamadı. Zamanın və inkişafın ayrı-ayrı mərhələlərini yaşayan, psixoloji iqlimin müxtəlif ərazilərində yaşayan xalqlar üçun yeni mənəvi dünya ayrı cür də ola bilməzdi.
Amma bir cəhət büsbütün aydın idi: yaşamaq istəyən hər xalq bu dövrə gəlib çıxmalı idi, bu dövrdən süzülüb keçməli idi və yaşamaq haqqı almalı idi.
Çağdaş mədəniyyətin astanasına gəlib çatmış butün xalqların tarixində yeni dövrə keçid ideoloji zəminin yetişməsi, sosioloji, fəlsəfi, ədəbi-estetik bəraət almaq dövrü şərəfli, ibrətli və mürəkkəb bir tarixi dövr kimi xatırlanır. Hər nəsil bu dövrü həyat məktəbi kimi öyrənməyə çalışır.
Azərbaycan xalqının yeni dövrü Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır.
O Mirzə Fətəli ki...
Azərbaycan xalqının mənəvi müqəddəratını həll etməkdə ilk addım atdı, həyatını bu müqəddəs amala qurban verənlərin ilkiydi. Dəhşət və sarsıntı dolu gərgin həyat bir xalqın gələcəyi üçün, bütün Şərqin sabahı üçün yandı.
Dahi, qeyri-adi istedad bir şeyi mütləq tapmalı idi: dirçəlişin, yeni oyanışın milli formulunu.
Avropa xalqları üçün doğru olan çıxış və nicat yolları Şərqdə yoxlanılmalı, spesifik, ictimai-siyasi, milli-ənənəvi, tarixi-psixoloji şəraitin hər şeyi – ictimai inkişafın və milli mədəniyyətin bütün komponentləri bu formul üzrə hesablanmalı idi.
İki mədəniyyət arasında dayanmış dahi şəxsiyyətin beynində hər şey süzulməli, zamanın ağır sınağı üçün dönə-dönə hesablanmalı, ölçülub-biçilməli idi, çünki xalqın “...qanı sorulmuş və hərəkətdən düşmüşdür. Onların damarlarına təzə və isti qan tökmək və hərəkətə gətirmək lazımdır”. (M.F.Axundzadə)
Xalqa təbiətin və tarixin vergisi olan Mirzə Fətəli yeni dövrü duyub dərk eləyəndə öz milliyyətinin varlığını, gələcəyini, yaşamaq haqqını gözündən bir an da olsun uzaq tutmadı, sabah üçun, sabah naminə çarpışdı.
...Hər şey yenidən qurulmalı idi. Bu kəsif hava, bu iyrənc mühit, bu mənəviyyat, bu əxlaq tamam dəyişməli idi, mütləq dəyişməli idi! Xalq bu böyük cərrahiyyə əməliyyatına dözəcəkdimi? Cərrah bu ağır, çətin əməliyyatı başa çatdıra biləcəkdimi?
Zaman Mirzə Fətəlini böyük imtahan qarşısında qoymuşdu. İslam dünyasının mövhumat və cəhalət zehniyyəti hopmuş mühitdə, ənənəvi sənətlə mayalanmış beyin yeni dövrün havasında yaşamaq üçün çox dəyişməli, əsaslı şəkildə yenidən qurulmalı idi. Xalqın tarixində böyük və müqəddəs olan hər şeyi saxlamaq və hər şeyi müasir dünyanın havasına uyğun, müasir inkişafın tələbincə yenidən qurmaq ağır, çox ağır əməliyyat idi...
Çünki “bəhər hal Mirzə Fətəlinin günahı öz əsrinin əhli-imanları nəzərində vaqeən nəhayət imiş; səbəb budur ki, o, əl vurduğu işlərin hamısından “qan qoxusu” gəlirdi” (Mirzə Cəlil).
Bu sözlərdən “qan qoxusu” ifadəsini yadda saxlayıb, Mirzə Fətəlinin bu uzun, ağır, məşəqqət dolu çarpışma yoluna üz tutaq...
lll
...Rus imperiyası.
