Elazığ-Bakı
mədəniyyət və sənət görüşü
ALMAS
İLDIRIMIN İKİNCİ VƏTƏNİNDƏN UNUDULMAZ
TƏƏSSÜRATLAR
...Bu dəfə xəyalən yox, gerçəkdən Elazığa – Almas İldırımın ikinci Vətəninə “uçduq”. Nə qar, nə şaxta o yerləri görmək istəyimizin qarşısını ala bilmədi.
Fərqli və doğma mədəniyyətlərin,
incəsənətlərin, ədəbiyyatların
qovuşduğu bu məkanda bizi qar yox, günəşli
gün qarşıladı. Sanki Elazığa yaz gəlmişdi...
Xəbər verdiyimiz kimi, 2-4 fevral tarixlərində Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçirilib. Türkiyə Cümhuriyyəti Xaricdə Yaşayan Türklər və Əqraba Toplular Başkanlığının, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Elazığ Valiliyi, Bələdiyyə Başkanlığı, Mədəniyyət və Turizm İdarəsi, Fırat Universiteti, Elazığ Ticarət və Sənaye Evi, “Manas” nəşriyyatı, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin iştirakı ilə təşkil olunan tədbir ölkəmizin müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr olunmuşdu.
Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti – Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin İnformasiya və reklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filoloq Asif Rüstəmli, Elazığda mühacirət ömrü yaşamış böyük şairimiz Almas İldırımın yaradıcılığının tədqiqatçısı Hacıağa Almaszadə, şair Əjdər Ol, antik əşyalar üzrə mütəxəssis Şahid Həbibulla, ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları iştirak etdi.
“Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində Elazığda Azərbaycan parkı və Şəhidlər abidəsinin təntənəli açılış mərasimi keçirildi. Ötən il Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən IV Türk dünyası ədəbiyyat dərgiləri konqresində “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” seçilən Xalq yazıçısı Anara Elazığ Fırat Universitetinin “Fəxri doktoru” diplomu təqdim olundu. Bundan başqa, Elazığın “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” və Azərbaycanın “Ozan” nəşriyyatı tərəfindən çap olunan “Elazığ çələngi” kitablarının təqdimat mərasimləri, Almas İldırıma və Füzuliyə sayğı gecələri gerçəkləşdi.
lll
...Elazığla Bakı çoxdan qardaşlaşıb. Bu iki diyarı bir-birinə vətən həsrətli mühacir şair Almas İldırımın taleyi, vətən yanğısı ilə od tutub yanan şeirləri, dərdləşdiyi kiçik Xəzər gölü və bu torpaqdakı silinməz izləri bağlayır. Onda hələ keçilməz sərhədlər iki qardaş ölkəni bir-birindən ayırırdı, onda hələ kommunizmin orağı xalqları keçmişindən qoparırdı. Tarixin bu sərt və amansız döngəsində Almas İldırım ölümün gözünə baxa-baxa öz şeirlərində türk dünyası ilə qürur duyur, türkçülüyü sevə-sevə təbliğ edirdi. Belə bir zamanda ağrılara, acılara, təqiblərə məruz qalan şair sonda Elazığa üz tutub dedi:
Aç qoynunu, uzaqdan
gəlmişəm, çox yaslıyam,
Eli, yurdu çalınmış bir qərib
Qafqazlıyam.
Bu torpaq Almas İldırımı öz balası kimi bağrına basdı. Kədərli taleyi, işıqlı arzuları, inamı, əqidəsi ilə Almas İldırım Azərbaycanla Türkiyənin ortaq övladı oldu...
Kiçik Xəzərdən böyük Xəzərə
...Zaman zaman içindən axıb keçdi. Almas İldırıma və Almas İldırımlara qənim kəsilən sovet rejimi tarixin səhnəsindən silindi. Heç nəyi unutmayan tarix boxçasında gizlətdiyi həqiqətləri üzə çıxardı. Ancaq illər boyu Elazığ vilayəti həsrət və vətən şairini heç unutmadı. Almas İldırımın xatirəsinə həsr olunmuş gecələr keçirdi, kitablarını nəşr etdi.
