Kişi kimi Qadın

 

“...kimsə bunu dansa, əngini

əzərəm...”

 

 

Marina Vladi

Yəqin həyatı maraqlı etmək üçün... Allah yaradılmışın ən alisini iki cinsə bölüb. Gücü kişiyə, zərifliyi qadına bəxş edib. Bəlkə bu, birinin qoruyan  digərinin qorunan olmasından ötrü belədir. Amma qadın elə  Həvvadan başlayaraq kişiyə sığınsa da, eyni zamanda dəyişdirmək, idarə etmək qabiliyyətini sübuta yetirib. Zaman keçdikcə, bəşəriyyətin inkişafı ilə zərif cinsin təsir gücü şaxələnib. Həvvanın “rekord”unu vurmaq mümkün deyilsə də, hər halda “düşünən başa boyun” olmaq adiləşib bir az. Ona görə qadına aid öyünc, yəni tərif dolu təyinlərin günbəgün artması təbii görünür. Amma sual doğuran təşbehlər də çoxdur. Məsələn, “kişi kimi qadın” ifadəsi. Bu, hansı qadınlara aiddir? Yonulmamış, kobud, despot, davakar, söyüşcül, özündən başqasının fikrinə əhəmiyyət verməyən, yumruğunu masaya bərk vurmağı bacaran? Yaxud fiziki cəhətdən güclü? Amma nəzərə almalıyıq ki, qadını kişiyə bənzədənlər adətən onun üstünlüyünü, fərqini vurğulamaq niyyəti güdürlər. Görünür, burda əsl kişiyə məxsus fərqli cizgidən – qorumaqdan söhbət gedir. Kişi qorumaq üçün güclü yaradılıb: soyuqdan, xəstəlikdən, düşməndən, depressiyadan, təklikdən, qorxudan, təhlükədən, səhvlərdən, sevgisizlikdən... Ovcunda saxlamaq, dişində gəzdirmək, söykənəcək olmaq bacarıqları da ona verilib: Əsl kişiyə! (bəlkə də bunun kökündə Allahın da kişi cinsinə aid edilməsi durur.) Bu məntiqlə yanaşanda “kişi kimi” təşbehi məhz sadalanan xüsusiyyətləri özündə birləşdirən qadınlara  aid edilə bilər. Tarixdə bu cür qadınlar çox olub. Belələri kütlə deyilən toplumdan seçilənlərdi. Tanınmış fransız aktrisası Marina Vladi də seçilirdi: 8 yaşında filmlərin səslənməsində iştirakı, 3 il sonra  aktrisa fəaliyyətinə başlaması, inanılmaz sürətlə püxtələşib artıq 14-də əsas rolları ifa etməsi ilə. Ancaq o yaşıdlarından fərqlənməyə  “Cadugər”liklə başlayacaqdı...

Marina Vladi 17 yaşındaykən, yəni 1955-ci ildə fransız rejissoru Andre Mişelin “Cadugər” filmində baş rola çəkilir. Filmdə qadın  romantikliyinin cövhərini nümayiş etdirməklə milyonlarla tamaşaçının sevgisini qazanır. Və təbii ki, rus əsilli  Marinanın səsi-sorağı Sovet Rusiyasının da “qulağına çatır”. Çox keçmir ki, gözəlliyi, cazibəsi, zərifliyi və açıq, dağınıq saç üslubulu qadın imiciylə kişilərin arzularını, yuxularını zəbt etmiş “Cadugər” əsas müzakirə obyektinə çevrilir. 12 il sonra, 1967-ci ildə Marina Moskvada keçirilən Beynəlxalq kino festifalına gələndə hələ də rus tamaşaçısının sevimli “Cadugər”i idi. İllər onun tilsimini sındıra bilməmişdi. Vladinin “kişi kimi qadın” statusu isə Vladimir Vısotski ilə tanışlıqdan sonra formalaşmağa başlayacaqdı.

Vısotski Taqanka teatrının gənc aktyoru idi. İllər öncə “Cadugər” filmindəki qadının sehrinə düşüb teatrın rejissoru Yuri Lübimova bəyanat vermişdi: “Bu qadın mənim olacaq!”

