Rəbiyyət Aslanova: “Şərq susur, məsələlərə seyrçi münasibət bəsləyir və sözsüz ki, o müqəddəs yer də boş qalmır”

 

Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovadır.

– Rəbiyyət xanım, bugünlərdə İsveçrə hüquq-mühafizə orqanları həmin ölkədə səfərdə olan və haqlı olaraq uydurma erməni soyqırımını inkar edən Türkiyənin Avropa ölkələri üzrə naziri Egemen Bağışa qarşı cinayət işi qaldıracağını bildirib. Qeyd edək ki, bu ölkə Fransadan öncə Avropada uydurma erməni soyqırımını tanıyan və bu soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul edən ilk ölkədir. Necə hesab edirsiniz, son günlər uydurma erməni soyqırımı ətrafında Fransada və digər Avropa ölkələrində baş verənlər nəticə etibarilə beynəlxalq hüquqi nihilizmə, qanunların aliliyi prinsipinin tamam aradan çıxmasına gətirib çıxara bilərmi? Eyni zamanda, bunlar dövlətlər və xalqlar arasında münasibətləri daha da gərginləşdirə, qarşılıqlı inamsızlıq mühitinin formalaşmasına səbəb ola bilərmi?

– Digərlərini deyə bilmərəm, bəlkə də başqalarından fərqli olaraq bu məsələdə mən heç vaxt optimist ruhdan çıxış etmirəm. Çünki son illər Avropanın gözlənilməz addımlarının sayı gündən-günə artmaqda davam edir və sanki həmin məkana aid olan, özünü güclü hesab edən ölkələr istənilən qanunların, istənilən beynəlxalq konvensiyaların müddəalarını pozmaqda bir azadlıq hiss edirlər. Son dövrlər “erməni soyqırımı” ətrafında növbəti dəfə baş verən hadisələr də elə buna bariz nümunədir. Fransada, ümumiyyətlə, digər Avropa ölkələrində gedən proseslər, – elə İsveçrəni də, Almaniyanı da nəzərdə tuturam, – onu göstərir ki, bu gün Avropa öz maraq və mənafelərini hər şeydən üstün tutur və məşhur ifadə ilə desək, “avropalılar: biz və onlar” bölgüsü həmişə olduğu kimi, yenə də qalmaqda davam edir.

Düzdür, ayrı-ayrı beynəlxalq təşkilatlarda bu və ya digər avropalının həmin məkanda baş verən mənfi proseslərə qarşı hansısa deklorativ xarakterli çıxışına rast gəlmək mümkündür, ancaq bir məqamı qəbul etmək lazımdır ki, Avropa öz mühitini, öz məkanını digərlərindən – gəlmələrdən, miqrantlardan, onların mədəniyyətinə aid olmayanlardan qorumaq üçün hər şeyə gedir və gedəcək. Onlar sanki burada bir xilas, bir çıxış, öz varlıqlarının təmin olunması yolunu görürlər. Qeyd edim ki, bu özü də indi başlanan proses deyil, bu proseslər hələ ötən əsrin 90-cı illərindən başlayıb və çox təəssüf ki, bu gün də davam etməkdədir.

Bu, Avropaya gələn o böyük axının qarşısını almaq üçün bir əks-təsir “metodudur”. Bu baxımdan, Avropanın digər ölkələrində də bu yöndə “müvafiq addımların” atılacağını gözləyirəm. Söhbət ondan gedir ki, əgər bu gün dünya birliyində, daha böyük təşkilatlarda bu məsələ geniş müzakirə olunmayacaqsa, bu proses geridönməz bir xarakter alacaq. Yəni, Avropada başqa millətlərə, onların düşüncə tərzinə, mədəniyyətinə, fikrinə qarşı bir dözümsüzlük, aqressivlik nümayiş etdirilməsi artıq adət halını alıb və bu baxımdan, mənə elə gəlir ki, bu məsələni başqa müstəviyə keçirmək lazımdır. Konkret bir ölkənin timsalında bütün Avropanın özündə baş qaldıran o mənfi tendensiyanın qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Demirəm ki, bizim münasibətimiz gedən proseslərin obyektivlikdən uzaq olması ilə əlaqədar konkret bir ölkəyə doğru yönəldilməlidir. Hesab edirəm ki, bütün Avropa məkanında baş verən bu proseslərin analiz edilməsi və bunların gələcəkdə çox böyük qarşıdurmaların yaranmasına – mədəniyyətlərin, sivilizasiyaların qarşıdurmasına yönələn proseslər olduğunu gündəmə gətirmək lazımdır.

