Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı:
nəticələr və perspektivlər
UNESCO BMT-nin ixtisaslaşmış qurumu kimi Təhsil Nazirliyinin uğurla əməkdaşlıq etdiyi tərəfdaşlardan biridir. Bu təşkilatla əməkdaşlıq razılaşdırılan ikitərəfli proqramlar və birgə layihələr vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, UNESCO ilə əməkdaşlıq həm bu təşkilatın dünyada həyata keçirdiyi universal proqramları, həm də Azərbaycanda təhsilin bu və ya digər sahələri ilə bağlı layihələri əhatə edir.
Təhsil naziri Misir Mərdanov deyir ki, UNESCO ilə əməkdaşlığın istiqamətlərindən biri “Təhsil hamı üçün (THÜ)” Proqramı ilə bağlıdır. 1998-ci ildə UNESCO-nun Daşkənddə keçirilən tədbirindən sonra Azərbaycan bu proqrama cəlb olunmuşdur. 1999-cu ilin mayında Nazirlər Kabineti THÜ üzrə milli qiymətləndirmənin həyata keçirilməsi qaydalarını təsdiq etmiş, Proqramın həyata keçirilməsi üçün Təhsil, İqtisadi İnkişaf, Maliyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm, Daxili İşlər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Müdafiə nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, milli koordinator təyin edilib. İşçi qrupu Təhsil Nazirliyinin təşkilatı rəhbərliyi altında fəaliyyət göstərib. Proqram çərçivəsində 18 göstəriciyə əsasən qiymətləndirmə aparılıb, Azərbaycan üzrə Milli hesabat Azərbaycan və ingilis dillərində hazırlanıb, 2000-ci ilin yanvarında Tailandın paytaxtı Bankokda UNESCO-nun regional təhsil forumunda təqdim edilib. Həmin ilin mayında isə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti UNESCO tərəfindən THÜ ilə əlaqədar Dakar şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmişdir. Həmin forumda “Təhsil hamı üçün-2015” Proqramı qəbul edilib, dövlətlərin təhsil sistemləri qarşısında konkret hədəflər müəyyənləşdirilib: “UNESCO-nun digər ölkələrdə də həyata keçirdiyi bu Proqramın əsas məqsədi hər bir ölkədə təhsilin gələcək inkişaf prioritetlərini müəyyən etmək və THÜ-nün məqsədlərinin uğurla həyata keçirilməsinə zəmin yaratmaqdır. Azərbaycan üzrə hazırlanmış hesabat məktəbəqədər, xüsusilə də ümumi orta təhsil sahəsində həyata keçiriləcək islahatların əsas istiqamətlərini müəyyənləşdirib. Qeyd edim ki, təhsil sahəsində əməkdaşlıq çərçivəsində bilavasitə UNESCO-nun dəstəyi ilə 1999-cu ildə Azərbaycanın 2 ali məktəbində kafedralar yaradılıb ki, həmin kafedralar “UNESCO kafedraları” adlandırılır. Bunlar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılan İnsan hüquqları, demokratiya və sülh kafedrası və Azərbaycan Dillər Universitetində yaradılan Tərcümə elmləri kafedrasıdır. Bu kafedralar bilavasitə ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, Azərbaycan ali təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyasına zəmin yaradır. UNESCO-nun beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri də İnformasiya və kommunikasiya texnologiyaları (IKT) layihəsidir. İKT-nin sürətlə inkişafı, onun təhsildə rolu və əhəmiyyəti, qabaqcıl ölkələrin bu sahədə əldə etdiyi nailiyyətlərin bütün regionlarda və ölkələrdə yayılması və tətbiqi zərurəti UNESCO-nun diqqətindən kənarda qalmamışdır. Bu sahədə dünyada nəzərəçarpan məsələlər onunla bağlıdır ki, təhsil nazirlikləri, təhsil sahəsində qərar qəbul edən şəxslər İKT sahəsində baş verən bu sürətli dəyişikliklərdən öz təhsil sistemlərinin yararlanması üçün konkret mexanizmə malik deyildirlər. Təsadüfi deyildir ki, 2000-ci ilin aprelində Dakarda keçirilən Dünya Təhsil Forumunda təmsil olunan dövlətlər, o cümlədən Azərbaycan digər öhdəliklərlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarından istifadə, ən geci 2002-ci ilə qədər bu sahədə Milli tədbirlər planının hazırlanması sahəsində öhdəliklər götürmüşdü. İKT-nin təhsildə tətbiqi həmin planların tərkib hissəsi olmalı idi.
