Sıfır
nöqtəsində
Hekayə
Kişi ac idi. Yemək axtarırdı. Stolun üstündə dişə dəyən heç nə yoxuydu. Soyuducunu açdı. “Lənətə gələsən! Sənin dolu günün oldu ki...”, – deyə söylənməyə başladı, – “hədər o vaxt bunu daşıyıb gətirdim.” Kişi soyuducunu zibillikdən tapıb gətirmişdi. İndi onun qarasına deyinirdi. Əslində “Zil Moskva”nın heç bir günahı yoxuydu. Əlini cibinə saldı. 20-cə qəpiyi qalmışdı. O da avtobus pulu. Məyusluğu artdı: “Sabah açılsa, qarnımızı doyuzdurardıq. Yəqin qızlar nəsə gətirərlər.” “Qızlar” deyəndə kişi şöbə yoldaşlarını nəzərdə tuturdu. Mədəni, insaflı xanımlar idilər. Evdə bişirdiklərindən işə gətirir, onu da hər gün qonaq edirdilər. Durumunu bildiklərindən “toxam” deməyinə əhəmiyyət verən olmurdu. Mütləq yedizdirirdilər – kimisi peraşki verirdi, kimisi isti yeməyə qonaq edirdi, kimisi də şirniyyatlı pürrəngi çaya.
Kişinin həyatı həyat deyildi. O, səfil günündə yaşayırdı. Bütün günü ona-buna dissertasiya yazsa da, heç vaxt cibində pulu olmurdu. Əlinə pul gələn gün keçmiş Arvadı əzrayıl kimi kəsdirirdi başının üstünü. Elə bil tükünü yandırırdılar. Maaş günləri məlum, əvvəlcədən bilirdi. Qəribəsi buydu ki, ayrıldıqları on il ərzində kənar qazanclarından bircəsi də Arvaddan yan keçməmişdi. Qadın dərhal xəbər tutur və axırıncı qəpiyinədək əlindən alırdı. Kişi də guya uşaqlarının xətrinə dinmirdi. Və bu minvalla həyatın dibinə, sıfır nöqtəsinə yuvarlanmaqda davam edirdi. Əslində arvaddan qorxurdu.
Yemək tapmayacağını görüncə iştahasını küsdürməkçün çaydanı qaynatdı. Qənd də qurtarmışdı. Həyətə boylandı. “Əşi bu qonşular da toyuq kimi axşamdan tara çıxırlar. Zalım uşağı, noolub bəyəm?” Kişini hirs dalğası bürüdü. Hamı evinə çəkilmişdi, belə məqamlarda dadına çatan uşaqlar da gözə dəymirdilər. Nəsə istəməyə imkan yoxuydu. Qazın yanında qalıb qurumuş birdəfəlik çay paketini isti suya saldı. Bir qurtum içən kimi dadsız su ürəyini bulandırdı. Hirsindən stəkanı yerə çırpdı. “Yox, belə olmaz. Bu dəqiqə gedirəm onlara. Deyərəm ki, təsadüfən burdan keçirdim, gəldim görəm necəsiniz...”
Ayaqqabısını geyinirdi ki, gözü saata sataşdı. Gecə 12-yə qalırdı. O gedib çatınca 1-ə işləyəcəkdi. “Bu vaxt qardaşı evdə olar, arvad-uşağı da yataqda. Yaxşı çıxmaz” , – deyə düşünən Kişi kor-peşman soyunmağa başladı. Yorğun və çarəsiz özünü yatağa atdı. Yataq da ki nə yataq. Bazardakı 30 kiloluq meyvə yeşiklərindən düzəltmişdi “çarpayısını”. Dostları da hansısa məhəllədən çölə atılmış cırıq matras tapıb gətirmişdilər. Bir köhnə balınc, bir nimdaş adyal. Onu da başına çəkəndə ayaqları açıqda qalırdı, ayağını örtəndə kürəyi üşüyürdü. Kişi anlayammırdı ki, bu günə düşməyinin günahı kimdədir. Artıq belə yaşamağa vərdiş etmişdi. Səfaləti adiləşmişdi. Dost-tanış arasında özünə bəraət qazandırmaqçün deyirdi ki, “tək yaşamağın özü bir mədəniyyətdir!”.
