Gülüşün dostu

 

 

Bu gün dünəndən başlayır” silsiləsindən

 

Hacıbaba Bağırov öz tamaşaçısını çox asanlıqla, özü də ürəkdən güldürə  bilirdi. Onun gülüş doğuran  elementləri qeyri-adi idibaşqa gülüş ustalarına bənzəmirdi. Onu yamsılamaq olardı, amma Hacıbaba Bağırovun gülüş elementlərini axtarıb tapmaq, ona sahib olmaq qeyri-mümkün idi. Bununçün gərək Hacıbaba olaydın. Buna sənətdə qrotesk də demək olardı, ədəbiyyatşünas dilində  istiarə də demək olardı, lap adi, loru dildə şişirtmə də adlandırmaq olardı. Yəni Hacıbaba səhnədəki dövranını bir az  daha geniş sərgiləyir, bir az daha çox hərəkət edir, improvizələrə daha  artıq yer verir, əsər müəllifinin nəinki xətrinə dəyməyən, əksinə ona ləzzət verən əlavələrdən  çəkinmirdi. bütün bunlar onun  ifşa elədiyi satirik  obrazın əndamına  daha  şiddətlə çırpılan, onu rüsvay edən, cəmiyyət içində qınaq predmetinə  çevirən şapalaq,  qapaz, qamçı təsiri bağışlayırdı. Bir az diqqətlə yanaşıldıqda görüb hiss eləmək olardı  ki, ilk baxışda aktyorun yozumunda asanlıqla üzə çıxan bu elementlər əslində gərgin yaradıcılıq axtarışlarının, bironun uzun illər boyu yiyələndiyi fərdi üslubunun yetirməsi, bəhrəsidir. Bəlkə elə buna görə də  Hacıbabanı  həyatda görənlər onu  yaratdığı  obrazlarla  müqayisə edəndə  dilemma qarşısında  qalırdılar: yəni bu ciddi, qaraqabaq kişi o səhnədəki adamdır? Hacıbaba oxuyur, oynayır, təqlid  edirdiyaş dərəcəsindən asılı  olmayaraq minlərlə tamaşaçını ovsunlayır, ələ  alır, onları  gülüşün, sevincin, ruh yüksəkliyinin işıqlı, geniş dünyasına yönəldirdi. insanlar Şıxəli Qurbanov  adına  Dövlət  Musiqili Komediya Teatrının binasına  daxil olub onun iştirakıyla tamaşalara baxarkən dərd-sərlərini unudar, həyati  qayğılardan xilas olar, eyni zamanda düşüncələrə dalar, həyatda onlara rast gələn insanların üzündə, davranışlarında məşhur Hacıbaba  personajlarının- Sonqulunun, Şirinbalanın, Mövsümün, Şirbalanın, Məşədi İbadın, Şəfi qədeşin cizgilərini gəzərdilər.

Bəs Hacıbaba Bağırovun səhnədən kənar həyata baxışı necədir, gülüşə dost olan, onu yaradan bir sənət adamının şəxsi qayğıları, kədərli anları olurmu? Onun təkcə bir  komedioqraf kimi deyil, həm də bir tamaşaçı kimi sənətə baxışları nə yerdədir, içərisində bulunduğu cəmiyyət barədə nə düşünür? Zənn edirdim bubuna bənzər suallara Hacıbaba Bağırovun verəcəyi cavablar tək mənə yox, çoxlarına maraqlı görünə bilər. Bunu nəzərə alıb onunla görüşməyə qərar verdim. 1984-cü ilin yanvarın ilk günləriydi. Hələ adamların canından yeni il şənliklərinin istisi çıxmamışdı. Hələ 1990-cı ilin qara yanvar kabusu heç üfüqdə də gözə dəymirdi və insanlar həyatın sakit, səksəkəsiz ötüşdüyündən razı halda  ömr edir, futbol yarışlarına, turist gəzintilərinə, teatr tamaşalarına həvəslə axışırdılar. Və təbii ki, Şıxəli Qurbanov adına Musiqili Komediya teatrına. Mən də o sıradan. Müqtədir sənətkarla görüşüm onun qrim otağında oldu. O darısqal otağın divarlarından mənə  baxan afişaların, saysız-hesabsız maskaların, pariklərin, onlara  məxsus əlbəsələrin arasında aşağıdakı  söhbətimizə başladıq.

– Əvvəlcə sənət tərcümeyi-halınız barədə qısaca məlumat verəydiniz.

