Jurnalistika – demokratiya institutu kimi

 

XXI əsr bəşəriyyətin yeni sivilizasiya dövrüdür. Bu dövrün ən xarakterik xüsusiyyətləri sırasında informasiya azadlığı, insan hüququ, hakimiyyətin fəaliyyətinin şəffaflığı, şəxsiyyətə hörmət, azad seçkilər – bir sözlə, demokratik dəyərlər sistemi dayanır. Bu dəyərlərin formalaşması və onun prinsiplərinin mənimsənilməsi prosesində media, jurnalistika ən mükəmməl vasitədir. Söz və mətbuat azadlığına, medianın formalaşdırmağa xidmət etdiyi demokratiyaya etinasızlıq böyük milli katastrofalara, milli faciələrə gətirib çıxarır. 2011-ci ilin lap başlanğıcında özünü göstərən Misir hadisələri bir daha sübut etdi ki, mediaya, mətbuata, teleradioya qadağalar xalqın səsinin eşidilməsinə dövlət, hakimiyyət qadağasıdır və belə münasibətin ömrü uzun sürə bilməz. Misirin prezidenti Hüsnü Mübarəkin 30 illik antidemokratik fəaliyyətinə son qoyan xalqın ən böyük köməkçisi ölkədə bir anlığa nəfəs genişliyinə sahib olan kütləvi informasiya vasitələri oldu. 2011-ci ilin yazından başlayan Liviya hadisələri və onun nəticələri də hakimiyyətin kütləvi informasiya vasitələrinə etinasızlığın sonucu kimi qiymətləndirilə bilər.

Müasir dövrdə parobolik antennaların və ümumdünya azad informasiya İnternet şəbəkəsinin mövcudluğu hər hansı bir ölkədə antidemokratik rejimin müvəqqəti olduğuna təminat verir. Ona görə də müasir cəmiyyətin özü sosial mənada böyük demokratik dəyərlərə malik olub humanist istiqamətlidir. Bu da o deməkdir ki, cəmiyyətdə insanın siyasi, iqtisadi, sosial hüquqları getdikcə daha etibarlı şəkildə müdafiə olunmaqdadır. Demokratiyaya malik olan ölkələrdə bütün mübahisəli məsələlər demokratik müzakirələrdə həll olunur. Jurnalistika bir sosial institut kimi bu qaydaların formalaşmasında aparıcı rol oynayır. Bu mənada indi jurnalistikanın özünə də ciddi yanaşma tələb olunur.

Jurnalistikanı bir demokratiya insitutu kimi KİV-in üç sosial tipi formalaşdırır. Bunlardan birincisi vətəndaş cəmiyyəti jurnalistikasıdir. Belə kütləvi informasiya vasitələrini vətəndaşlar, siyasi partiyalar, sahibkarlar, yaradırlar. Dövlət KİV-i müxtəlif dövlət strukturları tərəfindən yaradılır. Üçüncü tip KİV – ictimai dövlət mediasıdır ki, maksimum ictimai maraqları ifadə edir. Fərqlərinə baxmayaraq bu tiplərin üçü də demokratik ideyalara xidmət edir. Lakin bütün bunlarla belə, vətəndaşların yaratdığı və özəl sektora daxil olan jurnalistika tipi daha müstəqil və daha demokratikdir.

