Gövhər
Baxşəliyeva: “İslam aləmində
qadınların ali təhsil almalarına ciddi diqqət yetirilməlidir”
Müsahibimiz Milli Məclisin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, professor Gövhər Baxşəliyevadır.
– Yanvarın 26-31-də İndoneziyanın Palembanq şəhərində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının (İƏTPİ) 14-cü sessiyası və 7-ci konfransı keçirildi, eyni zamanda, bu sessiya çərçivəsində sözügedən təşkilatın bir sıra tədbirləri oldu. Milli Məclisin İƏTPİ-dəki nümayəndə heyətinin üzvləri kimi biz də bu tədbirlərdə iştirak etdik. Nümayəndə heyətinin rəhbəri kimi mən və heyətin üzvləri – Sabir Rüstəmxanlı, Mirkazım Kazımov, Cavanşir Paşazadə iştirak etdik. Həmçinin, Milli Məclis Aparatının əməkdaşı Zəhra Vəliyeva da bizimlə idi, bizi müşayiət edirdi. Yanvarın 26-27-si qurumun Siyasi və iqtisadi məsələlər üzrə Daimi İxtisaslaşmış Komitənin iclasında Sabir Rüstəmxanlı iştirak etdi. Həmin Komitənin iclasında Sabir müəllim Fransa Senatının Türkiyəyə dair son qərarı məsələsini qaldırdı və həmin qərarı kəskin şəkildə tənqid etdi. Təklif etdi ki, bu məsələ 7-ci konfransın materiallarına salınsın.
Sonra Hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə Daimi İxtisaslaşmış Komitədə Mirkazım Kazımov iştirak etdi. Mən özüm isə İƏTPİ-nin Qadınlar, sosial və mədəni məsələlər üzrə Daimi İxtisaslaşmış Komitəsinin işində iştirak etdim. Bu tədbirlər ayın 26-sı və 27-si günün birinci yarısına qədər oldu. 27-si günün ikinci yarısında Qadın Parlamenti İttifaqı çərçivəsində qadın parlamentarilərin birinci iclası keçirildi, buna konfrans da, iclas da demək olar. Burada mən çıxış etdim.
Bildiyiniz kimi, bu tədbirdən bir qədər öncə qardaş Türkiyədə “Dəyişən müsəlman cəmiyyətlərində qadınlarının rolu” adlı konfrans keçirilmişdi ki, onu da İƏTPİ ilə Türkiyənin Qadın və Sosial Məsələlər Nazirliyi birgə təşkil etmişdi. Burada qadınların müxtəlif problemləri, ilk növbədə bu dəyişən müsəlman cəmiyyətlərində ictimai-siyasi həyatda qadınların rolunun artırılması barədə danışılmışdı. Ona görə, çıxışım zamanı dedim ki, sevindirici haldır ki, bu qısa müddətdə ikinci qadın konfransı keçirilir. Bilirsiniz, əgər cəmiyyətlərimizin inkişafını istəyiriksə, biz həm də bu müsəlman cəmiyyətlərində qadınların rolunun artmasına diqqət yetirməliyik, qadınlar üçün şərait yaradılmalıdır, qadınların hüquqları daha yaxşı qorunmalıdır, qadınlar kütləvi təhsil almalıdırlar.
Çıxışım zamanı bu istiqamətdə danışdım və onu da vurğuladım ki, Azərbaycanla yanaşı bu təşkilatda – Parlament İttifaqında 51 ölkə təmsil olunur və bu ölkələrdə qadınların bugünkü vəziyyəti müxtəlif səviyyədədir. Təklif etdim ki, o ölkələrdə ki, qadınların inkişafı daha yüksəkdir, cəmiyyətdə oynadıqları rol daha böyükdür, onlar daha fəaldır, bu baxımdan, müxtəlif ölkələr arasında parlamentlər səviyyəsində təcrübə mübadiləsi keçirilə bilər. Bu kimi tədbirlər müxtəlif ölkələrdə mütəmadi keçirilməlidir. Bir sözlə, mən burada Azərbaycan təcrübəsindən danışdım, konfrans iştirakçıları fikirlərimlə razılaşdılar, yekun olaraq qadın konfransının deklorasiyası qəbul olundu. Orada da birmənalı şəkildə vurğulanır ki, dünya qloballaşır, müsəlman aləmi də öz növbəsində böyük dəyişikliklər ərəfəsindədir, bunlar hamısı bizdən tələb edir ki, qadınların cəmiyyətdəki roluna daha çox diqqət yetirək. Onların ali təhsil almalarına, xüsusilə ciddi diqqət yetirilməlidir...
