Qiymətli tədqiqat
əsəri: “Azərbaycan Təhsil Tarixi”
Çoxları Azərbaycan təhsilinin tarixinin əsassız olaraq ən yaxşı halda XIX əsrin ikinci yarısından başlandığını qeyd edirlər. Bəlkə də bu, həmin adamların da nöqsanı deyil. Əslində, Azərbaycan təhsilinin tarixinin dərin araşdırmalara, sistemli təhlilə, real faktlara söykənən ümumiləşdirmələrə və yalnız mövcud olmuş Azərbaycan dövlətləri tarixi bazasında yox, bütövlükdə Qədim Şərq, İslam tarixi, orta əsrlər tarixi və müasir dövr tarixi mənbələri əsasında dərindən öyrənilməyə ciddi ehtiyacı var idi. Həyatının çox hissəsini Azərbaycan təhsilinin inkişafına həsr etmiş, bu gün də təhsil sistemində uğurlu islahatların təşkilatçısı olan hörmətli Təhsil naziri, professor Misir Mərdanovun bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan təhsil tarixi” adlı 3 cildlik fundamental tədqiqat əsəri (4-cü cild hazırda çapa hazırlanır) təhsil tariximizin elmi araşdırmalarının uğurlu nəticəsi, mühüm nailiyyəti kimi qəbul edilməlidir. Bu dəyərli elmi əsər təhsil tariximizin şanlı salnaməsi hesab oluna bilər. Əsərdə bütövlükdə şərq tarixinin, türkdilli xalqların tarixinin, müsəlman ölkələri tarixinin, ədəbiyyatının, mədəniyyətinin, elminin ən maraqlı məqamları vəhdətdə verildiyindən daha böyük əhəmiyyət kəsb edir.
Xüsusi qeyd etmək istərdim ki, bu əsərin dili çox sadə və rəvan olduğundan oxucu onu oxumaqdan yorulmur, ondan ayrılmaq istəmir.
Kitabın I cildi 3 fəsildən ibarətdir. Birinci fəsil
Qədim və Orta əsrlərdə, ikinci fəsil XIX əsrdə,
üçüncü fəsil XX əsrin əvvəllərində
Azərbaycan təhsilinin tarixinə həsr olunub.
Müəllif haqlı olaraq qədim və orta əsrlərdə
Azərbaycanda təlim və tərbiyənin zərdüştlük
dininin əsas kitabı olan “Avesta”ya əsaslandığını
qeyd edir.
“Avesta”dan gətirilmiş aşağıdakı misallar əslində
bu gün də qəbul olunandır və nəzərə
alınmağa layiqdir: “Təlim-tərbiyə
varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə
malikdir. Hər bir şəxs müəllim və
tərbiyəçilərin vasitəsilə yazıb
oxumağı öyrənməli, həm də
özünün sağlamlığına ciddi fikir verməlidir.
Yalnız bu yolla insanlar yüksək məqsədə
çata bilərlər”. “Pis müəllim
şüuru korlar. Sözün mənasını
çatdırmaz, ağlın inkişafını
dayandırar, təlim-tərbiyəni fəsada çevirər.
Nəticədə həyatın təbii
axınına və gözəlliyinə zərər yetirər”.
“Çalışın ki, alim və cahil
arasında fərq qoyasınız. Alimlər
həyatın yol göstəriciləridir”.
Şübhəsiz, geniş oxucu kütləsi
üçün çox maraqlı faktlardır ki, Azərbaycanın
cənubunda yerləşən qədim Atropatena dövlətində
təhsilin ilk rüşeymləri formalaşırdı. Zadəganların
uşaqları ilk təhsilini evdə alır, 7 yaşından
sonra isə məktəbə göndərilirdilər. Məktəbdə tibb, hesab, coğrafiya, musiqi və
astronomiya elmləri tədris olunurdu. İxtisaslı
kadrlar “saray məktəbində” hazırlanır, burada hakim
sinfin uşaqları 16 yaşından başlayaraq müvafiq
ixtisas təhsili alırdılar. Həmin
dövrdə hərbi məktəblər də fəaliyyət
göstərirdi.
IV əsrdə Qafqaz albanlarının 52 hərfdən
ibarət əlifbasının yaranması və bundan sonra
Albaniyada məktəblərin açılması, bu məktəblərdə
şagirdlərə aylıq təqaüd və gündəlik
yemək verilməsi faktları da təhsil tariximizin qədimliyinə
parlaq nümunədir. Müəllif tarixi mənbələrə
əsaslanaraq göstərir ki, V əsrdə Albaniyada kənd
məktəblərinin mövcud olması “Qəbələ və
Girdiman kimi iri şəhərlərdə müvafiq məktəblərin
varlığına şübhə yeri qoymur.”
O,
haqlı olaraq qeyd edir ki, “Azərbaycan türklərinin islam dinini asanlıqla qəbul etməsinin əsas
səbəbi onların ta qədimdən xeyir və göy
tanrısına tapınmaları, tanrıçılıq
dininə etiqad etmələri idi.”
