Əli Abbasov:
“İnkişaf rəqabətin məhsuludur”
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İCTnews” elektron xəbər xidmətinə müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik.
– Cənab nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə xarakterizə edərdiniz?
– Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilib. Təkcə 2004-2010-cu illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamış və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80 faizə çatıb. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olub. Dünyanın aparıcı İT şirkətləri və nüfuzlu texniki və proqram məhsulları istehsalçıları ölkəmizdə öz nümayəndəliklərini açaraq çoxşaxəli fəaliyyət qurublar. Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadə imkan verən “Yeni nəsil şəbəkələri (NGN)” texnologiyası tətbiq olunub.
Respublikanın bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artıb.
Əhalinin 85 faizdən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, “elektron hökumət”in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində “elektron imza”nın tətbiqi, “Elektron hökumət” portalının yaradılması, həmçinin “E-təhsil”, “E-səhiyyə”, “E-vergilər”, “E-gömrük”, “E-ədliyyə” və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olub.
– ABŞ-ın Milli Kəşfiyyat direktoru Ceyms Klepper belə bir bəyanatla çıxış edib ki, ABŞ da daxil olmaqla hökumət və təhlükəsizlik xidmətləri kiberhücumların qarşısını tam ala bilmir. Cənab nazir, necə hesab edirsiniz, kibercinayətkarlıqla daha mütəşəkkil formada necə mübarizə aparmaq olar?
– İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi dövlətin, cəmiyyətin və insanların fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal informasiya cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası ziddiyyətlər və münaqişələr virtual məkana da keçir. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması və istifadəsi nəticəsində virtual məkanda formalaşan şəbəkəni, həmçinin istifadəçiləri informasiya resursları və sistemlərini mümkün təhdidlərdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi olduqca vacibdir. İnformasiya təhlükəsizliyini təmin edən proqram təminatlarının (vasitələrinin) daxili mexanizmlərinin öyrənilməsi, həmçinin şəbəkədə mövcud hücumları nəzərə alaraq şəbəkənin müdafiə mexanizminin işlənilməsi vacibdir. Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliğ edilməsi və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal şəkildə istifadə edilir. İnformasiya təhlükəsizliyinin təmini məsələlərində cəmiyyətin bütün qüvvələrinin-dövlət, biznes və vətəndaş cəmiyyətinin, xüsusən cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir. Bundan başqa, son zamanlar fişinq, botnet, saxtalaşdırma, fırıldaqçılıq hadisələri sürətlə artmaqdadır. Bu kimi hallara qarşı mübarizə siyasətinin işlənməsi mühüm əhəmiyyət kəsb edir.
Kompyuter sistemi şəbəkələrinin çoxalması, əhalinin sıxlığı, mobil telefonların sayı, internetin inkişafı cinayət əməllərinin artımına gətirir ilə səciyyələnir. Məsələn, adambaşına düşən mobil telefon sayının çoxluğu, əhalinin ondan internet vasitəsi kimi istifadə etməsi nəticəsində Cənub-Şərqi Asiyada cinayət əməllərinin sayı da çoxdur. Azərbaycana gəlincə, bizim ölkədə kompyuter cinayətkarlığı ilə bağlı Cinayət Məcəlləsində 271, 272, 273-cü maddələr kimi xüsusi maddələr var. Bu, sahə üzrə mübarizə tədbirlərinin görülməsinə əsas verir.
– Cənab nazir, bu gün süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulub. Məsələnin texniki və kommersiya tərəfi aydındır. Maraqlıdır, sadə Azərbaycan vətəndaşı peykin orbitə buraxılmasından sonra sosial həyatında hansı dəyişikliyi hiss edəcək?
–Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.
Nəzərinizə çatdırım ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq edilmişdir.
Qeyd edim ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan “COPUOS” kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü vardır.
Bundan başqa, ilk telekommunikasiya peykinin hazırlanaraq “Kuru” kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında və sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır.
Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış və bu proses bu il də davam etdiriləcəkdir.