Bu axşam yuxu onun yeganə xilaskarı ola bilərdi. Amma əsəb və aclıq əzabını qat-qat artırırdı. Gözünü yuman kimi qarlar içində yıxıla-dura irəliləməyə çalışan uşaq durdu gözünün qabağında. Kimsəsiz dağlar arasında məktəbin yolunu azmış 10-11 yaşlı oğlan qorxudan ağlayırdı və həmin səs Kişinin beynini deşirdi. Diksinib ayıldı. Deyəsən, huşlanmışdı. Amma səs o qədər yaxından gəlirdi ki, bir anlıq bütün bunların indi baş verdiyini zənn etdi. Tez yataqda dirsəkləndi. Ətrafda səssizlik hökm sürürdü. Başını balınca qoyan kimi yenidən fəryad səsi qulaqlarını deşməyə başladı.
Kişi dağlar qoynunda doğulmuşdu. Kəndlərində ancaq ibtidai sinif məktəbi vardı. 4-cü sinifdən sonra oxumaqçün qonşu kəndə gedərdilər. Yol uzaqdı. Yayı-qışı, qarı-yağışı vardı. Həmin o qarlı-çovğunlu qış günündə Kişini donmaqdan canındakı qorxu hissi xilas etmişdi. Qorxudan o qədər çabalamışdı ki, axırı insan yaşayan bir məskənə çatdırmışdı özünü. Atası dağətəyi kəndlərdən birində kolxoz sədriydi. Elə orda da yatıb-qalxar, zirvədəki evlərinə arabir gələrdi. Oğlunun itdiyini eşidəndə at belinə sıçrayıb dağları qarış-qarış axtarmışdı. Tapıldığını biləndə qurban kəsmişdi. Amma bu hadisə ailələrinin həyatında taleyüklü qərara səbəb olmuşdu: onu internata vermişdilər, kiçik bacı-qardaşlarını isə 4-cüdən sonra oxutmamışdılar.
Acından qıvrıldığı indiki məqamda o hadisənin yadına düşməsi Kişini lap özündən çıxardı. Durub çölə çıxdı, bir az həyətdə var-gəl elədi. Baxdı olmur. Pencəyini götürüb küçəyə atıldı. Heç qapını da bağlamadı. Oğurlanası nəyi vardı ki evində?.. Əlini-qolunu ata-ata, ucadan deyinə-deyinə gedirdi. Adəti üzrə yenə hökuməti söyüb-yamanlayırdı. Bəxti gətirməzliyini hökumətin, yeni quruluşun, müstəqillik istəyənlərin ayağına yazırdı. Dünyada özündən savayı hamını müqəssir bilirdi. Görən olsa qorxardı, normal adama bənzəmirdi. Bir də ayıldı ki, o biri evinin qabağındadı. Kişi xaricdən, diplomatik fəaliyyətdən qayıdanda hökumət ona dörd otaqlı ev vermişdi. Yaxşı da pulu vardı əlində. Evi gözəl təmir etdirmişdi. Tavanda güzgülər, bahalı mebellər... İndi yuxu kimi gəlirdi o həyatı. Arvadı çox gözüaçıq olduğundan tələbə vaxtı Kişinin atasının aldığı həyət evini də əllərində saxlamışdılar. Boşananda o köhnə ev Kişinin karına gəlmişdi. Başını soxmağa dörd divarı olmuşdu. Arvad nə küy-kələk eləmişdisə, məhkəmə uşaqları da, dörd otaqlı o gözəl evi də qadına kəsmişdi. Üstəlik aliment verirdi. Qalan maaşını da nəqd olaraq alırdılar əlindən. Gecənin sazağı ac adamı yaman üşüdər. O da soyuqdan titrəyə-titrəyə 7-ci mərtəbədəki evə tərəf bərkdən-bərkdən söylənirdi: “Sabah bizimkiləri yığıb gedəcəm elçiliyə. Bundan sonra gününü görəcəm. Bəsdi daha. Evlənirəm! Allah vurmuşdu səni. İt qızı it.”
