Əlil ağacı

(Hekayə)

 

Yaşımın onda neçə olduğunu dəqiq xatırlamıram. Balaca idim, yaşamağın nə olduğunu hələ yeni öyrənməyə başlamışdım. Qorxunu tanıyırdım. Qaynar çaydandan , itlərdən bir də hündürlükdən qorxduğum qədər heç nədən qorxmurdum. Nə zaman eyvanın kənarına yaxınlaşsam anam qışqırardı. Düzünü desəm, yıxılmaqdan daha çox anamın cır səsi qorxudurdu məni. Böyüdükcə daha çox şeylərdən qorxmağa başladım. Bütün bu qorxularla yavaş- yavaş böyüməkdə idim. Mən böyüyüb kişi olmağa hazırlaşarkən evimizin kişisiatam gözümüzün önündəcə əriyirdi. Ayağının get-gedə şiddətlənən ağrısını hamımız hiss etməyə başlamışdıq. Çox keçmədi ki atamın ayağını kəsdilər. O artıq bütün insanlar kimi iki yox üç ayaqlı olmuşdu. Əlil ağacı atamın ən yaxın alətinə çevrilmişdi. Onu belə görməkdən kədərli heçola bilməzdi. Gününün çoxunu pəncərənin yanında oturub həyətə baxmaqla keçirirdi. Anam dayanmadan işləyir. Bütün işlərin arxasınca özü qaçırdı. Atamın kəsilən ayağıyla birlikdə anamın taleyindən xoş günlər də kəsilmişdi elə bil. Az vaxtda elə qocalmışdı ki. Bəzən anamdan çay, yemək belə istəməyə qıymırdım. Atamın aqressivliyi hamımızı daha çox incidirdi.

Bir səhər yuxudan anamın hönkürtüsünə durdum. Mətbəxə tərəf yüyürdüm. Atamla dalaşırdılar. Atam həmişəki yerində oturmuşdu. Anama qışqırırdı. Anam atamın bir addımlığında dayanıb eləcə ağlayırdı. Birdən atam əlini yanındakı əlil ağacına uzadıb anamı onunla vurdu. Başıma qaynar su tökülmüş kimi diksinmişdim. Anamın yerindən tərpənməməyi, qaçmamağı məni daha da qorxutmuşdu. Otağıma gedib üzü aşağı uzandım. Atama nifrət edirdim. Ölməyini arzulayırdım. Mənə elə gəlirdi ki, atam təkcə ayağını yox bizə qarşı olan bütün sevgisiniitirmişdi. Axşama qədər otağımdan çıxmadım. Axşam çarpayımdan qalxıb atamın yanına getdim. Oturduğu yerdəcə yuxulamışdı. Əlil ağacı yanında dururdu. Barmaqlarımın ucunda ona yaxınlaşıb ağacları götürüb otaqdan çıxdım. Atamın ayağını əvəz edən bu taxta parçaları bir az bundan qabaq anamı incitmişdi. Onları yandırmaqda qərarlı idim. Eyvana çıxdım. Birdən niyəsə sağ ayağımı yuxarı qatlayıb bütün ağırlığımı əlil ağacının üstünə saldım. Atam kimi olmaq istədim. Amma bacarmadım. Yerə yıxıldım.

Üç gün idi ki, anamın qardaşı rəhmətə getmişdi. Hüzr yeri evimizin lap yaxınlığında idi. Anam iki qapı arasında qaça-qovda qalmışdı. Ağlamaqdan şişən gözləri həmişəkindən daha kədərli idi. Yuxudan anamın döşəməyə daş kimi çırpılan dabanının səsi ayıltdı məni. Mətbəxə keçib səhər sübhdən bişirdiyi şirniyyatı doğrayıb qalanını köhnə sobaya qoydu. Anam adətən şiriniləri o sobanın içində saxlayırdı. Çünki bircə ora qarışqalar dadanmamışdı.

Bir az yerimdə o tərəf bu tərəfə çevrilib ayağa qalxdım. Anam getmişdi. Birazdan atamla mənə baş çəkməyə yenə gələcəkdi. Ona elə acıyırdım ki. O gəlincə somavarı qaynatmaq qərarına gəldim. Kömək etmək istəyirdim. Balaca odun parçalarını yığıb somovara atmağa hazırlaşırdım ki fikrimi dəyişdim. Yavaşca atamın otağına gedib xəbərsiz əlil ağacını götürdüm. Az qala özüm ağırlıqda olan baltayla onu doğramağa başladım. Birdən balta əlimdən çıxıb barmağımın üstünə düşdü. Yerimdə donmuşdum. Ömrümdə bu qədər çox qan kəsik barmaq görməmişdim. Qışqırmağa başladım. Heç kim səsimi eşitmirdi. Birdən pəncərənin ağzında oturan atamı gördüm. Gözlərini bərəldib mənə baxırdı. Hiss edirdim ki, ayağa durmağa, mənim yanıma gəlməyə çalışırdı. Ama gələ bilməzdi. Onun taxtadan olan ayaqlarını bir az əvvəl mən doğramışdım.

Kəsilmiş əlimdən tutub ağlayırdım gözlərimi atama zilləmişdim, kömək istəyirdim.

O isə əli ilə üzünü örtüb hönkürürdü...

 

Nərmin HÜSEYNZADƏ

525-ci qəzet.- 2012.- 18 fevral.- S.21.