Qeyd edim ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace” orbitə buraxılacaqdır. “Azerspace” ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan “Star-2 Bus” platforması üzərində yığılır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raket daşıyıcısı ilə çıxarılacaqdır.
Hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. “Azerspace” peyki Malayziya hökumətinə məxsus və Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə edilən 46° şərq uzunluğu orbital mövqesinə çıxarılacaqdır.
Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcəkdir.
Sualın ikinci hissəsinə gəldikdə isə bildirim ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur.
Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir.
Buna görə də, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəhəsi olacağını düşünürəm. “Azerspace” peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və “e-səhiyyə” kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır.
Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox sahələrin inkişafına təkan verəcək.
Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və sahə üçün mütəxəssislərin hazırlanması məsələlərini də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni töhfələr verəcəyini qeyd etmək lazımdır.
Qeyd edilən və digər məsələlər bilavasitə respublikanın sadə vətəndaşlarının sosial həyatı ilə əlaqədar olduğundan peykin orbitə çıxarılması ilə bu məsələlərin həllinə nail olunacaq.
– Bu gün ölkədə “Rəqəmli TV”-nin tətbiqi ilə bağlı həyata keçirilən işlər deməyə əsas verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyənləşdirdiyi vaxtdan əvvəl Azərbaycanda analoq yayım dayandırılacaq. Bir neçə versiyalar səslənir; dəqiqləşdirmək istərdik, “Rəqəmli TV” yayımı hansı formada həyata keçiriləcək?
–Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara uyğun olaraq dünyanın bütün ölkələrinin 2015-ci ilədək rəqəmli televiziya yayımına keçid nəzərdə tutulmuşdur. Respublikada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qeyd olunan keçidin daha qısa müddətdə həyata keçirilməsi üçün potensial imkanların olduğunu nəzərə alaraq, bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Belə ki, Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarında rəqəmli yayıma keçidin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulsa da, RİTN tərəfindən görülən tədbirlər nəticəsində artıq respublikanın əhali yaşayan ərazisinin 85 faizdən çoxu rəqəmli televiziya yayımı ilə təmin edilibr və 2012-ci ilin sonuna qədər analoq yayımının dayandırılması üçün tədbirlər davam etdirilir.
Əhali tərəfindən rəqəmli televiziyanın qəbulu məqsədilə hazırda geniş izahat-təbliğat işləri aparılır, analoq yayımını qəbul edən televizorlardan istifadə üçün çevirici qurğuların respublikada istehsalı və respublikaya gətirilməsi işlərinə başlanılıb. Eyni zamanda əhali tərəfindən yalnız rəqəmli televizorların alınması vacib sayılır. Aztəminatlı ailələrin çevirici qurğularla dövlətin yardımı ilə təmin edilməsi üçün Milli Teleradio Şurası tərəfindən aidiyyəti üzrə təkliflər verilib. Hazırda analoq və rəqəmli yayım paralel aparılır və rəqəmli televiziya yayımına keçidin başa çatdırılması ilə analoq yayımın dayandırılması nəzərdə tutulur.
– “E-imza”nın tətbiqi artıq uğurla reallaşıb. Bizdə olan məlumata görə, bu günədək 900-ə qədər elektron imza sertifkatı reallaşdırılıb. “E-imza” insanlara nə kimi üstünlüklər verəcək? Cənab nazir, Siz özünüz “e-imza”dan istifadə edirsinizmi?
–Bu gün dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin böyük bir qismi, məsələn, rəsmi sənədlərin verilməsi, bəyannamələrin, ərizələrin təqdim olunması və s. xidmətlərə müraciət edən şəxslərin birmənalı olaraq identifikasiyasını tələb edir, həmçinin dövlət orqanları arasında elektron sənədlərin dövriyyəsini şərtləndirir. Bu baxımdan elektron imzanın tətbiqi əsas etibarı ilə əhalinin “elektron hökumət” xidmətlərindən geniş istifadəsinə şərait yaradacaq və informasiya mübadiləsi prosesində onların fərdi məlumatlarının təhlükəsizliyini və etibarlılığını təmin edəcəkdir. Elektron imza elektron xidmətlərə istifadəçilərin çıxış imkanlarını artıracaq, onlara daha müasir, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini, eləcə də “e-hökumət” və “e-ticarət” həllərindən istifadəni genişləndirəcək Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm ki, bəli, “elektron imza”m var.
–İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılması fikri maraqla qarşılanıb. Bu fondun yaradılmasında məqsəd nədən ibarətdir?
–Bu fondu yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan şirkətlərinə dəstək olmaq və bu yolla İKT sahəsinin inkişafına təkan verməkdir. İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu və innovasiyayönümlü layihələrin yaradılması, ixtisaslı mütəxəssislərin layihələrə cəlb olunması, mikro və nanoelektronika sahəsində istehsal, proqram təminat və region bazarlarına informasiya verilməsi kimi vacib məsələlər üzrə dövlətin maliyyə resurslarından istifadə imkanı yaratmaq məqsədi qoyulub. İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq və bu şirkətlərə xarici investisiyaların cəlb olunmasına xidmət göstərmək fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn prioritet fəaliyyət istiqaməti olacaq.
RİTN-in diqqət mərkəzində saxladığı əsas məqam İKT sahəsi üzrə yüksək biliklərə malik olan azərbaycanlı mütəxəssislərin işlə təmin olunmasıdır. İxtisaslaşmış İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə gənc istedadların yeni layihələr ətrafında cəmləşməsini təmin etməkdir. Fondun dəstəyi sayəsində elmi-tədqiqat və innovativ işlə məşğul olmaq istəyən mütəxəssislərin startap-layihələrə cəlb olunması, bu kimi yeni firmaların qısa müddət ərzində uğurla möhkəmlənməsi və mənfəət əldə edilən səviyyəyə çatmasına nail olmaq mümkün olacaq.
– İnternetin kəmiyyət, keyfiyyət və tarif siyasətində hər hansı bir yenilik gözlənilirmi?
–Hazırda Azərbaycanda internetin inkişafı
üçün böyük potensial mövcuddur. Respublika ərazisinin
fiber-optik magistral şəbəkələrlə tam əhatə
olunması, bütün yaşayış məntəqələrinin
telefonlaşdırılması və telefon şəbəkəsinin
elektronlaşdırılması və mobil telefon şəbəkələrində
“3G” texnologiyasının, həmçinin yaxın gələcəkdə
“4G” (LTE) xidmətlərinin tətbiqi ölkənin istənilən
nöqtəsində yüksəksürətli internetə
çıxış imkanı yaradır.
Bu seqmentdə özəl sektorun rolu davamlı olaraq
artmaqdadır.
Ölkədə 40-a yaxın internet xidmət
provayderi və 600-dən çox internet-klub fəaliyyət
göstərir. Hazırda ölkəmizin
qlobal internet şəbəkəsində qoşulma sürəti
100 Gbitsaniyəni ötüb ki, bu da respublikamıza bölgə
ölkələrinə internet xidmətlərini ixrac etməyə
imkan verir. Əhalinin internetdən istifadəsini
genişləndirmək məqsədilə ölkədə
son 4 ildə internetin qiyməti 10 dəfəyədək
azaldılıb.
Bu sahədə
gözlənilən yeniliklərə gəldikdə isə,
ilk növbədə genişzolaqlı internet xidmətləri
ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək
proqnozlar və eyni zamanda, Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) Rəqəmli İnkişaf
üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi
hədəflərə uyğun olaraq hazırladığımız
“Azərbaycanda genişzolaqlı internet xidmətlərinin
inkişafı üzrə Fəaliyyət Proqramı”nı
qeyd etmək istəyirəm.
Bu proqramın reallaşması ilə ölkəmizin
BTİ və digər mötəbər beynəlxalq təşkilatlarda
reytinqinin, genişzolaqlı internet infrastrukturunun potensialının
və ondan istifadə imkanlarının artırılması,
habelə ictimai yerlərdə yüksəksürətli
internetə simsiz çıxış təmin ediləcək. Bununla
yanaşı, milli kontent inkişaf etdiriləcək və
ölkədaxili trafikin həcmi artacaq.
