Humanitar təfəkkürün
inikası
(Şirindil
Alışanovun yeni monoqrafiyası
haqqında)
Sosrealizm nəzəri-inzibati qəliblərindən azad olduğu son iyirmi ildə Azərbaycan ədəbiyyatşünaslığı yalnız özündə yox, ümumiyyətlə, milli ictimai fikirdə prinsipial tarixi-elmi-estetik keyfiyyət dəyişikliyi əldə etmək üçün, tədqiqatların iki istiqamətdə aparılmasını tələb edirdi:
1. Azad nəzəri fikrin “Dədə Qorqud”dan üzü bu tərəfə bir küll halında biləvasitə Azərbaycan ədəbiyyatının tədqiqində, qiymətləndirilməsində deyiləcək yeni elmi söz.
2.Təkamülü və formalaşması sovet dönəminə düşmüş nəhəng ədəbiyyatşünaslıq təsərrüfatının özünü tədqiq etmək, onu elmi redaktədən keçirib, siyasi doqmalardan azad edib, bu kontekstdə deyiləcək yeni elmi söz.
Şirindil Alışanovun “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (Bakı, “Elm” nəşriyyatı, 2011) monoqrafiyası, elə bilirəm ki, indiyədək ikinci istiqamətdə aparılan tədiqiqatların ümumiləşdirilmiş elmi yekunlarından biri kimi əhəmiyyətli və əlamətdardır.
Bu gün görkəmli ədəbiyyatşünas-alim kimi nüfuz qazanmış Şirindil 70-ci illərin ikinci yarısında ədəbi prosesə gəlmiş və mənim üçün doğma olan tənqidçi-ədəbiyyatşünaslar nəslinin ən istedadlı nümayəndələrindən biridir. Bu gün mən daxili bir məmnuniyyət hissi ilə xatırlayıram ki, həmin ədəbi nəsil nümayəndələri Aydın Məmmədovun, Kamil Vəliyevin, Kamal Abdullanın, Nizaməddin Şəmsizadənin, Vilayət Quliyevin, İsa Həbibbəylinin, Vaqif Yusiflinin, Rəhim Əliyevin, İlham Rəhimlinin, Məryəm Əlizadənin, Nadir Cabbarovun, o cümlədən də Şirindilin, onlardan bir az sonra ədəbiyyat aləminə gəlmiş, ancaq istedadlı qələm sahibi kimi sürətlə inkişaf etmiş Nizami Cəfərovun, Tehran Əlişanoğlunun, başqalarının ədəbi-elmi fəaliyyəti haqqında da artıq əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 70-80-ci illərdə, eləcə də sonrakı illərdə fikir söyləmiş, onların kitablarına ön söz yazmış, həmin kitabların redaktoru olmuşam, bu nəslin ədəbi prosesə gətirdiyi yeni ab-havanı, yeni düşüncə tərzini, təhlil və qiymətləndirmə prinsiplərini və bacarıqlarını müxtəlif münasibətlərlə ədəbi-elmi ictimaiyyətə çatdırmağa çalışmışam.
Şirindil elə o vaxtlardan nəzəri təfəkkür tərzi, orijinal təhlil manerası, səriştəsi və elmi mütaliəsinin geniş coğrafiyası ilə seçilirdi. Mənim yadımdadır ki (o zaman mən özüm də hələ gənc bir yazıçı və Yazıçılar İttifaqının tənqid üzrə katibi idim), Şirindilin ilk məqalələri əməlli-başlı əks-səda doğurdu və o məqalələr Yazıçılar İttifaqının katibliyində müzakirə edildi. Biz gənc müəllifin o dövr üçün çox cəsarətli olan ədəbi mövqeyini müdafiə etdik və 1977-ci ildə Şirindil Nizami adına Ədəbiyyat İnstitutunun Yazıçılar İttifaqı ilə birlikdə keçirdiyi Respublika müşavirəsinin məruzəçisi oldu. Bu yerdə mən unudulmaz Məmməd Cəfər müəllimin, o zaman Nizami adın Ədəbiyyat İnstitutunun direktoru Mirzağa Quluzadənin, onun müavini Kamal Talıbzadənin, Yazıçılar İttifaqının sədri İmran Qasımovun, eləcə də Abbas Zamanovun, Əziz Mirəhmədovun, Bəkir Nəbiyevin, Yaşar Qarayevin Şirindilin timsalında gənc tənqidçi və ədəbiyyatşünaslara göstərdiyi qayğı və xeyirxahlığı ayrıca qeyd etmək istəyirəm.
