Gənc xanəndə
Vüsalə Musayeva:“Muğamı ruhumun
laylası bilirəm”
“BƏXTİMİZ
GƏTİRİB Kİ, MUĞAMIN CANLI ENSİKLOPEDİYASI
OLAN USTAD SƏNƏTKARLARLA BİR DÖVRDƏ YAŞAYIR,
ONLARIN DƏRSLƏRİNİ, TÖVSİYƏ VƏ NƏSİHƏTLƏRİNİ
DİNLƏYİRİK”
Gənc xanəndə Vüsalə Musayeva yeni nəsil muğam ifaçılarımızın ən istedadlı nümayəndələrindən biri kimi tanınır və qəbul edilir. Ağdam rayonunda dünyaya gəlmiş V.Musayeva ilk musiqi təhsilini Rafiq Babayev adına orta musiqi məktəbində, əməkdar artist Feyruz Səxavətin sinfində alıb. 2004-cü ildə orta məktəbi bitirib, həmin il Asəf Zeynallı adına Musiqi Kollecinin muğam şöbəsinə daxil olaraq, xalq artisti Nəzakət Teymurovadan dərs almağa başlayıb. Qeyd etdiyim kimi, gənc ifaçı 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində, 2011-ci ildə Beynəlxalq Muğam Festivalında iştirak edib və hər iki yarışmanın laureatı olub. 2009-cu ildə Milli Konservatoriyaya daxil olub və hazırda təhsilini yenə də Nəzakət Teymurovanın sinfində davam etdirir. Dövlət Opera və Balet Teatrının solisti olan Vüsalə Musayeva eyni zamanda Şuşa Mədəni Maarif Texnikumunda pedaqoji fəaliyyət göstərir.
Gənc ifaçı sənətə gəlişi barədə danışanda deyir: “Uşaqlıqdan musiqini çox sevirdim. Xüsusilə də oxumağı. Musiqiyə belə sevgimin olması səbəbsiz deyildi. Çünki mən musiqiyə dərin rəğbət duyulan bir mühitdə doğulub-böyümüşəm. Anam qarmon müəlliməsi olub. Muğamlarla, xalq mahnılarıyla tanışlığım da onun sayəsində yaranıb. Ancaq müharibə düşəndən sonra, köçkünlük həyatı yaşamağa başladıq və anam bir daha qarmona yaxın düşmədi. Köçkünlük həyatı yaşadığımız üçün orta musiqi təhsilimə gec başlamışam. Çünki yaşadığımız yerlərdə bunun üçün şərait yox idi. İlk musiqi təhsilimi doqquzuncu sinifdə oxuyanda Rafiq Babayev adına 25 saylı orta musiqi məktəbində almışam. O zaman sevimli xanəndəmiz, əməkdar artist Feyruz Səxavət orda muğam dərsi verirdi. Düzü, o vaxt xanəndə ola biləcəyimə inana bilmirdim. Heç valideynlərim də məni bu məqsədlə musiqi məktəbinə yazdırmamışdılar. Sadəcə həvəsimi nəzərə alıb bu addımı atmışdılar. Feyruz müəllim səsimi dinlədi, bəyəndi və məni sinfinə qəbul etdi. Musiqi məktəbində oxuduğum illərdə məktəblər arasında keçirilən bir çox uşaq musiqi müsabiqələrində iştirak etdim. Getdikcə bu sənətə daha möhkəm bağlanırdım. Ancaq təbii ki, ailəm məni tamamilə başqa sahədə görmək istəyirdi. Xüsusilə də atam qəti şəkildə qarşı çıxırdı bu sənəti seçməyimə. Xarici Dillər Universitetinə hazırlaşırdım o aralar. Ancaq ailəm, çətinliklə də olsa, əsasən Feyruz müəllimin təkidi ilə, bir az da öz israrımla mənə anlayış göstərdi və sənədlərimi Asəf Zeynallı adına Musiqi Kollecinə verdim. Xalq artisti, səhnəmizin Leylisi Nəzakət Teymurovanın sinfinə daxil oldum. Nə vaxtsa böyük səhnədə çıxış edəcəyimi, xüsusilə də Opera Teatrında Leylini oynamağım mənim üçün əlçatmaz bir xəyal idi. Ancaq get-gedə bu xəyalların gerçəkləşməsinə doğru addımlar atırdım. Bu yolda müəllimlərimdən və sonralar ailəmdən də böyük dəstək görürdüm”.