Axşamların birində festifalın qonaqlarını Taqanka teatrında “Puqaçov” tamaşasına baxmağa gətirirlər. Vısotski Xlopuşi rolunu oynayır. Lübimova etiraf etdiyi arzusuna çatmaq üçün gözəl şərait yaranmışdı... Vısotski təkrarsız, avanqard oyunu ilə Marinanı tilsilmləyir. Sonralar Marina Vladi “Vladimir və  ya dayandırılmış uçuş” (1987) əsərində bu görüşü belə xatırlayır:

“Həmin axşam mən də bütün zaldakılar kimi bu aktyorun gücünə, fədakarlığına heyran qalmışdım...

Tamaşadan sonra restorana gedirik...

... Gözümün kənarı ilə ortaboylu, nimdaş geyimli gəncin bizə yaxınlaşmasını görürəm. Ötəri baxıram və bozumtul gözləri anındaca diqqətimi cəlb edir... Zaldakıların səs-küyündən söhbətimi yarımçıq kəsib ona çevrilirəm...” 

Dur! Stop kadr! 13 illik sevgi hekayəsi məhz bu səhnədən başlayır. Vısotski uzun illərdir arzuladığı cadugərinin zərif əlini ovcunda tutub  gözlərinə, üzünə uzunuzadı baxandan sonra bircə dəfə öpür. İllərin həsrətlisi kimi, yemədən, içmədən, danışmadan sakitcə tamaşa edir. Və tanışlıqdan sonra ilk cümlə: “Nəhayət ki, sizə rast gəldim...” İndi Vısotskiyə ətrafdakıların, lap elə Marinanın özünün də onun teatrdakı oyununa aid tərifləri maraqlı deyildi. Yalnız bir istəyi vardı: səhərə kimi gitarada çalmaq, oxumaq, şeir demək, minlərlə maşın maqnitolasının daimi qonağı olan xırıltılı, əsrarəngiz səsiylə Marinanın zövqünü oxşamaq. Vısotski arzusunu açıq bildirir və onlar axşamı yaxınlıqda yaşayan jurnalist Maks Leonun evində davam etdirməyə qərar verirlər. Vladi həmin gecənin möcüzəsini belə yazır:  “...sən gitaranı götürürsən. Səsin, gücün, hayqırtın məni valeh edir. Həm də ayaqlarımın  yanında oturub yalnız mənim üçün oxumağın... Tədricən, mahnılarının mənasını, acı yumorunu, dərinliyini dərk etməyə başlayıram... Mənə izah edirsən ki, teatr sənin peşəndir, poeziya isə ehtirasın. Və anındaca, heç bir keçid etmədən məni çoxdan sevdiyini deyirsən...”

Vısotski Vladinin ilk dahi heyranı deyildi. Marina “Saniyədə 24 kadr” adlı açıq memuarlarında qeyri-adi pərəstişkarları haqqında məlumat verir, “Qara lələklər”də tərəf müqabili olan Marçello Mastroyani, “Sevgi günləri”ndə birgə çəkildiyi Marlon Brando, rejissorlar – Orson Uels və Cüzeppe de Santis kimi adamların başlarını gicəlləndirməsini etiraf edirdi. İlk nigahını məşhur rejissor və aktyor Robert Osseyn ilə bağlamışdı. Lakin bu birliyin ömrü uzun olmadı. Marina ikinci dəfə pilot və aviakompaniya sahibi olan Jan Klod Brue ilə ailə qurur.

İnsanın bir ömürdə yaşaya biləcəklərini artıq uşaqlıqdan, gənclikdən görmüş Vladinin Vısotski haqqında bu cür kövrək, romantik, yeniyetmələrə məxsus həyəcanla yazmasının səbəbi nə idi? Səbəb   istənilən yaşda həyata yenidən “start” deməyə qadir Sevgi idi...

İlk görüşdən bir neçə gün sonra Marina Parisə qayıdır. Xəstələnir, özünə yer tapa bilmir. Vurnuxur. Nə baş verdiyini anlamır. Lakin bu təlaşı, həyəcanı ona xoş gəlir. Vısotski zəng vurur. Qadın onun   sözlərinin dərinliyinə getmədən danışığını, gülüşünü dinləyir. Bu  səsdən  beyninə rahatlıq süzülür,  ürəyi həyəcanla çırpınır... Dəstəyi asan kimi hönkürüb ağlayır. Bütün baş verənləri izləyən anası qızının diaqnozunu dəqiq qoyur: Sən vurulmusan, mənim balam!