Mətbuat meydana gəldiyi çağdan onun ən vacib vəzifələrindən biri cəmiyyətə informasiya çatdırmaq olub. Təsadüfi deyil ki, məhz bu xarakterinə, bu funksiyalarına görə elə yarandığı vaxtlardan da hakim dairələr onun informasiya ötürücülük funksiyasını həmişə nəzarətdə saxlamağa çalışıblar. Çünki informasiyanın tirajlanmış şəkildə cəmiyyətə ötürülməsinin özü artıq aşkarlığa aparan yoldur və belə yolun sonu da demokratik dəyərlərin formalaşmasına cəmiyyətin hakimiyyətdən daha mükəmməl, insani idarə sistemi tələb etməsinə şərait yaradır. Əlbəttə, mətbuatın ilkin çağları üçün belə bir fəaliyyətin dolğunluğundan danışmaq sadəlövhlük olardı. Ancaq mətbuatın informasiya ötürmək sisteminin həm texniki, həm də yaradıcılıq cəhətdən mükəmmələşməsi prosesi onun cəmiyyətdə demokratik dəyərlərə yiyələnmə, xüsusilə hakimiyyətdən bu dəyərləri tələb etmək prosesi ilə tarixən üst-üstə düşür. Bunu Avropa təcrübəsi, ABŞ təcrübəsi, Rusiya təcrübəsi aydın sübut edir. Avropa dövlətləri, Avropa ölkələri mətbuatın demokratik dəyərləri formalaşdırma prinsiplərini həm xalqın, həm də dövlətin iradəsi kimi Asiyadan – Şərqdən daha tez ortaya qoydu. Rus tənqidçi-filosofu V.Q.Belinskinin belə bir fikri həqiqəti ifadə etdiyinə görə maraqlıdır: “O doğrudur ki, bəşər mədəniyyətinin beşiyi Şərqdir, lakin bəşər mədəniyyəti Şərqdə beşikdən düşə bilmədi” (Belinskiy V.Q. İzbrannıe. M., 1979). Həqiqətən də riyaziyyatdan tutmuş fəlsəfəyə qədər bütün ciddi elmlərin Şərqdən intişar tapması hər kəsə məlumdur. Lakin bu elmlərin, mədəniyyətin bəşəri dəyərlərinin beşiyi olan Şərq özünün doğduğu uşağı böyüdə bilmədi. Müasir Azərbaycan fəlsəfi düşüncəsinin istedadlı nümayəndəsi, Şərq-Qərb fəlsəfi cərəyanlarının, islam dəyərlərinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru Könül xanım Bünyadzadə bu problem ətrafındakı məqalələrindən birində yazır: “Bəşəriyyətin xəzinəsi həmişə ümumi olub, bir bölgə xərcə düşəndə başqa bölgə onun yardımına gəlib, borc verib dardan qurtarıb. Qədim dövrdə Pifaqor Qədim Misirdən, Babilistandan, yaxud Demokrit Qədim Misirdən, Babilistandan, Azərbaycandan, Ərəbistandan, Hindistandan, Həbəşistandan gətirdiyi “kapitalla” (elmi fikir nəzərdə tutulur – C.M.) Qədim Yunan fəlsəfəsinə yardım elədilər. Sonra islam mütəfəkkirləri həm antik dövrdən qalma mirasla, həm də öz qazandıqları ilə tükənməkdə olan Avropanın imdadına yetdilər. İbn Heysəmin qazandığı Rocer Bekonu, ibn Xəldin-Viko və Marksı, İbn Sina – Rene Dekartı, Cabir İbn Həyyan-Otto Hahnı, Mərakeşin IX əsrdən fəaliyyət göstərən Kərayin Universiteti XI əsrdən başlayaraq Avropa universitetlərini və daha neçələr kimləri isə “ayağa qaldırdı”. Və Yeni Dövrdə... xəyanət baş verdi: Qərb Şərqlə arasına sərhəd çəkdi və “banklar” (elmi nailiyyətlər – C.M.), indiyə qədər qazanılanlar qaldı ortada” (Bünyadzadə K. Milli dəyərlərin maya dəyəri. “525-ci qəzet”, 30 dekabr 2011). Bundan sonra Qərb özünü bəşər mədəniyyətinin ilkin yaradıcısı kimi qələmə verir. Lakin həqiqəti gizlətmək mümkün deyil. Yuxarıda adını çəkdiyimiz müasir filosofun Əbu Turxandan gətirdiyi bir sitat da həqiqəti gizlətməyə imkan vermir: “Günəş Şərqdə doğsa da, ideya işığı Qərbdə yanır”. Bu fikir günəşin doğduğu yerdə ideya işığı salmaması çox böyük təəssüf hissi doğursa da, Belinski həqiqəti ilə üst-üstə düşür. Bu acı fikri mətbuat haqqında da söyləmək olar. İlk qəzet nümunələri Çində meydana gəldi. Ancaq tarix Almaniyadan, Fransadan, İtaliyadan, İngiltərədən başladı. Və bu ilk Avropa qəzetləri ilə eyni vaxtda onun texniki imkanları da gücləndi. Avropada formalaşan mətbuat şəbəkəsi demokratiyanın təbliğinə, formalaşmasına təkan verdi. Rusiya kimi demokratik qaydalara tarixən çox qısqanc olan bir dövlətin özündə belə mətbuat ən ağır senzura şəraitində də demokratiya uğrunda, insan haqları uğrunda mübarizədən çəkinməmişdir. II Yekaterina dövründə şəxsən çarın özünün hakimiyyətə xidmət etmək üçün yaratdığı jurnallar- “Ni to, ni syo”, “İ to, i syo”, “Bsyakaya vsyaçina” və s. mətbuat orqanları sistemində N.Novikovun “Adskaya poçta”, “Smes”, “Truten”, “Poleznaya s priyatnım”, “Podenşina” jurnalları da özünə yer etdi və bu jurnalların bir çox materialları dövrün eybəcərliklərini, təhkimçilik hüququnu tənqidlə hakimiyyəti insana hörmətə çağırırdı. 1820-ci illərdə demokratik islahatlar, hətta hakimiyyətdən respublika quruluşu tələbləri ilə meydana çıxan dekabrist hərəkatının iştirakçıları öz ideyalarını meydana qoyduqları mətbuat orqanlarında, almanaxlarda cəmiyyətə çatdırırdılar. 1830-cu ildən nəşrə başlayan “Oteçestvenniye zapiski”, 1840-1860-cı illərin ən mükəmməl jurnalı olan “Sovremennik” öz azadlıq ideyaları ilə dəfələrlə senzura təqiblərinə məruz qalmışlar. “Oteçestvennıye zapiski”, “Sovremennik” kimi demokratik ideyalı jurnallarda formalaşmış böyük humanist, filosof-publisist A.Gertsen öz yazılarının demokratik ruhuna görə iki dəfə sürgün edilmiş, sonda ölkədən mühacirət edərək Londonda Rusiyanın hakim dairələrini lərzəyə salan “Kolokol” kimi bir qəzet nəşr etməyə başlamışdır. Öz fəlsəfi dünyagörüşü ilə dövrünün demokratik publisisti N.Q.Çernışevski yazılarının demokratik islahatlar tələbinə görə vətəndaşlıqdan məhrum edilmiş, mülki edama qədər cəzalandırılmışdır. Onun çağdaşları və məsləkdaşları A.Dobrolyubov, İ.Turgenev, F.Dostoyevski, V.Zaytsev, İ.A.Qonçarov və başqalarının publisistikası demokratik ideyaları ilə bu gün də klassik nümunələr hesab olunur.

