Vətən sevgisiylə döyünən şair ürəyi

 

 

Aləmlərin Rəbbi olan Allah mənim taleyimi və yaradıcılığımı Moskvada fəaliyyət göstərən”Şəhriyar” ədəbi-mədəni cəmiyyəti ilə bağlayan gündən şair Nəsib Nəbioğlu ilə səmimi münasibətdə olmuşam. Bu səmimiyyət getdikcə dərinləşib və qəlblərimizi daha da yaxınlaşdırıb.

Mən Nəsib Nəbioğlunun yaradıcılığı ilə keçən əsrin 90-cı illərindən tanışam. O, müasir Azərbaycan ədəbiyyatının Moskva şəhərində yaşayan ən görkəmli nümayəndələrindən biridir. Ömrünün 40 ilini Söz dünyasına həsr etmiş şair Azərbaycan və Rusiya oxucuları üçün altı gözəl, poetik şeirlər toplusu ərmağan edib. “Ürəyim yurd yeridir”, “Dua eləyən bulaq”, “Sizə sözüm var”, “Bağışlamaz dağlar məni”, “Nəğməkar əsgər” və “Heç belə də kənd olar? “ kimi şeir kitabları oxucular üçün unudulmaz töhfədir.

Nəsib müəllim hələ tələbəlik illəri dövründə dövrü mətbuatda, o cümlədən Moskvada “Qaynaqlar” və “Poeziya” kimi tanınmış almanaxlarda çap olunub,onun şerləri böyük oxucu kütləsinin maraqlı mütaliəsinə çevrilib.

Nəsib Nəbioğlunun yaradıcılığı haqqında Rusiyanın və Azərbaycanın görkəmli yazıçıları və şairləri – Sergey Mixalkov, Aleksandr Baskakov, İqor Peçenev, Nikolay Qoroxov, Viktor Velskiy, Valentin Suxovskiy,İqor Fedorin, Xalıq Koroğlu, Məmməd Araz, Çingiz Hüseynov, Qasım Qasımzadə, Nəriman Həsənzadə, Ağa Laçınlı, Adil Cəmil, və b. müxtəlif vaxtlarda yazılar dərc etdirmiş, poetik axtarışlarda onu orijinal bir şair kimi ədəbiyyatımıza təqdim etmişlər.

Geniş ürəyə, aydın simaya və coşğun gözlərə malik olan Nəsib müəllimin davranışları sadə, qəlbi isə doğulduğu Kəlbəcər dağlarını ətri-rahiyyəyə qərq edən güllərin, çiçəklərin rəngi təki pak və təmizdir. Dağların cənnət havası, lilpar bulaqların diş göynədən suları, çəmənli-laləli düzlər, aşıqların avazı, telli sazın yanıqlı səsi, nənələrimizin nağıl cəhrəsi, dik qayaların ecazkarlığı, bərəkətli çöllər və çoban tütəyinin könül xumarladan ahəngi Nəsib Nəbioğlunu poeziya okeanına gətirmiş, böyük sənətkarlarla yaradıcılıq yarışına qoşa bilmişdir.

Elə ona görə də mən onun tərcümeyi-halı barədə yox, yalnız yaradıcılığı haqqında oxucularla öz düşüncələrimi bölüşmək istəyindəyəm.

Nəsibin 2011-ci ildə Bakıda “525-ci qəzet”in “Bank of Azerbaijan”la birgə həyata keçirdiyi humanitar-mədəni layihə çərçivəsində çap olunmuş “Heç belə də kənd olar?“ növbəti şeirlər toplusunu vərəqləyirəm. Kitabın titul səhifəsi “ Azərbaycan bayrağı” adlı şeirlə açılır:

Həsrətini çəkmişəm, ləngimisən nə vaxtdı,

Sənə yadlar, yağılar paxıl gözüylə baxdı,

Dalğalan, indi adın millətimə dayaqdı,

Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

Yüksək vətənpərvərlik və milli duyğularla dolu olan həmin şeir öz kriteriyasına görə, tərifsiz olaraq son dövrlərin ən gözəl şeirlərindən biridir. İnsanın hisslərini riqqətə gətirən, ruhunu vətən məhəbbətilə coşduran “ Azərbaycan bayrağı” şeiri milli kökümüzə, qəhrəmanlığımıza və tariximizə bağlılığın çağlar simvoludur:

Sadə deyimlə yüksək bədiiliyin vəhdəti Nəsib Nəbioğlu şeirlərinin ruhunu təşkil edir. “ Ayrılmasın könül candan” rədifli şeirində oxucu bunun şahidi olur:

Xəyallarım gedən yerə ayaqlarım gedib çatmaz,

Yuvasından perik düşən insan

rahat yuxu yatmaz,

Yurdu talan olan gəlib qəriblikdə başın qatmaz,

Axı necə soraq tutum ANA kimi mehribandan,

Ayrılmasın könül candan!