Bir adamın xoşbəxtliyi minlərlə adamın bədbəxtliyi uzərində qurulur, bir adamın bədbəxtliyi kiminsə xoşbəxtliyinin dibində, lap onun görünməz bir yerində gizlənir. Bir qrup adamı xoşbəxt etmək üçün yüzlərlə xalqın qanı, canı, maddi və mənəvi sərvəti axıb gedirdi. Və bu bir qrup adamın “xoşbəxtliyi” yüzlərlə xalqın bədbəxtliyi üzərində qurulurdu. Ancaq bu qrup adamın məxsus olduğu xalqın da yüzlərlə, minlərlə öz bədbəxti var idi. Və ağır işgəncədən, ziddiyyət və sarsıntıdan xəstələnən xalq Avropadan aldığı mənəvi sərvəti özündən süzəndə aydın oldu ki, yalnız öz dərdi, kədəri böyüklüyündə mənəvi qüdrətə malikdir.
Rus kəndlisinin, rus ziyalısının taleyi dünyaya dalbadal verdiyi dahilərdən başqa, bir də həmin dahilərin ifadə etdikləri həyatın qəribəliyi, zənginliyi, doluluğunda idi. Ziddiyyətlər içərisində yaşayan Rusiya sehrli, hələ qeyri-müəyyən bir işığa hamilə qalmışdı.
“Xalqlar həbsxanası”nda tarixin yeganə ümidi həmin o bətndə yetişəcək körpə idi. Tarix möcüzə gözləyirdi. Və bu möcüzənin vətəni o körpə idi.
Avropanın və Rusiyanın, Rusiya tərkibində məngənə içində yaşayan onlarca xalqın böyük oğulları artıq o körpəni aydınca görür, o körpə üçün, o körpənin yaşaması üçün yaşayırdılar.
...Rusiya qaynayırdı. Peterburqun saraylarından Dağıstan dağlarınacan, Moskvanın tünlüyündən adamsızlığınacan... Ölkə öz sənayesi, iqtisadiyyatı, mənəviyyatı, mədəniyyəti ilə yeni zaman qarşısında dayanmışdı. Yaşamaq üçün yol arayıb axtarırdı.
Bu yolu tapmaq həmin o gələcək körpə üçün zəruri idi. Tarixin çıxış yolu idi bu yol.
Tarixin çıxış yolunu tapmaq Mirzə Fətəlinin də alnına yazılıbmış.
...Deyirlər, insan yalnız öz dərdini yaşayır. Və zaman keçdikcə hər şeyi unudur və nəhayət, yalnız özü ilə bağlı yaddaşını saxlayır. Axırda onu da unudub ölür. Bəs bu necə olur ki, insan ulu babasının çəkdiyi ağrını da yaşayır, quldarlıq çağındakı qulların ağrıları onun bədənində dolaşır, cihad zamanları məhv olan minlərlə fanatikin ölümünü bədənində gəzdirir, canında, qanında insanın indiyə qədər çəkdiklərini yaşayırdı. Və bu ağrı elə dünyanın ağrısıydı. Ağır dünyanın, fani deyilən dünyanın...
Ayrı-ayrı adamların çəkdiyi bu ağrını ovutmaqdan, qətrə-qətrə azaltmaqdan söhbət getmir. Söhbət ondan gedir ki, belinə, ürəyinə bu qədər ağır yük yüklənən adam hara gedəcəkdi, neyləyəçəkdi, bu dünya ondan başqa qisaslarını necə alacaqdı.
Hamı qabağındakı cığırı görürdü, amma o, cığırın hansı yolla, bu yolun özünün haraya aparıb çıxardığını görürdü.
Hamı çörəyi görürdü, amma o, çörəyi yetişdirən torpağı görurdü.
Hər yaradıcı öz xalqını az-çox tanıyır. Amma o, bütün xalqları, millətləri bir yerdə, bir dərddə, bir sevincdə, bir ümiddə görürdü.