Vladi tezliklə Moskvaya qayıdır. Lakin həmin günlərdə Vısotski Sibirdə “Tayqa sahibi” filminin çəkilişlərində olur. Nəhayət, çəkilişlər bitdikdən sonra görüşürlər:

“Payız axşamlarının birində dostlarından hansınınsa evində olanda mən bizi tək buraxmalarını xahiş edirəm. Evin sahibi qonşuya gedir, dostlar bizi qucaqlayıb sağollaşırlar. Qapını bağlayıb çevrilirəm və sənə baxıram... Titrəyirsən, eşidilməyəcək səslə pıçıldayırsan. Mən əlimi sənə uzadıram və qırıq-qırıq kəlmələr  eşidirəm: ömürlük... mənim qadınım...”

... 13 yanvar 1973-cü ildə Marina ilə Vladimir evlənirlər. Növbəti gün Gürcüstana səfərə gedirlər. Bu hər ikisinin üçüncü ailəsi idi. Vısotskinin əvvəlki nigahından iki, Vladinin üç oğlu vardı. Lakin Vladimir Marinadan da övlad istəyirdi. 13 yaşındaykən atasını itirən və bunu həyatının ən böyük faciəsi hesab edən Marina dünyaya uşaq  gətirməyə razılaşmır. Bunu onsuz da problemli ailə üçün artıq  maneə hesab edir... Marina sanki dünyaya gələcək uşağın da onun kimi  valideyn itkisi yaşayacağını öncədən hiss edib doğulmayan körpəsini bu əzabdan qoruyur.

Amma hər gecə Vısotskinin dünyaya gətirdiyi şeirləri sakitcə, divanın bir küncünə qısılıb səbrlə gözləyir. Bəzən yuxuya gedir... Ərinin poeziya sobasından yeni çıxmış isti əllərinin təmasından ayılır və onun ilk yuxulu dinləyicisinə çevrilir. Yazılarında Marina bu anları xüsusi incəliklə birliyin, bütövlüyün göstəricisi kimi xatırlayır.

... Lakin həyat təkcə romantik səfərlərdən, şeir dolu gitaralı, sözlü axşamlardan, alqışlarla lərzəyə gələn teatr salonlarından ibarət deyildi. Marina müsahibələrinin birində ömrünün səhnə arxasını sadə ifadə edir: “Çətin idi... Çox çətin. Bu, rus qadınlarına tanışdı...” Vısotskinin alkoqol düşkünlüyü ondan çox güclü olmağı tələb edirdi. İstedadlı aktrisa, zərif və gözəl qadın, mehriban həyat yoldaşı bütün bu işlərin öhdəsindən gələ bilməzdi: gecə zənglərinə cavab verib təlaş içində Moskva küçələrində onu axtarmaq, kafelərdə, içki yığıncaqlarında tapıb evə daşımaq, bitib tükənməyən sərxoş andları dinləmək, həkimlərə aparıb müalicə etdirmək. Marina məhz “kişi kimi” xarakterinin sayəsində bacarırdı bunları. Reanimasiya həkimi Leonid Sulpovar unudulmaz iş günlərindən birini belə xatırlayır: “1968-ci il idi. Mən gecə növbəsində işə gəldim və Vısotskinin ağır vəziyyətdə bizim şöbəyə gətirildiyini gördüm. Bir neçə saat ərzində biz onun həyatı uğrunda mübarizə aparırdıq. Marinanın ruhu bu müddətdə ətrafımızda uçuşur, fasiləsiz olaraq onun yanına keçməyə icazə istəyir, qışqırırdı...”  

... Marinanın əzabları bir, iki, üç, beş günlük deyildi. Hər dəfə “bitdi!” deyə düşünüb arxayınlaşanda yenidən başlayırdı. Lakin dostları onun səbrindən danışıb heç vaxt Vladimirdən üz çevirməməyini, yorulmamağını heyranlıqla vurğulayırdılar. Marina özü isə “Vladimir   ya dayandırılmış uçuş” əsərində etiraf edir:

“Cəmisi iki dəfə mənim buna gücüm çatmadı. Birinci – birgə həyatımızın başlanğıcında, sən məni sərxoş halda başqa adla çağıranda. İkinci – məni araq şüşəsini sona qədər boşaltmaq üçün vanna otağından dəhlizə atanda, sənə “cəhənnəm ol” – deyib, qəzəblə qapını çırpıb getdim. Hər iki halda sən yarım il cəhənnəm əzabı içərisində yaşadın. Elə mən də...”               