Səsindən özü səksəndi: “Görəsən eşitmədi ki?.. Yaxşı ki qonşular yatıb.” Bu binada hamı onu hörmətli-izzətli alim, nəhəng Sovetlər İttifaqının diplomatı kimi tanıyırdı. Uşaqları burda böyüyürdü. Ən azından onların anasıydı bu “it qızı”. Tez ordan uzaqlaşdı.
Bütün yolu evlənmək məsələsi beynində dolandı-durdu. Bu gecə keçmişi yaxasından əl çəkmirdi. Kişi əzabdan qovrulurdu. Evlənmək istədiyi Müəllimə Xanım gəldi gözünün qabağına. Hər dəfə onlardan qayıdanda kefi durulardı. Göyün yeddinci qatına qalxardı daxilən. Qırıq-salxaq maşınında evə qayıdan Kişi yolboyu gülər, özünə mədhnamələr deyərdi. Müasir dəbli, səliqəli evdə gördüyü insani münasibət gözəl duyğular aşılayardı ona. İkinci tərəfdən də yediyi ləzzətli təamlar, toxluq hissi əhvalını lap yüksəldərdi. Nə yazıq ki, axır vaxtlar “it qızı it” ucbatından bu duyğulardan məhrum olmuşdu.
O, ayrılandan sonra bir neçə dəfə evlənməyə cəhd etmişdi. Hamısında da köhnə Arvad qabağına sipər çəkmişdi. Hətta bir dəfə hücum edib Kişinin görüşdüyü Həkim Xanımı döymüşdü. Həyət evindəki qonşulardan kimsə o qadına xəbər daşıyırdı. Kişinin hər addımı Arvadın ovcundaydı. Özü sərbəst gəzib-dolaşsa da, boşandığı ərin cilovunu əlində möhkəm saxlayırdı: “Sənin övladların var, onları düşün. Mən sənə üç oğul saxlayacam, sən gedib ....-lərlə kefə baxacaqsaan?!” Hardansa bir uşaq da peyda olmuşdu o qadının evində. “Atılmış uşaqdır, səhər dərsə gedəndə oğulların blokdan tapıb gətiriblər. İndi əl çəkmirlər ki, ana, qalsın bacımız olsun”, – deyə həmin uşağı da bu Kişinin adına sənədləşdirmişdi. Qonum-qonşu deyirdi ki, nə tapılması.., özü doğub. Amma Kişi şübhələndiyini heç büruzə vermirdi. Daha doğrusu, o şübhəni balalarına qıymırdı.
...Kişi mənəvi müvazinətini itirmişdi. Gecənin bu vaxtında yerlə göy arasında qalan çəkisiz məxluq kimiydi. İndi də beynindəki kinoçarx axırıncı dəfə Müəlliməgildən qayıtmağını əks etdirən “lenti” canlandırırdı: İlıq qış axşamında əhvalı göylərə pərvazlanmış halda evinə dönürdü. Uşaqları yaşayan binanın qabağından keçərkən qəfildən “it qızı it”in əməlləri durdu gözünün qabağında. Qanı necə qaraldısa, bir anda əhvalı alt-üst oldu: “Lənətə gələsən, qadın! Bir axşam rahatlıq verməzsən”, – deyə hirsli-hirsli maşının sürətini artırdı. Burdan tez uzaqlaşmaq istədi. Sanki məsafə hər şeyi unutdurmağa qadirdi. Amma Kişi nə qədər tələssə də, özündən qaça bilmirdi. Ağrı onun içindəydi. Tapdalanmış mənliyi ruhunu göynədirdi. Çox sevdiyi araq şüşəsi də yaddaşını korşaltmırdı. İşdə “vurduqları” arağın dibində bir az qalmışdı. Maşını sürə-sürə bardaçokdakı şüşəni açıb başına çəkdi...