Həmin dövrdə gənclərin tərbiyə
olunması məsələlərinə ciddi önəm
verildiyini vurğulayan müəllif qeyd edir ki, “Hərbi təlim,
cəsurluq, cəngavərlik Azərbaycan türklərinin tərbiyəsində
mühüm yer tuturdu.” “Əsgəri şücaətlər hər
bir türk kişisi üçün, onun özünün,
ailəsinin, tayfasının şərəf, namus işi idi”.
“Azərbaycan türkləri savaşda ölməyi,
şəhid olmağı şərəf bilər, xəstələnər,
ölməkdən utanarmışlar”. “Azərbaycan
türklərində uşaqlar həmişə atalarına
hörmətlə yanaşmış, onların qulluğunda
durmuş, ehtiram göstərmiş, ədəbsiz hərəkətlərə
yol verməmiş, atadan qabaq süfrəyə
oturmamış, onların peşəsini öyrənmiş,
atalarını özlərinə həyat idealı hesab etmişlər.
Ata dünyasını dəyişdikdən sonra
onun ocağı övladlar üçün müqəddəs
hesab olunmuşdur.”
Maraqlı
fakt kimi o da göstərilir ki, o vaxtlar uşaqları həyatı
sevən, gözəllikdən həzz almağı bacaran,
estetik zövqə və vətən əxlaqına malik
insanlar kimi tərbiyə etmək məqsədi ilə dini və
milli bayramlardan, müxtəlif oyun və xalq
mahnılarından təsirli tərbiyə vasitəsi kimi
istifadə edilirdi. Belə tərbiyə
üsulu bu gün də geniş istifadə edilir və tərbiyə
prosesində uğurlu nəticələri təmin edən
faktorlardandır.
Müəllif
haqlı olaraq “Quran”ın tərbiyə prosesində
mühüm rol oynadığını da xüsusi
vurğulamışdır:
“Quran”ın gətirdiyi davranış və ədəb-ərkan
qaydaları hər bir cəmiyyətdə, hər bir dövrdə
tərbiyə işinin məqsədlərini müəyyən
edən qaydalardır. “Quran” yalnız dini kitab deyil, o, hər
şeydən öncə, tərbiyə kitabıdır. İslamda tərbiyə anlayışı geniş mənanı
ifadə edir. Bu özünəməxsus və
orijinal təsəvvür islamın kainata, insana və həyata
baxışlarından doğaraq, insanın istedadının
imkan və qabiliyyətlərinin tədricən inkişaf etdirilməsini,
onun kamillik səviyyəsinə yüksəlməsini nəzərdə
tutur.”
Aşağıdakı fikirlər isə müasir təhsil
sisteminin inkişaf konsepsiyasında birmənalı olaraq nəzərə
alınmalıdır.
“Orta əsr
Şərq təsəvvürlərinə görə, təlimlə
tərbiyə arasında qırılmaz, qarşılıqlı
əlaqə mövcuddur: tərbiyəsiz bilik – odunsuz ocaq,
biliksiz tərbiyə – bədənsiz ruh kimidir.”
Onu qeyd
etmək istərdim ki, 2011-ci ildə Londonda baş verən
ixtişaşlardan sonra Böyük Britaniya hökuməti rəsmi
etiraf etdi ki, biz əslində son 20 ildə tərbiyəsiz gənclik
yetişdirmişik. Təlim-tərbiyə
prosesində buraxılan səhvlərin acı nəticələri
budur.
Müəllif qeyd edir ki, Azərbaycanda ilk müsəlman
məktəbi VIII əsrin birinci yarısında
açılmışdı. Maraqlı məlumat
ondan ibarətdir ki, “Müəllimlər çox diqqətlə
seçilirdi. Müəllim ailəli və
yaşlı, ən başlıcası isə yüksək əxlaqi
keyfiyyətlərə malik olmalı, uşağın psixi
xüsusiyyətlərini, fərdi qabiliyyət və
imkanlarını bilməli idi. Valideynlər
bu tələblərə uyğun gəlməyən müəllimlərə
öz uşaqlarının təlim-tərbiyəsini etibar
etmirdilər.”
Müəllif göstərir ki, X əsrdə Azərbaycanda
mədrəsə təhsilinə çox böyük önəm
verilirdi. Amma Azərbaycanda mədrəsə təhsilinin
sürətli inkişafı XII əsrə təsadüf edir.
O, haqlı olaraq və bəlkə də ilk dəfə olaraq
mədrəsə təhsili almış dahi şairimiz Nizami Gəncəvini
təkcə böyük şair kimi yox, həm də zəmanəsinin
görkəmli alimi kimi təqdim edir. Qeyd edim ki,
Misir müəllimin bu fikirlərini bir mənalı olaraq qəbul
edir və nizamişünasların bu ideya istiqamətində
daha dərin tədqiqatlar aparmasını məqsədəuyğun
hesab edirəm.
Kitabda
xüsusi qeyd edilir ki, XII-XIII əsr mədrəsələri
orta əsrlər dünyasında ilk ali təhsil
müəssisələri idi və burada “tələbələrə
əqli, mənəvi və fiziki keyfiyyətlər kompleks
şəkildə aşılanırdı”. Şərqin
böyük alimi Nəsirəddin Tusi də belə mədrəsələrdən
birində təhsil almışdı.