– Nəyə görə, məhz daha çox ali təhsil?
– Bilirsiniz, indi qadınların orta-ixtisas təhsili, ibtidai təhsili az-çox var, ancaq onların ictimai-siyasi həyata daha fəal cəlb edilmələrinə, parlamentdə daha çox sayda, idarəetmə orqanlarında daha çox təmsil olunmalarına böyük ehtiyac var. Odur ki,müsəlman cəmiyyətlərində qadınlar üçün bütün şərait yaradılmalıdır və onların ali təhsilə yiyələnmələrinə ciddi fikir verilməlidir.
Daha sonra yanvarın 28-29-da Parlament İttifaqının Ümumi Komitəsinin 14-cü Şura iclası keçirildi. Şura üzvü bizim nümayəndə heyətindən mən və Cavanşir Paşazadə o iclasda iştirak etdik. Yanvarın 30-31-də isə İƏTPİ Konfransının 7-ci konfransı reallaşdırıldı və nümayəndə heyəti olaraq, hamımız orada iştirak etdik. Konfransın gündəliyində bir məsələ var idi ki, burada da nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən mən də çıxış etdim.
– Sessiyadakı çıxışınızda hansı məsələlərə toxundunuz?
– Çıxışımda ilk öncə qeyd etdim ki,1999-cu ilin iyun ayında Tehranda keçirilmiş İƏTPİ-nin təsis konfransından keçən dövrdə dünyada böyük dəyişikliklər baş verib və özündə Avropa ilə Şərq mədəniyyətinin ənənələrini birləşdirən Azərbaycan Respublikası da bəşəriyyətin, o cümlədən, İslam dünyasının bir parçası kimi bu proseslərdən kənarda qalmayaraq demokratikləşmə , hüquqi dövlət yaradıcılığı yolunda inamlı addımlarını atmaqdadır.
Həmçinin qeyd etdim ki, islami dəyərlərə və əqidəsinə sadiq qalan Azərbaycan xalqı 70 il sovetlər ittifaqı tərkibində olduğu dövrdə güclü ateist təbliğatı altında olmasına baxmayaraq islam dininə sadiq qalıb. Hazırda Azərbaycan Respublikasında ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə demokratiyanın inkişafı, əsas insan azadlıqlarının təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya istiqamətində mühüm islahatlar həyata keçirilməkdədir. Ölkə vətəndaşları Azərbaycan Konstitusiyasında təsbit edilmiş bütün hüquqlardan, o cümlədən söz, vicdan, əqidə azadlıqlarından sərbəst surətdə istifadə edirlər. Sürətli iqtisadi inkişaf bir çox sosial layihələrin gerçəkləşməsinə şərait yaradır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və “Erovizion” məşhur mahnı müsabiqəsində qələbə xalqımızın son uğurlarındandır.
Çıxışım zamanı xüsusilə vurğuladım ki, ölkəmizin demokratik inkişafı yolunda xalqımızın ən ağrılı problemi Ermənistanın Azərbaycana qarşı təcavüzü böyük əngəllər törətməkdədir. Belə ki, bu təcavüzün nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon ilə birlikdə torpaqlarımızın 20%-i işğal edilmiş, 1 milyondan artıq soydaşımız doğma ata-baba yurdlarından didərgin düşmüşlər. Erməni qəsbkarlarının işğalı Azərbaycan xalqına böyük maddi və mənəvi ziyan vurub. İşğal olunmuş torpaqlarımızda erməni silahlı qüvvələri xeyli sayda mədəniyyət abidələrimizi məhv etmiş, tarixi məscidlərimizi, müqəddəs islam ocaqlarını, qəbiristanları yerlə-yeksan etmişlər, müsəlman sivilizasiyasının izlərini silmişlər. Bu vandalizm təkcə Azərbaycan xalqına qarşı deyil, bütün islam dünyasına vurulan bir zərbədir. Hərbi təcavüz və etnik təmizləmə nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, 50 mindən çox adam əlil olmuş, dörd mindən çox adam əsir və itkin düşmüş, girov götürülüb. Uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımının bütün dəhşətlərini görmüşlər.
