AXŞAMÜSTÜ
Fevralın yeddisinin sanki məşq elədiyi məhşəri bir çovğunda Montin bazarının sağ-soluna burula-burula çox məhşur bir sənətkarın kirayədə qaldığı evi axtarırdıq. Telefonda nişangah verdiyi darvazası qırmızı ev o qədərdi ki...
Xəstəliyinin şiddət etdiyini eşidib, Azərbaycan sazının tacidarı Aşıq Ədaləti belə bir amansız gündə ziyarət etməyə getmişdik. Mən idim, Ədalət sazının divanəsi, Qubadlı dağlarının qədirbilən oğlu Şakir Hidayətoğlu idi, bir də Ədalət zirvəsinin hələ obiri üzünü görməmiş, yəni ancaq barmaqlarının sədasına vurğun olan Füzuli cavanlarından Anar Zahidoğlu. Yerin –– yurdun buz bağlayıb şüşələndiyi bu qorxunc gündə taksi şoferlərinin gəlməyə cürət etmədikləri halda, ustadı canlı halda görmək naminə hər çətinliyi gözaltına almışdı bu gənc. Sumqayıtdan Bakıya qədər yolda da Ədalət sənətinə heyrətini çox yanğı ilə dilə gətirməyi bacardı. Di gəl ki, ustadın ünvanını gördüm-bildim deyən birisi qarşımıza çıxmırdı. Elə düşünmüşdüm ki, yəqin bütünlüklə Montin camaatı sağlığında tarixə qarışmış bu böyük sənətkarı tanıyar.
Hey, gidi
dünya!..
Bir də
zəng vurduq.
Xəstəlikdən
əzilmiş çox yornuq səsiylə:
–
Dayandığınız yerdən tərpənməyin, –
dedi, – Mən sizə qarşı gəlirəm.
Çox
keçmədən Ədalət Nəsibov tini burulub, bizə
tərəf çıxdı. Ayaqları daha sözünə
baxmaq istəməyən ustadın sanki özü deyil,
kölgəsiydi yıxıla-dura üzübəri gəlirdi.
Xoş-beş
eləməmiş özünü şiddətlə
danlamağa başladı:
–
Dünya başıma dar oldu. Bu boyda şəhərdə bir əməlli
yerdə daldalanmağa mağıl bir kirayə ev qəhət
oldu mənə.
Qoltuğuna
girib, göstərdiyi tərəfə yönəldik.
lll
Böyük
sufi şairimiz Yunus Əmrə demiş:
Min Kəbədən
yeyrəkdir
Bir
könül ziyarəti!
Könüllər
Rəbbimizin güzargahıdır! Deməli, könül
yönündə ziyarətə gedən kimsə həm də
bu vəsilə ilə Allahının görüşünə
getmiş olur.
O da ola Rəbbinin
görüm- baxımı ilə sənət zirvəsinə
yüksəlmiş belə mükəmməl bir bəndənin
könül ziyarətinə gedəsən!
Türk
ulularından Hacı Bəkdaş Vəli buyurur: “İnsan
Tanrıya ancaq gözəl sənətlərlə ucalıb
qovuşa bilər.”
Sənət
təsəlli qaynağıdır! Həm sənət ərbabı
üçün, həm elə onun pərvanələri
üçün.
Sənəti
ustadından öyrənənin xoş halına! Hansı
dövrünsə sənətkarı olmuş Aşıq
Allahverdidən bir ibrət kəlamı:
Könül,
qulluq elə kamil ustada,
Ustad
görməyənin işi xam qaldı.
Neçə
danəndələr köçdü dünyadan,
Yerində
bir neçə ağlıkəm qaldı.
lll
Dəm dəmi
gətirər, qəm qəmi.
Ustad
Ədalətlə sazı bir- birini şərtləndirən
bir cüt qəmxardı. Biz qonaq gəldiyimizdən bəri elə
bil sazıyla küsülü görürük Ədaləti.
Tez-tez qanrılıb ona baxır. Saz yerindən tərpənmək
istəmir. Xeyir ola, saz onu sinəsində uzun bir ömür
müddətində canı kimi, qanı kimi gəzdirən
sevdalısının həsrətinə, görəsən,
niyə qarşılıq vermir?!
Bir də
ki, aşiq nəzər salmasa, necə çırpınar ki məşuqə?!
Əlini
anidən sinəsinin üstünə basır Ustad bərkdən-bərkdən.