XIII və XIV əsrlərdə Azərbaycanda əslində
elm və təhsilin birgə inkişafı prosesi
başlanmışdı. Kitabxanalar zənginləşirdi,
klassiklərin əsərləri sürətlə ərəb
dilinə tərcümə olunurdu. XIII əsrdə
yunan filosoflarının ən məşhur əsərlərinin
tərcüməsi başa
çatdırılmışdı.
Müəllif qeyd edir ki, həmin dövrdə
Şamaxıda və Gəncədə tədris, mütaliə
və elmi-tədqiqat mərkəzinə çevrilmiş
kitabxanalar mövcud idi. Artıq XIV əsrdə bəzi mədrəsələrin
nəzdində rəsədxana, müalicə evləri və
elmi kitabxanalar təşkil edilmişdi.
XIII-XIV əsrlərdə böyük “elm və təhsil
ocağı olan “Rəb-e-Rəşidi” təhsil kompleksi Fəzlullah
Rəşidəddinin (1247-1318) təşəbbüsü ilə
Təbriz yaxınlığında təşkil olunmuşdu. Bu kompleksdə
7 min tələbə təhsil alırdı və onlara 450-dən
çox müəllim dərs deyirdi. Tələbələrin
1000 nəfərdən çoxu azərbaycanlı idi.
Kitabda qeyd olunur ki, XV əsrdə Azərbaycanda məktəb
və mədrəsələrin, kitabxanaların sayı
artdı və bu yüksəliş XVI və XVII əsrlərdə
də davam etdi. Maraqlıdır ki, XVII əsrdə Azərbaycanda 1200
ibtidai məktəb və 100 mədrəsə (orta və ali məktəb) var idi. Orta
hesabla hər məktəbdə 50-100 nəfərə qədər
şagird, hər mədrəsədə isə yüzlərlə
və bəzi hallarda 1000-dən artıq tələbə təhsil
alırdı. 1647-ci ildə Təbrizdə
600 ibtidai məktəb və 47 mədrəsə var idi.
O da
maraqlıdır ki, XVIII əsrdə Azərbaycan dili (o
dövrün mənbələrində türk dili) elmdə
daha geniş istifadə olunmağa başlamışdı.
Misir müəllim orta əsrlər Azərbaycan təhsilini təhlil
edərək aşağıdakı doğru nəticəyə
gəlmişdir:
“Orta əsrlərdə
Azərbaycanda fəaliyyət göstərən məktəb
və mədrəsələr xalqın o dövrün tələbinə
uyğun təhsil almasında, elmi biliklərə yiyələnməsində
müstəsna xidmətlər göstərməklə
yanaşı, Xaqani Şirvani, Məhsəti Gəncəvi,
Nizami Gəncəvi, Marağalı Əvhədi, İmadəddin
Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi kimi görkəmli
ziyalılar yetişdirdi.”
Onu da xüsusi vurğulandırmaq istərdim ki,
kitabın birinci cildində Şərqin, o cümlədən
Azərbaycanın klassikləri haqqında kifayət qədər
maraqlı, zəngin, rəsmi mənbələrə əsaslanan
məlumatlar öz əksini tapmışdır.
Müəllif
XIX əsr Azərbaycan təhsilinin təhlilinə keçməzdən
əvvəl “Gülüstan” (1813) və “Türkmənçay”
(1828) müqavilələrinə əsasən, Azərbaycanın
ikiyə bölünərək bir hissənin Rusiyanın, digərinin
İranın tərkibinə keçməsini vurğulamaqla o
dövrün təhsil sistemində sonralar baş vermiş dəyişikliklərin
mahiyyətində nələrin gizləndiyini dəqiqliklə
göstərə bilmişdir:
“Azərbaycanda təhsilə dair çar
Rusiyasının həyata keçirdiyi siyasət Qafqazda,
xüsusilə, Güney Qafqazda apardığı siyasətin
tərkib hissəsi olmaqla daha sərt xarakter
daşıyırdı. Bu siyasət elə qurulmuşdu ki, təhsilin
əsas məqsədi yerlərdə, dövlət idarələrində
işləyə biləcək qulluqçular – məmurlar
hazırlanmasına xidmətdən irəli getməsin, imperiya
daxilində yaşayan xalqların milli-mənəvi dəyərləri,
adət və ənənəsi, mədəniyyəti
inkişaf etməsin, “çar ataya” sədaqətli təbəələr
tərbiyə edilsin. Müəllif kitabda
çar hökumətinin müsəlmanlar üçün
sünnü və şiə məktəbləri açmaqla
nə dərəcədə məkrli siyasət güddüyünü
də açıq-aşkar göstərmişdir.
Bununla belə, məktəblərin açılması
sahəsində görülən işlər öz müsbət
bəhrəsini verməkdə idi və bu işdə Azərbaycanın
müdrik şəxsiyyətləri böyük rol
oynayırdı. Artıq XIX əsrin 30-cu illərində Azərbaycanda
Avropa Rusiyasındakı məhəllə məktəbləri
tipli qəza məktəblərinin ilkin layihələri meydana
gəldi, 1830-1838-ci illərdə Şuşa,
Nuxa (Şəki), Bakı, Gəncə, Naxçıvan və
Şamaxıda belə məktəblər yarandı.
