Yubiley ərəfəsində

 

YARADICILIQ ƏLAQƏLƏRİ  

Uzun illər marağında olduğum yaradıcılıq işi nəhayət ki, bu 2011-ci ildə baş tutdu və mənə belə gəlir ki, nəticəsi hamımıza uğur gətirəcək.

 Azərbaycan Dövlət Televiziyasında 40 ildən yuxarı rejissorluq fəaliyyəti ilə məşğul olan, sənətkar ailəsində doğulub boya-başa çatmış, ziyalı valideynlərinin milli-əxlaqi dəyərlərə söykənən tərbiyəsini almış Ramiz Həsənoğlu biri-birindən qiymətli ekran əsərləri yaratmaqla geniş tamaşaçı rəğbəti qazanıb.

Hamımızın “Ana televiziya” adlandırdığımız bu studiyada ilk tamaşalarından başlamış son işlərinə qədər rejissor Ramiz Həsənoğlu onu tanıyanların heyrətini və sənətkar məhəbbətini əldə edib desəm, yəqin ki, mənimlə razılaşarlar. R.Həsənoğlu öz yaradıcılıq işləri ilə doğma studiyasına neçə-neçə dəyərli töhfələr verib.

Onun hazırladığı televiziya tamaşalarında Bakı teatrlarının demək olar ki, bütün aktyorları iştirak edib, hərəsi də özünə görə yadda qalan xarakterik obrazlar yaradıb.

Hər bir rejissorun özününaktyor dairəsi” olduğu kimi Ramiz Həsənoğlunun da televiziya tamaşalarında tez-tez müraciət etdiyi aktyorlar varbu aktyorların iştirak etdikləri ekran əsərləri hər nümayişdən sonra böyük populyarlıq qazanmış, aktyorlar da getdikcə “cilalanmağa”, sənətkar ustalıqlarını artırmağa başlamışlar.

Aktyorun uğuru yaxşı rejissor əlinə düşməkdən çox asılıdır. Bəzən naşı rejissor yanında hər hansı bir təcrübəli, istedadlı aktyor belə baxımsız olur.

Ramiz Həsənoğlu aktyorlarla ilk görüşündə onlara hazırlayacağı əsəri tam açıqlayır, haqqında fikirləşdiyi tamaşanın janrını və üslubunu, rejissor yozumunu anlatmağa çalışır. Beləliklə gələcək tamaşanın bütün yaradıcı heyəti onun həmfikirinə çevrilir. Bu da rejissorla bütün yaradıcı heyətin, eləcə də aktyorların arasında olan yaradıcılıq əlaqələrinin inkişafına gətirib çıxarır ki, nəticədə dolğun, sanballı bir tamaşa alınır. Bu cür prinsipi əsas amillərdəndir.

Ramiz Həsənoğlu özünün mülayim təbiəti və insanlarla xoş rəftarına görə bəlkə də tanıdığım əksər rejissorlardan seçilir. Hazırda çalışan bütün aktyorlar onunla işləməkdən xüsusi zövq alır və daima onun diqqət mərkəzində olmağa çalışırlar. Mənim də yaradıcılıq fəaliyyətimdə R.Həsənoğlu ilə görüşmək, bir neçə dəfə onun hazırlayacağı tamaşada aktyor kimi işləmək şanslarım olub. Hazırladığı televiziya tamaşasında mənə həvalə etdiyi rolun ətrafında söhbətlərimiz, hətta aktyor heyəti tam bəlli olandan sonra belə masa arxası oxunuş – məşqlərimiz də olub.

Sonradan kiminsə “barmağı” düzülməkdə olan aktyor-rejissor münasibətlərimizin hələ tam formalaşmamış birliyini dağıtmağa çalışıb və əksər hallarda buna nailolub. Ümumiyyətlə mənim yaradıcılıq fəaliyyətimdə bu kimi “xeyirxahlarımın” sayı az olmayıb.

Lakin elə gətirdi ki, “Azərbaycanfilm”də istehsalata buraxılan “Ölü kimdir, diri kim?” (ssenari müəllifi Ramiz Rövşən) bədii filminin quruluşu ikimizə həvalə olunduRamiz Həsənoğlu və Ramiz Əzizbəyliyə. Hətta o dövrün mətbuat səhifələrində hərdən bizə münasib xoş yumorlaüç Ramizin bir işi” adı altında məqalələr də dərc olunurdu. Ancaq hansısa “xeyirxahımın” “barmağı” yenə işə düşdü və artıq çəkilişlərinə başladığım  Ölü kimdir, diri kim?” bədii filmi guya maliyyə vəsaitinin yoxluğundan dayandırıldı. Bununla da Ramiz Həsənoğlu ilə Ramiz Əzizbəyli arasında yarana biləcək yaradıcılıq tandemini bəri başdanboğdular”. Əslində buoyun” tək mənim başıma açıldı, çünki Ramiz Həsənoğlu başqa bir filmə keçirildibubaşqa film” mənim əlimdən alınan “Ölü kimdir, diri kim?” filminin maliyyə vəsaiti hesabına 2 variantda çəkildi. Lakin rejissor  Ramiz Həsənoğlu ilə rejissorRamiz Əzizbəyli arasında az da olsa isti münasibətlərin əsası qoyuldu.