Onu da nəzərinizə çatdırım ki, biz bu yaxınlarda ATƏT Parlament Assambleyasının (PA) növbəti qış sessiyasına yola düşəcəyik. Sözsüz ki, bizim gündəmə və dilə gətirəcəyimiz məsələlər arasında Xocalı soyqırımı ilə, eləcə də baş verən digər hadisələrlə əlaqədar fikirlərimiz ortada olacaq. Bununla yanaşı, həm də Avropanın bu gün yaşadığı o dözümsüzlük sindromunu da ortaya qoymaq lazımdır və çox güman ki, bu, olacaq. 56 ATƏT PA üzvü olan ölkənin bir araya gəlib, müzakirə etdiyi məsələlər içərisində bu “bölgünün” – regionlar, böyük mədəniyyətlər arasındakı “bölgünün” bu gün dərinləşməsinin şahidi oluruq.

Azərbaycan öz tolerantlığı, dözümlülüyü ilə – təkcə dini dözümlülükdən söhbət getmir – yəni, bütün digər düşüncələrə, digər mədəniyyətlərə dözümlülüyü ilə seçilən bir ölkədir. Ancaq bu gün, çox təəssüf ki, Avropada bir əks proses gedir. Odur ki, bu dözümsüzlüyün nədən qaynaqlandığı və bu ölkələrin bəlkə də özünüqoruma instinkti adı altında bu cür münasibətlər bildirməsinin nə qədər təhlükəli olduğunu dilə gətirəcək. Bu, daha geniş masştablı bir məsələdir. Bu, konkret bir ölkənin mövqeyi deyil. Əgər bu məsələ bir konkret ölkənin mövqeyi olmuş olsaydı, sözsüz ki, o zaman digər ölkələr tərəfindən fərqli münasibətlər sərgilənərdi. Amma belə çıxır ki, böyük Avropa birliyi, – konkret Avropa İttifaqını nəzərdə tutmuram, – bu, böyük Avropa məkanına daxil olan, özünü güclü sayan dövlətlər digər məkanlardan gələn o böyük mədəniyyət axını qarşısında bir qorxunun, bir nigarançılığın nəticəsi olaraq belə texnologiyalar işlədir. Əlbəttə, bunun haradan qaynaqlandığı da məlumdur və nəticədə bu, onların son şansı və özünütəsdiq metodu kimi qiymətləndirilə bilər.

– Qeyd etdiyiniz kimi, qarşıdan ATƏT PA-nın növbəti qış sessiyası gəlir. Bu baxımdan, vurğuladığınız məqamları özündə daha geniş əks etdirən qətnamə layihəsini hazırlayıb nümayəndə heyəti adından ATƏT PA-nın sessiyasına və sözügedən qurumun rəhbərliyinə təqdim etmək fikriniz varmı?

– Bilirsiniz, həmin qətnaməni təqdim və qəbul etdirməkdən ötrü – bizim üçün yaxın olan və Avropa üçün bəlkə də bir az yaxın qəbul edilməyən digər dövlətlərin nümayəndələri ilə danışıqlar aparılmalıdır. Çünki tək Azərbaycanın bu məsələ ilə bağlı çıxışı, mövqe ortaya qoyması heç də hər şeyi həll etmir və etməz. Burada Türkiyəni də, Qazaxıstanı da, Qırğızıstanı da, digər ölkələri də görmək istərdik. Yəni, bu qətnamənin uğuru üçün məhz bu ölkələrin – bizə yaxın ölkələrin ümumi fikir birliyinə nail olmaq lazımdır.

