“6-cı mikrorayon rəssamları” sərgilənir

 

Muzey Mərkəzində “6-cı mikrorayon rəssamları” adlı sərginin açılış mərasimi gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən sərgidə Xalq rəssamı Fərhad Xəlilov sərgi haqqında məlumat verərək bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyi, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini diqqətə çatdırmaq, emalatxanalarda qalan, heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərinin nümayişini həyata keçirməkdir. Fevralın 16-dək davam edəcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının 6-cı mikrorayonda yerləşən yaradıcılıq emalatxanasında fəaliyyət göstərən 40-a yaxın rəssamın 64 əsəri nümayiş etdirilir. Sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti çəkir, eyni zamanda ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir. Sərgidə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə bu yaradıcılıq emalatxanasında fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət kataloqun təqdimatı da baş tutub.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2012.- 14 fevral.- S.7.