– Qısası  budur ki, lap uşaq yaşlarımdan bu sənətə vurulmuşambu işdə sənətcanlı ailəmizin böyük rolu olub. Qaldı ki, professional səhnəyə gözümü açansa özümə əbədi müəllim sandığım mərhum aktyorumuz Əjdər Sultanov olub. Aktyor olaraq ilk addımlarımı vaxtilə M.Əzizbəyov adına  dram teatrının nəzdindəki aktyor  studiyasında atmışam. O studiyada  demək olar  ki, indiki ali  məktəb səviyyəsində  dərslər keçirilirdi. Oranı bitirib əvvəlcə Lənkəran teatrında işə girdim, sonra yerimi C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrına dəyişdim. Oradan da birbaşa Bakıya – Musiqili  Komediya  teatrına  gəldim. Yəni sənətdə tutduğum yol, sahib olduğum üslub, dəst-xətt əvvəl-axır məni bu məkana gətirib çıxarmalıydı. Və  1962-ci  ildə  bu  baş verdi.

- Yəqin ki, teatra gələn hər təzə aktyorlar kimi sizi də tezliklə məclisin “yuxarı” başına dəvət eləməyib bir xeyli “qapı” dalında saxlayıblar, eləmi?

– Saxlayıblar da sözdü, atamı yandırıblar. Düz  eləyiblər. Teatr belədir  ki, gərək onun havasında bişəsən, kollektivin təhər-tövründən xəbər tutasan, sənət meyillərindən, bir-birinə münasibətlərindən hali olasan. Yoxsa indiki cavanlar kimi, hə, mən ali məktəb bitirmişəm, tez olun mənə baş rol verin söhbəti olmasın gərək. Mən bu teatra təzə gələndə bir əsər oynanılırdı- “Hacı Kərimin Aya səyahəti”. Orda bir  Ayoğlu surəti  vardı. Beş-altı kəlmə sözü ola-olmaya. Onu tapşırdılar mənə. Özükomik obraz deyildi. Çıxıb oynayırdım və hər dəfəsində tamaşaçıların xoşuna gəlməyim hiss olunurdu. Çox-çox sonralarsa elə həmin tamaşanın baş rollarında da çıxış eləməli oldum. Sənət belədir. Rolun  böyüyü  olur, nə kiçiyi. O baxır rejissorun sərraf gözünə, biraktyoruna. Beləcə  illər  ötdü, “Özümüz bilərik”, “Olmadı elə, oldu  belə”, “Qaynana”, “KeteKote”, “Hicran” və onlarla komediya əsərlərində baş  rolları  mənə  etibar elədilər.

Kinolara az-az çəkilməyinizin səbəbkarı özünüzsünüz, yoxsa kinorejissorlar?

Düzü bu məsələdə nə özüm cəhd göstərmişəm, nə də rejissorlar. Odur  ki, bizim biri-birimizdən inciməyə  haqqımız  yoxdur. Əgər kinosevərlərin bu barədə narazılığı varsa onda məndən  yox, bu  işlə  məşğul olan  kino  işçilərindən incisinlər. Çünki filmə  çəkilmək aktyorun istəyi ilə yox, rejissorun seçimi ilə  hasilə gəlir.

– Necə  ki, siziUlduzda, “Mehmanda, “Alma almaya bənzər”də  görüb çəkmişdilər. Və zənnimcə həmin filmlərdə yaratdığınız obrazlar tamaşaçılamızı qane etmişdi. Bəs sonralar rejissorlarımızın “susqunluğunu” nəylə izah etmək  olar?

–Bilirsənmi, İntiqam, rejissorları da qınamaq olmaz. Burda ssenaristlərin də payına qınaq düşür. Mən bəzi rejissorlarla bu barədə danışmışam. Onlardagünah var, nə verirlər, onu da çəkirlər. Onlar deyir ki, gərək dramaturqlar öz ssenarilərini yazanda səni nəzərə alalar.

Bilirsiz mən bu sualımda niyə  israrlıyam. Musiqili Komediya Teatrının demək olar heç bir tamaşası sizsiz ötüşmür və hər birisi də yüksək anşlaqla ötüşür. Amma teatr  belədir  ki,  orda göstərilən səhnə  əsərini yalnız bir qrup, bir salon tamaşaçı izləyə bilir. Amma kinofilmlər, milyonların malı ola bilir. Deyirəm heç olmazsa kinorejissorlarımız teatrınızdakı zəngin materialdan- librettolardan bəhrələnərdilər.

Bu artıq onların öz işidi. Hər rejissordan Qriqorii Kozintsevlik tələb eləmək olmaz  ki, görürsünüz də, ŞekspirinHamletini nə səviyyədə lentə  alıb o kişi!