Sonralar yazıçı Anarın ssenarisi əsasında çəkilən “Cavid ömrü” bədii filmində R.Həsənoğlu mənə aktyor kimi müraciət edib, Azərbaycanın böyük Milli təəssübkeşi olan dahi Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən ekran əsərində Cavidin atası – Molla Abdullanın kiçik, epizodik rolunu həvalə etdi. Çəkilişləri əsasən Naxçıvanda aparılan bu səhnələrin yaradıcılıq meydançasında bir qədər də yaxınlaşdıq.  İndi də çəkilişinə hazırlaşdığı “Sübhün səfiri” bədii filmində mənə yeni təklif edib- Hacı Qara. (Xalq yazıçısı Anarın qələmə aldığı ssenari əsasında milli dramaturgiyamızın banisi, filosof Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığından bəhs edəcək bu film böyük dramaturqun anadan olmasının 200 illiyinə bir töhvə olacaq)

Mənim bu yazını yazmağıma səbəb olub, öz nöqteyi-nəzərimdən Ramiz Həsənoğlu fenomeninə yanaşmaq həvəsim və çəkilişlərini yenicə başa çatdırdığımız “Mürafiə vəkillərinin hekayəti”  televiziya tamaşasından aldığım xoş təəsuratları oldu.

Uzun illər marağında olduğum yaradıcılıq işi nəhayət ki, 2011-ci ildə baş tutdu.

Böyük dramaturq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına əsasən, hər yerdə yubiley tədbirləri keçirildiyi kimi Azərbaycan Dövlət Televiziyasında da “Mürafiə vəkillərinin hekayəti” pyesinin televiziya versiyası ilə tamaşa hazırlığına göstəriş verildi. Təbii ki, bu işiAz.Tvnin aparıcı rejissorlarından olan Ramiz Həsənoğluna tapşırdılar. O da öz növbəsində həmişə birgə çalışdığı quruluşçu operator, əməkdar mədəniyyət işçisi Eldar Məmmədovu, dekorasiya üzrə quruluşçu rəssam – Rəfail Əsədovu öz ətrafına toplayıb, yazıldığı gündən quruluşuna ehtiyatla yanaşılan, nadir hallarda tamaşaya qoyulan bu mürəkkəb əsərin analizinə başladı və sənətşünaslıq doktoru, professor İlham Rəhimlini də bu işə redaktor qismində cəlb etdi.

Hadisələri Azərbaycanın qədim paytaxtlarından olan Təbrizdə cərəyan edən bu əsər – “Mürafiə vəkilləri...” əslində bu dəqiqə dünyanın bütün sivil ölkələrində öz həllini axtaran başlıca problemə – “Qadın və məişət zorakılığı” mövzusuna aid edildi. Əsərin ideyası tapıldı.

Mənə də bu əsərdəki baş rol həvalə edildi. Vəkil – Ağa Mərdan öz dövrünün ictimai nüfuz sahibi olmaqla bərabər həm də dələduz və pulgirdir.

Əri – Hacı Qəfurdan qalan 60 min tümənə sahib olmağa çalışan, lakin sonra aldadılmış, heç bir hüququ olmayan, olan-qalanını da itirən Zeynəb tamaşanın sonunda əllərini göyə qaldırıb, ümid dolu nəzərlərlə Ulu Tanrıya pənah gətirir. İslam dinində qadın üçün ayrılan “yer” əslində gözlənilmir, şəriətin özündə belə boşluqlar olduğuna görə, on il Hacı Qəfurun mütə siğədə, müvəqqəti, heç bir hüququ olmayan arvadı olmasına baxmayaraq, Zeynəbə uşaq doğmadığı üçün vərəsəlik haqqı düşmür. Bu dərdli qadının-Zeynəbin obrazını çox böyük ustalıqla aktrisa Dilarə Əliyeva yaradıb. Adıçəkilən tamaşada günümüzün tanınmış aktyorlarından – Aslan Şirin-Ağa Abbas, Azər Mirzəyev-Hacı Rəcəbəli, Şahmar Qəribli–Həpo, Tofiq Hüseynov–Hakimi-şər, Ağaxan SalmanovAğa Bəşir, Azad ŞükürovAğa Rəhim, Rahib Əliyev–Ağa Cabbar, Vahid Əliyev –Ağa Səttar, Firuz Xudaverdiyev–Hənifə, Məzahir Cəlilov–Şeyda rollarını məharətlə ifa edirlər.

