Ön söz yerinə
Bu günlərdə “Mütərcim” nəşriyyatında Səlim Babullaoğlunun yazıçı Əjdər Ol haqqında “Sənət əsirliyində” adlı kitabı çıxıb. Kitaba müəllifin yazıçı, şair, dramaturq və tərcüməçi kimi çoxprofilli ədəbi fəaliyyətlə məşğul olan Əjdər Olun yaradıcılığı haqqında 2005-ci ildən bu yana müxtəlif vaxtlarda yazılmış resenziya və təəssürat yazıları, habelə Səlim Babullaoğlunun Əjdər Olla müxtəlif vaxtlarda elədiyi ədəbi söhbətlər (“Əmir Teymurun filləri”, “Şeir duyum göstəricisidir”, “Əjdər Olun “Qrafoman” hekayəsi haqqında”, “İnsan azad düşünəndə hər şeyi deyə bilir”, “Üzlərdəki mimikaları oxumaq kitab oxumaq kimidir”, “Həyatımızın çalınan kamançası”, “Əjdər Olun “Yaşa” şeirlər kitabı haqqında düşüncələr”) toplanıb. Nəfis və məxsusi tərtibatla 500 tirajla çap olunan bu kitab müəllifin 4-cü publisistika və ədəbiyyatşünaslıq (“Doktor Qarayev”, “Diktor”, “Ədəbi söhbətlər”) kitabıdır.
Kitabın giriş yazısını oxucularımız üçün maraqlı olacaq deyə diqqətinizə çatdırırıq.
Redaktə və korrektura üçün nəşriyyatın təqdim elədiyi son varianta baxıram. Əjdər Ol haqqında ilk yazını 6 il əvvəl yazmışam, fikirləşirəm ki, bu illər ərzində xeyli görüşümüz, söhbətlərimiz olub və indi pərakəndə xatırlamağa vərdiş eləmiş yaddaşımı qurdalaya-qurdalaya həm o görüşləri, həm də Əjdər Olu bir ədəbi ad kimi nə vaxtdan tanıdığımı dəqiqləşdirməyə çalışıram.
İlk dəfə 80-ci illərin ortalarında eşitmişəm Əjdər Olun adını. Atamdan. Bir neçə il sonra, indi dəqiq xatırlamıram, ya “Gənclik” jurnalıydı, ya “Ulduz”, atam Bakıdan ezamiyyətdən dönəndə, onun şeirləri çap olunmuş bir jurnalı gətirdi. Oxudu, mənə dedi ki, Əjdər Əli Bayramlıdandı, o vaxt Hacıqabul qəsəbəydi və indi Şirvana çevrilən Əli Bayramlıyla eyni ərazi vahidinə daxildi. Jurnalı yazı masasına qoyub gedəndən sonra mən də oxumuşdum o şeirləri. Bu artıq şair Əjdər Olla tanışlıq deməkdi.
Gərək ki, 90-cı ilin oktyabrında, o dövrdə Əjdər Ol Dövlət Televiziyasında ya işləyirdi, ya da sadəcə “Karvan” verilişinin aparıcısıydı, atamla bağlı bir veriliş çəkmişdilər, bizim evdə olmuşdular... biz onda tələbəydik, təəssüf ki, nə qardaşım-bacım, nə mən evdə deyildik. Deməyim budur ki, onda da mənim Əjdər Olla görüşüm, tanışılığım birincinin ikinciyə, kiçiyin böyüyə getdikcə artan hörmətiylə, yenə də qiyabi baş tutdu...
Daha bir neçə il keçdi.
Bu illərdə mən artıq şair Əjdər Olu daha yaxşı
tanımağa başlamışdım.
Bizim tələbəlik
dövrümüzün sevimli
ədəbiyyat qəzeti
kimi yadda qalan “Yol”da oxumuşdum
şeirlərini...
Beş-altı il sonra Əjdər Ol bir kitab
tərtib elədi. “Şirvana binə
gəlləm”. Hələ də
Əli Bayramlı olan Şirvanın, Hacıqabulun az-çox tanınan ziyalıları,
ədəbiyyat adamları
haqqında əsərlərindən
nümunələr verilməklə
məlumat kitabıydı.