Ürəyinin
vurnuxan hönkürtüsünün qəflətən onun
sinəsini dəlib çölə
çıxacağından ehtiyatlanır yəqin. Elə bu vəziyyətdəcə
yenə gözlərini bərk-bərk qapayır. Həbəşi
dodaqları sirli bir hənirti ilə gumuldanmağa
başlayır:
Nə
sevda tapıbsan, nəyə talibsən?!-
Hansı
qəflətdəsən, gəl qoca baxtım!
Ya məndən
küsübsən, ya qocalıbsan,
Bu
sınıq könlümü al, qoca baxtım!..
Şakir
tutulmuş halda mənə baxır.
Ustadın
sifətində tuğyan eləməkdə olan
çölün qiyamətindən başqa anlaşılacaq
özgə şey yox. Onsuz da heç nəyi seçmir.
Gözlərini elə dünyanı və onun cəfakeşi olan İnsan oğlunu görməmək
üçün qapamayıbmı?
Şakiri
bir kitab kimi oxuyuram: “Bu fırtına sakitləşənə
bənzəmir. Nəsə ustadın naçar vaxtına gəlmişik.
Bilsəydik...”
Demə
dünən ciyərparasının qırxıymış.
Zindana dönmüş bədən, üzə duran
ayaqları həyatının bu ağır məqamında
ona yerindən tərpənməyə macal verməyib...
Ədalət
qövr eləmiş yarasının qaysağını yenə
Dədə Əsgərin bir batman balla udulması
mümkün olmayan misraları ilə bilərəkdən
qoparıb atmağa çalışır.
Betər,
bundan da betər çılğına dönmək istəyir.
Niyə?!. Niyəsini özü də bilmir:
Ələsgər
qəlbinə saldın işığı,
Məclislər
ziynəti, el yaraşığı,
Əzizliklə
bəslədiyin aşığı
Zəlilliklə
intiqama çəkirsən?!
Allah,
Allah! “Nəinsaf zəmanə, bimürvət fələyə”
bundan artıq təhnizmi olar?!
İnsan daxili dünyasının dözülməz
bezginliyini bundan tutarlı , bundan da sitəmli necə dilə gətirə
bilər?!.
Ustad
gözlənilmədən birdən gözünü
açıb, tərzi qələmə gəlməyəcək
şəkildə bizə tamaşa eləyir.
– Qəbahət
eləyərəm, nöyzənbillah, pirim,
mürşüdüm və qibləgahım Dədə
Ələsgərə güldən ağır söz deməyə
dizim tutmur. Bircə yolla, tək bircə yolla çox
insafsız bir səhv eləyib:bayaq oxuduğum təxəllüs-bənddə
“Ələsgər qəlbinə” əvəzinə gərək
mənim adımı yazaydı! Düzdü, o mübarək
insan da çox sitəm çəkib bu dünyada. Amma inana
bilmirəm, mən çəkdiyimin yüzdə birinə
qatlaşmış ola!..
lll
Aşıq
Ədalət tarixi saz havaçatımızın həm də
qeyri-adi novatoru kimi varlığındakı qüdrəti
göstərməyi bacardı.
Ötən
yüzilliklərdən xalqa yadigar qalmış
çoxsaylı saz havaçatının əksəriyyətini
Ustad Ədalət çalmış, hamısını da
öz qəlbinin hərarəti yenidən isitmişdir. Bu
gün kim nə çalırsa, ustadın icadından, daha
doğrusu, ustadanə tumarından onda danılmaz bir şeylər
var.
Dərə,
təpə, yaşıl yamaclar, güllük
–gülüstanlıqlar, adətən, öz cəmalıyla
öyünər və elə zənn edər ki, bu gözəlliklərin
küpü-boyağı onun özcə məqduru, özcə
varıdır.
Günəş
də ərş üzündən zərrin şüaları
ilə onların gözlərini qamaşdırar... Bilib
boyunlarına alsalar, nə çıxar, almasalar nə?!..
Yaxın
ötən günlərin birində mavi ekranda hələ
dimdiyinin sarısı getməmiş (və getməyəcək)
bir zavallı sərçəcik ağzı köpüklənə-köpüklənə
nankorluq nümayiş etdirirdi:
“Aşıq
Ədalətin çaldıqları nə qədər mükəmməl
olsa belə, onlar o vaxtlarda qaldı... biz bu günün
havalarını özümüz yaradırıq...”