Düz deyiblər ki, ürək dediyin varlıq bir əlçim bulud kimidir, həssas yerinə toxunanda sel olub tökülür. Nəsibin vətənpərvərliklə dolu olan ürəyindən süzülən sətirlər insanın hisslərini əlçimləyir, duyğularını pərdə-pərdə, qat-qat vərəqləyir. Şeirlərinin demək olar əksəriyyətini Vətən torpaqlarının vəsfinə, Qarabağ faciəsinə həsr edən şair bir an belə rahat ola bilmir:

Dolaylardan enib gəlmir bulaqlara qız dəstəsi,

Havalanmır əvvəlki tək

Qarabağdan Xanın səsi,

Qəlbimizdə bir nalədir “ Qarabağın şikəstəsi”,

Cabbar ruhu, Bülbül ruhu perik düşmə

bu məkandan,

Ayrılmasın könül candan!

           

Canı, ruhu yurd həsrəti, doğma ellərin dərdi ilə havalanan şairin sinəsi sazın simindəki “Yanıq kərəmi” naləsinə bənzəyir. Hicrandan, ələmdən köz tutan köksü Tərtər çayının nisgilli suları kimi ürəklərə yanğılı duyğular gətirir:

Dağını, düzünü taladı yağı,

Çəkilməz, azalmaz sinənin dağı,

Babəkin, Nəbinin yanır torpağı

Vətən, köynəyindən gəl keçir bizi.

Moskva şəhərində fəaliyyət göstərən bütün cəmiyyətlərin, yaradıcı birliklərin, o cümlədən Azərbaycan səfirliyinin təşkil etdiyi bütün tədbirlərdə mütəmadi iştirak edən Nəsib Nəbioğlu öz çıxışlarinda millətimizin, torpağımızın taleyi ilə bağlı məsələləri həmişə ön plana çəkmiş, qaçqın və köçkünlərimizin problemlərini ürək ağrısı ilə qeyd etmişdir. Çıxışları zamanı dəfələrlə onun kövrəlib tutulduğunun, gözlərindən yanaqlarına süzülən VƏTƏN yaşlarının şahidi olmuşuq, lakin Vətən borclarını ona qaytarmaqda özünü suçlayan şair yazır ki;

Məni əyilməyən, biləkli edən,

Məni dadlı-duzlu çörəkli edən

Məni istiqanlı, ürəkli edən

O xeyirxah, doğma elə borcluyam,

Hələ ki, borcumu verə bilmirəm

Böyük Azərbaycan şairi Məmməd Araz yazırdı: “ Nəsib Nəbioğlu dünyanı həm olduğu kimi, həm də istədiyi kimi görmək istəyir. Təbiətən,qəlbən əsl dağlı olan şair , son dərəcə gərgin və burulğanlı bir şəhərdə-Moskvada yaşayır. Şair olmaq üçün isə harda yaşamağın fərqi yoxdur. Əsas odur ki, böyük aləmdə öz poetik “mühitin” olsun. Onun belə mürəkkəb, həm də aydın olan poetik mühiti, poetik söykənəcəyi vardır. Bu, ona mənəvi qida verən, hissini, duyğusunu qanadlandıran sevgili Azərbaycanına ləyaqətli övlad olmaq arzusudur.”

M. Araz Nəsib Nəbioğlunun daxili dünyasına, duyğularına sanki aynada baxmış, onun yaradıcılığına, şəxsiyyətinə zərgər qiyməti vermişdir. Doğrudan da Nəsib qələmə gətirdiyi bütün şeirlərini qəlbinin yanğısından, ürəyinin odundan keçirən sənətkarlardandır. O, həmişə deyir ki, qısqanc, paxıl, yerlibaz , həsədpənd adamları görəndə çalışıram ki, uzaqlaşam. Şair gərək ürəyi açıq olsun, mübariz olsun, zülmlə barışmaz olsun. Çünki zülmlə barışmaq ədalətsizlikdir, köləlikdir. Onun “Sən deyən havaya oynamaram mən” rədifli şeirini oxuyan hər bir oxucu şairin həyatı ilə daxili dünyası arasındakı qırılmaz vəhdətin bütövlüyünü görə bilir:

                                         

Aldanan deyiləm dövlətə, vara,

Ağa-ağ deyənəm, qaraya-qara,

Düz sözün üstündə çəkilləm dara,

Sən deyən havaya oynamaram mən.