Sonra bildirdim ki, çox az vaxtdan sonra Azərbaycan xalqı üçün kədər və qüssə ayı olan fevral ayı başlayır. Məhz fevralın 26-da mənim xalqımın tarixində ən böyük faciələrdən biri baş verib. 1992-ci ilin məhz bu günündə erməni işğalçıları tərəfindən Xocalı adlı Azərbaycan şəhəri yerlə yeksan edilmiş, 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın vəhşicəsinə öldürülmüşdür. 1275 sakin – qocalar, uşaqlar, qadınlar əsir aparılmış, olmazın təhqir və işgəncələrə məruz qalmışlar. 150 əsirin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil.
Bundan başqa, Azərbaycan erməni terrorçularının və eləcə də ASALA kimi məşhur terror təşkilatının geniş miqyaslı fəaliyyəti üçün poliqona çevrilib. Azərbaycan, erməni terrorçularının törətdikləri 30-dan artıq terror aktları nəticəsində iki mindən çox günahsız Azərbaycan vətəndaşı qətlə yetirilmiş, on minlərlə insan xəsarət alıb. Bizim üçün terrorçuluq əleyhinə mübarizə sahəsində əsas əngəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və nəzarət olunmayan ərazilərdir. Bu ərazilər beynəlxalq terrorçular tərəfindən silah, narkotik maddə qaçaqmalçılığı və insan alveri məqsədilə istifadə olunmaqdadır.
Çıxışımda eyni zamanda dedim ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, Ermənistan Respublikası işğal olunmuş Azərbaycan ərazilərində yeni yaşayış məskənləri salaraq, ərazinin demoqrafik vəziyyətini dəyişdirməyə çalışır. Mənbələr “Arxaya qayıdış” adlı planın mövcudluğundan xəbər verir. Bu plana uyğun olaraq 2010-cu ilə qədər Dağlıq Qarabağda erməni əhalisinin sayını 300 minə çatdırmaq nəzərdə tutulub, halbuki münaqişənin başlanğıcında burada cəmi erməni yaşayırdı.
Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasını tələb edən BMT-nin məlum 4 qətnaməsini, beynəlxalq təşkilatların qərarlarını, o cümlədən İslam Konfransı Təşkilatı kimi çox nüfuzlu beynəlxalq təşkilatın Ermənistanın işğalçılıq siyasətini pisləyən, zəbt olunmuş torpaqlarımızın azad edilməsini tələb edən qətnamələrini qulaq ardına vuran Ermənistan bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə böyük maneələr törədir. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasında son illər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı işğalçı, Dağlıq Qarabağ ermənilərini separatçı adlandıran qətnamənin qəbul edilməsini də xatırlatdım.
Çıxışım zamanı tədbir iştirakçılarını Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həll edilməsi istiqamətində səylərini bundan sonra da əsirgəməməyə çağırdım və sessiyanın yekun sənədlərinə Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamənin əlavə edilməsinin vacibliyini onların diqqətinə çatdırdım.
– Konfransın sonunda hansı sənədlər
qəbul olundu?
– Konfransın yekununda iki deklarasiya və bır sıra qətnamələr
qəbul edildi. “Demokratiya, ədalət
və inkişaf” adlanan birinci deklarasiyada qeyd edilir ki, müsəlman
aləmi böyük dəyişikliklər yaşayır
və daha böyük dəyişikliklər
ərəfəsindədir. Müsəlman xalqlarının qloballaşan dünyada öz layiqli yerlərini tutmaq, demokratiyaya, sülhə, ədalətə, əmin-amanlığa
qovuşmaq üçün
müsəlman parlamentləri
əllərindən gələni
etməlidir, müsəlman
cəmiyyətlərin inkişafı
üçün qanunvericilik
səviyyəsində bütün
mümkün addımlar
atılmalıdır.