Kitabın
I cildinin 101-104-cü səhifələrində “XIX əsrdə
Azərbaycanda açılan məktəblərin
siyahısı”na aid cədvəl verilib və bu cədvəl
o dövrdə Azərbaycanın müxtəlif bölgələrində
açılan müxtəlif tip məktəblərin mənzərəsini
aydın ifadə edir. Bu cədvəldən
aydın olur ki, 1848-1901-ci illərdə Azərbaycanın 6
bölgəsində 11 qız məktəbləri
açılmışdır. O da maraqlıdır ki,
1890-cı ildə Zaqafqaziyada cəmi 750 müsəlman-ruhani məktəbi
var idi ki, onların şagirdlərinin ümumi sayı 10373 nəfər,
o cümlədən qızların sayı 883 nəfər idi.
Kitabın müəllifi XX əsrin əvvəllərində
Azərbaycanda təhsilin vəziyyətini təhlil edərkən
də haqlı olaraq təhsilin inkişafına mane olan
çar siyasətinin mənfi təsirini aça bilmişdir. Dünyanın sürətli
inkişaf etdiyi, təhsilə və elmə güclü
ehtiyac yarandığı bir dövrdə 1900-cü ildə 12
xüsusi, 9 dövlət ibtidai məktəbi, 1901-ci ildə 8
xüsusi və 4 dövlət ibtidai məktəbinin
bağlanmasının heç bir məntiqi əsası yox
idi.
Dahi
Üzəyir bəy Hacıbəylinin kitabda verilmiş
aşağıdakı fikirləri əslində o dövr təhsilinin
problemlərinin miqyasını ifadə edir:
“Bizə türk (Azərbaycan) məktəbləri – milli
məktəblər lazımdır. Mən milli məktəb
ona deyirəm ki, orada bütün elmlər öz ana dilimizdə
tədris olunur. Əcaba, biz, müəllimlər
öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hansı məktəbdə öz ana
dilimizdə oxumuşuq? O ki qaldı milli məktəblərimizə,
onların sayı çox azdır. Bu məktəblər
dəxi zəmanəyə müvafiq bir halda deyildir. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi,
əvvəla, ana dilini uşaqlara mümkün qədər
mükəmməl surətdə öyrətməklə bərabər,
rus dilini də ona təlim etdirməkdir. Rus
dilini öyrənmək kəndistan əhalisi
üçün böyük bir müsibətdir.”
Misir müəllim məşhur maarifçi və
ziyalı Həsən bəy (Məlikov) Zərdabinin o
dövrün təhsilinin təşkilində xüsusi xidmətlərini
xüsusi qeyd etmiş, onun şəxsiyyətinin inkişaf
yolunun maraqlı məqamlarını vermişdir. Təsadüfi deyil ki, Həsən
bəy (Məlikov) Zərdabi 1907-ci il
noyabrın 28-də Bakıda ölümündən qabaq bu
sözləri demişdir: “Xalqın maarifinə kömək
edin.”
Kitabda XIX
əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan
təhsilinin vəziyyəti haqqında verilən məlumatlar
bu “vəsiyyətin” reallığa çevrildiyini göstərir:
“Qafqaz Tədris dairəsinin 1900 –cu ilə olan məlumatına
görə, Azərbaycanda cəmi 172 ibtidai məktəb fəaliyyət
göstərirdi. 1902-ci ildə Yelizavetpol və
Bakı quberniyalarında məktəblərin sayı 230-a
çatdı.” Həmin dövrdə bütün Qafqazda
məktəb yaşlı azərbaycanlı uşaqların
yalnız 7,6%-i ibtidai təhsilə cəlb
edilmişdi. 1914-cü ildə isə Azərbaycanda
artıq 942 məktəb var idi ki, onların da 920-si ibtidai məktəb
idi.
Misir
müəllim XX əsrin əvvəllərində Azərbaycan
təhsilinin inkişafında müstəsna xidmətləri
olan Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,
Murtuza Muxtarov, Musa Nağıyev, İsa bəy Hacıniskinin
adlarını xüsusi qeyd etmişdir. Həmin
dövrdə təhsilin inkişafında çoxlu sayda xeyriyyə
cəmiyyətlərinin də böyük rol oynaması
müəllifin əsərində təkzibolunmaz faktlarla
sübuta yetirilmişdir. Təsadüfi
deyil ki, Azərbaycan müəllimlərinin I (1906) və II
(1907) qurultayları da məhz həmin dövrdə
keçirilmiş, təhsilin problemləri müzakirə
olunmuşdu.