Bu məqsədlə 2001-ci ildə UNESCO tərəfindən “UNESCO-nun yeni informasiya və kommunikasiya texnologiyaları və təhsil proqramı” adlı strategiya da hazırlanmışdı. Həmin strategiyada 2002-2003-cü illər üçün təşkilatın fəaliyyətinin iki prioritetindən birinin təhsilin, elmin və mədəniyyətin inkişafında yeni informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı olduğu bəyan edilmişdi.
Məhz UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu üzv ölkələrdə İnformasiya və kommunikasiya texnologiyalarının təhsilin bütün pillələrində tətbiqinə kömək göstərmək məqsədilə 26-28 aprel və 29-30 iyun 2002-ci il tarixlərində Moskva şəhərində seminarlar təşkil etmişdi. Bu seminarlarda Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti də iştirak etmişdi. Seminarların başlıca məqsədləri aşağıdakılardan ibarət idi: –təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələləri müzakirə etmək, müxtəlif ölkələrin bu sahədəki təcrübə və yanaşmaları ilə tanış olmaq, dünyada inkişaf tendensiyasını müşahidə etmək, iştirakçıları İKT-nin tətbiqi sahəsində milli siyasətin hazırlanması strategiyaları üzrə ideya və tövsiyələrlə tanış etmək. Məhz götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanda İKT üzrə Milli Strategiya qəbul olundu və 2004-cü ildə ölkə Prezidenti tərəfindən Dövlət Proqramı təsdiq edildi, 2008-ci ildən başlayaraq isə bütün səviyyələrdə və pillələrdə təhsilin informasiyalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. UNESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələrdən biri də Assosiativ Məktəblər Layihəsidir (AML). 1953-cü ildən həyata keçirilməyə başlanmış bu layihə UNESCO-nun nizamnaməsində qeyd olunan təhsil, elm və mədəniyyət vasitəsilə millətlər arasında əməkdaşlığın gücləndirilməsinə, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım məqsədi daşıyır. Assosiativ Məktəblər şəbəkəsinin başlıca məqsədi pilot layihələr vasitəsilə dünyanın hər yerində sülh mədəniyyəti və dözümlülüyün təbliğ edilməsində məktəblərin rolunun gücləndirilməsidir. İştirakçı məktəblər arasında əməkdaşlıq əlaqələrinin yaradılması, tədris materialları, müəllim və tələbə mübadiləsi məsələləri də bu şəbəkənin tərkib hissəsidir. AML milli, regional və beynəlxalq səviyyələrdə həyata keçirilib. Milli səviyyədə UNESCO üzrə Milli komissiyalara və təhsil nazirliklərinə sülh mədəniyyəti və dözümlülüklə bağlı yeni və əlverişli tədris üsullarının tətbiqi sahəsində şəbəkə yaratmaq təklif olunub. Regional səviyyədə təhsil sahəsində layihələr, təşəbbüslər və tədbirlər (regional seminarlar, milli əlaqələndiricilər səviyyəsində tədbirlər və sair) daxil olmaqla fəaliyyət planı tərtib olunub”.
Nazirin sözlərinə görə, Assosiativ məktəblər tədris üsullarının və materiallarının təkmilləşdirilməsi sahəsində beynəlxalq layihələrdə iştirak ediblər. Hazırda bu məktəblər dünyanın bütün regionlarını əhatə edir. Onlar həm şəhər, həm də kəndlərdə mövcuddur. Azərbaycan məktəbləri UNESCO-nun bu layihəsinə 2000-ci ildən fəal surətdə qoşulublar. Hazırda Azərbaycanın 18 təhsil müəssisəsi AML şəbəkəsinə daxildir. Bu tədris müəssisələrində layihə ilə işləmək üçün xüsusi əlaqələndiricilər təyin olunmuşdur ki, onlar da şəbəkə çərçivəsində işlədikləri təhsil müəssisəsində bu işə rəhbərlik etməklə yanaşı, müəllim və şagirdləri UNESCO-dan alınmış materiallarla tanış edirlər: “2000-ci ilin sentyabrında UNESCO-nun nümayəndəsinin iştirakı ilə Bakıda AML-ə daxil olan məktəblər üçün seminar təşkil edilib. Azərbaycanda AML şəbəkəsinə qoşulmuş məktəblərin şagird və müəllimləri regional və beynəlxalq tədbirlərdə respublikanı layiqincə təmsil ediblər. 2004-cü il mayın 12-dən 14-dək Bakı şəhərində UNESCO-nun maliyyə dəstəyi ilə AML şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin koordinatorlarının “Təhsilin keyfiyyəti təcrübədə” mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə Avstriya, Almaniya, Fransa, Rusiya və Gürcüstandan, eləcə də UNESCO Katibliyindən nümayəndələr iştirak ediblər.