Nə isə, bunlar  çox dolaşıq, çətin məsələlərdi. Yenə də yaşasın teatr, yaşasın səhnə! (Gülür).

İdmana münasibətinizi öyrənmək istərdim. Bilirsiz niyə, “Mehman” filmində yaratdığınız Arifin başına Mehman bir oyun açır ki, istər-istəməz tamaşaçı düşünür  görəsən Arif- Hacıbaba nə əcəb bir-iki əks fənd işlədə bilmir. Yaxud da ki, tamaşaların əksəriyyətində böyük məharətlə, uzun-uzadı rəqslərinizə baxanda  nəfəsinizə “əhsən” deməmək olmur.

– O, Mehman məsələsini yaman dedin, İntiqam. İndi yadıma düşəndə qorxuram. Əsərdi , mayası elə  yoğrulub, mən neyləyə bilərdim  ki, ssenaridə eləydi ki, gərək məni top kimi atıb-tutaydı. Qaldı idmanla məşğul olmağıma, olub. Uşaq vaxtı  dostların fitvasına  uyub boksa gedirdim. Amma bir dəfə rinqdə məni necə vurdularsa boksdan o gedən oldum. Voleybolu çox sevirəm, ondan sonra  fiqurlu konki sürənlərə marağım böyükdür. Futbol da ki, daha heç , dəlisiyəm. Özümə gələndəsə  səhərlər hərdən bir əl-qolumu atıram  ki, ona da mən bilən  idman demək olmaz. Mənim əsl idmanım məşqlərdə, bir tamaşalarda başlayır. İdman olmağına ona görə inanıram ki, hər tamaşadan sonra yerimin içinə ölü  kimi düşürəm.

– Bu yamsılama- parodiya sənətinə necə baxırsız? Qədim sənətdir, istər dünyada, istərsə bizdə bunun səriştəli yaradıcıları olub, bu gün var. Məsələn, sizin özünüzü tez-tez yamsılayan parodistlər az deyil. Onların  hədəfinə tuş gələn bəzi məşhur sənətkarlar kimi belə məqamlarda inciyib cin atına minmirsiz ki?

Parodiyaya münasibətim çox yaxşıdır. Bəzən istedadlı parodistin sənətkarın bir ştrixini  tapıb üzə çıxarması onun haqqında  boşboğaz teatr tənqidçilərinin  yazdığı sicilləmə  məqalələrdən daha çox yadda qalır. Məni olduğu  kimi təqlid edən aktyorlardan heç vaxt incimirəm. Parodiya janrı  gərəkli janrdır, bu şərtlə ki,  reallığa  söykənsin, böhtan atmasın, öyrədici, nəsihətverici olsun. Bir ki, şübhəsiz güldürsün. Çünki gülüşün çox qəribə, unudulmaz, tərbiyəvi bir sifəti var. Mənim səhnədə yaratdığım surətlərin danışıq, davranış, portret özəlliklərini mən həyatdan, müşahidə elədiyim insanlardan yığıb toplayır, onları məhz parodiya edirəm. İntəhası karikaturalarımda  bir qədər  ifrata  varıram. Çoxları bunu mənə irad tuturlar. Amma neyləyim, başqa cür əlimdən gəlmir.

Sizi həyatda görməyən, insani xislətlərinizdən bixəbər olanların əvəzindən verirəm bu sualı. Səhnədə deyib-gülən, rəqs edən tamaşaçıları da  qəhqəhə çəkməyə vadar  edən  Hacıbaba Bağırov bəs vaxt kədərlənir, yəni  səhnə obrazlarınızda gözə dəyməyən kədər bu  qədərmi sizə  yaddır?

Yox, yad deyil. O elə sevinclə qoşa gəlib dünyaya. İntəhası  sən onu arzulamasan da o özü həyatının müəyyən  məqamlarında gəlib səni tapır və nəinki sən ondan qaçmağa çalışırsan, əksinə onunla qolboyun olub bir müddət bir tavan altında yaşamalı olursan. Amma burası da var ki,  əyər  fikir  vermisizsə  hər qəmli, faciəvi hadisədən sonra insanın daxilində  gülməyə, lap qəh-qəhə çəkməyə qəribə bir istək yaranır. Necə deyərlər, adam bir himə bənd olur. Bax, mən bütün yaradıcılığım boyu şəxsi məhrumiyyətlərimi, qəmimi, kədərimi içimdə boğub insanlara o gülüşü, o qəhqəhəni verməyə çalışmışam.