Kitabda Xalq Cümhuriyyəti dövründə ki, Azərbaycan
təhsilinə xüsusi yer ayrılmış, dərin təhlil
aparılmış, təhsilin inkişafını şərtləndirən
faktorlar ardıcıl olaraq verilmişdir. Göstərilmişdir ki,
ilk olaraq “Maliyyə və Xalq Maarif Nazirliyi”, sonradan “Xalq Maarifi
və Dini Etiqad Nazirliyi” adlandırılan mərkəzi təhsil
qurumu yarandığı ilk gündən Azərbaycan Xalq
Cümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərindən
olan təhsil müəssisələrinin milliləşdirilməsi
məsələsini ön plana çəkmiş, ümumi
icbari təhsil layihələri hazırlamış, kənd və
şəhərlərdə yeni məktəblərin
açılmasına qərar verilmişdir. Ölkədə
fəaliyyət göstərən bütün maarif
ocaqları, məktəblər nazirliyin tabeliyinə
verilmiş, Hökumətin 28 avqust 1918-ci il
tarixli qərarı ilə bütün məktəblərdə
təlimin Azərbaycan dilində aparılması qanuniləşdirilmişdir.
1919-cu il sentyabrın 1-də yaradılan
uşaq bağçası Azərbaycanda dövlət təminatında
olan Avropa modelli ilk uşaq bağçası idi.
“Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin maarif və təhsil
müəssisələrinin milliləşdirilməsi sahəsində
ilk tədbirlərindən biri Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana
köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu.”
Xalq
Cümhuriyyəti ölkənin idarə olunmasını təmin
edəcək ali təhsilli mütəxəssislər
hazırlamaq üçün 100 nəfər gəncin
İtaliya, Fransa, Türkiyə və Rusiyaya təhsil
almağa göndərilməsinin təhsilin gələcək
inkişafına müsbət təsir etdiyini də müəllif
haqlı olaraq xüsusi vurğulamışdır. Maraqlıdır
ki, 1919-1920- ci tədris ilində xaricdə təhsil almaq
üçün dağ-mədən ixtisası üzrə 9,
mexanika ixtisası üzrə 11, kimya ixtisası üzrə 3,
elektromexanika ixtisası üzrə 8, yol nəqliyyatı
ixtisası üzrə 6, gəmiqayırma ixtisası üzrə
4, memarlıq ixtisası üzrə 4, aviasiya ixtisası
üzrə 1, kənd təsərrüfatı ixtisası
üzrə 11, tibb ixtisası üzrə 8, maddi mədəniyyət
ixtisası üzrə 7, fizika-riyaziyyat ixtisası üzrə
7, tarix-filologiya ixtisası üzrə 5,
hüquqşünaslıq ixtisası üzrə 7, etnoqrafiya
ixtisası üzrə 3 nəfər göndərilmişdir. Müəllif xüsusi qeyd edir ki, “Bakı Dövlət
Universiteti sözün həqiqi mənasında Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin xalqımıza bəxş
etdiyi şah əsəridir.”
Kitabın birinci cildinin 245-255-ci səhifələrində
XIX əsrin sonlarında formalaşmış və millətin
taleyində tarixi rol oynayan ziyalılar nəslinin görkəmli
nümayəndələrinin adlarının verilməsini də
vacib məlumat kimi qəbul etdim.
“Azərbaycan
təhsil tarixi”nin ikinci cildi 1920-1991-ci illərdə
Azərbaycan təhsilinin inkişaf mərhələlərinin
təhlilinə həsr olunub və 6 fəsildən ibarətdir:
1. Azərbaycanda
ümumi orta təhsilin inkişafı.
2. Azərbaycanda
internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin
təşəkkülü və inkişafı.
3. Azərbaycanda
texniki peşə təhsilinin inkişafı.
4. Azərbaycanda
orta ixtisas təhsilinin inkişafı.
5. Azərbaycanda ali təhsilin inkişafı.
6. Azərbaycanda
pedaqoji mətbuatın, elmi-pedaqoji kitabxananın, xalq maarifi
muzeyinin təşəkkülü və inkişafı.
İkinci cildə yazdığı ön sözdə
müəllif təhlil etdiyi dövrün təhsil sisteminin
nöqsanları və uğurlarını müqayisə edərək
nailiyyətlərin daha çox olduğunu kitabın
sonrakı bölmələrində əsaslandırmaqla oxucuda
inam yaradır.
Müəllifin bu inamı Ulu öndər Heydər Əliyevin
aşağıdakı fikirlərindən irəli gəlir:
“Bu təhsil sisteminin nə qədər dəyərli
olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək
savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və
onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər
bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə
güclü inkişaf edə bilməzdi. Bunlar
olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət
kimi idarə edə bilməzdik. Onları
qiymətləndirmək lazımdır və on illərlə əldə
etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
Müəllif qeyd edir ki, “Kitabda 70 illik təhsil tariximizi
Ulu Öndərin bu nəzəri tezislərinə metadoloji əsas
kimi yanaşmış, o dövrün təhsil-tərbiyə
ilə bağlı konseptual problemlərini həmin müstəvidən
araşdırmağa çalışmışam. Bu mənada məsuliyyətlə
demək olar ki, sizə təqdim olunan bu kitab təhsilimizin
sovet dövrünü əhatə edən 70 illik tarixinin
salnaməsidir.”