–Dünyanın
bir çox ölkəsində stasionar telefonlardan
danışıqlara limit tətbiq edilir və əhali
danışdığı dəqiqəyə görə
ödəniş edir. Bu sistemin tətbiqinin əhali
üçün üstünlükləri mövcuddur. Bilmək istərdik, bu üstünlüklər nədən
ibarətdir və ölkəmizdə belə bir tarif
planının tətbiqi reallaşa bilərmi?
–Bu
gün ölkəmizdə rabitənin müasir standartlara
uyğun inkişafı və yeni xidmət növlərinin tətbiqi
şəraitində çevik tarif siyasəti
yürüdülür. Bu tarif siyasətinin əsasını
telekommunikasiya operatorlarının şəbəkənin
inkişafına şərait yaratmaq və göstərilən
xidmətlərin bütün kateqoriyadan olan istifadəçilər
üçün sərfəli olması təşkil edir.
Bu istiqamətdə atılacaq addımlardan biri də
limitli tarif paketidir. Qeyd edim ki, dünya ölkələrində
bu tarif planının tətbiqi üzrə müxtəlif
variantlardan istifadə olunur və müxtəlif yanaşmalar
mövcuddur. Hazırda MDB ölkələrində
limitsiz tariflərlə yanaşı, limitli tarif paketindən də
istifadə olunur və bu tarifin ölkəmizdə də tətbiqi
zəruridir.
Limitli tariflərin tətbiqi ölkəmizdə
telekommunikasiya şəbəkəsinin artıq yüklənmədən
azad olmasına və israfçılığın
qarşısının alınmasına səbəb
olacaqdır ki, bu da öz növbəsində əhalinin
internet, o cümlədən digər yeni xidmətlərdən
daha keyfiyyətli istifadəsinə imkan verəcək.
Hazırda əhalinin telefondan istifadə səviyyəsinin
analizi və şəbəkədə bu sistemi dəstəkləyən
yeni texnologiyaların tam tətbiqi istiqamətində işlər
aparılır.
Qeyd olunan sistemin tətbiqi ilə əlaqədar
hazırlanacaq təkliflərdə əhalinin aztəminatlı
hissəsinin maddi vəziyyəti, abunəçilərin
seçim imkanlığının yaradılması və
rabitə operatorlarının investisiya
imkanlığının genişləndirilməsi
faktorları nəzərə alınacaqdır.
– Cənab
nazir, ölkədə fəaliyyət göstərən mobil
operatorlar dəfələrlə “3G” xidmətinin göstərilməsi
üçün texniki baxımdan tam hazır
olduqlarını bildirdilər. Nazirlik lisenziya təqdim
etdi və ölkədə bu xidmətin tətbiqi rəsmən
təsdiqləndi. Xeyli müddət
keçməsinə baxmayaraq, “3G” xidməti əhali
arasında populyarlaşmadı. Bu gün
“4G” texnologiyasının tətbiqi gündəmdədir.
Buna münasibətiniz?
–Ötən
ilin noyabr ayında respublikamızda fəaliyyət göstərən
digər iki mobil operatora da 3-cü nəsil (3G) mobil rabitə
xidmətləri sahəsində fəaliyyət
üçün xüsusi razılıq (lisenziya) verildi. Qısa müddət ərzində Azərbaycanda “3G”
xidmətindən istifadə edənlərin sayı təxminən
2 milyonu ötmüşdü. Təqdim
olunan xidmət səviyyəsinin daha da artırılması,
telekommunikasiya bazarının təhlil edilərək
vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə
əsas verir ki, yaxın gələcəkdə həmin xidmətdən
istifadə edənlərin sayı daha da artacaq.
Yeni texnologiyalar nazirlik tərəfindən daim öyrənilir
və tətbiqi üçün lazımi işlər
görülür. “4G” (LTE) xidmətinin tətbiqi ilə
bağlı hazırda araşdırmalar və məsləhətləşmələr
aparılır. Nəticəyə uyğun
xidmətin respublikamızda tətbiqi məsələsi ilə
bağlı yaxın vaxtlarda qərar veriləcək.
525-ci qəzet.-
2012.- 14 fevral.- S.3.