2003-cü ilin oktyabrından başlayaraq ölkənin AML şəbəkəsinə qoşulub ümumtəhsil məktəbləri UNESCO-nun təşkil etdiyi “Mondialoq” layihəsində iştirak edirlər. 2004-cü il sentyabrın 17-dən 20-dək İspaniyanın Barselona şəhərində “Mondialoq” üzrə keçirilmiş simpoziumda Bakı şəhəri 220 nömrəli məktəbin “Dream” komandası Nigeriyanın Laqos Kankom Kollecinin “Lasmok” komandası ilə birlikdə təqdim etdikləri “kontinental oyun” layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, hər iki komandaya birinci dərəcəli diplom və pul mükafatı verilib. 2004-cü ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi və həmin ilin sentyabrında bu fəxri adın verilməsi ilə bağlı UNESCO-nun Qərargahında xüsusi mərasimin keçirilməsi, ölkəmizin UNESCO ilə əlaqələri, xüsusilə təhsil sahəsində əməkdaşlığı sahəsində yeni mərhələnin başlanğıcı olmuşdur. Məhz bundan sonrakı illərdə həmin təşkilatla Azərbaycan arasında əməkdaşlıq əlaqələri, xüsusilə təhsil sahəsində əməkdaşlıq daha intensiv xarakter alıb. 2005-ci ilin 15 sentyabrında prezidentin “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” xüsusi sərəncam imzalayıb. Sərəncamla UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyən edilmiş, təhsil naziri müxtəlif nazirlik, komitə və digər dövlət qurumlarının rəhbərlərindən ibarət 17 nəfərin daxil olduğu Milli Komissiyasının sədr müavini təyin olunmuş, bu sərəncam Təhsil Nazirliyinin UNESCO ilə əməkdaşlığının daha da genişlənməsi üçün əlavə imkanlar yaradıb. Texniki peşə təhsilinin inkişafı layihəsi. 2005-ci ilin martında Təhsil İslahatlarına Yardım Mərkəzi UNESCO-nun maliyyə və ekspert dəstəyi ilə Azərbaycanda texniki peşə təhsili üzrə seminar keçirilib. Tədbirdə UNESCO Baş direktorunun təhsil üzrə müavini Piter Smit, təşkilatın Moskva ofisinin mütəxəssisləri və xarici ekspertlər də iştirak edirdilər. Seminarda Azərbaycanda texniki peşə təhsilinin inkişaf perspektivləri, eyni zamanda UNESCO Baş direktorunun Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumuna müvafiq sahə üzrə daxil ediləcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 2007-ci il iyunun 18-də Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu ilə UNESCO arasında “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsi haqqında Saziş imzalanıb”.
Nazir qeyd edib ki, inkluziv təhsil layihəsi Azərbaycan hökuməti tərəfindən təsdiq olunan “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı”nın icrası istiqamətində Təhsil Nazirliyinin UNESCO ilə birgə layihəsi 2005-ci ildən başlanan, Bakı və Sumqayıt şəhərlərində iki məktəbi və iki uşaq bağçasını əhatə edib. Layihə Təhsildə İslahatlara Yardım Mərkəzi və UAFA qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə həyata keçirilib.