Kitabı oxuduqdan sonra müəllifin bu fikirləri ilə
şərik olmamaq mümkün deyil. Hesab edirəm ki, bu
kitab sevilə-sevilə oxunmağa və öyrənilməyə
layiqdir. Kitabda hər bir kəs
üçün lazımi məlumatlar var. Burada əslində
Azərbaycanın istənilən bölgəsində 70 illik təhsil
tarixinin inikası olan tarixi məlumatlar yer almışdır.
Bu kitabda
mənim kimi çox maraqlı olan məlumatlar sırasına
138-158-ci səhifələrdə aşağıdakı
başlıqlar altında verilən məlumatları aid edərdim:
1. Ermənistandakı
azərbaycanlılar arasında təhsilin inkişafı
(1920-1988-ci illər).
2.
Gürcüstan azərbaycanlıları arasında təhsilin
inkişafı (1920-1911-ci illər).
3.
Dağıstandakı azərbaycanlılar arasında təhsilin
inkişafı.
Bu başlıqlar altında verilən tarixi məlumatlar
onu göstərir ki, qeyd olunan ərazilərdə-tarixi Azərbaycan
torpaqlarında azərbaycanlılar yaşayıb, təhsil
alıb, həm o bölgələrin, həm də Azərbaycanın
inkişafı prosesində iştirak ediblər.
Misir
müəllimin müəllifi olduğu kitabın ikinci cildində
Ulu öndərimiz Heydər Əliyevin təhsilimizin
inkişafında müstəsna rolu haqqında müfəssəl
məlumatlar verilib və müəllifin
aşağıdakı fikirləri həmin məlumatların
nə qədər vacib olduğunu göstərir: “Heydər
Əliyev hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan
tarixi mərhələ bu gün Azərbaycan təhsilinin,
elminin, mədəniyyətinin intibah dövrü kimi qəbul
olunur. Ümumilikdə, onun Azərbaycan təhsili
qarşısındakı tarixi xitmətlərini üç mərhələyə
bölmək olar. Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin birinci dövrü milli tariximizə Azərbaycan
təhsilinin coşqun yüksəliş dövrü kimi daxil
olmuşdur.
İkinci
mərhələ Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyində
çalışdığı 1982-1987-ci illəri əhatə
edir. Bu, o illər idi ki, digər sahələrlə
yanaşı, Heydər Əliyev yalnız Azərbaycanın
deyil, bütövlükdə super dövlətin təhsil
sisteminə rəhbərlik edirdi.”
“Üçüncü mərhələ (1993-2003)
müstəqil ölkənin, milli tarixinin
formalaşdığı illəri əhatə edir.”
Misir müəllim haqlı olaraq qeyd edir ki, Azərbaycan
dilinin statusunun və siyasi nüfuzunun yüksəldilməsi məhz
Heydər Əliyevin adı ilə bağlıdır.
1956-cı
ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən Azərbaycan
dili haqqında maddə əlavə etmək istəyi ortaya
çıxdıqda ittifaq rəhbərliyinin mənfi
münasibəti haqqında Heydər Əliyevin çox
yaxşı məlumatı var idi və 1978-ci ildə yeni
konstitusiya yaradılarkən o, ehtiyatlı siyasət
apardı.Yaradıcılıq ittifaqlarına xəbər
göndərdi ki, Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan
dili olması barədə xüsusi maddə
salınmasını tələb etsinlər. Misir
müəllim qeyd edir ki, “Sovet İttifaqı Mərkəzi
Komitəsinin rəhbərliyi dəfələrlə Heydər
Əliyevi mövqeyindən çəkindirməyə cəhd
etsə də, o, müxtəlif yollarla onları başa
saldı ki, Azərbaycan SSR Konstitusiyasında (Əsas Qanununda)
Azərbaycan dili barədə ayrıca maddə
olmalıdır. Uzaqgörən siyasəti
nəticəsində respublikanın rəhbəri Azərbaycan
SSR-in Konstitusiyasına dövlət dili barədə ayrıca
maddənin daxil edilməsi uğrunda mübarizədə qalib
gəldi.”
Bəli, bu qələbə dahi və müdrik Heydər
Əliyevin qətiyyət və mətin iradəsi sayəsində
qazanılmışdı və dilimizin, mədəniyyətimizin,
təhsilimizin, elmimizin inkişafı yolunda daha böyük qələbələrin
başlanğıc nöqtəsi idi. Ümummilli lider hələ keçən
əsrin 70-ci illərində hər il
yüzlərlə Azərbaycan gəncini SSRİ-nin və digər
ölkələrin ən nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərməklə respublikada təhsilin
və elmin sürətli inkişafına, yüksək səviyyəli
mütəxəssis hazırlığına geniş imkanlar
açdı.
Qeyd edim
ki, kitabın ikinci cildindəki Azərbaycanda ali
məktəblərin inkişaf tarixinə aid bölmə
öz sanbalı və əhatəliliyi ilə diqqəti cəlb
edir. İlk dəfə olaraq ali məktəblərimizin
tarixi haqqında belə sistemli və mükəmməl məlumatların
toplanması, həqiqətən, uzunmüddətli tədqiqatların
nəticəsi kimi yüksək qiymətləndirilməlidir.