Marinanın tez-tez Parisdəki övladlarına baş çəkməyə getməsi həyatı bir az da çətinləşdirirdi. Çünki, o zamanlar Sovet adamının (özü də Vısotski kimi müxalif, açıq fikirli) ölkədən kənara çıxması qeyri-mümkündü. Vladi əlaqələrini işə salıb saatlarla səfirlərin qəbulunda vaxt keçirsə də, hər istədiyində Moskvaya gəlməsi, yaxud ərinin Parisə getməsi üçün icazə ala bilmirdi. (Yalnız nigahdan altı il sonra Vısotskiyə xanımı ilə bərabər Parisə getməyə izn verildi). Mütəmadi ayrılıqlar bir tərəfdən çətinlik törətsə də, digər tərəfdən hissləri təzə-tər saxlayırdı. Bəlkə də ailəni məhz bu fasilələrin köməyilə 12 il qorumuşdular...

Marina Vladi sevdiyi adama təkcə əsəblərini, sağlamlığını, zamanını yox, həm də karyerasını qurban vermişdi. Parisdə hər dəfə yeni filmlərə təklif alan aktrisa bəzən ərinin problemlərindən, xəstəliyindən xəbər verən telefon zənginə görə çəkilişləri atıb Moskvaya gedirdi. Marinanın “fors-major”larından bezən rejissorlar onu yeni rollara az-az dəvət edirdilər.

... 1977-ci ilin qışında Marina Vladi Macarıstanda yeni filmə dəvət alır. Vısotski ilə münasibətlərində böhran yaşandığından  çəkilişlər çox çətin gedir. Hər gün əsəbi telefon danışıqları, ərinin  davamlı xəyanətlərinin müzakirəsi, qarşılıqlı ittihamlar aktrisanı ruhən  yormuşdu.  Filmin rejissoru Vladini həyat yoldaşı ilə barışdırmaq üçün onların birgə çəkiləcəyi səhnə fikirləşir. Sevdiyi kişi ilə heç vaxt tərəf müqabili olmayan Marina çox sevinir. Lakin dəmiryol vağzalında Vısotskini gözəl, zənci qızla bərabər görməsi xəyallarını alt-üst edir. Çəkiliş meydançasında isə möcüzə baş verir. Bircə toxunuşla incikliyin unudulması, hisslərin alovlanması, gözlərin sözsüz dialoqu...

“Birdən-birə sənin ifadəsiz gözlərin alışır, məni öpürsən və biz o aralarda həyatda yaşamadığımız dəqiqələri kamera üçün yaşayırıq...”  

Vaxt keçdikcə həyat, evlilik daha da qəlizləşir. Marina  qısqanclığı ağrıyla, əzabla yaşayır. Sevdiyi kişinin başqasına (yaxud başqalarına) marağını, meylini qəbul edə bilmir. Lakin onun “Vladimir, yaxud dayandırılmış uçuş  memuarını oxuyanda adamda belə fikir yaranır ki, Marina Vladi ərinin “bəxş etdiyi” bütün əzablara bəraət qazandırır. Hətta günahı özündə görür:

“O həyatdan bərk yapışaraq, varlığını, mövcudluğunu sübut etmək üçün kömək istəyirdi, qışqırırdı. Mənsə yalnız üzdə olanları görürdüm. Demək istədiyini eşitmirdim... ”

...Vısotski uyuşdurucu həblərdən asılılığını xanımından uzun müddət gizlədirdi. Günlərin birində münasibətlərin əvvəlində olduğu kimi “Etiraflar axşamı” keçirirlər. Vladimir bu faciəvi xəstəliyi ilə mübarizə aparacağına, iradəsini toplayıb tələbatlarına qalib gələcəyinə söz versə də, bütün söhbət boyu əsir, tez-tez “dərman” qəbul edib müvəqqəti sakitləşirdi. Marina bütün varlığıyla həyat yoldaşını şeiri, sözü, gitarası, rolları ilə birgə xilas etmək istəsə də, artıq gec idi...