Mətbuatın demokratik ənənələr formalaşdırması missiyası Azərbaycan gerçəkliyində də özünü çox mükəmməl göstərmişdir. “Əkinçi” qəzetini yaratmaqda maarifçi H.Zərdabinin müqəddəs ideyası məhz demokratik dəyərlərlə bağlı olmuşdur. “Əkinçi”nin nəşrinə icazənin instansiya məşəqqətləri, məhz çar dairələrinin demokratik ideyalardan qorxusu idi. Rusiyada 1905-ci il hadisələri-xalqın demokratiya tələbləri ilə meydanlara çıxmasından yaranan yeni mətbuat orqanları “böyük demokrat” (M.İbrahimov) Cəlil Məmmədquluzadənin və onun məsləkdaşlarının “Molla Nəsrəddin” kimi möhtəşəm xalq jurnalı ideyasına və onun gerçəkləşməsinə zəmin yaratdı. 1900-1910-cu illərdə Azərbaycanda nəşr olunan “Tərəqqi”, “İrşad”, “Açıq söz” və s. onlarca qəzet ilk növbədə demokratiya, müstəqillik və azadlıq uğrunda mübarizəsi ilə yadda qalır. Azərbaycan mətbuatının vicdanı və şərəfi saydığımız C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə və digər onlarca jurnalistin demokratik dəyərlərin formalaşmasına xidmət edən publisistikası müasir jurnalistlərimizin də bəhrələndiyi bir yaradıcılıq məktəbidir.