Zirvə məskənimdi enən deyiləm,

Özgə avazlarla dinən deyiləm,

Mən haqqın yolundan dönən deyiləm,

Sən deyən havaya oynamaram mən.

Böyüklərin önündə əyilən, mikrofonlar qarşısında yallı gedən yaltaq, ikiüzlü şairlər azdırmı məgər? Yaltaqlıqla deputat olan “ şaircik “lər də var. Belələrini nə ədəbiyyat, nə də zaman bağışlamaz. Bu gün bəşəriyyət Pablo Nerudanı, Əfzələddin Xaqanini, Seyyid İmadəddin Nəsimini, Hüseyn Cavidi və başqalarını böyük hörmətlə yad edir. Şairlik mübarizə, ədalət və haqq simvoludur. Hər kimki, bəşəriyyətin haqqını mənimsəyir o, zülmkardır,çünki o, Allahın həqiqətini oğurlayır. Belə şəxslərə züy tutanlar isə onlardan heç də az zülmkar deyillər. Bu mənada , N. Nəbioğlu həyat həqiqətlərini şax üzə deməyi bacaran sənətkarlarımızdan biridir:

                                                                                                                                                  

Yollarımda namərd çıxıb qarşıma,

Qonşularım zəhər töküb aşıma,

Öz başımdan bəla gəlib başıma

Daş gəzirəm öz başıma vurmağa.

“Nəsib Nəbioğlu dünyaya Dəlidağ ucalığından baxan, hər kiçik misrasını belə büllur dağ çeşməsinin şəffaf damcıları kimi saf-saf düzən , ata-baba ocağına möhkəm bağlanan tanrı vergili bir şairdir. “ Bu sözlər Ağa Laçınlınındır. Ağa Laçınlının sözlərinə qüvvət verərək mən də o fikirdəyəm ki, dağlar qartalı Nəsib Nəbioğlu əsl Azərbaycanlıdır. Dədə-baba tərbiyəsi ilə boy atan, adətinə, ənənəsinə, musiqisinə, ədəbiyyatına və tarixi kökünə bağlı bir insandır. Doğulub boya-başa çatdığı Kəlbəcər dağlarının dərdi, nisgili Nəsibin şeirlərinin leytmotivini təşkil edir:

Dərdi dərd çəkəndən soruşam gərək,

Küsülü kəndimlə barışam gərək,

Gedib torpağıma qarışam gərək

Bir əlim tanrının ətəyindədir.

Doğma kəndini canı qədər sevən və əziz tutan şair , onun bu günkü mənzərəsini təsvir edərək yazır:

Sinəsindən oxlanıb,

Dönə-dönə dağlanıb,

Yolu, izi bağlanıb,

Heç belə də kənd olar?

                          

Kitaba daxil edilən şeirlərin içərisində “ Anamı kiridə bilmirəm, Allah “ rədifli yazı oxucunu olduqca kövrəldir:

                           

Ahıyla bağrımı yandırdı-yaxdı,

Gözünü yığmadı , yollara baxdı,

Didərgin düşübdü bu qoca vaxtı,

Anamı kiridə bilmirəm Allah!

Yığıb yaratdığı var talan olub,

Gözündə həqiqət yalan olub,

Bir uşağa dönüb ağlağan olub

Anamı kiridə bilmirəm , Allah!

 

Filologiya elmləri doktoru, professor, görkəmli yazıçı Çingiz Hüseynov Nəsib Nəbioğlunun yaradıcılıq janrından yazarkən qeyd edir ki, Nəsibin ən çox işlətdiyi və vurğunu olduğum şeir forması – qoşmadır. Doğrudan da Nəsib Nəbioğlu qoşma janrında ustad səviyyəli şairlərdən biridir. O, yeni qafiyələr icad etməklə bərabər, sadə sözlə böyük, poetik fikirlər yarada bilən professional bir sənətkardır:

Xəyalım bir dünya qatardı, getdi,

Deyərdim əllərim çatardı, getdi,

Anam özü ilə apardı, getdi

Gözlərində gilə-gilə dərdimi.

“Heç belə də kənd olar ?” kitabında səhifələnmiş yazılar əsasən on bir hecalı qoşmalardan, gəraylılardan ibarət olub. Vətən sevgisi, ana məhəbbəti, düşmənə və ədalətsizliyə qarşı nifrət hissləri ilə bağlı gözəl şeirlər toplusudur.