2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsi Vüsalə Musayevanın xəyallarının gerçəkləşməsinə zəmin yaradan möhtəşəm bir yarışma oldu. Müsabiqəyə qatılanda 18 yaşı olan istedadlı xanəndə keçdiyi yolu indi – aradan 7 il keçəndən sonra belə xatırlayır:“O zaman birinci kursda oxuyurdum. Müsabiqənin elanını eşitdim və qərar verdim ki, mən də bir şansımı sınayım. Seçiləcəyimə ümidim olmadığı üçün sənəd verdiyimi nə ailəmə, nə də müəlliməmə bildirdim. Eşitmişdim ki, müsabiqəyə məndən yuxarı kurslarda oxuyan, muğama daha yaxından bələd olan, Konservatoriyada oxuyan gənclər də qatılıblar. Hardasa bu məndə inamsızlıq yaratmışdı. Səsimə güvənsəm də, muğam sahəsindəki nəzəri biliklərimə o qədər də güvənmirdim. Bir də o zaman məndə belə qəribə bir qorxu da vardı ki, müsabiqəyə seçilməməyim müəlliməmə söz gətirə bilər, onun ümidlərini doğrulda bilmədiyim üçün mənə acığı tutar. Seçimlərə qatıldım, birinci turdan keçdim, amma yenə də qorxularım vardı. Düşünürdüm ki, necə olsa, ikinci turda kəsiləcəm. Ancaq ikinci turdan da keçəndən sonra bir az ümid yarandı məndə, məsələni anama dedim. Üçüncü turda artıq anamla getmişdim seçimlərə. Bəxtim gətirdi və beş yüz nəfər iştirakçının içərisindən iyirmiliyə seçildim. Həmin an yaşadığım o sevinc mənim üçün unudulmazdır. Artıq iyirmilik müəyyənləşdikdən sonra müəlliməm müsabiqəyə sənəd verdiyimdən xəbər tutdu. Təbii ki, haqlı olaraq, məni bir az danladı xəbər vermədiyim üçün, ancaq sona qədər yanımda oldu, mənə böyük mənəvi dəstək verdi. O zaman müsabiqə sms yolu ilə keçirilirdi. Mən az sms topladığım üçün yarışmanı tez tərk etməli oldum. Ancaq Nəzakət xanım bu müddət ərzində mənə çox böyük zəhmət sərf etdi. Hətta gecənin gec vaxtlarına qədər o mənə muğamları, xalq mahnılarını öyrədirdi. Hər iki müəllimimə – həm Feyruz müəllimə, həm Nəzakət xanıma sənətdə gəldiyim indiki mövqeyə görə çox minnətdaram”.