İkinci deklarasiyada Palembanqda müzakirə olunan məsələlərlə bağlı
yekun müddəalar əks olunub. Deklarasiyanın 11-ci bəndi Ermənistanın
Azərbaycana qarşı
təcavüzünə həsr
olunub. Burada deyilir ki, İƏT
Pİ-dəki nümayəndə
heyətlərinin rəhbər
və üzvləri
BMT Təhlükəsizlik Şurasının
822, 853, 874, 884 saylı qətnamələrinin
ciddi şəkildə
yerinə yetirilməsini,
erməni silahlı qüvvələrinin işğal
edilmiş bütün
Azərbaycan ərazilərindən
tam, qeyri-şərtsiz və
dərhal çıxarılmasını
tələb edir, Ermənistanı Azərbaycan
Respublikasının suverenliyinə
və ərazi bütövlüyünə hörmət
etməyə çağırır.
İslamın arxeoloji və mədəni irsinə vurulmuş və böyük zərərlə
nəticələnən məscidlərin
və digər müqəddəs islam məbədlərinin
Azərbaycan ərazilərində
vəhşicəsinə dağıdılmasına
yönəlmiş təcavüzü
ittiham edir, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində
törədilmiş dəhşətli
soyqırımını ittiham
edir və cinayətkarların cəzalandırılmasına
çağırır.
Deklarasiyanın 12-ci bəndində isə Fransa parlamentinin qondarma erməni soyqırımı barədə
qəbul etdiyi qərar pislənir.
Konfransın yekun hesabatında
isə yuxarıda dediyim kimi, İƏT GF və İƏT Pİ-nın
əməkdaşlığı çərçivəsində İƏT
GF-nun təşəbbüsü ilə üzv ölkələrin parlamentləri
Ermənistan silahlı
qüvvələri tərəfindən
Xocalı şəhərində
dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi
qırğını soyqırımı
aktı kimi tanımağa çağırılır
və onu törədənləri məsuliyyətə
cəlb etməyi tələb edir. Bu tanınma 2009-cu ildən etibarən həyata keçirilən
və Dialoq və Əməkdaşlıq
üzrə İƏT GF-nun baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli
sürülən “Xocalıya
ədalət” kampaniyasının
fəaliyyətinin nəticəsidir.
Konfransda
Ermənistanın Azərbaycana
qarşı təcavüzünə
dair qəbul olunan qətnamədə isə bu təcavüzdən
və 20 faiz torpağın işğalından,
bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünün
durumundan narahatlıq ifadə edilir, Ermənistanın Azərbaycana
qarşı təcavüzü
pislənilir, işğal
olunmuş ərazilərdə
Azərbaycanın mülki
əhalisinə qarşı
törədilmiş əməllər
insanlıq əleyhinə
cinayət kimi qiymətləndirilir, İƏT-na üzv dövlətlərdən
öz milli və hüquqi qurumlarından Dağlıq
Qarabağ və Azərbaycanın digər
işğal olunmuş
ərazilərində iqtisadi,
turistik və digər fəaliyyətlərə
cəlb olunmaması xahiş edilir, mövcud münaqişənin
dövlətlərin ərazi
toxunulmazlığı çərçivəsində
həllinə çağırılır,
erməni millətindən
olan əhalinin Azərbaycanın işğal
olunmuş ərazilərinə
köçürülməsinin qarşısının alınmasına
çağırılır, Ermənistan və
ATƏT-in Minsk Qrupunun bütün
üzv dövlətləri
BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələri
və ATƏT-in müvafiq
qərar və sənədləri əsasında
ATƏT-in yürütdüyü sülh proseslərinə konstruktiv şəkildə
qatılmağa dəvət
olunur, Azərbaycanla həmrəylik və Azərbaycan hökumətinin
və xalqının ölkəni müdafiə
etmək məqsədi
ilə həyata keçirdiyi səylərin
dəstəkləndiyi bildirilir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
11 fevral.- S.8.