Mənim
də haqqımda iki şeirimlə bərabər məlumat verilmişdi. Düzü, o vaxt da, indi
də həmin kitaba düşməyimin səbəbini özümdən
daha çox Əjdər Olun atama verdiyi qiymət,
atama olan səmimi münasibətiylə
bağlayıram.
2000-ci illərin lap əvvəliydi. Brodskidən tərcümələrə
aludəydim. Bir gün
Əjdər Olla rastlaşdım.
Bu bizim ilk görüşümüz
olsa da elə
salamlaşdı, elə
hal-əhval tutdu ki, elə bil
ilk dəfə görüşmürdük,
bunun insanlarla davranmağın ustası
olan Əjdərin ən adi keyfiyyəti
olduğunu sonradan bildim. “Palitra” qəzetində Adil Mirseyidin hazırladığı
“Vernisaj” adlı ədəbiyyat səhifəsində
yer almış Brodskidən elədiyim tərcümələrdən danışdı,
bir-iki xoş söz söylədi, sonra da telefon
nömrələrini verib
dedi ki, zəng elə, gəl, söhbətləşək.
Bir neçə gün sonra getdim. Yadımdadır, “Palitra”nın səhifəsinin
surətini, üzünü
çıxarmışdı, bəzi yerlərdə karandaşla, bəzi yerlərdə isə qırmızı qələmlə
qeydlər eləmişdi.
Bu dəfə çox
böyük nəzakətlə
də olsa yalnız iradlarını dedi. Düzü, onda bir az alındım, bəlkə yenə də təqdir gözləyirdim. On il vaxt keçib
həmin hadisədən.
Amma indiyədək ikinci belə hadisəylə rastlaşmamışam. Heç vaxt
görməmişəm ki,
bir həmkarımız
xahiş, müraciət
gözləmədən başqa
bir həmkarının
işinə belə həssaslıqla yanaşıb
ona düzəliş etsin, bunu onun
diqqətinə ürəyinə
dəymədən çatdırsın.
İndiyədək yadımdadır, Əjdərin surəti çıxarılmış qəzeti
masasının bir küncündən səliqəylə
götürüb açmağı
və qeydlərini aramla mənə deməyi. Sonra da həmin o nüsxəni mənə uzatdı, dedi ki, lazım bilsən(!)
istifadə eləyərsən.
Düz səkkiz il sonra,
“525 kitab” seriyasından
İosif Brodskinin şeirlər və esselər kitabını çapa hazırlayanda mən o qeydlərdən yararlandım, qeydlərin bir hissəsinin doğru olduğunu etiraf elədim özümə, həmin nüsxəni saxlamışdım.
Bir neçə il
də keçdi. “Yeni Azərbaycan” qəzetində “Ədəbiyyat”
əlavəsi hazırlayırdıq.Yenə
də tərcümələr,
şeirlər , yazılar, resenziyalar, məqalələr.
...Bir gün Əjdər zəng eləyib məni aparıcısı olduğu
“Gülüstan” verilişinə
dəvət elədi.
Sonradan daha bir dəfə də getdim o verilişə...
İndi biz onunla tez-tez görüşürük. Kitablar
çıxanda, premyeralarda, təqdimat mərasimlərində,
xeyirdə, şərdə, yaxud da ki, elə-belə,
darıxanda. Bu illər ərzində onunla
tərcüməçi kimi kitablar üzərində bərabər
işləmişik, mən onun hər sözə, hər
vurğuya nə qədər ehtiyatla, həssas
yanaşdığını, məhsuldar olduğunu dəfələrlə
görmüşəm. Tərcüməçisi
özü olduğu mətnlərə də belə
yanaşıb, tərcüməyə verdiyi öz mətnlərinə
də.
Biz onunla
müxtəlif layihələri birlikdə gerçəkləşdirmişik:
“Əjdər Ol və dostları” adlı, güman edirəm bu
iş davam edəcək, layihəsini Rəbiqə
Nazimqızının da iştirakı ilə birlikdə
“uydurub” cavan həmkarlarımızın əsərlərindən,səslərindən
ibarət disk buraxmışıq, Maqvala Qonaşvilinin
kitabı üzərində işləmişik... Mən onun nə
qədər dəqiq bir adam olduğunu və
zamana hörmətlə yanaşdığını
görmüşəm.