Muğam müsabiqələrinin keçirilməsini və ümumiyyətlə muğam sənətinin hazırkı inkişafını Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın bu sahədəki yüksək təşəbbüslərinin nəticəsi kimi dəyərləndirən V.Musayeva hazırda ölkədə muğama, xanəndəlik sənətinə misilsiz rəğbət duyulduğunu bildirir. Muğam Müsabiqəsinin digər iştirakçıları kimi, bu yarışma onun da həyatında köklü dəyişiklik yaradıb. O, əvvəlcə Muğam Teatrında işə dəvət edilib, qısa müddətdən sonra isə, sənətdə ən böyük arzusuna – Opera səhnəmizin Leylisi olmaq arzusuna çatıb. Həm də bu obrazın ən gənc ifaçısı olub: “Mənə Leyli obrazı tapşırılanda həm sevindim, həm də dərin məsuliyyət hissi keçirdim. Çünki Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”u opera səhnəmizin şah əsəridir. Məşqlər zamanı öz üzərimdə çox çalışırdım, həm məsuliyyət, həm qorxu, həm də sevinc hissi yaşayırdım. Leylini ifa etmək hər bir sənətçi üçün çətin olduğu qədər də şərəflidir. Korifey sənətkarlardan, görkəmli ifaçılardan sonra bu gənc yaşda Leyli kimi səhnəyə çıxmaq, əlbəttə ki, olduqca məsuliyyətlidir. “Leyli və Məcnun” tamaşasına düz bir il hazırlaşdıq. Çox ciddi məşqlər gedirdi. Nəzərə alın ki, bizim ikimiz də – həm mən, həm də Məcnunu ifa edən dəyərli həmkarım İlkin Əhmədov heç bir aktyorluq təcrübəsi görməmişdik. Amma bizi bu sahədə də ciddi hazırlaşdırdılar. Buna görə Opera və Balet Teatrının baş rejissoru hörmətli Hafiz Quliyevə, bizim üzərimizdə çox əməyi olan gözəl tarzənimiz Elxan Mansurova, müəllimlərimiz Nəzakət xanıma, Mənsum müəllimə dərin təşəkkürlərimi bildirirəm”. Gənclərin ifasında “Leyli və Məcnun”un necə alınacağı tamaşaçılar üçün də, sənətkarlar, musiqişünaslar, tənqidçilər üçün də olduqca maraqlıydı. Tamaşanın premyerasından sonra mətbuatda onların ifaları ilə bağlı müsbət rəylərlə bərabər, həm də bəzi tənqidi fikirlər verilmişdi. Tərifləri inkişaf üçün stimul kimi qəbul etdiyini deyən Vüsalə tənqidlərin onu ruhdan salmadığını, öz üzərində daha ciddi işləməyə sövq etdiyini söyləyir.
“Sənətçinin ifası onun daxili aləminin aynasıdır” – deyən xanəndə muğamı “ruhunun laylası” adlandırır: “Hörmətli rejissorumuz Hafiz Quliyevin bir sözü var, deyir ki, hər bir insanın daxilində müəyyən şifrələr var, muğam o şifrələri açmağa qadir bir musiqi növüdür. Həqiqətən də, muğam, eləcə də muğam-opera elə bir sirli xəzinədir ki, dərinlərə nüfuz etdikcə daha irəli getmək istəyirsən. Muğam oxunduqca insan sanki özünü orada tapır, insanın kövrəkliyini, sevgisini bu musiqi üzə çıxardır, onu ilkinliyinə, ən saf, təmiz çağlarına qaytarır. Ona görə də mən muğamı ruhumun laylası bilirəm”.
V.Musayeva müəyyən uğurlardan sonra arxayınlaşan gənc ifaçıları anlamadığını, hər yeni nailiyyətin onda daha böyük məsuliyyət hissi yaratdığını deyir: “Mənim aləmimdə, xanəndə, ümumiyyətlə sənətkar nə qədər irəli gedir getsin, nə qədər yüksəlir yüksəlsin, qətiyyən arxayınlaşmamalıdır. Sənətdə uğura aparan yol çox uzun və məşəqqətlidir. Bunun üçün istedadla yanaşı, illərlə zəhmət, ciddi məsuliyyət, ustadlardan davamlı dərs almaq tələb olunur. Biz – gənclər gələcəkdə əsl muğam ustası olmaq üçün öz üzərimizdə çox çalışmalı, ifamızı təkmilləşdirməliyik, özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Bu gün biz çox şanslıyıq ki, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Bəxtimiz gətirib ki, muğamın canlı ensiklopediyası olan ustad sənətkarlarımızla eyni dövrdə yaşayır, onlarla ünsiyyətdə olur, dərs və tövsiyələrini, nəsihətlərini dinləyə bilirik. Əsl sənətkar ola bilmək üçün bizim onlardan – o böyük ustadlardan öyrənəcəyimiz çox cəhətlər var”.