P.S. Bəli, bir aktyor ömrü ərzində respublikamızın Xalq artisti, unudulmaz gülüş ustası Hacıbaba Bağırov o gülüşü, o sevinci həyatı  qədər sevdiyi səhnədən, saysız-hesabsız pərəstişkarlarından əsirgəmədi. Kədəri də sevinci qədər bol olan xalqımızı öhdəsinə düşən vaxt ərzində darıxmağa, sıxılmağa qoymadı. Dost, tərəfmüqabil, sənətdaş itkisindən yana təklənsə də, bəzən tam yalqız qalsa da içində qalaqlanan qüssəni büruzə vermədi. Təki tamaşaçılar bu  itkilərdən xəbər tutmasın, ümidsizliyə qapılmasın. Qara 20 Yanvar qırğınlarını da  gördü,  Bakıda doğulsa da ana yurdu sandığı Lənkəranda cavan həmyerlilərinin imperiya gülləbaranına tuş gəldiyinin də şahidi oldu. Amma öz yaradıcılığı, təkrarsız aktyor üslubunun xəttiylə xalqını sınmağa, əyilməyə qoymadı, ona  sevinci, gülüşü rəva gördü, həyatın əlvan, parlaq rənglərinə doğru  qoşmağa  sövq elədi.

Səhnəmiz bina  olandan gülüşsüz qalmayıb. Leyli və Məcnun” olubsa da  “Məşədi İbad”ımız da olub, “Bəxtsiz cavan”ımız olsa da “Ər və arvadda  olub, “Koroğlumuzla yanaşı “Ulduzumuz da parlayıb, “Fərhad və Şirinin yanında “Milyonçunun dilənçi oğluda dayanıb, “Aydın” faciəsiylə paralel “Kəndçi qızı”da addımlayıb. Eləcə də  Toy kimindir”, “Bizə bircə xal lazımdır”, “Hicran”, “Olmadı elə, oldu belə”,  “Arşın mal alan”, “Nişanlı qız”... bir  sözlə,  saymaqla qurtarmaz. Professional teatrımızın aktyorlar  silsiləsinin siyahısına da nəzər yetirəndə bu  praporsiyanın şahidi olmaq mümkündür. Abbas Mirzə Şərifzadə – Mirzəağa Əliyev, Ülvi Rəcəb – Rza Darablı, Ələsgər Ələkbərov – Lütfəli Abdullayev, İsmayıl Dağıstanlı – Əlihüseyn Qafarlı, Hökumə Qurbanova- Nəsibə Zeynalova, Həsənağa Turabov – Səyavuş  Aslan...

Və nəhayət Hacıbaba Bağırov!

Deyirlər əvəzolunmaz insan  yoxdur. Buna mən razı, insandı, dünyaya gəlir, gedir, onun yerinə bir başqası gəlir. Ancaq “əvəzolunmaz sənətkar yoxdurdeyimi ilə razı deyiləm. İnsan əvvəldən insan yaranıb. Onun bir əvəzolunmaz kodu var- insan. Amma sənətkarın kodu  bir  deyil, mindir, milyonlarladı və o hər  sənətkar üçün  fərdi olaraq təyin edilir, alnına  yazılır. Cəsarətlə demək olar  ki,  Hacıbaba Bağırov məhz əvəzolunmaz sənətkarlar zümrəsinə aid unikal yaradıcı idi  onun hədəfə aldığı  personajların mənfi xislətini onun  özü  kimi  heç kim  tənqid, rüsvay edə bilməzdi. Azərbaycan səhnəsi bu güngülüşsüz deyil, haqqüçünə istedadlı gülüş ustaları sarıdan bolluqdur. Hərəsinin də  öz yolu, öz üslubu. Allah başacan eləsin. Ancaq doğrudan-doğruya bu gün Hacıbaba Bağırov gülüşündən yoxdur  bu  günkü  gülüş ustalarının üslubları arasındakı  fərqlərə  baxmayaraq onların elliyinin bir yerdə  Hacıbaba Bağırovdan fərqləri yerlə göy qədərdir. Demirik ki, bu fərqi aradan qaldırsınlar, sadəcə, gülüşün mahiyyəti, ünvanı, hədəfi, kədərimiz müqabilindəki qədəri barədə daha çox düşünsünlər, Hacıbaba Bağırov kimi bu dünyanın isti-soyuğundan keçib bərkisinlər.

Gülə-gülə.                                                                                 

(Bu yazını tam şəkildə “Qobustan” jurnalının bu ilki yaz sayında oxuya bilərsiz.)

 

İntiqam MEHDİZADƏ

525-ci qəzet.- 2012.- 18 fevral.- S.29.