Mən onun həmkarlarına və ümumiyyətlə
insanlara nə qədər həssas
yanaşdığını hər dəfə sezmişəm. Əjdər
Ol mənim tanıdığım az-az adamlardandır ki, hədd,
ölçü hissini heç vaxt itirməyib. Panika keçirdiyini heç vaxt görməmişəm.
İş başında görmüşəm Əjdər
Olu. Amiranə, lakonik, dəqiq.
Qarşısındakını belə olmağa sövq edən
xarizma və bacarıqla: telefon zənginə “Salam.
Danış”- deyə cavab verəndə həmsöhbətinə
o saat mətləbə keçməkdən başqa
çıxış yolu qoymayan ustaca tövrü, “Həəə,
qardaş salam,salam. Danış
görək” deyəndə isə vaxtının çox
olmasını duyuran, ürəkləndirən bir eyhamla.
Onun ilk baxışdan quru, soyuq təəssürat yaradan
görüntüsünün altında, bunu mənə
çoxları deyib, iti yazıçı gözü və fəhmiylə
yanaşı insanpərvərliyi həmişə
ayıq-sayıq olub.Onun o soyuq və quru
görüntüsünün altında yuxa, kövrək bir
şair və insan gizləndiyini mən tez-tez
görmüşəm.
Əjdər Ol çətin günün dostudu. O qədər olub ki, səhər
tezdən zəng edib və təklif edib ki, bəlkə gedək
filankəsə baş çəkək,başına
qəza gəlib. Getmişik, geri qayıdanda
gülə-gülə deyib ki, heç qəhrəmanlarıyla
belə görüşə gedən yazıçı
görmüsən? Bu sözün çoxlu yozumu ola bilər, amma mən dəqiq bilirəm ki,
Əjdər bu sözüylə baş verənlərdə
sanki onun bir yazıçı kimi də olsa marağı
olduğunu yumorla qabartmaqla, əslində həmin adama insani
planda göstərdiyi xeyirxahlığı gizlətmək,
unutdurmaq, onu sanki arxa plana keçirmək niyyəti durub.
Onda
özünü erkən biruzə verən –hər halda mən
bunu on ildi ki, hiss edirəm, – ağsaqqallıq
görmüşəm,yox,o bu keyfiyyəti
heç kimə güclə sırımayıb, hamı elə
belə də olmalıdır düşünüb, hər
şey ahəngdar baş verib.
O qədər
olub ki, “yəqin filankəsin toyuna gedəcəksən, bir gedərik”
deyib, görüş yerinə də hamıdan tez gəlib. O
qədər olub ki, hamının özünü itirdiyi,
çaşqınlığın bərqərar elədiyi
sükut və çıxılmazlıq içində adi
sözü ilə hamını vəziyyətdən
çıxardıb, yox yerdə necə deyərlər, urvat
yaradıb.
Yumor hissi çox güclüdü onda. Amma hamı
kimi yalnız gülüş üçün hesablanmayan, adi,
axarlı, orqanik bir yumoru var Əjdərin. Çox ciddi
görkəmlə, asta səslə və rahatca, məsələn
bir toydasınızsa, müğənninin qulaq batıran
cingiltili səsindən bezib belə deyə bilər: – O
müğənniyə çox pul vermək lazımdı, ki,
oxumasın. Necə ki deyib.
Deyəsən,
Karneginin sözüdü, deyir ki, masası dağınıq
olanın qafası da dağınıqdı, iş
otağında dəfələrlə
görüşmüşəm onunla, masasının
üstünü heç vaxt dağınıq görməmişəm.
Kağızlar, məktublar, poçt, qəzetlər,
kitablar... hər şeyi təzələnmiş şəkildə,
amma həmişə öz yerində görmüşəm.
Yoldaşlığı əvəzolunmazdı. İngilssayağı
hazırlıqlı adamdı. Sanki
qabaqcadan nə lazım olacağını bilir. Bəlkə də elədi.
Əjdər də bir səyyah, Odissey ruhu var.
Böyük öyrənmək yanğısı var onda. Hər səfərdən
qayıdanda təəssüratlarıyla bölüşüb
mənimlə. Hər dəfə də mütləq
muzeydən, teatrdan, tarixdən nəsə danışıb...