Tamaşada tanınmış televiziya rejissoru Məhərrəm Bədirzadə–Ağa Kərim və Şuşa Dram teatrının baş rejissoru Loğman Kərimov – Ağa Salman rollarında çox maraqla baxılırlar.

Adıçəkilən tanınmış aktyorlarla yanaşı həmçinin gənclər də öz oyunları ilə xüsusi dəqqət çəkirlər. Mətanət Ağakişiyeva–Zibeydə, Dəniz Tacəddin – Səkinə, Cəmilə Əzimova–Gülsabah, Səyyar Rüstəmov–Əzizbəy, Mətləb AbdullayevAğa Həsən, Elman Rəfiyev–Bədəl, Sərdar Rüstəmov – Qəhrəman, Rəşad Bəxtiyarov–Qəffar, Ceyhun Dadaşov–Nəzər, Cümşüd Zeynalov –Qurbanəli, Ramil Şıxəliyev – nökər, Elnar Qarayev – Şahzadənin fərraşı rollarının öhdəsindən məharətlə gəlirlər.

Tamaşada çəkilən aktyorların hər biri rejissor Ramiz Həsənoğlunun konsepsiyasına əsasən özünəməxsus oyun tərzi ilə quruluşun ahənginə uyğun tipik sürətlər yaratmaqla, yaddaqalan obrazlarda çıxış etdilər.

Eləcə də, istedad sahibləri olangeyim üzrə rəssam – Rəfail Əlizadə olduqca koloritli, o dövrə uyğun geyimlər, papaqlar və əlbəsələrlə tamaşaya xüsusi rövnəq verib. Meydan tamaşası” üslubunda çəkilən bu televiziya tamaşasına cəlb olunan digər yaradıcı insanlardan – “Azərbaycanfilm” kinostudiyasının qrim ustası – Elbrus Vahidov, onun köməkçisi İradə GülbabayevaAz.Tv-nin əməkdaşı, qrim ustası Zemfira Cəfərova, geyimlərə nəzarət edən- Reyhan Əliyeva və İradə Hətəmova, rekvizit işçisi – Şəhla Aslanova, inzibatçılar- Mirzə Əliyev, Sənan Orucov, Fəridə Baxşəliyeva öz işlərinin öhdəsindən məharətlə gəlirdilər...

Çəkiliş meydançasında baş operatorun köməkçiləri- Elşən Rzayev və Qədir Hüseynov, səs operatorları – Rəşad MustafayevVaqif İmanquliyev də yaradıcı qrupun digər üzvləri kimi kamil nümayiş etdirib ümumi uğura çalışırdılar.

Quruluşçu rejissorun komandasına gəldikdə, köməkçisi Elnurə Kazımova, assistentlər – Bəhram Yaqublu, Teymur Quliyev və Sərxan Əhmədov da ümüd verən gənclərdir.

Əsərin tam dərki, yaradıcı qrupun, eləcə də texniki işçilərin işə düzgün münasibəti quruluşçu rejissorunRamiz Həsənoğlunun öz peşəsinə olan dərin məhəbbətindən və sənəti qarşısındakı məsulliyyət hisindən irəli gəlir.

Mənimlə işə gəldikdə isə Ramiz Həsənoğlu tam məmnunluğu ilə öz münasibətini bildirir, hətta yeri gəldikdə məsləhətlərimə də qulaq asırdı. Mən də onunla işləməkdən xüsusi zövq alırdım.

R.Həsənoğlunun şəxsi xarakterindən irəli gələn insani keyfiyyətlər aramızda yaranan dostluğa və mehribançılığa, qarışılıqlı yaradıcılıq anlayışlarına gətirib çıxardı. Bu da təbii ki, ümumi işin xeyrinədir. Bütün bunları qeyd etməklə bir daha o nəticəyə gəlirəm ki,  rejissorla aktyor fikirlərinin üst-üstə düşməsi “nəiticənin keyfiyyəti” deməkdir.

“Mürafiə vəkillərinin hekayəti” televiziya tamaşası montaj dövrünü yaşayır. İnşallah hazır olandan sonra əldə olunacaq uğurun arxayınçılığı mənə əsas verir deyim ki, hər hansı bir yaradıcılıq işinə rejissor Ramiz Həsənoğlu kimi böyük diqqət və səylə yanaşma, müəllif ideyasının tam dərki və rejissorun bədii təfəkkürü öz həllini aktyor oyununda tapır. Minnətdaram!

 

Ramiz Əzizbəyli

xalq artisti,

 professor

525-ci qəzet.- 2012.- 16 fevral.- S.6.