...Ağrı var ki, onun kökü insanın özündədir. Ağrının kökünü tapanda o ağrı azalır. İnsanın elə ağrısı da var ki, onun mənbəyi insandan kənardadır. Bu ağrının müalicəsi, təşxisi çətindir. Çünki bu ağrının kökü insanın bir parçası olduğu toplumun, insan cəmiyyətinin ağrısıdır və nə qədər ki, cəmiyyət xəstədir, o can ağrımalıdır...
“Kaş, anadan doğulmayaydıq! Doğulsaq da, kaş başqaları kimi olaydıq, yeməkdən, içməkdən, geyinməkdən ləzzət alıb, nəticəsiz və aqibəti olmayan arzu və məqsədlər ardınca gedəydik! Vallah, müasirlərimin vecsiz olmaları nəticəsində yaşayış mənə haram olmuşdur. Zəhərdən acı bir həyat keçirirəm...”
“Böyük bədbəxtlikdir ki, insan elə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin”.
Mirzə Fətəlinin apardığı bu qanlı mübarizənin bir kökü də özündə idi, ən böyük çarpışma, ən böyük təlatüm Mirzə Fətəlinin içində gedirdi.
Dünyanı – təbiəti və cəmiyyəti idrakın çətin və dolaşıq yolları uzun idi, hardan başlayıb harada bitdiyindən xəbər verən yox idi.
Və Mirzə Fətəli özü ilə mübarizədə ədalətli idi, olduqca təmiz idi. Mirzə Fətəli heç vaxt ürəyini satmamışdı, içindəki cəbhələri satmamışdı və o gizli müharibə həmişəlik mübhəm qalmışdı.
Mirzə Fətəli kamalın yetə bildiyi uca bir yerdə dayanıb ətrafı seyr edirdi. Gözəl anlayırdı ki, insan dünyanı özü boyda görə bilər, öz qədrini də dəf edə bilər; içi insan qarışıq bu keşməkeşli dünya sonsuzdur, nə əvvəli var, nə sonu...
Ancaq bu sonsuzluğun sonu elə sən özünsən, həm də özün deyilsən. Bu sonsuz yolda qərar tutmalı, zamanın gəlişini-gedişini anlamalı, vətən üçün ağrımalı, ağlamalı, bir ovuc toxum əkməli, bir ağac dikməli, bir yarpaq insan dərdi yazmalı, dünyaya, insana dalmalı, ağır olan çox şeyi çiyinlərində çəkməli, çəkməli, çəkməlisən...
Tale Mirzə Fətəliyə böyük faciələr hazırlayıbmış... Bu sakit, xeyirxah, gülərüz, ucaboy kişini nə ağır imtahanlar gözləyirmiş...
...Üç uşaq bir neçə gün ərzində qızılçadan ölmüşdü. Sonra altı uşaq...
“Son dərəcə sevdiyim kiçik bir qızım var idi ki, o da bu son günlərdə gözlənilmədən öldü. İndi mən onun fərağında ağlayır və yanıb-yaxılıram”.
“...Qəm-qüssənin çoxluğundan ölüm arzulayıramsa da, mənə qismət olmur. Odur ki, bir neçə saatlığa qəm və qüssəni unutmaq xatirinə özümə bir məşğələ axtarıram. Çünki bu məhərrəm ayının 17-də Xanbaba xanın arvadı olan qızım sizə məlum olan xəstəlik nəticəsində ölmüşdür. Ondan iki uşaq qalmışdır ki, biri 4 yaşında qızdır, ikincisi 3 yaşında oğlan. Belə isə nə vəziyyətdə olduğumu artıq soruşmayın”.