Məzunu olduğum Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun tarixi haqqında kitabda verilmiş materialı,
necə deyərlər, birnəfəsə oxudum, bu təhsil
ocağının məzunu olmağımla bir daha fəxr
etdim və onu yaradanların ruhları qarşısında
baş əydim.
Kitabın üçüncü cildi müstəqillik
illərində Azərbaycan milli təhsil sisteminin
inkişafında həsr olunmuşdur. Təhsilimizin ən
yeni tarixinə aid bu dəyərli kitab məndə qürur
hissi oyatdı. Əbəs deyilməyib ki,
hər bir tarix zamanında yazılanda daha dəqiq olur,
“yozmalardan”, “mübaliğələrdən” azad olur. Çünki “bu proseslərin
iştirakçıları cəmiyyətdə
yaşayırlar və nəyin necə baş verdiyini
görüblər, görürlər, bir çox hallarda bu
proseslərin iştirakçısı olublar və iştirakçılarıdırlar.”
Misir
müəllim müstəqillik dövrünün təhsil
tarixini sistemləşdirərkən topladığı və
araşdırdığı materialların həcmini nəzərə
alaraq, zaman baxımından qısa, lakin reformalarla zəngin
olan 20 illik bir dövrün təhsil tarixinin bir cildə
sığmayacağını yəqin edərək bu tarixi
iki cilddə verməyi qərara alıb.
Ərazisinin
20%-ə qədəri havadarlarının köməyi ilə
Ermənistan tərəfindən işğal olunmuş, 175600
şagird və tələbəsi, 19400 təhsil
işçisi didərgin düşmüş, 9 ali məktəb,
17 texnikum, 48 texniki peşə və 850-yə qədər
ümumtəhsil məktəbinin tədris və yataqxana
korpuslarında, yüzdən çox uşaq
bağçasında 7500-dən çox qaçqın və
məcburi köçkün ailəsinin məskunlaşdığı
bir şəraitdə təhsili idarə etmək, yenidən
qurmaq və inkişaf etdirmək olduqca çətin bir
işdir.
Lakin
dövlət rəhbərliyində təhsilə, elmə
müntəzəm qayğı göstərən, onun problemlərini
dərindən bilən, xalqını ürəkdən sevən
və ali idarəçilik məharətinə
malik bir şəxsiyyət olduqda problemlərin həlli də
asanlaşır. Məhz dahi siyasətçi və
qüdrətli dövlət xadimi Heydər Əliyev
1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi ilə
mümkünsüz görünənləri mümkün etdi.
Təhsilin və təhsil işçilərinin
nüfuzunu özünə qaytardı. Təhsildə
dönməz inkişaf prosesi başlandı. Misir müəllimin qeyd etdiyi kimi, “Artıq 1998- ci
ildə ölkədə təhsil sahəsində yeni
islahatların həyata keçirilməsi üçün
şərait yaranmışdı. Bütün
bunların məntiqi nəticəsi olaraq 1998-ci il
martın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev “Azərbaycan Respublikasında təhsil sahəsində
islahatlar üzrə Dövlət Komissiyası haqqında “Sərəncam
imzaladı.”
Müəllif haqlı olaraq ölkəmizdə təhsilin
uğurlu inkişafını Ulu öndər Heydər
Əliyevin müdrik qərarları, ölkə Prezidenti cənab
İlham Əliyevin yeni idarəetmə modeli və Heydər
Əliyev Fondunun əvəzsiz xidmətləri ilə əlaqələndirir. Misir müəllimin
üçüncü cildə ön sözündə
verilmiş aşağıdakı məlumatlar fikirlərimizə
əsaslı sübutdur: Ölkə üzrə 37 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 52 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir
edilmişdir. Ölkə üzrə 2009-cu ildə
bağçalara 103 min uşaq cəlb olunmuşdusa, 2011-ci ildə
onların sayı artaraq 113 min nəfər olmuşdur. Hazırda Azərbaycanda 1660 məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
Uşaq bağçaları üçün
müasir tələblər səviyyəsində 190 adda təlim
vəsaiti hazırlanıb və müəssisələrə
çatdırılıb.
2003-2011-ci
illərdə ümumi təhsil sistemində istifadə edilən
400 adda dərslik milli-mənəvi dəyərlər əsasında
müasir tələblərə uyğun məzmunda yenidən
işlənərək 40 milyondan çox tirajla çap
edilmiş, yeni kurikulum tətbiq edilən I-IV siniflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanmışdır.
Məktəb kitabxanaları əlavə oxu
materialları-uşaq ensiklopediyaları, Azərbaycan və
xarici ölkə yazıçılarının əsərləri
ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun yaxından
köməyi ilə ayrı-ayrı fənlər üzrə
140 adda 1,4 milyon nüsxə tədris-əyani
vəsait hazırlanaraq məktəblərə verilmişdir. Eyni zamanda məktəblər 19 adda 351 min nüsxə
xəritə ilə təmin edilmişdir.
Müstəqilliyin ilk illərində ölkədə
lisey və gimnaziyaların sayı 4 olduğu halda 2011-ci ildə
75-ə çatmışdır.