Azərbaycanın klassik ziyalıları xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərk və azərbaycançılıq ideyalarını təbliğ etmək, imperiya basqılarının ən ağır çağlarında belə əsrlərdən süzülüb gələn milli-mənəvi dəyərlər sistemini zənginləşdirmək və onu qoruyub nəsillərə ötürmək işində ədəbi yaradıcılığın bütün növlərindən istifadə etmişlər. M.F.Axundov, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ü.Hacıbəyli və bu kimi digər yaradıcı ziyalıların bir zamanda poeziyaya, digər zamanda nəsrə, başqa bir məqamda dramaturgiyaya və ya publisistikaya söykənmələri təsadüfi deyildi. Sözün təsir gücünün harda güclü olması zənni bu ziyalıları ədəbi yaradıcılığın bütün növlərini sınaqdan keçirməyə məhkum etmişdir.

Əlbəttə, Azərbaycan klassikasında insanı, cəmiyyəti kamilləşdirən ən güclü ədəbi vasitə uzun müddət bədii söz olmuşdur. Böyük Nizaminin, Nəsiminin, M.F.Axundovun və digər klassik söz ustalarımızın bədii tematikası insanı kamil görmək, estetik təsir vasitəsilə cəmiyyəti maarifləndirmək işinə misilsiz xidmət göstərmişdir. Azərbaycan ziyalısının öz estetik ideallarını gercəkləşdirmə yolunda uzun əsrlər boyu bədii sözə üstünlük verməsi zamanın, dövrün, mühitin sənətkara diqtəsindən doğmuşdur. Bəlkə buna görədir ki, yaradıcılıq növünün poeziya dövrü bizdə çox erkən başlamış və onun populyarlığı indinin özündə də davam etməkdədir. Dahi Nizaminin “Xəmsə”sində qoyulan insan və cəmiyyət, insan və zaman və s. kimi ədəbi problemlər əslində, publisistikanın predmeti olsa da, sənətkar öz sözünü nəzmlə – o zaman yayılmağa daha çox imkanı olan poeziya ilə demişdir.

Mətbuatın yaranması və geniş arenaya çıxması, bununla da sənəktar sözünün tirajlanma imkanının genişlənməsi publisistikanın işlək, funksional xarakterini gündəmə gətirdi. Amma publisistika nə qədər böyük gücə malik olsa da, günün – məhz bu günün aktual problemlərini gündəmə gətirməsi xarakteri uzun müddət bir çox sənətkarın yenə də ona deyil, bədii sözə üz tutmasını şərtləndirdi.

Bədii sözün estetik təsir gücü bütün zamanlarda özünü təsdiq etmişdir və sənətkar da çox zaman məhz özünütəsdiq arzusunu yaradıcılığın bu növü ilə gerçəkləşdirmişdir. Mətbuat və onun kütləvilik imkanı dünya düzəninin bu məqamını xeyli dəyişməyə səbəb oldu. Mətbuatın özünütəsdiqi ilə, bir ictimai institut olaraq formalaşması ilə ən güclü bədii söz ustaları da bu ictimai institutun bel sütununu təşkil edən publisistikadan – günün aktual problemlərinin həllinə yönələn bu yaradıcılıq növündən kənarda qala bilmədilər. Böyuk ingilis şairi Con Milton yaşadığı əsrin ən mükəmməl poeziya nümunələri ilə İngiltərədə məşhur idi. XVIII əsrin birinci yarısında İngiltərə parlamenti qarşısında senzura əleyhinə söylədiyi və sonralar çap etdirdiyi “Areopogitika” publisitik əsəri onu yaşadığı ölkənin hüdudlarından çox-sox uzaqlarda da məşhurlaşdırdı.

