Suğra Bağırzadənin güllərdən yaratdığı kompozisiyaların sərgisi açılıb

 

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, tanınmış sənətkar Suğra Bağırzadənin fərdi sərgisinin açılışı olub. Tədbiri Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov açaraq, Suğra Bağırzadənin yaradıcılığı haqqında məlumat verib. A.İbrahimov “Azərbaycanfilm” kinostudiyasında “Ulduz”, “Yollar və küçələrlə”, “Dünyaya insan gəlib”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Güllələnmə təxirə salınıb” və s. filmlərdə çəkilmiş aktrisanın rəssam kimi də tanındığını və sənətkarın öz daxili aləmini, düşüncələrini, dünyaya baxışını güllərin ömrünü uzatmaqla, onlardan mürəkkəb kompozisiya yaratmaqla ifadə etdiyini deyib.

Tədbirdə çıxış edən digər qonaqlar da sənətkarın yaradıcılığından söz açıb, Suğra Bağırzadənin televiziya verilişlərində fəal iştirak etdiyini, müxtəlif filmlərdə çəkildiyini, zövq və məsuliyyət tələb edən bir işlə məşğul olduğunu, güllərin ömrünü uzatmaqla gözəl sənət əsərləri yaratdığını dilə gətiriblər.

Tədbirin sonunda Əməkdar artist Suğra Bağırzadə sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Suğra Bağırzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, Baltikyanı ölkələr və MDB Kinematoqrafçılar Konfederasiyasının üzvü, 2003-cü ildən isə Dünya Floristika Şurasında Azərbaycandan ilk və yeganə təmsilçidir.

Fevralın 17-dək davam edəcək sərgidə rəssamın canlı güllərdən yaratdığı 70-dən çox orijinal kompozisiya nümayiş olunur.

 

Günel

 

525-ci qəzet.- 2012.- 15 fevral.- S. 7.