Ölkə
televiziyasının mərkəzində
AZTV-NIN
EFIRƏ ÇIXMASINDAN 56, “MƏDƏNIYYƏT”IN ISƏ 1 IL
ÖTÜR
1956-cı ilin 14 fevralı Azərbaycan Televiziyası tarixində xüsusi əhəmiyyətə malik olan bir gündür. Düz 56 il əvvəl – qışın oğlan çağında – Bakı televiziya studiyası ilk dəfə efirə çıxmış və cəmi iki saat ərzində paytaxt sakinlərinə xoş ovqat bəxş etmişdi. O zaman heç kəs təsəvvürünə gətirə bilməzdi ki, kiçicik telestudiya gələcəkdə “Azərbaycan Teleradio Verilişləri” QSC adlı iri media-holdinqə çevriləcək və öz nəzdində 3 telekanalı – AzTV-ni, “Mədəniyyət” və “İdman Azərbaycan”ı birləşdirəcək.
Ölkə teleməkanının birincisi sayılan Azərbaycan Televiziyasının keçdiyi kəşməkeşli yollardan, onun ötən əsrin 50-ci illərindən başlayan məşəqqətli, amma uğurlu “karvan yolu”ndan, xalqımızın milli şüurunun inkişafında, Ana dilimizin qorunmasında oynadığı müstəsna roldan, tamaşaçılara bəxş etdiyi yaradıcılıq töhfələrindən, sevincli və acılı anlarından saatlarla danışmaq olar. Amma çağdaş dövrümüzdə AzTV-nin fəaliyyətinə nəzər salmaq xüsusilə xoşdur. Çünki dövlət müstəqilliyimizin qazanılmasından sonra AzTV əyalət miqyasından çıxaraq, yazıçı-publisist Flora Xəlilzadənin təbirincə desək, ölkənin Mərkəzi Televiziyasına çevrildi. Təqdirəlayiqdir ki, uzun müddət AzTV-nin ləğv olunmasını təklif edən bir sıra yerli və xarici ekspertlərin israrlı xahişlərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bu TV-nin tarixinin üzərindən xətt çəkilməsinə razı olmadı. O, daha optimal varianta üstünlük verdi: ölkənin birinci kanalı sayılan AzTV-nin qapalı səhmdar cəmiyyətinə çevrilməsinə, AzTV-2-nin bazasında isə İctimai televiziyanın yaradılmasına dair q?rar çıxardı.
Dövlət başçısının həyata keçirdiyi köklü kadr islahatları 2006-cı ildə AzTV-ni də əhatə etdi və bu qərarın doğruluğu çox qısa zamanda özünü təsdiqlədi. Bundan başqa, idmansevərlərin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin arzusunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev az müddət ərzində “İdman Azərbaycan” və “Mədəniyyət” telekanallarının yaradılması ilə bağlı tenderlərin keçirilməsini məqsədəuyğun hesab etdi. Son dövrdə maddi-texniki bazasını və yaradıcılıq potensialını daha da gücləndirmiş AzTV-nin bu tenderlərdə qalib gələrək, 4 il ərzində daha iki telekanalı yaratması məhz İlham Əliyevin ölkə teleməkanına verdiyi önəm kimi dəyərləndirilə bilər.
Bu illər ərzində AzTV-nin yaradıcılıq baxımından əldə etdiyi bir çox uğurları müxtəlif müsabiqə və festivallarda qazanılan mükafatlarla təsdiqlənib. Elə ötən il AzTV “Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi” 3 seriyalı sənədli filmə görə “Humay”, “Toğrul” və “Eyni səma altında” sənədli filmlərinə görə “TEFİ–Sodrujestvo” mükafatlarına layiq görüldü. Bundan başqa, 2011-ci ildə AzTV Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”ni tamaşaçıların mü?akim?sin? t?qdim etdi. ??min əsərə ilk dəfə efir həyatı verilməsi dahi mütəfəkkir və dramaturqun 200 illik yubileyinə AzTV-nin böyük töhfəsi oldu və ictimai-mədəni həyatımızda rezonans doğurdu. Telekanallarda şou-biznesin tüğyan etdiyi bir dönəmdə cəmiyyət AzTV-nin XIX əsr dramaturgiyasına müraciət etməsini klassik ədəbiyyata hörmətin təzahürü və dövlət başçısının M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncamına çevik reaksiyası kimi dəyərləndirdi.