Marqaret Tetçerin London küçələrindəki
asta yerişindən də, Vatikanın tükürpədən
əzəmətli kilsələrindən də. Danışmağı da ki bir ayrı aləmdi.
Yer, məkan haqqında, muzey haqında elə
danışır ki, elə bil adam
haqqında danışır, sanki növbəti portret
yazısını oxuyursan, kim bilir, bəlkə bu daha
düzdü, biz muzeyə gedəndə əşyaları yox,
onların vasitəsiylə adamları tanımaq, görmək
istəməmişik məyər?
Əjdər Ol həqiqi vətənpərvərdi,
çünki az-az ədəbiyyatçılarımızdandı
ki, vətənin-insan olduğunu bilir, vətən onun
üçün adətən pafosla şəkilləndirilən
və yalnız ərazi yox, o ərazidəki talelər məcmusudu.
İnsanşünas deyilən bir söz var, Əjdər
insanşünasdı.
Mən
onun evində olmuşam, eyvanında yaratdığı
“yazıçı guşəsində” energetik rahatlıq
duymuşam, həmin güşədə hələ yəqin
çox az adamın eşitdiyi memuar,
xatirat üslubunda yazdığı iri həcmli nəsr əsərinin
fəsillərini oxuyub. Özü də fasiləsiz
2 saat 15 dəqiqə. Əsla
yorulmamışam. Əksinə, bu oxu prosesində bizim əsrdə
itib getmiş olan, mənim isə yalnız kitablardan
tanıdığım “velikosvetskiye”, ya da “bogemnıye
çteniya”ları canlandırmağa
çalışmışam...
Mən bu
giriş yazısında yazıçı Əjdər Olla
tanışlığımdan, bu tanışlığın
tarixçəsindən, insan Əjdər Olu necə
gördüyümdən danışdımsa da onun
yazıçılığı haqqında
danışmadım, çünki kitabdakı sonrakı
yazılar həm vaxtilə çap olunanda, həm də elə
bu kitabda eyni işi yerinə yetirib və yetirəcək.
Ümid edirəm ki, bu giriş yazısı sonrakı
yazılarda yaradıcılığını təhlil etdiyim
Əjdər Olun obrazını bitkinləşdirməyə az da olsa xidmət edəcək. Çünki
bu kitab öz-özünü yaradıb,
yaşadığımız günlər həyatı təşkil
edib yaratdığı kimi.Bu kitaba daxil olan yazılar, söhbətlər
kitab olmaq hədəfi ilə yazılmayıb, edilməyib,bunu sevmirəm. Kitab yazıram,
roman yazıram deyib işini anons eləməyi düzgün
hesab eləmirəm. Kitab yazılmaz, o
baş tutar, peyda olar. Deməyim budur ki, bu kitabdakılar
– istedadlı şair, son illər yetişmiş ən bitkin,
bütöv yazıçılarımızdan biri (polyak tərcüməçilərindən
birinin dediyi kimi azərbaycanlı Çexov; mən isə “və
Dovlatov” kəlməsini əlavə edərdim), dramaturq Əjdər
Olun zaman-zaman nəşr olunan, oxucuların, dinləyicilərin,
insanların ixtiyarına verilən şeirlərinə, hekayələrinə,
pyeslərinə münasibətlər kimi ayrı-ayrı
vaxtlarda yazılıb və mətbuatda çap olunub. Əgər kitab öz-özünü yaradırsa
demək giriş yazısını da qaçılmaz edir.
Ağlıma
gəlir, bəlkə də Əjdər Ol mənim yerimdə
olsaydı, əvvəllər yazdığı portret
yazılarındakı ustalıqla növbəti hekayəsini
yazacaqdı, çap etdirəcəkdi, bu hekayə uzun müddət
ədəbiyyatın yarımqaranlıq və şərab
qoxuyan dəhlizlərində yozulacaq, dartışılacaq,
yüz cür mənalandıracaq, hətta mənə “təskinlik”
verənlər də olacaqdı. Ola bilsin...
Amma heç kimi təkrar eləməyə ehtiyac yoxdu, xüsusən həmin adamla dostsansa. Hətta həmin adam Əjdər Oldursa belə...
18 avqust, 2011-ci il, Höküməli
525-ci qəzet.-
2012.- 11 fevral.- S.21.