– Ümumiyyətlə, necə hesab edirsiniz, nəyə görə bir sıra nüfuzlu Avropa təşkilatları ilə müqayisədə özündə daha geniş arealı birləşdirən müsəlman, Şərq təşkilatlarının dünyada və eləcə də həmin təşkilatların yerləşdiyi coğrafi məkanda kənardan, yaxud daxildən yaşanan, yaşadılan hadisələrə, proseslərə müdaxiləsi lazımi dərəcədə olmur? Məsələn, bu gün Avropa Birliyi, Avropa Şurası və digər bu tipli Avropa təşkilatları dünyada və yerləşdikləri məkanda baş verən proseslərə daha real və daha güclü təsir gücünə malikdir, nəinki İslam Əməkdaşlıq Təşkilatı və digər Yaxın, Orta, Uzaq Şərq ölkələrini birləşdirən digər təşkilatlar...

– Ötən əsrin ortalarından başlayaraq yaranan Avropa təşkilatları ilk öncə çox gözəl prinsiplərlə öz fəaliyyətlərinə başladılar – bu, insan haqları, demokratiya, düşüncə, fikir, ifadə azadlığı və digər məsələlər idi. Bu prinsiplər, doğrudan da, bəşəriyyətin bu gün əldə etdiyi ən böyük prinsiplər, dəyərlərdir. Yəni, həmin Avropa təşkilatları yaranarkən, bu dəyərlərlə önə çıxdılar və həmin təşkilatların ardınca gözəl konvensiyalar qəbul edildi, digər çox nüfuzlu təşkilatlar yarandı, münaqişələrin həll edilməsi, qarşıdurmaların aradan qaldırılması ilə əlaqədar olaraq fəaliyyət proqramları ortaya qoyuldu və bu proqramların gerçəkləşdirilməsi istiqamətində addımlar atılmağa başlandı.

Ancaq bu gün həmin Avropa təşkilatları o ilkin fikir və prinsiplərindən artıq çox uzaqlaşıblar. Bu gün həmin təşkilatlar sanki elə bil ötən əsrin ortalarında yaranan həmin təşkilatlar deyil. Onların maraqları, onların mənafeləri, belə demək mümkünsə, indi tamam başqa “məsələlərə” yönəlib. Bu baxımdan, bu təşkilatların inkişaf dinamikasında, daxili təkamülündə çox ciddi dəyişikliklər, deformasiyalar baş verib və verməkdədir. İndi onların məqsədləri sanki həmin Avropa məkanına daxil olan digər dövlətlərin maraq və mənafeyini müdafiə etmək deyil.

Onlar yaranarkən hətta genişlənəcəklərini belə bəlkə də nəzərdə tutmurdular. Onların, sadəcə, bir prinsipi var idi – yaşadıqları məkanda, o gözəl demokratik ab-havanı, mühiti yaratmaq idi. Buna nail olduqdan sonra artıq həmin məkana daxil olan ölkələrə qarşı bir laqeydlik, bir qorxu, bir nigarançılıq, bir qısqanclıq özünü göstərməyə başladı. O zaman həmin “biz və başqaları” prinsipi ilə yaşayan avropalılar artıq yeni texnologiyalar tətbiq etməyə, yeni addımlar atmağa başladılar. Burada da bir ikili məqam, ikili standart özünü göstərməkdədir. Bir tərəfdən, o böyük məkanın – Avropa deyərkən, sadəcə, coğrafi məkanı nəzərdə tutmuruq, onu hüquqi, mədəniyyət məkan kimi nəzərdə tuturuq – bir tərəfdən sərhədlərini genişləndirmək istəyirlər, ikinci tərəfdən isə bu sərhədləri keçib o məkana daxil olan yeni dövlətlərə münasibətdə bir laqeydliyi, biganəliyi açıq şəkildə ortaya qoyurlar. Bu isə, belə demək mümkünsə, onların ilkin maraq və mənafelərinə zidd olan prinsiplərdir. Bu baxımdan, mən Avropa təşkilatlarının digər dövlətlərdə və məkanlarda gedən proseslərə obyektiv münasibət sərgiləyəcəyini gözləmirəm.