Mən keçən dövr ərzində adlarını çəkdiyim qələm dostlarının yazıları kimi, Şirindilin də yazılarını izləmişəm, yeri düşdükcə məqalələrinə, kitablarına münasibətimi mətbuatda bildirmişəm. Şirindil düz otuz il bundan qabaq Azərbaycan ədəbiyyatında romantizm probleminin nəzəri-estetik fikirdə tədqiqinə həsr edilmiş namizədlik dissertasiyası yazmışdı və o əsər monoqrafiya şəklində yalnız iyirmi il sonra dərc edildi. Bu günün özündə də elmi-nəzəri çəkisini saxlamış həmin monoqrafiya haqqında mən vaxtı ilə yazmışdım: “Şirindil Alışanovun “Romantizm: mübahisələr, həqiqətlər” kitabı Məmməd Cəfər Cəfərovun yazılarından sonra, xüsusən onun Cavid romantizmi haqqında yazılarından sonra, romantizm haqqında Azərbaycan ədəbiyyatşünaslığında ən ciddi əsərlərdən biridir. Şirindilin mükəmməl nəzəri hazırlığı ilə onun təhkiyyə bacarığı arasında bir vəhdət var, onlar bir-birini tamamlayır və buna görə də sırf nəzəri problemlərə həsr olunmuş bu kitab canlıdır, asan və maraqla oxunur. O da yaxşı cəhətdir ki, kitab rus dilindədir, auditoriyası geniş və müxtəlifdir və o auditoriya həm Azərbaycan romantizmi haqqında, həm də Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-estetik və nəzəri fikrinin səviyyəsi haqqında bizim üçün müsbət olan bir təsəvvür əldə edəcəkdir.” (“525-ci qəzet”, 6 mart 2003-cü il)
Burasını da xüsusi vurğulamaq istəyirəm ki, Şirindilin Azərbaycan ədəbiyyatının tarixi poetikası silsiləsindən nəşr etdirdiyi və nüfuzlu mütəxəssislər tərəfindən yazılmış, eləcə də onun özünün məqalələri daxil edilmiş kitablar ədəbiyyatşünaslığımızda yeni, həm də əhəmiyyətli bir təmayülün sistemli başlanğıcı oldu. Son illər Şirindil Alışanov Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edir. Siyasi müstəqilliyimizin yaratdığı demokratik elmi plüralizm şəraitində bu dövrün ədəbiyyatının, yuxarıda dediyim kimi, yenidən təhlilinə, dəyərləndirilməsinə və yeni prinsiplərlə nəşrinə böyük ehtiyac var. Şirindilin rəhbərliyi ilə bu şöbənin hazırladığı “XX əsr ədəbiyyatı məsələləri” silsiləsindən nəşr edilən kitablar bu dövr ədəbiyyatının bir sıra nəzəri problemləri və ədəbi şəxsiyyətlərinin yaradıcılığı ilə bağlı obyektiv nəticələrə gəlməyə yardımçı oldu. Bu şöbənin keçirdiyi respublika elmi konfranslarını, xüsusən “Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri” mövzusunda beynəlxalq elmi konfrans ərəfəsində çap edilmiş sanballı kitabı ayrıca qeyd etmək istəyirəm. Bunlar, əlbəttə, Şirindilin elmi-təşkilatçılıq bacarığını göstərən faktlardır.
Mən bütün bunları ona görə xatırlayıram ki, “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” monoqrafiyası kimi sanballı tədqiqat işi təsadüfi yarana bilməzdi və bu əsər Şirindilin uzun illər tarixi və müasir ədəbi proses, dünya və Azərbaycan nəzəri-estetik fikri haqqında düşüncə və mülahizələri, tədqiqləri nəticəsində meydana gəlmişdir.