Təhsil Nazirliyi və UNESCO-nun həyata keçirdiyi layihənin əhatə etdiyi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və sair) alınıb. Bu layihə çərçivəsində ilk dəfə olaraq inkluziv təhsilə həsr olunan xüsusi veb-sayt yaradılıb, müəllimlər və valideynlər üçün vəsaitlər hazırlanmış və nəşr edilib: “Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərində Bakıda “Azərbaycanda inkluziv təhsil təcrübəsi” mövzusunda beynəlxalq konfransı keçirilib. Bu Azərbaycanın təhsil tarixində inkluziv təhsilə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Konfransın əsas məqsədi Azərbaycanda inkluziv təhsil üzrə həyata keçirilən layihələrin nəticələrini müzakirə etmək, həmçinin bu sahədə səmərəli siyasətin hazırlanması ilə bağlı məsələləri həll etmək idi.
UNESCO ilə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin xüsusi rolu olub. Belə ki, 2005-ci ildə UNESCO rəhbərliyinin dəvəti ilə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndə heyəti Parisdə səfərdə olub. Səfərin məqsədi UNESCO-da keçirilən “Davamlı gələcək üçün Azərbaycanda təhsil islahatları” mövzusunda Azərbaycana həsr olunan konfransda iştirak etmək, UNESCO-nun Baş direktoru Koiçiro Matsuuranın Azərbaycana səfəri zamanı imzalanacaq Memoranduma daxil ediləcək prioritetləri müzakirə etmək olub. İyulun 6-da Azərbaycana həsr olunan konfrans öz işinə başlayıb. Konfransda UNESCO Baş Direktorunun müavini Piter Smit, təşkilatın təhsil sektorunun, onun şöbələrinin rəhbərləri və bütün əməkdaşları, üzv ölkələrin təşkilatdakı nümayəndələri, təhsil üzrə beynəlxalq ekspertlər, Azərbaycanın Fransadakı Səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Konfransda “Azərbaycan təhsil sistemi: real vəziyyət, problemlər və islahat istiqamətləri” mövzusunda geniş məruzə edilib. Məruzə Azərbaycanın təhsil tarixi, keçid dövrünün problemləri, təhsil pillələri, Təhsil Nazirliyinin beynəlxalq əlaqələri, xüsusilə UNESCO ilə əməkdaşlığı, Azərbaycanda aparılan təhsil islahatları üzrə həyata keçirilən tədbirlər və sair məsələlər olmaqla ölkə təhsilinin bütün məqamlarını əhatə edib. Qeyd edim ki, beynəlxalq konfransın materialları əsasında Təhsil Nazirliyi tərəfindən xüsusi kitab hazırlanıb, Azərbaycan və ingilis dillərində nəşr olunub. 2006-cı ildə UNESCO-nun maliyyə və ekspert dəstəyi ilə “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda Milli seminar keçirilib. Seminarda kredit sisteminin tətbiqi ilə əlaqədar görülən işlər, əldə edilən nəticələr, nəzərdə tutulan perspektivlər müzakirə edilməklə yanaşı, UNESCO-nun dəstəyi ilə seminarda iştirak edən təcrübəli beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınmaqla bu sahədə gələcək fəaliyyətin təşkili istiqamətləri müəyyənləşdirilib”.
M.Mərdanov vurğulayıb ki, UNESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilmiş UNESCO-nun Dünyada Savadlılığın dəstəklənməsi üzrə Regional Konfrans olub. Bakıda keçirilən bu regional konfrans qlobal savadlılığın dəstəklənməsi məqsədilə dünyanın ayrı-ayrı regionlarında keçirilməsi nəzərdə tutulan altı silsilə konfransdan sayca beşincisi olub. Konfransda dünyanın 30-dan çox ölkəsinin 200-dək təhsil eksperti və nümayəndəsi iştirak edib.