Azərbaycan ictimai-humanitar fikrinin korifeyi M.F.Axundov “Kəmalüddövlə məktubları” kimi əsəri ilə daha çox fundamentallıq qazanmışdır.

XIX əsrin sonu və XX əsrin əvvəllərinin Avropada qəzet, jurnal dünyasının yaratdığı imkanlar Azərbaycanın da qabaqcıl yaradıcı ziyalılarının sözü birbaşa ünvana çatdıran publisistikaya meylini gücləndirdi. Publisist sözün H.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Y.V.Çəmənzəminli, Ə.Hüseynzadə... kimi elə ustaları yetişdi ki, ədəbi yaradıcılığın bu növü cəmiyyətə ən güclü təsir vasitəsinə çevrildi. Bu böyük sənət fədailərini zamanın yetirdiyi mətbuat meydana qoydu. Çünki publisistikanın yeni qadir qüvvəsi yalnız mətbuat vasitəsilə özünü göstərə bilərdi.

Azərbaycanın yaradıcı ziyalılarının XX əsrin əvvəllərində publisistikaya güclü meyli məhz onların öz ideyalarını xalqa çatdırmaq işində məktəb səviyyəsinə yüksəlmiş “Şərqi-Rus”, “Həyat” kimi qəzetlərin, “Füyuzat”, “Molla Nəsrəddin” kimi jurnalların ortaya çıxması böyük vasitə oldu. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında bütövlükdə mətbuatın, xüsusi olaraq “Molla Nəsrəddin” jurnalının xalq həyatındakı roluna verilən qiymət klassik publisistikamıza və publisistlərimizə verilən qiymət kimi dəyərləndirilə bilər: “Mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı... “Molla Nəsrəddin” dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi”.

Bu tipli jurnallar və qəzetlər öz ətrafına ən fəal publisistləri toplayırdı. Əlbəttə, XX əsrin əvvəllərində Azərbaycan ədibləri hələ də bədii sözə, bədii sənətə önəm verirdilər. Ancaq C.Məmmədquluzadə və mollanəsrəddinçilər publisistikanın qadirlik qüdrətini tez duydular və buna önəm verdilər.

Yuxarıda adlarını çəkdiyimiz ədiblərin jurnalistikadakı fəaliyyətləri sübut edir ki, publisistika özünü xalqa söz deməyin, milli ideyaları gerçəkləşdirməyin ən güclü vasitəsi kimi göstərəndə klassikləşir və onun problemə, mövzuya sənətkarlıq baxışı böyük məktəbə çevrilir. C.Məmmədquluzadə hələ XX əsrin lap əvvəllərində doğma dilimizin təhlükədə olduğunu, erməni xislətinin axır bir gün Azərbaycan üçün faciələrə gətirib çıxaracağını, imperiya siyasətinin milli zərbələr hazırladığını özünün “Azərbaycan”, “Bizim obrazovannılar”, “Axund ilə keşişin vəzi” və s. kimi onlarca publisistik əsəri ilə, Üzeyir Hacıbəyli xalqın maariflənməsinə, qəflət yuxusundan oyanmasına xidmət göstərən “Bir firəng ilə söhbətim”, “Nəyimizin vaxtıdır”, Təəssürat”, “Fitnələr qarşısında”, “Düşmənlərimizin fəaliyyəti”, “Qarabağ haqqında” tipli yazıları ilə, N.Nərimanov “Yalqız əldən səs çıxmaz”, “Bəsdir özünüzü rüsvay etdiniz”, “Həftə fəryadı”, “Göz yaşı tökdürən cəzirə”, “Bir az da utanmaq lazım”... kimi məqalələri ilə, Ö.F.Nemanzadə “Dərdimiz və dərmanımız”, “Dəvət”, “İmtahan”, “Köməkləşəlim”, “Millətpərəstlik zamanıdır”, “Məzlum ən böyük zalımdır” jurnalist düşüncələri ilə, Ə.Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir”, “Ey qələm!” əsərləri ilə, Əhməd bəy Ağaoğlu “İslam və qadın”, “Tənbəllik mikrobu”, “Tatar qadınlarının beşik mahnıları”, “Mən kiməm” yazıları ilə, Y.V.Cəmənzəminli “Azərbaycan muxtariyyəti”, “Müstəqilliyimizi istəyiriksə” məqalələr silsələsi ilə publisistikanın bütün zamanlar üçün aktual olan klassik nümunələrini yaratmışdır.