1992-ci ildə Elazığda “Fırat şeir axşamları” adı ilə bir şeir gecəsi keçirildi. Sonralar “Xəzər şeir axşamları” adı ilə keçirilən bu tədbir türk dünyasına səs saldı. İlk dəfə 5 dekabr 1992-ci ildə Elazğın mədəniyyət adamı Fikrət Məmişoğlunun xatirəsinə həsr olunan “Xəzər şeir axşamları”nda Azərbaycandan professor Ələddin Məmmədoğlu, 1993-cü ildə dastan şairi Niyazi İldırım Gəncosmanoğlunun xatirəsinə həsr olunmuş gecədə Xalq şairi Nəbi Xəzri iştirak etdi. 22-25 sentyabr 1995-ci ildə “Xəzər şeir axşamları” Doğu Türküstan davasının böyük mücahidi İsa Yusif Alptekinin xatirəsinə həsr olundu.
2004-cü ildə isə “Xəzər şeir axşamları” “Kiçik Xəzərdən böyük Xəzərə” adı ilə Azərbaycanın paytaxtında – Bakıda gerçəkləşdi. “Uluslararası Xəzər şeir axşamları” 22-24 sentyabr 2005-ci il tarixlərində Almas İldırımın xatirəsinə həsr olundu. Bu gecədə 20-yə yaxın türkdilli ölkənin nümayəndəsi iştirak edirdi. 2008-ci ildə keçirilən gecə Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuşdu...
20 ildən bəri təşkil olunan “Xəzər şeir axşamları” iki qardaş xalqın ədəbiyyatını, milli-mənəvi dəyərlərini bir araya gətirmək istiqamətində böyük layihələrə imza atıb. 2006-cı ildə Elazığda fəaliyyətə başlayan “Manas” türkdilli xalqlarının ədəbiyyatının təbliğində böyük işlər görməkdədir. 2007-ci il Elazığda “Almas İldırım ili” elan olunur və şairin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Ənvər Arasın “Xəzərdən Xəzərə Almas İldırım” kitabı “Manas” nəşriyyatı tərəfindən çap olunub. Elazığ Bələdiyyə Məclisinin qərarı ilə şəhərin küçələrindən birinə Almas İldırımın adı verilib. 2007-ci ildə Azərbaycanda da Almas İldırımın 100 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə qeyd olunub.
2008-ci ildə Bakıda fəaliyyət göstərən “Ozan” nəşriyyatı ilə Elazığ “Manas” nəşriyyatı birlikdə “Elazığ çələngi” kitabını nəşr edib və 2010-cu ildə Bakıda elazığlı qonaqların iştirakı ilə kitabın geniş təqdimat mərasimi keçirilib.
Azərbaycanla Türkiyəni, Elazığla Azərbaycanı sadəcə tarixləri, mədəniyyətləri, qədərləri deyil, həm də sevgiləri, sevdaları, türküləri birləşdirir. Bu birlikdə Elazığın ayrıca yeri var...
Elazığda Azərbaycan parkı
Tədbirlərdən öncə Elazığ valisi Muammer Erol Azərbaycan nümayəndə heyətini qəbul etdi. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli valiyə xatirə hədiyyəsi təqdim etdi.
Fevralın 3-də Elazığın Cümhuriyyət məhəlləsində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış heykəlin təntənəli açılışı oldu. Açılış mərasimində Elazığ valisi Muammer Erol çıxış edərək, Elazığ bələdiyyəsi tərəfindən salınan Azərbaycan parkı və park içərisində 1918-ci ildə Bakının erməni daşnakları və bolşeviklərdən azad olunması zamanı həlak olan iki elazığlı əsgərin şərəfinə ucaldılmış şəhidlər abidəsinin açılışını önəmli hadisə kimi dəyərləndirdi. Azərbaycanla Elazığ arasındakı qardaşlığın, dostluğun bundan sonra da davam edəcəyini bildirdi.
Elazığ Bələddiyyə Başkanı Süleyman Salmanoğlu çıxışına böyük şairimiz Bəxtiyar Vahabzadənin misraları ilə başladı:
Bir
ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu,
bu da ulu,
Azərbaycan-Türkiyə.