Ərəb ölkələrini əhatə edən I regional konfrans 2007-ci ilin martında Qətərin paytaxtı Dohada, Şərqi və Cənub-Şərqi Asiya bölgəsini əhatə edən II konfrans 2007-ci ilin avqustunda Çin Xalq Respublikasının paytaxtı Pekində, Afrika bölgəsini əhatə edən III konfrans 2007-ci ilin sentyabrında Malidə, Cənub və Cənub-Qərbi Asiya bölgəsini əhatə edən IV konfrans isə həmin ilin noyabrında Hindistanın paytaxtı Dehli şəhərində keçirilib. Konfransın əsas məqsədləri ölkələrin savadlılıq və yaşlıların təhsilinə dair problemlər haqqında məlumatlandırılması, savadlılığın və yaşlıların təhsili ilə bağlı maarifləndirmənin aparılması, savadlılıq və yaşlıların təhsili sahəsində əsas problemlərin və nailiyyətlərin müəyyənləşdirilməsi və müzakirəsi, savadlılıq və yaşlıların təhsili üzrə səmərəli təcrübənin təqdimatı və tətbiqi, ölkələr arasında əməkdaşlığın inkişafı, savadlılıq və yaşlıların təhsili sahəsində problemlərin həllinə yönəldilmiş milli strategiyanın müəyyənləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması. Mehriban xanım Əliyevanın da qatıldığı “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda keçirilən konfransda UNESCO-nun Baş Direktoru Koiçiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, UNESCO-nun xoşməramlı səfirləri – İordaniya şahzadəsi xanım Firyal və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, Latviyanın Təhsil Naziri Koke Tatyana, o cümlədən Almaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Albaniya, Kipr, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, Latviya, Lixtenşteyn, Litva, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə, Makedoniya, Türkiyə və Ukraynadan təhsil məsələləri üzrə ekspertlər iştirak ediblər: “Azərbaycanın təhsil naziri olaraq Konfransda savadsızlığın ləğvinin vacibliyi məsələsinə toxunaraq qeyd etmişdim. Müasir dövrdə savadlı olmaq dedikdə təkcə yazmaq, oxumaq və xarici dil bilmək deyil, həm də informasiya texnologiyalarından yararlana bilmək nəzərdə tutulur. Hazırda dünyada “Hamı üçün təhsil” konsepsiyasının 6 məqsədindən biri olan savadlılıq problemi geniş müzakirə olunur. Savadlılıq anlayışına yanaşma zaman keçdikcə öz mahiyyətini dəyişir və ayrı-ayrı kontekstlərdə müxtəlif cür şərh edilir. Ənənəvi olaraq savadlılıq dedikdə oxu və yazı, dinləyib anlamaq bacarığı nəzərdə tutulur. Hazırkı dövrdə savadlılıq dedikdə isə qeyd edilənlərdən başqa, oxu və yazıdan müasir ünsiyyət modelləri çərçivəsində istifadə edə bilmək bacarığı düşünülür. Başqa sözlə, savadlılıq insanların cəmiyyətdə əldə etdiyi informasiyanı dərk etmək və ötürmək qabiliyyəti, öz funksiyalarını tam şəkildə yerinə yetirmək potensialı deməkdir. Bu isə təbii ki, həm ənənəvi anlamda oxu və yazı bacarığını, həm də müasir anlamda həmin bacarıqlardan istifadə edərək cəmiyyətdə öz yaşayışını maksimum tənzimləmə qabiliyyətini özündə ehtiva edir. Ona görə də insanın bütün həyatı boyu fasiləsiz təhsil almasına şəraitin yaradılması, onun biliyinin, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilin mühüm vəzifələrindən biri kimi qarşıya qoyulur. Təhsil ekspertləri fasiləsiz təhsili Avropanın gələcək inkişafında həyati məsələ səviyyəsində qiymətləndirirlər. Artıq belə bir fikir formalaşmışdır ki, universitetlərin və digər ali təhsil müəssisələrinin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri əmək bazarında yaranan tendensiyaların, eləcə də elm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis hazırlığının yeniləşdirilməsi prosesinə, bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə, gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi problemlərin həllinə daha geniş cəlb etməkdən ibarətdir”.
Təhsil nazirinin dediyinə görə, 2009-cu ilin oktyabrında Təhsil Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Təhsil, Mədəniyyət və Turizm, Xarici İşlər Nazirliklərinin nümayəndələri, o cümlədən UNESCO üzrə Milli Komissiyanın rəhbəri daxil idi. Bu səfər UNESCO-nun Baş Direktoru Koiçiro Matsuuranın dəvəti ilə UNESCO Baş Konfransının 35-ci sessiyasında iştirak etmək məqsədi ilə həyata keçirilib. Konfransın əsas məqsədi UNESCO-nun gələcək fəaliyyətinin müzakirəsi və əməkdaşlıq istiqamətləri üzrə tövsiyələrin hazırlanması, o cümlədən son iki il ərzində əməkdaşlıq haqqında hesabatların təqdimatı olub.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 11 fevral.- S.10-11.