“Azərbaycan məktəblərinin dünya və beynəlxalq
fənn olimpiadalarında iştirakı müstəqillik illərində
müntəzəm xarakter aldı. Belə yüksək səviyyəli
bilik yarışlarında Azərbaycan məktəbliləri
18 qızıl, 38 gümüş, 71 bürünc medala layiq
görülmüşlər. Medalların
sayına görə Azərbaycan dünya ölkələri
arasında ilk onluqdadır.
1998-2011-ci
illərdə Azərbaycanda ümumilikdə 550 min şagird
yerlik 2161 yeni məktəb binasının tikilməsi və təmiri,
708 məktəbin müasir avadanlıqlarla, 384 məktəbin
müasir kimya, daha 382 məktəbin fizika laboratoriyaları ilə
təmin edilməsi, 700 məktəbin istilik sisteminin təmir
və bərpa olunması təhsil tariximizdə ən əlamətdar
hadisələrdəndir.”
Misir müəllimin özəl Azərbaycan-türk liseyləri, Bakı Avropa Liseyi və digər liseylər haqqında yazdıqları birmənalı qəbul olunmalıdır. Çünki bu liseylərlə sıx təmasda olmağım mənə onların yüksək səviyyəli tədris müəssisələri olduğunu bir daha təsdiq etmək imkanı vermişdir. Bu məktəblərin məzunları dünyanın ən nüfuzlu universitetlərinə təhsilə dəvət olunurlar və məzunların qazandıqları nailiyyətlər həm də təhsil sisteminin uğurlu inkişafından xəbər verir. Davamlı inkişafa daha bir real sübut:
“Müstəqillik illərində məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində son dərəcə əhəmiyyətli işlər görüldü. Bu işlər 2002-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilən və 2003-2007-ci illəri əhatə edən Dövlət Proqramından sonra daha sistemli şəkildə aparılmağa başlandı. Respublikanın Prezidenti İlham Əliyevin diqqəti nəticəsində məktəb tikintisi geniş vüsət aldı. Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üçün 1 milyon şagirdin (bütün şagirdlərin 80%-i) təlim şəraiti yaxınlaşdırıldı.
“Ölkə prezidenti tərəfindən “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli sərəncam imzalandı. Ölkənin təhsil tarixində ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim”müsabiqələrinin keçirilməsi cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsinə ciddi təsir etdi. Müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artdı. 2008-2011-ci illərdə qalib adını qazanmış 200 məktəbə və 400 müəllimə yüksək məbləğdə pul mükafatı verilməsi, cəmiyyətdə çox böyük və əlamətdar hadisə kimi qiymətləndirildi.”
Hörmətli oxucu! Bir məqalədə üç cildlik “Azərbaycan təhsil tarixi” kimi fundamental, hədsiz dərəcədə tarixi əhəmiyyət kəsb edən məlumatlarla zəngin əsər haqqında bitkin fikir bildirmək çox çətindir. Bu dəyərli əsər zamanın tələbindən yaranmışdır və onun haqqında ilkin məlumatlar verməklə Sizləri bu kitablarla tanış olmağa, öyrənməyə və istifadə etməyə səsləməyi özümə borc bildim.
Öz adımdan və ölkənin qədirbilən ziyalıları adından “Azərbaycan təhsil tarixi” əsərinin müəllifi, hörmətli Təhsil naziri, professor Misir Mərdanova böyük təşəkkürümü bildirir, onu bu sanballı əsəri ərsəyə gətirməsi münasibəti ilə təbrik edirəm.
Bu əsər vasitəsi ilə mən qədim Şərq, Türk və onun ayrılmaz hissəsi olan Azərbaycanın təhsil tarixində bu günə qədər keçilmiş yollara səyahət etdim, bir elm adamı, eyni zamanda təhsil işçisi olaraq yaşanmışları təhlil etdim və özüm üçün çox şeyləri əxz etdim. Həyatının 58 ilini müəllim işləmiş və beş övladının dördünü müəllim olmağa istiqamətləndirmiş atama minnətdarlıq hissini bir daha dilə gətirdim. Qışın qarlı və çovğunlu, yazın yağışlı, yayın isti, payızın küləkli günlərində hər gün on kilometrlərlə yolu piyada gedərək xalqın balalarına təhsil verən atamın və onun kimi təhsil tariximizdə öz izini qoyan minlərlə ləyaqətli müəllimlərin ruhu qarşısında baş əyməyi mənəvi borcum hesab etdim.
Hörmətli oxucular!
Təhsilimizin tarixini öyrənin, təhsil prosesində aktiv iştirak edin, onun inkişafı prosesində dövlətə dəstək verin, dövlətin və xalqın uğurlu gələcəyi naminə, övladlarınızın, nəvələrinizin xoşbəxtliyi naminə. Ən böyük investisiyanı balalarınızın təhsilinə yönəldin. Bu halda onları xoşbəxt gələcəyini görə bilərsiniz.
Vaqif Abbasov
AMEA-nın
müxbir üzvü,Azərbaycanın əməkdar müəllimi,
Neft-Kimya Prosesləri
İnstitutunun direktoru
525-ci qəzet.-
2012.- 11 fevral.- S.14-15.