Ədəbiyyatşünaslığımızda ayrı-ayrı klassik sənətkarların və tənqidçilərin ədəbi-nəzəri görüşləri, müəyyən dövrün ədəbi prosesi ilə bağlı Məmməd Cəfərin, Kamal Talıbzadənin, Yaşar Qarayevin, Şamil Salmanovun, Nizaməddin Şəmsizadənin, Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun, Kamran Əliyevin və başqalarının tədqiqatları vardır və ədəbiyyatşünaslığımızın təşəkkülü və inkişaf tarixi baxımından həmin tədqiqatların mühüm rolu şübhəsizdir. Kamal Talıbzadənin “XX əsr Azərbaycan tənqidi” kimi vacib tarixi bir missiyanı yerinə yetirmiş, Azərbaycan tənqid tarixi haqqında sistemli tədqiqatından sonra Şirindilin monoqrafiyası dünya humanitar nəzəriyyələri fonunda ədəbiyyatşünaslığımıza geniş masştabdan bir baxışdır, onun hər bir tarixi mərhələdən bəhs edərkən, nəzəri səviyyəsini, professionallığını, dünya ədəbiyyatşünaslığı ilə təmasını göstərən sanballı bir tədqiqatdır. Elə buna görə də mən bu əsəri, ümumiyyətlə, müasir humanitar elmlərimiz üçün əhəmiyyətli bir hadisə hesab edirəm. Aydındır ki, ədəbiyyatşünaslıq humanitar təfəkkürün mühüm qollarından biri olduğu üçün, onun tərəqqisini, kəsir və qüsurlarını da özündə təcəssüm etdirir.
Son on ildə humanitar elmlərin problemləri yalnız elmi-ədəbi ictimaiyyətin yox, ümumiyyətlə, cəmiyyətin diqqət mərkəzindədir və bu da təbiidir: qarşı-qarşıya duran iki dünyagörüşü, iki iqtisadi-siyasi sistem dağılandan sonra humanitar elmlərin ciddi metodoloji problemləri ortaya çıxdı. Çünki tarixi mənəvi dəyərləri qiymətləndirməyin prinsipləri müəyyən edilməli, ictimai formasiyalar nəzəriyyəsini əvəz edə biləcək nəzəri meyarlar müəyyənləşdirilməliydi. Şirindilin bu əsəri məhz belə bir şəraitin, ədəbiyyatşünaslıq elminin daxili zərurətinin, ehtiyacının məntiqi kimi yaranıb.
Əsərinin mühüm cəhətlərindən biri odur ki, özünə qədərki tədqiqatların rasional, səmərəli tərəflərini üzə çıxardır, ədəbi-nəzəri fikri daimi inkişafda olan bir proses kimi dəyərləndirir və tarixilik prinsipini başlıca meyar seçir, humanitar fikrin yaxın keçmişinə münasibətdəki radikallığın, ifratların əsassız olduğunu sübut edə bilir.
Monoqrafiyada nəzəriyyəçiliklə tarixilik bir-birini tamamlayır, zəncirvari şəkildə biri digərindən doğur və buna görə də buradakı nəzəri mülahizələr, təkidlə, inamla müdafiə edilən konsepsiyalar havadan asılı qalmır, əksinə bir əsrdən artıq dövrü əhatə edən ədəbiyyatşünaslıq faktlarının təhlili ilə bizi söylənənlərə inandırır və bu baxımdan ədəbiyyatşünaslığın aksioloji problemləri ilə bağlı əldə edilmiş elmi nəticələr, güman edirəm ki, əlamətdardır. Müstəqillik illərində təşəkkül tapmış ədəbi-siyasi reallıqların məzmunu və bu zəmində klassik irsin, o cümlədən XX əsr ədəbiyyatının dəyərləndirilməsi problemi aktual olduğu qədər də mübahisələr, fikir ayrılıqları yaradan bir məsələdir. Klassik irsi qiymətləndirmək məqamında bizim sərəncamımızda böyük tarixi təcrübə, müxtəlif ədəbi-fəlsəfi məktəblərin baxış bucağı, konsepsiyalar var və tarixin gördüyü işi heç bir tədqiqatçı görə bilməz. Şirindil haqlı olaraq yazır ki, “tarix heç bir vaxt indiki qədər müasir mənəvi dəyərlərin yenidən dərki və qiymətləndirilməsinin elmi-metodoloji cəbbəxanası kimi mənalı olmamışdır.”