AzTV-nin sənədli filmlər çəkilişi sahəsində böyük təcrübəyə malik olması da heç kim üçün sirr deyil. 2011-ci ildə bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş sənədli film təqdimatlarının keçirilməsi buna bariz misaldır.
Lakin Prezident İlham Əliyevin hakimiyyətinin 8 illik dövrünü əhatə edən “İntibah lideri” filmi, sözün tam mənasında, əsl sürpriz oldu. Bu filmin müsahibləri – dünyanın tanınmış siyasətçiləri – Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbəyov, Gürcüstan prezidenti Mixel Saakaşvili, Rumıniya prezidenti Trayan Basesku, Polşa prezidenti Bronislav Komarovski, Serbiya prezidenti Boris Tadiç, Çernoqoriya prezidenti Filipp Vuyanoviç, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq, Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger, Almaniyanın keçmiş xarici işlər naziri Hans Ditrix Genşer, ABŞ konqresinin üzvü Bill Şuster, tanınmış amerikalı politoloq Zbiqnev Bjezinski, AŞPA-nın keçmiş prezidenti Mövlud Çavuşoğlu idi. Onlar İlham Əliyevin Azərbaycanın dinamik inkişafı ilə bağlı çoxşaxəli fəaliyyətinə yüksək qiymət verərək, bu cür nüfuzlu siyasətçi ilə ünsiyyətdə olduqlarından və əməkdaşlıq etdiklərindən məmnunluq duyduqlarını ifadə etdilər. Dünyanın bu qədər siyasətçisini bir filmə “sığışdırmaq” təşəbbüsü Azərbaycan televiziyası tarixində ilk dəfə baş verirdi və çox xoşdur ki, bu cür layihənin gerçəkləşdirilməsi məhz Mərkəzi Televiziyamız sa¼ılan AzTV-yə nəsib oldu.
Tale elə gətirib ki, AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan”ın efirə gəlişi fevral ayına təsadüf edib. “Mədəniyyət” kanalı isə, ümumiyyətlə, AzTV ilə eyni gündə – fevralın 14-də fəaliyyətə başlayıb.
Onu da qeyd edək ki, AzTV-nin primitiv və bayağı verilişlərdən imtinası, efiri milli və dünya mədəniyyətinin ən gözəl nümunələrinə təslim etməsi ölkə teleməkanında çox qabarıq surətdə gözə çarpan bir fakt oldu. Artıq bu kanalın efirindən ucuz və şit söhbətləri, süni pafoslu fikir və düşüncələri eşitmək, elmdən, sənətdən kənar şəxsləri görmək mümkün deyil. Hazırda AzTV, eləcə də “Mədəniyyət” kanalı elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin əsl təbliğatçısına çevrilib. Bunu “Əbədi abidələr”, “Məclisi-üns”, “Zamanın sorağında”, “Ana dili”, “Azərbaycan tarixi”, “Səhər”, “Rakurs”, “Poeziya”, “Musiqi xəzinəsi”, “Mühazirə”, “Sözün sirri”, “Nurdan damlalar”, “Dünyanı yaradanlar”, “Ovqat”, “Buta”, “Xəbər var” və sair verilişlər sübut edir. “İntellekt” və “Min bir sual” kimi intellektual verilişlər tamaşaçılara kitab oxumağı və sevməyi, “Kim? Harada? Nə vaxt?” verilişi ağlı, erudisiyanı və məntiqi inkişaf etdirməyi, “Ailə həkimi” verilişi insanlara sağlam həyat tərzi sərməyi aşılayır.