Qarmaqarışıq düşüncələrlə küçələri veyllənən Kişi bir də baxdı “xarabasında”dı. Bu ev, bu yataq ona yaxşı heç nə təlqin etmirdi. Edə də bilməzdi. Yerinə uzanınca Müəllimə Xanımı evə gətirdiyi günü xatırladı. O görəmməsin deyə yataq otağı adlandırdığı xarabalığın lampasnı çıxarmışdı. Yarıqaranlıq otaqda çarpayı yerinə düzülümüş yeşikləri sezməsə də, dərhal hər şeyi anlamışdı o. “Zal”a, “mətbəx”ə baxandan sonra bircə sual vermişdi: “Səncə, mən bu evdə yaşaya bilərəmmi? Qardaşım razılaşarmı?” O zaman hələ Müəllimə Xanım bilmirdi ki, evlənmək barədə gedən söhbətlər boşboğazlıqdan başqa bir şey deyil. Kişi isə bilirdi. Bilirdi və bilə-bilə də susurdu. Həm özünü, həm də qızın ailəsini aldatmaqda davam edirdi. Bir-iki dəfə kənddən anasıyla bacısı da gəlmişdilər qızgilə tanışlığa. Onu evləndirməkçün əldən-ayaqdan gedirdilər. Bacısı demişdi ki, “sən dünyanı gəzib-görmüş diplomat, elmlər doktoru, professor olsan da, biz o dağın kəlləsində səndən yaxşı yaşayırıq. Ayıbdır, özünə hörmət qoy. Adam kimi yaşa!”
Dostlarının hamısı “bu qızla evlən”, – deyirdilər. Kişi bilmirdi onu çox istədiklərindənmi təkid edirlər, yoxsa ondan canlarını qurtarmaq üçünmü? Çünki günaşırı dostlardan birinin evində axşamlayırdı. Söhbətcil, dünyagörmüş adam kimi ilk illər həvəslə qarşılanırdı. Zaman keçdikcə hərdən bir bəhanəylə gəlsə də hamı bilirdi ki, əsas dərdi yeyib-içməkdir. Dostlardan bəzilərinin arvadı artıq üzə dururdu, o çıxıb getməyincə süfrə açmırdılar.
Kişinin dərdini heç kəs yerli-yataqlı bilmirdi. Hərdən keflənəndə həqiqətin bir parçasını açıb danışırdı. Ayılandan sonra kimin yadında nə qalırdı, onu bircə Allah bilir. Heç kəsə deyəmmirdi ki, köhnə Arvadı onun pasportunu alıb gizlədib. Hərdən institutdan xaricə konfransa göndərmək istəyəndə “mən vaxtında çox gəzmişəm, görməyənlər getsin”, – deyə lovğalanaraq imtina edirdi. Həqiqəti yeddi qıfıl altında saxlayırdı. O, tanınmış şərqşünas idi. Bakıdan başlanan şanlı-şöhrətli tələbəlik həyatına SSRİ-nin paytaxtında möhtəşəm bir əlvida demişdi. Moskva Dövlət Universitetini qırmızı diplomla bitirən kimi sovet hökumətinin ərəb ölkələrindən birindəki səfirliyinə təyinat almışdı. Elə o ərəfədə evlənmişdi. Universitetin bufetində işləyən qadın şərqşünaslıq fakültəsinin fəxri sayılan tələbə oğlana çox mehribanlıq edirmiş. Körpəlikdən ailə şəfqətindən məhrum olmuş Kişi bundan yaman xoşlanırmış. Bir də gözünü açıb ki evlidir...
Həyatının danılmaz faktları yada düşdükcə Kişini lap od götürürdü. Kimsə Müəlliməni onun maşınında görüb “it qızı it”ə xəbər vermişdi. Ultimatum gecikməmişdi: “Mənim balalarımın boğazından kəsib aldığın maşında küçə arvadlarını gəzdirəmməzsən!.. ” deyə kəm biçmişdi qadın ona, hədə-qorxu gəlmişdi. Kişi Arvadının “kəramətinə” bələdiydi, Həkim Xanımla birgəliyinin aqibətini hələ unutmamışdı. Növbəti rüsvayçılıq istəmirdi. Təhdidin sabahısından etibarən Müəlliməni işdən gətirəndə qəsdən yolda üç-dörd dəfə qəza şəraiti yaradırdı. Maşının tamam yararsız hala düşdüyünü “isbatlamaqçün” dodaqaltı mırtıldanır, düşüb kapotu açır, guya nəyisə düzəltməyə çalışırdı. Roldan-rola girdikcə qızın gözündə lap kiçildiyini vecinə almırdı. Yaddaşının ən dərin qatından püskürüb üzə çıxan bu hadisə Kişini özündən iyrəndirdi: “Sənə nə olsa, yeridir! Axmaq...”
