“Azərbaycan
xalçaları” jurnalının ikinci
sayı işıq üzü görüb
Mədəni sərvətimiz – xalçalardan bəhs edən “Azərbaycan xalçaları” adlı elmi-bədii jurnalının ikinci sayı nəşr olunub. “Azər-İlmə” xalçaçılıq müəssisəsinin təsis etdiyi “Azərbaycan xalçaları” jurnalında bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalça nümunələri, xalçaçılıq məktəbləri, özünü bu sənətə həsr edən xalçaçı qadınlar, xalçaçı rəssamlar haqqında elmi, bədii məqalələr yer alıb. Jurnalda nəfis toxunuşu, gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xalçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı tədqiq olunub. Jurnalın ikinci sayında oxuculara xalq rəssamı Kamil Əliyevin yaradıcılığı, dünyanı heyran qoyan Urud xalçaları, miniatürçü rəssam Behzaddan bəhs edən məqalələr verilib. Oxucular, həmçinin Xaçmazda xalça muzeyinin açılışı, Almaniyada Azərbaycanın İstiqlal bayramının, Fransada “Azərbaycanın mədəni zənginlikləri” sərgisinin keçirilməsi ilə bağlı geniş məlumat alacaqlar.
“Müstəqilliyimizin 20 ili – Mədəniyyətimizin təntənəsi” yazısında isə son iyirmi il ərzində ölkəmizin mədəni həyatında baş verən ən əlamətdar hadisələr yer alıb. Tanınmış xalça eksperti Ömər Bozdağ, Rusiyanın Dövlət Şərq Muzeyinin elmi işçisi Mariya Yuryevna Filatova ilə eksklüziv müsahibə və onların xalçalarımızla bağlı fikirləri “Zaqatala xalçasının şöhrəti”, “Xalçalı pullar” kimi məqalələr də oxucularda maraq doğuracaq. Qala kəndinin sirlərindən, Xalçalardakı svastikanın nədən xəbər verdiyindən, “Məlikməmməd”in Berlinə necə gedib çıxmasından agah olmaq istəyənlər də “Azərbaycan xalçaları” jurnalına üz tuta bilərlər.
“Yalta konfransında Bakı
xalçası” adlı məqalə isə heç
kəsi biganə qoymayacaq. Məqalədə
II Dünya müharibəsi zamanı məşhur
üçlüyün – F.Ruzvelt,
İ.Stalin, U. Çörçilin
Almaniyanın gələcək taleyini
Bakı xalçası üzərində həll etməsindən
danışılır. Jurnalın nəşrində əsas
məqsəd Azərbaycan xalçalarını təbliğ
etmək, onların tarixini yenidən
araşdırmaq, dünya mədəniyyətindəki
mövqeyini möhkəmlətməyə
yardımçı olmaqdır. Rəngbərəng ilmələrdən
toxunan zərif, əsrarəngiz, bənzərsiz
naxışlarla bəzədilən xalçalar
ilk baxışdan, sadəcə, gözəl
əl işi kimi
görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir.
Hər naxışın, hər rəngin öz
mənası, öz tarixçəsi var. Xalqımızın qürur
mənbəyi olan, nəsillərdən-nəsillərə
yadigar qalan
xalçaçılıq sənəti həm də incəsənətimizin
dünya mədəniyyətinə
inteqrasiyasında bir vasitədir. Buna görə də milli
xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi
bir zərurət kimi meydana çıxıb. Azərbaycan, rus və ingilis dillərində
çıxan jurnal rübdə bir dəfə nəşr olunur.
Jurnalın baş redaktoru, professor Vidadi Muradovdur.
GÜNEL
525-ci qəzet.- 2012.- 11 fevral.- S.16.