İkinci məsələyə – nəyə görə Şərq məkanında Avropada olan təşkilatlar kimi güclü, hadisələrə real təsirli təşkilatların olmaması məsələsinə gəlincə, hesab edirəm ki, burada, ilk növbədə məqsəd birliyi, həmrəylik və nə istədiklərini dəqiq bilərək bir-birini dəstəkləmək arzusu olmalıdır. Biz bu gün xristian həmrəyliyindən, birliyindən danışırıq, amma Şərq üçün çox önəmli olan müsəlman birliyindən, islamın yayıldığı arealda həmrəylikdən danışa bilmirik. Bu gün, əlbəttə, say etibarilə Şərqdə yaranan təşkilatlar Avropa təşkilatlarından qat-qat azdır. Təsir gücünə gəldikdə bu məkana daxil olan ölkələr iqtisadi cəhətdən çox güclü ölkələrdir. Ancaq bəzən bunlar da ümumi maraq, ümumi məqsəd, ümumi təhlükəsizlik üçün öz qüvvələrini ortaya qoymaq prinsipindən çox uzaqda dayanırlar.

Nə zaman ki, bu ümumi tale, ümumi məsuliyyət, ümumi təhlükəsizlik prinsipini dərk edəcəklər və bunun uğrunda mübarizə aparacaqlar, yəqin ki, o zaman elə Avropada olan təşkilatlar kimi, Şərq məkanında da rəqabətə davamlı beynəlxalq təşkilatlar yaranacaq, onlar öz sözlərini deyəcəklər. O zaman artıq Avropa təşkilatlarına yardım üçün müraciət etməyə də ehtiyac qalmayacaq. Amma, bir daha təkrar edirəm, Şərqin ən böyük bəlası – mən Uzaq Şərqi – Çini, Yaponiyanı nəzərdə tutmuram, Yaxın və Orta Şərqi nəzərdə tuturam – odur ki, ümumi tale, ümumi mənafe, ümumi maraqlar prinsipinə hər bir ölkə öz prizmasından, öz maraqlarından yanaşır.

Bu gün Afrikanın şimalında, Orta və Yaxın Şərqdə baş verən hadisələrə fikir verdikdə görürük ki, yenə də son çıxış yolunu Avropa təşkilatlarında, BMT-də görürlər. Yəni, bu gün həmin ərəb regionunda Ərəb Ölkələri Liqasının məsələyə müdaxiləsi çox aşağı səviyyədədir. BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsələ həll olunarkən, yenə də Avropa ölkələrinin öz mövqelərini israrla ortaya qoymasını gördük. Məsələnin həlli, belə demək mümkünsə, Çinin və Rusiyanın müdaxiləsi ilə bir qədər ləngidilsə də, amma heç kəs ona təminat verə bilməz ki, bu məsələ yaxın zamanlarda həll olunmayacaq. Yəni, burada da biz Şərqin sözünü eşitmədik. Şərq sanki susur, məsələlərə bir seyrçi münasibət bəsləyir və sözsüz ki, o müqəddəs yer də boş qalmır. Onlar – Şərq susduqca, digər Şərq ölkələri seyrçi qaldıqca, həmin o məkanı zəbt edən Avropa da həlledici səsə malik olduğunu ortaya qoyur...

 

KAMİL

525-ci qəzet.- 2012.- 14 fevral.- S.5.