18 iyul 1980-ci ildə Vısotski Taqanka teatrında Hamlet rolunda çıxış edir. Həmin gün özünü pis hiss edən aktyora ifanı sona çatdırmağa səhnə arxası iynələr kömək olur. Solğun çöhrəsində də ehtirası, hayqırtını qorumağa çalışan Vısotskinin “Olum ya ölüm?” sualına həyat düz bir həftə sonra cavab verir: Ölüm. 25 iyul 1980-ci ildə Vısotski vəfat edir. Marina onunla vida səhnəsini belə təsvir edir:

“Mən səninlə təkəm, danışıram, üzünə, əllərinə toxunuram, xeyli ağlayıram. “Daha heç vaxt” – bu sözlərdən boğuluram. Qəzəbimdən ürəyim sıxılır. Bu qədər güc, səxavət, istedad necə yox ola bilər axı? İtaətkar, hər əzələsi ilə istənilən arzuma cavab verən bədən niyə hərəkətsizdir? Kütləni silkələyən o səs necə oldu? Sənin kimi mən də ölümdən sonrakı həyata inanmıram. Bilirəm ki, sonuncu titrəyişlə hər şey bitir və biz heç vaxt görüşməyəcəyik. Bu əminliyimdən zəhləm gedir...”

Marina Vladi dəfndən sonra Parisə qayıdanda kağızların arasından Vısotskinin ay yarım öncə yazdığı məktubu tapır:

“Sevgilim! Çıxış yolu tapmağa gücüm çatacaq. Yalnız mənə ümid verməyini xahiş etmək istəyirəm. Ancaq sənin sayəndə yenidən həyata qayıda bilərəm. Səni sevirəm və sənə pis olmasına yol vermərəm. İnan! Getdikcə hər şey yoluna düşəcək və biz yenə də xoşbəxt olacağıq”

...Dostları deyirdilər ki, Marina olmasaydı, Vısotskinin həyatı lap tez sona yetərdi. Vladi özü isə müsahibələrinin birində buna əminliyini “kişi kimi” ifadə edir: “Mən olmasaydım, o 13 il öncə ölərdi, kimsə bunu dansa, əngini əzərəm...”

  

lll

Marina Vladi həyat yoldaşının “ölüsündən də əl çəkmir”: 1987-ci ildə “Vladimir, yaxud dayandırılmış uçuş” əsərini yazır. Vısotskinin 70 illik yubileyi ərəfəsində isə həmin memuar əsasında monotamaşa hazırlayır və bütün dünyanın diqqətini yenə də sevdiyi kişiyə yönəldir. Paris səhnələrindən düşməyən tamaşa Rusiyaya da gəlib çıxır. Vısotskinin şəkillərinin, videolarının, səsinin fonunda səhnədə vurnuxan boz geyimli Marina həyat hekayələrini həyəcanla, emosiya ilə danışır, ağlayır, günahkar təbəssümlə baxır... Sanki taleyi dəyişib bir az da artıq yaşada bilmədiyinə görə üzr istəyir.   

... Vladimir Vısotskinin oğlu Nikita Vısotskinin ssenarisi əsasında rejissor Pyotr Buslovun 2011-ci ildə çəkdiyi “Vısotski. Sağ ol ki, yaşayırsan” adlı filmə Marinanın etirazı, kinonun ərinin ruhuna və həyatına hörmətsizlik kimi qiymətləndirməsi xəbəri ötən ilin sonu bütün rus mətbuatını bürüdü. Marina filmin Vısotskinin ömrünün cəmisi beş gününü əks etdirməsinə və əsas rolu ifa edən aktyorun qrimində ərinin ölümqabağı gipsdən çıxarılmış maskasından istifadə olunmasına sərt münasibət bildirdi. Hətta dindarların bunu günah hesab edəcəyini də dedi.

... Marina Vladinin Vladimir Vısotskinin ölümündən sonrakı müsahibələrinə, yazılarına, tamaşasına ümumi nəzər salanda insanda belə bir fikir yaranır ki, o, sevdiyi, əvvəllər  həyatının, karyerasının, şairliyinin, səsinin üzərində əsdiyi kişini hələ də qoruyur. Amma indi sadəcə xatirəsini. Qoruyur.  Kişi kimi...

 

PƏRVIN

525-ci qəzet.- 2012.- 18 fevral.- S.20.