– Ey yer, ey göy, ey ay, ey günəş, ey ulduzlar, mənim günahım nə imiş, mən kimə nə pislik eləmişəm ki, bu qədər dərd-bəlanı mənə çəkdirirsiz... Nə imiş bu körpələrin suçu? Onların yarası ölüncə mənnən gedəcək. O körpələrin hər birinin təbəssümü, qığıltısı, dediyi ilk söz yadımdadı, həmişəlik yadımdadı, indi elə bilirəm, bu torpağın altında da onlar mənə baxır, gülümsəyirlər.
...Mirzə Fətəli Tiflisin ucqar küçələrinin kimsəsiz yerində idi, onun göz yaşları süzülüb axırdı. Qəddi azacıq əyilmişdi. Mirzə Fətəli yeri-göyü çağırıb öz-özü ilə danışırdı, təbiətdən cavab gözləyirdi fəqət, cavab tapa bilmirdi. Allahın qəzəbi. Mirzə Fətəli Allahın qəzəbinə gəlmişdi bəlkə? Dinlərin, dindarların tənqidi, Allahın yerdəki kölgəsi olan padşahların tənqidi tanrıya xoş getməyib bəlkə? Tanrı balalarını bir-bir əlindən ala-ala Mirzə Fətəlinin sinəsinə dağ çəkir bəlkə?
Bəlkə bu ucda-bucaqda gəzən sözlər, pıçıltılar, nifrətlə baxan gözlərin dediyi doğrudur...
(Bu sözləri yazanda Mirzə Cəlilin acı dolu sözlərini xatırladım “Ömrümün hansı guşəsinə baxdımsa tüstü gördüm. Tüstü, tüstü, tüstü...”)
Mirzə göz yaşlarını sildi. Gördü ki, balalarının sıra-sıra yatdığı qəbiristanlığa gəlib çıxıb. Diz çöküb balalarını bir-bir öpdü. Hava qaralmışdı. Ulduzlar çıxmışdı. Mirzə Fətəli səssizlikdə için-için ağlayırdı. Bir xeyli də keçdi. Mirzə Fətəli ulduzlara baxdı, kainatı dərindən dinlədi, bu gecənin içindən keçib uzaqdan, lap uzaqdan, kainatın qərib bir guşəsindən dünyaya baxdı, ulu ahənglə baxdı, nə əvvəli, nə sonu olan müqəddəs hərəkətə baxdı. Bu gecənin zamanından keçib min il qabağa getdi. Mirzə özündən ayrılıb, min adamın bəlasının kədərindən keçdi, min adamın öz kədərindən keçdi. Vətənin minillik kədərindən keçdi. Dünyanı dolaşdı və bir də gördü ki evindədir, oturub, əlində qələm nəsə yazır.
Mirzə Fətəlinin vəzifəsi, çini, gündəlik rəsmi həyatı necə ağır keçirdi, təsəvvür etmək çətin deyil.
Çar hökumətinin Şərq siyasəti, amansız və dolanbac müstəqillik yolları və sərt imperiya məntiqi Mirzə Fətəlinin gözü qarşısında idi. Və Mirzə Fətəli böyuk Puşkinin ölümünə matəm mərsiyəsi yazanda çar hökumətinə qarşı münasibətini dolayı yolla ifadə etmiş və İran, Hindistan adı ilə çar dövlətçilik siyasətinin daşını daş üstə qoymamışdı.
Qan içində boğulan xalqlar Mirzə Fətəliyə çox şey öyrətmişdi.
Məktublardakı uca ağaclara müraciətləri, xahişləri yada salaq. Və bunu da yada salaq ki, “Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə –Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər” (Ə.Haqverdiyev).
Din və xurafat adamlarının qəzəbi Mirzə Fətəlini bütün ömrü boyu addımbaaddım izləyirdi. Əlifba ilə bağlı, insanın fıkir və düşüncə azadlığı ilə bağlı, nə deyirdisə, onun ilk maneəsi dövlət və din idi. Mirzə Fətəli bu mübarizənin də ehtiyat yolunu gördü: “Zahirdə öz həmməzhəblərimizlə qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq”.
(Ardı var)
Kamil VƏLİ
525-ci qəzet.- 2012.- 11 fevral.- S.22.