Azərbaycanı, muğamımızı xarici ölkələrdə təmsil etməyin də başqa bir sevinc olduğunu dilə gətirən xanəndə bu missiyanın öhdəsindən də layiqincə gəlməyə səy göstərdiyini deyir: “Mənim ilk qastrol səfərim İsveçrənin Bazel şəhərinə olmuşdu. Biz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Günləri çərçivəsində Babək Niftəliyevlə birlikdə “Leyli və Məcnun”u əcnəbi tamaşaçılara təqdim etdik. Leyli və Məcnun çox fərqli bir quruluşda səhnələşdirilmişdi. Bazeldə tamaşa zalında çox az sayda həmvətənimiz vardı, demək olar ki, əksəriyyət xaricilər idi. Biz oxuduqca geniş monitorda qəzəllərin tərcüməsi titrlərlə təqdim olunurdu. Ümumiyyətlə, əcnəbilərin Azərbaycan muğamına olan marağı, sevgisi məni çox qürurlandırır. Fərəh hissi keçirirəm ki, zəngin ənənələrə və tarixi keçmişə malik muğam sənətimizi xaricdə təmsil etmək imkanı qazanmışam və əcnəbi ölkələrdə mənim də təqdimatımda bu möhtəşəm musiqimiz növbəti dəfə alqışlanır. Sonra Küveytdə, Fransada, Tatarıstanda, Qazaxıstanda qastrol səfərlərində olmuşam. Belə əhəmiyyətli tədbirlərdə, yaddaqalan səfərlərdə gənclərin, o cümlədən mənim iştirakıma şərait yaratdıqları üçün Mədəniyyət və Turizm Nazirliyinə, Opera və Balet Teatrının rəhbərliyinə ürəkdən minnətdaram”.
Uğurlarla bərabər, həyatında ən ağır itkilərdən birini də yaşayıb gənc xanəndə. Atasının dünyasını qəfil dəyişməsinin ona ağır zərbə vurduğunu deyən Vüsalə həmin çətin günlərdə hətta sənətdən uzaqlaşmağı da düşündüyünü bildirir: “Uğurlarım oldusa da, həyatda böyük bir sarsıntı da yaşadım. 2010-cu ildə atamı itirdim. Bu mənim üçün çox ağır bir zərbə oldu. Bir müddət səhnədən uzaqlaşdım. Hətta düşünürdüm ki, sənəti atım. Ancaq sağ olsunlar, ailəm, dostlarım, müəlliməm mənə dayaq oldular”.
“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarından sonra “Aşıq Qərib” tamaşasında Şahsənəm olmağa hazırlaşan gənc xanəndə tamaşanın məşqlərinin artıq başa çatdığını, yaxın günlərdə tamaşaçılara təqdim ediləcəyini deyir. “Aşıq Qərib”ə də Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev quruluş verir. Növbəti səhnə əsərində də Vüsalənin tərəf-müqabili İlkin Əhmədov olacaq. Tamaşada tərəf-müqabillərin bir-birini tamamlamasının mühüm amil olduğunu vurğulayan Vüsalə bu baxımdan İlkin Əhmədovla yaradıcılıq əməkdaşlığının keyfiyyətli alındığını qeyd edir. Gənc ifaçı digər obrazlarla bağlı olduğu kimi, Şahsənəmlə əlaqədar da ardıcıl işləyir, bu rola çox ciddi hazırlaşır: “Aşıq Qərib” də çox məsuliyyətli bir tamaşadır. Çətindir, ancaq öhdəsindən layiqincə gəlməyə çalışacam. Nəticəsinə isə, təbii ki, tamaşaçılar qiymət verəcəklər”.
Günel CABİRQIZI
525-ci qəzet.-
2012.- 11 fevral.- S.17.