Bələdiyyə
başkanı çıxışında bu gün
Elazığ şəhərində Krım türklərinin əfsanəvi
lideri olan Mustafa Cəmiloğlu parkına, Qazaxıstan Akmola
parkına, böyük qırğız
yazıçısı Çingiz Aytmatov parkına, Azərbaycanın
və Türkiyənin ortaq övladı olan Almas
İldırım prospektinə, Azərbaycan şairi Bəxtiyar
Vahabzadə prospektinə Azərbaycan parkı və Azərbaycan
şəhidlər abidəsinin əlavə olmasından məmnunluq
duyduqlarını dilə gətirdi. İki
ölkənin birliyi, diriliyi üçün
çalışanlara öz təşəkkürünü
bildirdi.
Mərasimdə
Türk Ədəbiyyatı Vəqfi Başkanı Servet
Kabaklı tarixi köklərə söykənən Azərbaycan
Türkiyə münasibətlərindən söz
açdı, tariximizi vərəqlədi, zaman-zaman xalqın
azadlığı və müstəqillik yolunda canını
qurban verən şəhidlərimizin xatirəsini andı, 20
ildən bəri keçirilən “Xəzər şeir axşamları”nın
mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın
inkişafında önəmli yeri olduğunu qeyd etdi. “Türk
dünyasının şeir paytaxtı”na çevrilən
Elazığda keçirilən hər görüşün
iki qardaş ölkə üçün yeni tarixlər
yazdığını bildirdi və bu “könül
görüşü”nün memarlarına Türkiyədən
və Azərbaycandan əmək və dəstək verən rəsmi
qurumların nümayəndələrinə öz təşəkkürünü
bildirdi.
Azərbaycan parkı və parkın içində Azərbaycan
şəhidlərinin şərəfinə
ucaldılmış heykəlinin açılışında
iştirak edən Xalq yazıçısı Anar tarixin ən
çətin anlarında bir-birinə dayaq olan Azərbaycan
Türkiyə qardaşlığından söz acdı. Türkiyənin ən
gözəl guşələrindən biri olan Elazığda
keçirilən “Xəzər şeir axşamları”nda iki
ölkənin mədəniyyətinin, ədəbiyyatının
qovuşduğunu bildirdi və qeyd etdi ki, bu gün
Elazığda Azərbaycanın nişanələri
çoxdur. Xalq yazıçısı
Elazığda Azərbaycan parkını yaradanlara, o cümlədən
Azərbaycan və bütövlükdə türk şəhidlərinin
ruhuna abidəni ucaldanlara bütün azərbaycanlılar
adından öz təşəkkürünü, minnətdarlığını
bildirdi. “Biz Elazığı sevirdiksə, indi bu sevgi birə
beş artdı”,- deyən türk
dünyasının böyük yazıçısı
çıxışını bu sözlərlə bitirdi:
Əziz,
gözəl Elazığ,
Səni
görməyənlər, nə yazıq...
lll
Azərbaycan
parkının və şəhidlər abidəsinin
açılış mərasimində Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
çıxış edərək Elazığ
torpağında Azərbaycan parkının və şəhidlərin
ruhuna ucaldılmış abidənin iki ölkə
üçün yüksək önəm
daşıdığını vurğuladı: “Zaman-zaman
insanlar bu məkanda Azərbaycan adını oxuyacaq, bu torpaq
onlar üçün daha da əziz, doğma olacaq”. Vaqif Bəhmənli Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin adından
Elazığ Valiliyinə, Elazığ Bələdiyyə
Başkanına, bu layihənin gerçəkləşməsində
əməyi olan hər kəsə minnətdarlıq ifadə
etdi.
Mərasimdə
iştirak edən Akademik Milli Dram Teatrının aktrisası,
Əməkdar artist Məsmə Ağaverdiyeva Vaqif Bəhmənlinin
şəhid atalara həsr etdiyi “Mənim bir atam vardı”
şeirini söyləyərək hər kəsi göz
yaşlarına qərq etdi. Azərbaycan Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
çıxışında qeyd etdi ki, artıq ikinci dəfədir
Elazığa gəlir və bu torpaqda yaşayan insanların ədəbiyyata,
sənətə nə qədər bağlı
olduqlarını bilir: “Havanın soyuq olmasına baxmayaraq hər
gəlişimizdə bu insanların sevgisinin, məhəbbətinin,
istiliyinin şahidi oluruq. Bu gün də
çox dəyərli bir hadisənin
iştirakçısıyıq. Həm Azərbaycan
parkının açılışı, həm şəhidlərin
şərəfinə ucaldılan abidənin
açılışı hesab edirəm ki, bizim yaddaşımızda
gözəl anlar kimi daima yaşayacaq, bu iki məkanı bundan
sonra da qırılmaz tellər bir-birinə bağlayacaq”.