Klassik irsi qiymətləndirmək baxımından ədəbiyyatşünaslıq faktlarını araşdıran müəllif bu qənaətdədir ki, nəzəri-estetik fikir bir çox “vərdişləri”ni indi də davam etdirir. Doğrudan da, böyük bir tarixi dövrün ədəbiyyatşünaslığını, onun vulqar-sosioloji qoluna əsaslanıb vulqarcasına da inkar etmək olmaz və bu barədə mən əvvəllər də, o cümlədən “Sosrealizm bizə nə verdi?” silsilə məqalələrimdə də yazmışam. Əslində mövcud tarixi siyasi rejim çərçivəsində ədəbiyyatşünaslıq elmi dünya bədii fikrinin müasirlərimizə çatdırılmasında, onun tarixi və müasir mənasının şərhində, xüsusən tekstologiya sahəsində böyük xidmətlər göstərmişdir. Bu baxımdan Şirindilin ədəbiyyatşünaslıq tariximizə, onun nümayəndələrinin fəaliyyətinə yanaşmasını və qiymətlərini mən tamam obyektiv hesab edirəm.
Monoqrafiyada əsaslandırılır ki, marksist-leninçi metodologiyanın iflası ilə heç bir elmi-nəzəri prinsipə əsaslanmayan konsepsiyalar ortaya çıxdı. Bəzən ekstremist mövqedə dayanan müəlliflər klassik irsimizi “köhnəlmiş”, “dəyərsiz” elan etdilər. Bir çoxları isə dini mistik mövqedə dayandılar, az qala klassik irsimizin böyük bəşəri məzmununu sırf sufi ideyalarla bağladılar. Müəllif haqlı olaraq klassik irsin, xüsusən XX əsr ədəbiyyatının çağdaş meyarlar əsasında təhlili zamanı tarixiliyi və ədəbiyyatın öz daxili mahiyyətini, onun bədiilik tutumunu əsas götürür.
Monoqrafiyada mənim üçün daha maraqlı və müasir humanitar elmimiz üçün aktual hesab etdiyim dövrləşdirmə məsələsidir. Şirindil bu sahədə Azərbaycan, eləcə də dünya elmi fikrində mövcud olan mənzərə haqqında yaxşı təsəvvür yarada bilir. Marksist nəzəriyyənin bu sahədəki rasional cəhətlərini qabartmaqla yanaşı, ədəbi irsimizə münasibətdə sovet dövrünün mövcud sanballı nəşrlərindəki yanlışlıqları da nəzərdən qaçırmır, əksinə onların elmi fəsadlarını üzə çıxardır.
Tədqiqatda humanitar fikrimizin dövrləşdirilməsi ilə bağlı mövcud olan konsepsiyalar geniş araşdırılır və 1920-30-cu, 1940-50-ci və 1960-80-ci illərin ədəbiyyatşünaslığın tarixi mərhələləri kimi səciyyəsi ədəbi fikri dövrləşdirmə zamanı əldə edilən nəticələr, metodoloji irəliləmələr əsas götürülür. Müsbət cəhətlərdən birini də mən onda görürəm ki, ədəbiyyat tariximizin qədim və orta əsrlər, XIX əsr, XX əsrin əvvəlləri, sovet dövrü kimi mərhələlərini tədqiq etmiş Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal, Məmməd Arif kimi görkəmli alimlərin tədqiqatları ilə yanaşı, bu tarixi dövrlərin müəyyənləşməsində fon olan nəzəri, tekstoloji iş görmüş ədəbiyyatşünaslarımızın da xidməti dəyərincə işıqlandırılmışdır. Bu baxımdan monoqrafiyada Heydər Hüseynovun, Səməd Vurğunun, Yaşar Qarayevin və Azadə Rüstəmovanın əsərlərindəki ideyalar, həmçinin M.Ə.Rəsulzadənin ədəbi fikir tariximizə fərqli bucaqdan baxışının həmin kontekstdə dövriyyəyə gətirilməsi razılıq doğurur.