Bütün varlığı və yaradıcılığı Vətən torpaqlarının taleyi ilə mayalansa da şair sevgi və məhəbbət mövzusunda qələmə aldığı şeirlərin bir qismini kitaba daxil etməyi unutmayıb. “ Sən mənim ömrümə qayıda bilsən” rədifli şeirində sevginin ümumbəşəri gücünü ehtiva edən şair yazır:

                            

Qəmə bax Allahın verdiyi payda,

Yaman uzaqdasan, yoxsan, nə fayda,

Sevinər ulduz da, günəş də, ay da,

Sən mənim ömrümə qayıda bilsən.

Sevgisinin, məhəbbətinin nakamlığını daxilən yalnız öz ürəyinə açan, öz qələmi ilə bölüşən Nəsib, həmin baqi hissləri oxucuların mütaliəsinə verməkdən imtina etmir;

                   

Birinə qıymısan, birinə qıyma,

Ümidlər qırılar darda, çətində,

Amandır, oğluna adımı qoyma

Yoxsa nakam olar məhəbbətində.

“A dağların çiçək qızı”, “Gəlmişəm könlünü almağa sənin”, “Ayrı”, “Kim alardı qadanı?” adlı qoşmalar olduqca dəyərli və yaddaqalan şeirlərdəndir.

Qızmar kürədən ərinti halında çıxan polad qaldıqca bərkiyən kimi, poeziya ocağının od-alovundan keçən Nəsib Nəbioğlu zaman keçdikcə sənət yollarında bütövləşib, ədəbiyyatımızın tanınmış simalarından birinə çevrilib. Onun şeirlərinə Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Asiya Sultanova,məşhur bəstəkar Nəriman Əzimov, bəstəkar Zemfira Tağıyeva (Ələkbər Tağıyevin qızıdır) mahnılar bəstələmiş, rus şairlərindən Nikolay Qoroxov,Viktor Korkiya,Natalya Zelinskaya, və başqaları onun kitablarını Azərbaycan dilindən rus dilinə tərcümə etmişlər.

Nəsib Nəbioğlu Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq mükafatların laureatları olmaqla yanaşı, eyni zamanda rus ədəbiyyatı sahəsində göstərdiyi xidmətlərə görə Mayakovski adına ordenə də layq görülüb. O, Azərbaycan, Rusiya Yazıçılar Birliklərinin, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvüdür.           

Yorulmaq bilməyən şair həm də Moskva şəhərində mütəmadi olaraq Rusiya və Azərbaycan şairlərinin ad günləri və yubileyləri keçirilməsində fəal iştirak edir. Rusiya ilə Azərbaycan mədəniyyətinin yaxınlaşması və inkişafında Nəsib Nəbioğlu var qüvvəsi ilə çalışan ziyalılarımızdan biridir. Yaradıcılıqla bərabər ictimai işlərdən kənarda qalmayan şair Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun həyatında da yaxından iştirak edir, azərbaycanlıların vahid bir ideologiya ətrafında birləşməsi üçün əlindən gələni əsirgəmir. Bu qədər ictimai işlərin öhdəsindən gəlməklə, yaradıcılıq fəaliyyətində də məhsuldar olan şairin enerjisinə heyran qalmaya bilmirsən.

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin rəyasət heyətinin üzvü olmaqla yanaşı, gənc yazıçılarla mütəmadi ünsiyyətdə olur, onların yaradıcılıq yollarında bərkiməsi, geniş arenalara çıxması üçün var qüvvəsini sərf edir. Təsadüfü deyil ki, keçən il məhz Nəsib Nəbioğlunun səyi nəticəsində cəmiyyətin altı üzvü Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü seçilib.Nəsib Nəbioğlu həmişə də deyir- yazın, bir yerdə dayanmayın, yerində sayandan sənətkar olmaz.Yazın, Azərbaycan həqiqətlərini dünyaya yaymaq lazımdı,bunu yalnız biz,qələm sahibləri etməliyik. Qarabağın dərdini dünyaya demək lazımdır. Ayrı yolumuz yoxdur! Bütün dünya bilməlidir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır.

Böyük ürəyin, aydın fikirlərin sahibi olan vətənpərvər şairimiz Nəsib Nəbioğlu ümidvarıq ki, bundan sonra da özünün çağlar qələmi, coşğun ilhamı ilə öz oxucularını yeni-yeni şeir çələngi ilə sevindirəcək və ədəbiyyatımızı daha da zənginləşdirəcək.

 

Əşrəf HÜSEYNLİ

Beynəlxalq Yazıçılar və PublisistlərAssosiasiyasının və Moskvadakı“ŞƏHRİYAR” ədəbi-mədəni cəmiyyətinin üzvü,

 tarix elmləri namizədi  

525-ci qəzet.- 2012.- 16 fevral.- S.7.