Cəsarətlə demək olar ki, təkcə Molla Nəsrəddin ədəbi məktəbinin nümayəndələri özlərinin ölməz publisist əsərləri ilə ədəbi növün bu sahəsində yüzlərlə şedevr nümunələr ortaya qoymuşlar.

Öz tematikasına, qaldırdığı problemlərin milli dəyərinə, millətə və onun özünüdərkinə xidmət göstərdiyinə görə XX əsrin klassik Azərbaycan publisistika nümunələrinin sovet dövründə yenidən çapına dəmir senzura qadağaları imkan verməmişdir. M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin milli oyanışla bağlı yazıları XX əsrin əvvəlləri Azərbaycan mətbuatının saralmış səhifələrində qalmışdı. Qarabağa erməni iddialarını, tariximizin erməni “alimləri” tərəfindən saxtalaşdırılmasını elmi-publisistik dəlillərlə xalqa anlatmağa çalışan Üzeyir Hacıbəyli publisistikasının bu mövzudakı nümunələri 1918-1920-ci illərdə həmin yazıların dərc olunduğu “Azərbaycan” qəzeti ilə birgə arxivin zirzəmilərinə atılmışdı. Bu tipli aktual və millət dərdi çəkən publisistikasına görə C.Məmmədquluzadənin onlarca publisist məqaləsi onun əsərlərinin külliyyatına salınmamışdır. Əziz Mirəhmədov N.Axundov, Ş.Qurbanov, Ş.Hüseynov kimi publisistika tədqiqatçıları vaxtilə bu əsərləri üzə çıxarmağın cəzasını da çox çəkmişlər.