Rəşad Məcid bütün
elazığlılara, görüşün təşkilatçılarına
öz təşəkkürünü bildirdi.
Fırat
Universitetinin rektoru, professor Feyzi Bingöl, Avrasiya Yazarlar
Birliyinin rəhbəri Yaqub Dəliöməroğlu
Elazığ- Azərbaycan əlaqələrindən, bir millət,
iki dövlət olan Azərbaycan Türkiyə
qardaşlığından, tarixin çətin və sevincli
anlarında bir-birinə dayaq olmağı bacaran qardaş
ölkələr arasındakı münasibətlərdən
danışdılar. Qeyd olundu ki,
Elazığın Azərbaycan parkında ucaldılan bu abidə
həm də Dağlıq Qarabağda, Xocalıda,
bütövlükdə bütün türk dünyasında
şəhid olanların xatirəsinə ucaldılıb.
Abidənin
üzərində Almas
İldırımın ürəyinin qanı, vətən həsrəti
ilə yazdığı məşhur “Gölcük” şeiri
də həkk olunub.
Həmin gün Fırat Universitetinin toplantı salonunda
“Manas” nəşriyyatı tərəfindən çap olunan
“Cəfər Cabbarlının həyatı, sənəti və
mücadiləsi” kitabının təqdimat mərasimi oldu. Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid və Veysəl Karacanın
aparıcılığı ilə keçən mərasimdə
filoloq Asif Rüstəmli Cəfər Cabbarlının həyat
və yaradıcılığı barədə
iştirakçılara ətraflı məlumat verdi.
“Cəfər Cabbarlının həyatı, sənəti
və mücadiləsi” kitabını türkcəyə
çevirən Fırat Universitetinin müəllimi Süleyman
Kaan Yalçın böyük ədib Cəfər
Cabbarlının ömür yolu və zəngin
yaradıcılığından danışdı. Dramaturqun nəvəsi,
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər
Bağırova böyük ədibin irsinə göstərdikləri
diqqət və qayğıya görə hər kəsə
öz təşəkkürünü bildirdi. Kitabın
çap olunmasında əməyi olan M.Şenel Bulut, Əhməd
Buran və Süleyman Kaan Yalçına “Cəfər
Cabbarlı mükafatı”nı təqdim
etdi.
Tədbirdə
Azərbaycanın “Ozan” və Türkiyənin “Manas” nəşriyyatı
tərəfindən 42 elazığlı şairin həyatından
və yaradıcılığının cəmləşdiyi
“Elazığ çələngi” kitabının da təqdimatı
oldu. Xatırladaq ki, kitabın ilk təqdimatı 2010-cu il sentyabrın 15-də Bakıda keçirilib.
Təqdimat mərasimində Azərbaycanın incəsənət
nümayəndələri yaddaqalan konsert proqramı ilə
çıxış etdilər.
Türk
dünyasının Anarı
“Elazığ-Bakı
mədəniyyət və sənət görüşü”
çərçivəsində fevralın 3-də
Elazığ Bələdiyyəsi Mədəniyyət və
Konfrans Mərkəzində Azərbaycan və türk dilinin, mədəniyyətinin,
ədəbiyyatının inkişafındakı əvəzsiz
xidmətlərinə görə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anara Fırat Universitetinin
Senatorluğunun qərarı ilə Türk dili və ədəbiyyatı
sahəsində “Fəxri doktor” diplomunun təqdimat mərasimi
keçirildi. Təqdimatdan əvvəl
yazıçının həyat və
yaradıcılığından bəhs edən “Anarın həyat
hekayəsi” adlı film nümayiş olundu.
Fırat
Universitetinin rektoru, professor Feyzi Bingöl
Azərbaycan və türk dünyasının görkəmli ədibi
Anara “Fəxri doktor” diplomunu təqdim etməkdən qürur
duyduğunu bildirdi.
Təqdimat
mərasimində Elazığ valisi Muammer Erol, Elazığ bələdiyyə
başqanı Süleyman Salmanoğlu, Türk Ədəbiyyatı
Vəkfi Başkanı Servet Kabaklı, professor Əhməd
Buran, professor Fikrət Türkmən, Avrasiya Yazarlar Birliyinin sədri
Yaqub Dəliöməroğlu, Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli,
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,
şairlər İmdad Avşar və Əjdər Ol zəngin
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının
və eləcə də Türk ədəbiyyatının nəhənglərindən
olan Anarı yüksək fəxri ad münasibəti ilə
ürəkdən təbrik etdilər.