Belə yerdə
farslar nə gözəl deyir: “Necəsən, qanmayım, atan
yansın?!”
lll
Onun zəhmətinin
bəhrələri otaylı-butaylı Bütün Azərbaycan
üçün zəngin mili sənət mənbəyinə
çevrildi. İndi bir evin küncündə ömrün bu
ixtiyar və düşgün çağında
dünyanın iştəklərinə, mat qalan bu bənzərsiz
adam ən yüksək hörmətə və iltifata layiq bir
sənət ərbabıdır.
Ədalətin
ürəyinin hərarəti “Yeddi oğul istərəm” bədii
filminə sonsuz canlılıq və xəlqilik gətirib.
“Yanıq Kərəmi” bu filmdə bir növ abidəvi dəyər
qazanıb.
Onun
“Yanıq Kərəmi”si fəxri – aləm şairimiz olan
Şəhriyarın “Heydər Babaya Salam” lirik poemasının
şairin öz səsiylə oxunuşunu qeyri-adi
çırpınış və xalları ilə dastaniləşdirib!
Ustad şairin hərarətli nəfəsiylə ustad
aşığın sehirli barmaqlarının fəryadı
görünməmiş bir gözəllik busatı yaradıb.
“Aşıq
Ələsgər” bədii sənədli filmində
Aşıq Ədalət Göyçə ədəbi
mühitinin şəhdi-şirəsini sazının
Göyçəyə uyar qançəkərliyi ilə
ecazkarlıqla ortaya qoyub; Dədə Ələsgərin
“Oynamasın” qoşmasını bəyzadə bir əda ilə
zirvədən ifadə eləyib. İtirdiyimiz cənnət
Göycəyə əbədi evladlıq borcunun bir zərrəsini sanki
ödəməyə çalışıb və zirvədən
bacarıb.
“Çalır
Aşıq Ədalət Nəsibov” filmindəki ustad
ifaları çağdaş aşıqlar və gələcək
nəsillər üçün bir növ saz məktəbi
mahiyyəti daşımaqdadır.
lll
Qəm eləmə,
Ustad! Dünya belə gəlmiş, beləcə də
günahlarını təkrarlaya —-təkrarlaya yoluna davam edər.
Halına da təfavüt etməz...
Fərid
Kam adlı bir filosof şair bu yöndə nə gözəl
deyib:
Bir
çürük diş kimidir, məncə, həyat:
Çıxarıb
atmadan sahibinə rahət yox!
Eyni kəlamın
müəllifi müşahidə etmiş olduğu bir ibrət
səhnəsi qarşısında insanlıq dramının
bir acı düşüncəsini də bir bəndlik
şeirində belə xülasə edir:
Sağlığında
neçə əhli-hünərin
Bir
çimdik duz belə qonmaz aşına!
Öldürənlər
əvvəl onu acından,
Sonra bir
türbə dikərlər başına.
Neyləməli,
Ustad?! Dünyanın südü beləcə ocaq üstə
qoymamış çürüyür. O səbəbdən
qaymaq da tutmur.
Deyirəm,
ümidimizi biryolluq öldürməyək. Kim bilir, bəlkə
dünya da axır ki, bir silkinib düşdüyü
çıxmazdan dartıb ətəyini bir üzə
çıxa bildi. Onda suyu durular, südü qaymaq bağlayar.
İnşallah!
Ümidlər
ölməsə, İnsan ölməz! İllah da sənin
kimi yaradıcı İnsanlar.
Hə, nə
oldu?! Doluxsunma belə!
Sənin
divanə kimi sevdiyin ulu Füzulidən ümumiyyətlə
dünyanın vəfasızlığından bir xatircəmlik
təsəllisi misal gətirimmi?
Ey
Füzuli, müttəsil müxalifdir
dövran
mənə,
Qalibə,
ərbabi – istedadı dövran
istəməz!
Bir də
ki: dövran neyləsin, Ustad?! Ömrün boyu ürəyinin
istədiyini eləməkdən heç vaxt geri durmamısan,
dövran çar-naçar dözüb. Sən Haqdan
çağlayan bir çeşməsən!
Barmağına,
Haqdan barat olan Qüdrətinə əhsən!
Sən
böyük bir dövr ərzində vəfalı –– vəfasız
soydaşlarının qan yaddaşına unudulmaz bir ehtiras kimi
çökmüsən! Səni görüb-tanımayan
aşıqda belə səndən mənəvi bir pay var!