Adətən elmi ədəbiyyatda klassika epiteti daha çox yüz illəri, min illəri əhatə edən sənət nümunələrinə şamil edilir. Həqiqətən də klassika ona görə qiymətlidir ki, onun postulatları, kamil üslubu, böyük idealları və bu idealların – sənətkarcasına ifadə tərzi yüz illərin həqiqətinə, yüzillərin aktual problemlərinə və nəhayət, yüz illərin sənət nümunəsinə çevrilir. Bədii söz sənəti bu statusu qazanmaqda xeyli əlverişli imkanlara malikdir. Publisistika da söz sənətidir. Lakin ədəbi yaradıcılığın bu növü daha çox günün aktual problemlərini qələmə aldığına görə, ünvanlı, konkret zamana və məkana aidliyi ilə uzun müddətli ömrə sahib olmur. Ancaq tarixi təcrübə sübut edir ki, hər şey sənətkardan, onun ifadə tərzindən, qaldırdığı problemlərin cəmiyyət həyatında gərəklik dərəcəsindən çox asılıdır. Bu mənada “qəzet bir gün yaşayır” məlum tezisi ətrafında mübahisə etmək olar. Yəni, məsələn, XX əsrin əvvəllərində meydana çıxan qəzetlərimizin səhifələrində bəzən elə mövzular, elə bəşəri və xəlqi problemlər öz əksini tapmışdır və bu əsərlər elə böyük, qüdrətli qələm sahibinə məxsus olmuşdur ki, həmin qəzetlərin adını da, özünü də yaşatmaqdadır. Bu mənada Azərbaycanın jurnal publisistikasının da bəşəri və əbədi yaşarılığını təmin edən faktları çoxdur. “Şərqi-Rus”, “Həyat” “Tərəqqi” qəzetləri günün aktual məsələlərini qoyurdusa, “Füyuzat”, “Molla Nəsrəddin” kimi jurnallar uzun müddətli strateji mövzuları gündəmə gətirirdi, “Füyuzat” kimi ədəbi jurnalların XX əsrin əvvəllərində gündəmə gətirdiyi türkçülük ideyaları yüz ilin qadağalarını dəf edərək XX əsrin sonunda yeni təkanla bir daha üzə çıxdı. Məsələn, milli ideologiyamızın həqiqətinə çevrilmiş bu türkçülük ideyaları böyük publisist Əli bəy Hüseynzadənin əsərlərinin leytmotivini təşkil edirdi. Bu ideologiyanın- türkçülüyün yeni dönəmdə necə qiymətə mindiyini ulu öndərimiz Heydər Əliyev belə ifadə etmişdir: “Əmin olduğumu bildirmək istəyirəm ki,... türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha da geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar. Xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bu günkü günlərə gətirib çıxarmışdır. Biz öz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, böyük tariximizlə fəxr edə bilərik”. Bu sözlərdəki böyük vəzifələri yerinə yetirmək işində gənc nəslin qarşısında bir məktəb, bir nümunə olmalıdır. Türkçülüyün və onun ifadəsinin klassik nümunələri “Füyuzat”ın səhifələrindədir. Bu jurnaldakı publisistika müasirlərə bir məktəb səviyyəsindədir.

Xalqın milli dərdlərinin, milli özünüdərkinin və azərbaycançılıq ideyalarının möhtəşəm ifadəsi “Molla Nəsrəddin” jurnalında və mollanəsrəddinçilər ədəbi məktəbindədir. Bu böyük məktəblərin əsasında isə sözü birbaşa və daha böyük cəsarətlə üzə deyən əlahəzrət publisistika dayanır.

Azərbaycan publisistikası XX əsrin əvvəllərindəki səviyyəsilə heyrət doğurur. XX əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, azərbaycançılıq ideyalarının qabardılması publisistikanın həm mövzu dairəsini, həm də onun sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırdı. O vaxtlar Baxçasarayda “Tərcüman” qəzetinin naşiri və baş redaktoru, türk dünyasının ilk milli mücahidlərindən biri İsmayıl bəy Qaspiralı Ə.Hüseynzadənin ona göndərdiyi “Həyat” qəzetinin cildlənmiş nömrələrini alıb öz fikrini belə ifadə etmişdi: “Əziz qardaşım, mənə “Həyat”ın hamisi demişsən. Gözəl, amma bu sözün təfsiri hacətlidir. “Həyat”ın hamiyi-həqiqisi millətdir. Mən, yalnız onun “Tərcüman”ıyam. Millət sənə daim hami olur. Fəqət, yeganə şərtini unutma – hər nə yaxacaq isən, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yazı yaz. Sözün ötər, vicdanlara yetər. Əks halda bisəmərə gələr, keçər, gedər”. İ.Qaspiralının Ə.Hüseynzadəyə bu “rica”sı, bu “məsləhəti” və bu “vəsiyyəti” XX əsrin əvvəlləri Azərbaycan publisistlərinin kredosuna çevrilmişdir. Əli bəy Hüseynzadə özünün “Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi” qəzetlərindəki publisistika nümunələrini məhz “ürəyinin qanı” ilə yazmışdır. Onun “Azərbaycanda düşündüklərim”, “Gənc türklər, yaxud gənc türkçülük nə deməkdir”, “Azərbaycan padşahları” və başqa onlarca yazısı Vətən və onun dərdləri, problemlərdən çıxış yolları kimi tarixin ibrət dərsləridir.

 

Cahangir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2012.- 15 fevral.- S. 6.