Müəllimə məsələsinə görə hücuma keçən Arvadı Kişini doyunca söyüb-yamanlayandan sonra onun zəif damarına bir gül axıtmışdı: “Sən nətəhər professorsan ki, oğlun instituta piyada gedib-gəlir?..” Və yenə hər şey qadının hesabladığı kimi olmuşdu. Robot kimi “it qızı it”in layihələndirdiyi növbəti proqramı yerinə yetirmişdi. Yaxın günlərin birində oğlunu çağırıb açarları təhvil vermişdi. Sürücülük vəsiqəsi alan qadın isə özü keçmişdi sükan arxasına. Maşını da verəndən sonra Kişi bu dünyada lat-lüt qalmışdı. Bulunduğu sıfır nöqtəsində də duruş gətirəmmirdi. Bir ömürlük qazancından əlində qalan heç nəydi. Maşınsız qapı-qapı gəzmək də alınmırdı. Hamıdan təcrid olunmuşdu. Yavaş-yavaş insan olduğunu unudurdu. Şəxsi gigiyenasına da fikir vermirdi. Aylarla çimmirdi. Paltarları ləkəli, ütüsüz. O yaxınlaşanda bəzi xanımlar büruzə vermədən burunlarını tutub uzaqlaşmağa çalışırdılar. Kişi özünü o yerə qoymasa da, hər şeyi anlayırdı.
...Səhər yuxudan qalxanda beyni uğuldayırdı. Bir az araq olsa, özünü tarazlayardı. Durub işə getdi. Bütün günü sustalmış vəziyyətdəydi. Gecəki qərarını dilinə yox, ağlına gətirməyə belə cəsarət etmirdi. Elə bil vücudunu döyüb-döyüb bir çuvala salmışdılar. Paltarlarının içində yırğalanırdı. Axşam tərəddüd içində Müəllimə Xanımgilə tərəf istiqamət götürdü: “Gedim, getməyim??” Daha orda da üzünə xoş baxan yoxuydu. Nəzakət xatirinə qapıdan qovmurdular. Qızın qardaşı demişdi ki, ya evlənin, ya da bu əlaqəyə son verin. Qız da bezmişdi. Görüşəndə sevinmirdi. Əvvəlki parıltı yoxuydu gözlərində.
Qərarsız qalan Kişi yarıyoldan “xarabası”na döndü. Yenə soyuq və boş ev. Yenə narahat yataq, cavabsız suallar. Şanlı-şöhrətli başlanğıc və sezmədən yuvarlandığı uçurum... Həyatın dibində bərqərar olan Kişi hələ ki, düşüncəsində iki qadın arasında çabalayırdı. Evlənmək istədiyinin yanında olanda özünə inamı qayıdırdı. Özünü kişi, insan, ziyalı hiss edirdi. Şəxsiyyətinə hörmət yaranırdı ürəyində. Elə ki uşaqlarının anasıyla qarşılaşdı, dönüb olurdu şəxsiyyətsiz məxluq. Bu qadın onu əski parçası kimi, həşərat kimi tapdalayıb əzirdi. Diplomatlığı onun yanında keçmirdi. Əmrə müntəzir vəziyyətdə hər sözünə boyun əyirdi. Niyə, nədən?? Səbəbini bilmirdi.
Kişi yalquzaq kimi yalnız yaşayırdı. Amma bəlası yalnızlığında deyildi ki. Həyatda qazandığı ad-sana da, hazırda süründüyü sıfır nöqtəsinə də öz ağlı, öz xarakteri sayəsində gəlib çatmışdı. İndi özündə güç tapıb sıfır nöqtəsindən qalxmalıydı... Ya da ...burdan aşağıda qorxunc gələcək dayanırdı.
1 yanvar 2012,
Şəki şəhəri
Mənzərə SADIQOVA
525-ci qəzet.-
2012.- 16 fevral.- S.6.