Əti dırnaqdan çox aralayıblar, Ustad! Sən soyunun
damarında qızıl qansan! Qanı cismdən ayırmaq
müşküldü! Sarı Aşıq xalqa o qədər
yaxın olub ki, axır onda it-bata çıxıb... Yox-yox!
Xalqın mənəvi dünyasında itib, onun əbədiyyətində
dirilik tapıb!
Sən də
beləcə, Ustad!
Nə
yazıq ki (bəlkə də nə yaxşı ki!)
arının minbir çiçəyə qonub, çəkdiyi
balın keyfiyyətindən xəbəri olmaz!
Yəqin
ki: yenə düz olmadı. Çəkdiyi şəhdü-şirəni
arı gözəlcə bilmirsə, şan üstündə o nə ehtirazdı, o nə təlatümdür?
Ağdabanlı Şair Qurban bu nöqtədə qoy hakim olsun:
Sənsiz
bu Qurban sızıldar,
Cəsəd
ağlar, can sızıldar.
Arı
görsə şan, sızıldar;
Olmaz
ayırmaq üstündən.
Sazın
– bal pətəyi; sən də onun üstündəki, bax, o
cəfakəş arısan, Ustad! Tək sazın yox, həm də
ucadan-uca ədəbi sözün arısı!
Sənin
o xəzinə sinəndə hansı böyük ustadın
seçmə sözü yoxdu ki?! Füzuli dili ilə desəm:
“harda bir söz itsə, səndən istəsinlər! Sən
zamin!”
Bir
sözlə, təsəllin dərdindən daha boldu, Ustad!
Dərdi
də dost yerinə qoy, sirdaş bil özünə.
Dərd
dostdan, qardaşdan, hətta yardan vəfalıdır. Gün gəlir
ki: bir yolayrıcında hərə bir yana üz tutub
yollanır.
Eləcə
dərd sənə həmdəm qalır! Acılı
–şirinli düşüncələriylə bahəm.
Üz mənnən,
Rəqib,
şərrin üz mənnən!
Qəm
yardan vəfalıdı:
Heç
çevirməz üz mənnən!
Ən başlıcası: Kərəmin o dilbilməz dərdi olmasaydı, “Kərəmi” olmazdı! Şübhəsiz!!
“Kərəmi” də yenidən səninlə qəmxarlıq eləyib. Ağlar sinəndən birdən-birə şahlanmasaydı, sən Ədalət olmazdın! Buna nə deyirsən, Ustad?!
Ədalət olardın, ey, amma bu Ədalət olmazdın!
Göygöl gözəlliyinə vəsilə olan min il əvvəlin Kəpəz məhşərini xəyalına gətir, ay “Kərəmi” büsatının ustadı, Ədalət!!!
Yığ dünyadan gözünü! Özünü yenidən özün boyda gör, Ustad! Düz əməllicə canını tut dişinə: namərd ayaqlarının əsdiyinə üzülmə; özünü qaldır ayağa!.. Onda ayağın da quzu kimi arxanca mələyə-mələyə gələcək!
Təklikdə qaldıra bilməzsən özünü xora-xoşa qoyan ayaqlarını! “Qaraçanağ”-la əl-ələ tutub qaldır! Ayrı sazla yox, ancaq onunla. Onun hələlik sənə də bəyan olmayan nəsə əsrarəngiz sirli bir dünyası var!
lll
Çöldə qaranlıq basmaq üzrədir. Nəsə Ustadı yenə rahatsız görürük. Dirsəklərini masaya dirəyir. Çənəsini qoşa ovcunun içinə alır. Bizi birinci kərə görürmüşcəsinə diqqətlə baxır. Handan —- hana durub, “Qaraçanağ”ın köynəyini təzədən sökür.
Yenidən sazıyla sarmaş-dalaşdır. İndi Ustaddı, “Qaraçanağ”dı, bir də Dədə Ələsgərdi!.. Toyda-düyündə və hər yerdə belə davranır sazıyla Ustad, yandırıb-tökür.
Xəyalıma 1981-ci ildə Ustada ilkin yazdığım dəyərləndirmə gəraylının adda —- budda misraları gəlir:
Hönkürdükcə qan-yaş tökür,
Saz qəmə tuş olub, nədi ?!
Bunca bizi dara çəkir,
Ürəyi daş olub, nədi?!
Kərəm yanır, Lələ yanır,
Qəlbi qəmnən silə yanır,
Yanır gilə-gilə yanır,
Saza qarğış olub, nədi?!.
... Saz titrəyir titim –titim,
Kərəm nakam, simlər yetim...