Hiss olunur ki, nəzəri-estetik fikrimizdə yaradıcılıq metodu konsepsiyası, eləcə də ədəbiyyatşünaslığımızda poetika məsələləri Şirindilin elmi maraq dairəsinə daha doğma mövzulardır. Bu sahədə o daha səriştəlidir, dünya və Azərbaycan ədəbiyyatşünaslığının faktlarını dərindən mənimsəməsi bu problemlərin işlənməsinin nəzəri və tarixi mənzərəsini yaratmaqda ona yaxşı yardımçı olur. Ümumiyyətlə, deməliyəm ki, Şirindil təhlil etdiyi hər bir ədəbi-estetik kateqoriyanın tarixi təkamülünü izləməklə bu problemlər işığında ədəbiyyatşünaslıq elmimizin nəzəri-metodoloji cəhətdən inkişaf mərhələləri haqqında obyektiv, dolğun təsəvvür yarada bilir.
Yuxarıda qeyd etdiyim kimi, Şirindilin bədii metod və tarixi poetika sahəsindəki araşdırmaları ədəbi-elmi fikrimizdə metodoloji cəhətdən istiqamətverici amil kimi təqdir olunub və bu yerdə mən bir cəhəti də əlavə etmək istərdim. Poetika ilə məşğul olan tədqiqatçının, aydın məsələdir, yüksək bədii zövqü, bədii sözün mahiyyətini duymaq istedadı və bacarığı olmalıdır. Mən bunları hələ 70-80-ci illərdə Şirindilin poeziyamız haqqında portret və icmal məqalələrində izləmişəm. Nəzəri hazırlıqla ədəbiyyatın bədii məzmununu duymaq, yaxından hiss etmək ona ağlabatan, rasional elmi ümumiləşdirmələr aparmağa imkan verir.
Bütün bu dediklərimlə yanaşı, mən əsərin gələcək nəşri zamanı aşağıdakı problemlərin daha geniş işıqlandırmasını istərdim. Belə ki, XX əsr (sovet dövrü) ədəbiyyatının dəyərləndirilməsi zamanı müəllifin əsaslandığı nəzəri-metodoloji konsepsiya məqbuldur, ancaq mənə elə gəlir ki, faktik materialların və ədəbi prosesdəki qızğın mübahisələrin mənzərəsi kifayət qədər göstərilmir.
Orası da məlumdur ki, ədəbiyyatşünaslığımızın nəzəri-metodoloji cəhətdən inkişafını göstərən amillərdən biri də onun biləvasitə bədii əsərin, eləcə də ədəbi prosesin təhlili sahəsindəki qüsurları və nailiyyətləridir. Monoqrafiyada bu məsələlər müəyyən məqamlarda dövriyyəyə gəlir, ancaq müəllifin nəzəri hazırlığı imkan verir ki, bu mövzu daha geniş işıqlandırılsın, çünki buna həm monoqrafiyanın özündə, həm də ədəbi mühitdə açıq-aşkar ehtiyac hiss olunur.
Mən Şirindilin monoqrafiyası haqqında bizim istedadlı tənqidçi və ədəbiyyatşünasımız Tehran Əlişanoğlunun məqaləsini də oxudum (“Azərbaycan” qəzeti, 20 dekabr 2011). Tehran yazır: “... Az qala əsr yarımlıq tarixi təcrübəsi olan müasir ədəbiyyatşünaslığımızı bu gün müstəqillik illərinin bizə bəxş etdiyi sərbəst elmi düşüncə mövqeyindən, dünya humanitar fikrinin standartları kontekstində səciyyələndirmək, dəyərləndirmək çətinliyi var” və Tehran düz yazır, hətta bu ifadənin qəribəliyindən çəkinməyərək, deyərdim ki, çətin bir çətinlik var. Şirindilin monoqrafiyasının timsalında isə biz görürük və bizdə nikbin bir əhvali-ruhiyyə yaranır ki, Azərbaycan ədəbiyyatşünaslığı artıq bu çətinliklərin (çətin çətinliklərin!) öhdəsindən gəlmək iqtidarındadır.
ELÇİN
525-ci qəzet.- 2012.- 17 fevral.- S.7.