“ 2012-ci il Türk dünyasında ilin ədəbiyyat adamı” seçilən Anar ona sevinc dolu anlar yaşatdıqlarına görə hər kəsə öz təşəkkürünü bildirdi. İki qardaş ölkənin – Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini bildirdi.
Bu yerdə mütləq bir haşiyə çıxıb deməliyəm ki, qardaş Türkiyədə Azərbaycanın böyük yazıçısı Anarın şəxsiyyətinə və yaradıcılığına sonsuz hörmət və sevgi gördük. Bu sevgini Anar tarixin sərt dolayılarında sınaqlardan keçə-keçə zərrə-zərrə qazanıb. Türk dünyasına ürəkdən bağlılığı ilə, Türk ədəbiyyatının ayrılmaz bir parçası olmaqla Anar bu sevgiyə, bu hörmətə, bu diqqətə layiqdir. Bir azərbaycanlı kimi bu tarixi anların şahidi olduq və xalqımızın böyük yazıçısı ilə bir daha qürur duyduq.
Mərasimin sonunda Mədəniyyət və Turizm Bakanlığı Ankara Dövlət və Xalq Musiqi Xoru sənətçiləri Turğay Coşqun və Abdullah Gurbani və Elazığın yetişdirdiyi sazın, sözün ustadı Əsat Kabaklının iştirakı ilə möhtəşəm konsert proqramı oldu.
Kiçik Xəzərin sahilində
Almas İldırımlı anlar
İllər keçdikcə Elazığda Almas İldırıma sevgi azalması, əksinə günbəgün böyüyüb artdı. Bu həsrət şairinin şeirləri dupduru insanların ruhuna hopdu. Fevralın 4-də Sivricə “Müəllim evi”ndə keçirilən “Almas İldırıma sayğı” gecəsi bunu bir daha sübut etdi. Tədbiri Sivricənin kaymakamı Sultan Doğru açaraq Almas İldırımın həyat və yaradıcılığından danışdı. Tədbirdə türk ədəbiyyatı Vəqfinin rəhbəri Servet Kabaklı, professor Məhəmməd Bəşir Aşan, Almas İldırımın oğlu Azər Almas, Almas İldırımın qardaşı oğlu Hacıağa Almaszadə öz ürək sözlərini iştirakçılarla bölüşdülər. Vaqif Bəhmənli, Əjdər Ol, Rəşad Məcid, türkiyəli yazıçı Mövlud Ulutəkin Yılmaz bu duyğulu anlarda şeirlə Almas İldırımı andılar. Əməkdar artist Məsmə Ağaverdiyeva və Azərbaycanın gənc muğam ifaçıları uğurlu konsert proqramı ilə çıxış etdilər.
“Füzuliyə xatirə gecəsi”
Həmin gün “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində Fırat Universitetinin Atatürk Konfrans salonunda “Füzuliyə xatirə gecəsi” keçirildi. Gecədə Azərbaycan və Türkiyə sənətçiləri bir səhnəni bölüşdülər. Azərbaycandan gələn musiqiçilər – tarda Əməkdar artist Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Emin Cəbrayılov, xanəndələr Almaz Orucova və Ehtiram Hüseynovun mükəmməl ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Türk sənətçiləri – Həsən Öztürk, Paşa Dəmirbağ, Mehmet Özbek, Zülfi Dəmirdaş, Mustafa Döner, Dəniz İldırım və başqalarının ifaları Füzuli gecəsinə xüsusi rəng qatdı.
Gecənin sonunda görüş iştirakçılarına Elazığ valisi adından xatirə diplomları təqdim olundu.
* * *
...Elazığa yaz gəlmişdi. İnsanların təbəssümü, sevgisi, diqqəti Elazığ- Bakı mədəniyyət körpüsündə qovuşmuşdu. Elazığa yaz gəlmişdi. Bu yaz heç vaxt bitməyəcək...
Təranə
Vahid
Bakı-Elazığ-Bakı
525-ci qəzet.-
2012.- 11 fevral.- S.18-19.