Od püskürür Ədalətim..
Oda sirdaş olub, nədi?!
lll
Hava yenə qana susayır. Telekanallar tez-tez onun zavallı qurbanları haqqında xəbərlər yayınlanmaqdadır.
Deyəsən, dünya anamızı düz-əməllicə cana doydurmuşuq. Elə bil onun etiraz səsi də qulağımıza gəlməkdədir: “Daha yetər! Düşün çiynimdən!”
Aşıq suskun. Sazı ondan da suskun. Biz müsafirləri də həmçinin.
Bircə qarşı divara vurulmuş iri ölçüdə heykəltəraş və rəssam Məmməd Dəmirçioğlunun bir müddət əvvəl naturadan çəkdiyi “Ustad” portretinin açıq qaş-qabağı, üfüqlərin arxasını görürmüş kimi heyrətlə açılmış ağıllı gözləri və ümumiyyətlə qürur heykəli kimi şahlanıb. Dönüb ona boylanan kimsədə istər — istəməz xoş bir ovqat yaradar.
Bu səbəbdən olsun gərək: Ədalət tez-tez bizi unudub o bəxtəvər özünün düşüncələrinə dalır.
lll
Biz Ustaddan ayrılıb getmək üçün him—- cimləşirik.
Ədalət dərhal narahat olur.
Şakir Hidayətoğlu çətin olsa da, getmək istədiyimizi açıqlayır:
– Ay qağa, çox oturduq. Sənə də istirahət lazımdı.
Ustad:
– Nə olub, ay Şakir? Hər görüşümüzdə bir bəhanə tapırsan.
– Ay qağa, —- deyir Şakir: —- gedəsi qonaq vaxtında getsə yaxşıdır.
Ustad:
Nə deyirəm?! Gəlişiniz çox gözəldi; gedişiniz olmayaydı!
lll
Ustad Ədalətlə ziyarətimizin başlanğıcından istər-istəməz ürəyimdə qanadlanan qımıltıları səbirsizliklə kağıza köçürtməyə başlayıram.
BARI SAZ QALMASIN
LÜT – ÜRYAN KİMİ
Bu dağın ömrü də çöküşdə bu gün.
Çökür parça-parça bir azman kimi.
Baxır maddım – maddım gərdiş də
bu gün,
Çökür “Yanıq Kərəm”
bir şaman kimi.
Hönkürər sazının “Sarı tel”ləri;
Susar “Dilqəmi”nin tuti dilləri;
Nəyi xatırlatmaz “İncə Gülləri”;
İnildər simlərdə ah-aman kimi
Laxlayar təməllər, uçar zirvələr;
Göyəzən kişnəyər, Dəli Kür mələr...
Aveyin kahası gözyaşı çilər;
İnlər Şahdağı da bir kaman kimi.
Susar sevgilərin tərcümanı da,
Çətin ki, aynalar onu tanıda!..
Seyrəlib çevrəsi, bom-boş yanı da:
Vəfasız görmədim bu dövran kimi.
Can qurban elərdik barmağına da;
Pərdə üstündə gül vurmağına da;
Zirvədən –zirvəyə varmağına da –
Sevgilər fövgündə bir sultan kimi.
Sazdan yapışaraq “Haqq!” deyə- deyə,
Ayaqlar altından qaldırdı göyə!
Nankorlar donuqdu göz döyə-döyə...
Saz qalxıb kükrədi bir tufan kimi.
O çılğın Məcnundu, Saz Leylisidi!
Haqqın, Ədalətin öz Leylisidi!
Özünü bir sanar, yüz – Leylisidi:
Yaşar ruhumuzda bir dastan kimi!
Gah Kürü dindirər, gahdan Arazı;
Sazın istiqbalı gözdə murazı.
Gücü çatdığınca qaldırıb sazı:
Barı saz qalmasın lüt-üryan kimi.
Tifil yaranmışdı; artdı, dağ oldu!
Heç kəsə baş əyməz, Rəbbinə quldu!
Soyunun qəlbinə nur kimi doldu!
Sürər kərvanını bir sarvan kimi!..
Kirayə küncündə təntiyib çaş-baş;
Özün nişan alıb —- ətəyində daş...
Gözün kor olaydı, Məmməd Aslan, kaş:
Göy uçdu başıma bir tavan kimi.
07.02.2012
(Məhşəri bir qiyamət günündə)
Məmməd ASLAN
525-cui qəzet.- 2012.- 18 fevral.- S.24-25.