Qeyd etmək lazımdır ki, “Mədəniyyət” kanalı ötən bir il ərzində mədəni həyatımızın əsl carçısı olmaq vəzifəsinin öhdəsindən gələ bilib. Paytaxtımızda və ölkəmizin dilbər guşələrində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün irimiqyaslı mədəni tədbirlər məhz “Mədəniyyət” kanalının vasitəsilə tamaşaçılara çatdırılıb. Üzeyir Hacıbəyov, Qara Qarayev və Mstislav Rostropoviçin yaradıcılıqlarına həsr edilən musiqi festivalları, teatr və kino hadisələri isə əsl bayrama çevrilmişdi. Məsələn, Üzeyir Hacıbəyov festivalı çərçivəsində Opera və Balet Teatrından Motsartın “Sehirli fleyta” əsərinin konsert təqdimatının yayımlanması, yerli vokalçılarımızın Avstriya bəstəkarının musiqisini böyük sənətkarlıqla ifa etmələri insanı valeh qoyur, ona əsrarəngiz hisslər bağışlayırdı. Bu sözləri Rostropoviç adına Beynəlxalq festival haqqında da demək olar. Festival çərçivəsində Müslim Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən konsert zamanı Qalina Vişnevskayanın tələbələrinin M.Rostropoviç adına Nijni Novqorod Dövlət Akademik Filarmoniyasının orkestrinin müşayiətilə C.Rossini, V.Bellini, P.Çaykovski, K.Sen-Sans, L.Deliba, C.Verdinin operalarından, Offenbaxın və İ.Kalmanın operettalarından oxuduqları ariyalar uzun müddət bakılıların yaddaşından silinməyəcək. Bu konsertlər həm də Azərbaycan tamaşaçısının, xüsusilə də gənclərin musiqi zövqünün daha da zənginləşməsinə xidmət edir.
Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən respublika və televiziya muğam müsabiqələrini və Qəbələ musiqi festivalını xüsusi qeyd etmək lazımdır. Bütün bu festivallar, müsabiqələr Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada daha geniş təbliğ olunmasına və ən əsası, yeni ifaçıların və adların ortaya çıxmasına səbəb olub. Yalnız son bir neçə ildə keçirilən respublika və televiziya muğam müsabiqələri nəticəsində onlarla gənc xanəndə peşəkar səhnəyə vəsiqə alıb. Qəbələ festivalında özünü sınayan pianoçularımızın sorağı indi dünyanın bir sıra mötəbər konservatoriyalarından və sənət məbədlərindən gəlir.
İstər AzTV-nin, istərsə də “Mədəniyyət” kanalının film siyasəti böyük maraq doğurur. Bu iki kanalda insanın mənəviyyatına mənfi mənada təsir edən filmlərə rast gəlmək qeyri-mümkündür. Burada insanı ruhən saflaşdıran, ona ali hisslər aşılayan və dünya kinosunun inciləri sayılan filmlər nümayiş etdirilir.
AzTV-nin ərsəyə gətirdiyi tamaşalardan ölkə teleməkanının bu günə qədər yararlandığı bəllidir. Amma AzTV-nin teatr aləminə həsr etdiyi verilişlər və yayımladığı tamaşalar, eləcə də “Mədəniyyət” kanalının yeni səhnələşdirilən tamaşaları nümayiş etdirməsi bu sahənin canlandırılmasına xidmət edən vacib amildir. Bu baxımdan, Səməd Vurğun adına Rus Dram Teatrında səhnələşdirilmiş və Azərbaycanın əfsanəvi “Mixaylo”su olan xalq artisti Nodar Şaşıqoğlunun baş rolda çıxış etdiyi “Kral Lir”, “ÜNS” teatrının solistlərinin litovlu həmkarları ilə birgə hazırladıqları “Notr Dam de Pari” tamaşalarının auditoriyaya çatdırılması böyük rəğbət doğurur.
Bir sözlə, ötən il AzTV və “Mədəniyyət” kanalı yaradıcılıq baxımından irəliyə doğru böyük addımlar atdı. Əldə olunan nəticənin bu il daha da təkmilləşdiriləcəyinə şübhə yoxdur. Bu çətin, amma şərəfli yolda milli televiziya məmləkətimizin mərkəzində hakim olan AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan”a yalnız uğurlar arzulamaq gərəkdir. Çünki televiziyalarımızın inkişafı – Vətənə və Millətə əsl xidmət göstərmək deməkdir.
Aydın KAZIMZADƏ,
Əməkdar incəsənət
xadimi,
kinoşünas
525-ci qəzet.-
2012.- 14 fevral.- S.4.