“Yalnız həqiqət”in
həqiqəti
Jan Pol Sartrın bir komediyası
haqqında söz
Xalq
yazıçısı Elçin Jan Pol Sartrın “Yalnız həqiqət”
pyesini Azərbaycan dilinə tərcümə edib. Yazıçının
bu yaxınlarda kitab halında nəşr olunacaq pyeslə
bağlı yazdığı esseni oxucularımıza təqdim
edirik.
Mən bu pyesi – “Yalnız həqiqət”i ilk dəfə
1967-ci ildə oxumuşam. Bu tarixi ona görə belə dəqiq
göstərirəm ki, həmin il Moskvanın “İskusstvo” nəşriyyatı
Sartrın altı pyesdən (“Milçəklər”,
“Basdırılmayan ölülər”, “Mötəbər
fahişə”, “Şeytan və cənab Allah”, “Altona dustaqları”)
ibarət “Pyeslər” kitabını rus dilində nəşr
etmişdi və o kitab ədəbiyyat aləmində hadisəyə
çevrilmişdi.
“Yalnız
həqiqəti” də Sartrın o biri pyesləri ilə birlikdə
mən həmin il həmin kitabda
oxumuşam və uzun illər idi ki, hər dəfə
yadıma düşəndə, mən bu komediyanı tərcümə
etmək istəyirdim.
Keçən
yay məzuniyyətə gedəndə düz qırx dörd il (!) mənim kitabxanamda mənimlə birlikdə
olan o kitabı da özümlə götürüb, pyesləri
yenidən oxudum (neçənci dəfə?) və nəhayət
ki, elə o kitabdan da “Yalnız həqiqət”i tərcümə
etdim.
Daimi vaxt
seytnotunda olmağıma baxmayaraq, Sartrın bu pyesinin tərcüməsinə
məni sövq edən başlıca səbəblərdən
biri də o idi ki, bu böyük XX əsr
yazıçısının və fikir adamının əsərləri
indiyə kimi Azərbaycan dilinə çevrilməyib və mən
elə bilirdim ki, “Yalnız həqiqət”in tərcüməsi
ilk təşəbbüsdür, ancaq sonra məlum oldu ki, belə
deyil, Sartrın “Lizzi” adlı pyesi də dilimizə
çevrilib.
Maraqlı
orasıdır ki, həmin ilk tərcümənin müəllifi
Süleyman Rüstəmdir və bu, maraqlıdır ona görə
ki, Süleyman müəllim tərcümə ilə o qədər
də məşğul olmurdu, düzdür, o Nizaminin “Sirrlər
xəzinəsi” kimi böyük bir poemanı, Rustavelinin “Pələng
dərisi geymiş pəhləvan” poemasının bir hissəsini,
ara-sıra bəzi kiçik poeziya nümunələrini tərcümə
etmişdi, ancaq, ümumilikdə, digər şair həmkarlarından
fərqli olaraq, tərcüməyə çox da meyl etmirdi.
Və
birdən-bir Sartr!
Hər halda fakt budur ki, Jan-Pol Sartrın Azərbaycan dilinə
ilk tərcüməçisi Süleyman Rüstəmdir.
Əslində,
Sartrın o pyesinin adı “Lizzi” yox, “Mötəbər
fahişə”dir (belə yarımbaşlığı da var:
“Lizzi Mak-Key”) və Süleyman müəllimin rus dilindən bu
tərcüməsi “Azərbaycan” jurnalının 1966-cı il 10-cu nömrəsində çap olunub.
Bundan əvvəl
isə, elə həmin “Azərbaycan” jurnalının 1965-ci il 4-cü nömrəsində Sartrın “Mən
nə üçün Amerikaya getmədim” adlı essesi dərc
edilib, ancaq təəssüf ki, tərcüməçinin
adı göstərilməyib.
lll
Sartr yalnız fransız ədəbiyyatında deyil,
ümumiyyətlə, XX əsr dünya ədəbiyyatında
çox ciddi bədii-estetik və fəlsəfi iz qoymuş
romanlar, hekayələr, pyeslər və esselər müəllifidir.
Sartr
yaradıcılığını (“dünya ədəbiyyatında
Sartr hadisəsi” desəm, elə bilirəm daha dəqiq olar!)
yalnız bir sözlə səciyyələndirmək lazım
gəlsəydi, mən deyərdim: orijinallıq və bu səciyyə
təhkiyyənin, dialoqların quruluşundakı
orijinallıqdan tutmuş, dünyaya, həyata orijinal mütəfəkkir
baxışına qədər Sartr bədii-fəlsəfi təfəkkürünü
ehtiva edir.
Yaradıcılığa
erkən başlamış Sartr yalnız 35 yaşından
sonra ilk pyesini yazıb və bundan sonra XX əsr
dramaturgiyasında və teatrında “Sartr teatrı” anlayışı
yaranıb. Yığcam
şəkildə desəm, mənim fikrimcə, bu
anlayışın məğzində təfəkkür ilə
vicdan arasındakı vəhdətin bədii ifadəsi
dayanır.
“Sartr
teatrı”nda Molyer ənənələrindən gələn
işartılara da rast gəlmək olar, Balzakın,
Stendalın, Hüqonun, Floberin fransız nəsrində qələmə
aldıqları mövzu və xarakterlərin
inkişafını da axtarıb tapmaq olar, Sartrı
ekzistentsializmin başında duranlardan biri hesab edirlər və
bu zaman onun dramaturgiyası da nəzərdə tutulur, ancaq
şəxsən mənim üçün bu teatr – “Sartr
teatrı” bütövlükdə, bir küll halında tamam
müstəqil, azad və sərbəstdir; bu teatrın üzərində
ənənələrdən və XX əsr estetik təmayüllərindən
azad fərdi Sartr möhürü var.
“Sartr teatrı” bədii-estetik, həm də fəlsəfi
baxımdan, yuxarıda dediyim kimi, orijinal bir hadisədir, ancaq məsələ
burasındadır ki, bir küll halında bu
orijinallığı yaradan ayrı-ayrı əsərlərin
özləri də qətiyyən bir-birinə bənzəmir
və bu küllün içində onların hər biri
öz-özlüyündə də orijinaldır. “Yalnız həqiqət”i
oxuyandan sonra bu pyesi Sartrın başqa bir pyesi, misal
üçün, “İblis və cənab Allah” ilə
müqayisə etdikdə faktura müxtəlifliyinə heyrət
etməmək mümkün deyil, ancaq bu müxtəlifliyin
özü də təfəkkür ilə vicdanın dediyim həmin
vəhdətinin bədii ifadəsidir.
lll
Təəssüf ki, mən də “Yalnız həqiqət”i
rus dilindən tərcümə etmişəm. Düzdür,
bu əsəri fransız dilindən rus dilinə görkəmli
yazıçı və tərcüməçi Ovadiy
Saviç və məşhur yazıçı, fransız
dilinin və ədəbiyyatının bilicisi İlya Erenburq
kimi mötəbər qələm sahibləri
çevirmişlər, ancaq elə həmin rus tərcüməsini
oxuyarkən orijinalın daha artıq duzlu-emossional olduğunu
sövq-təbii, intuitiv hiss edirsən. Tərcümədən
tərcümədə isə o duzu qoruyub saxlamaq, əlbəttə,
daha da çətinləşir.
Hər halda, mən çalışmışam ki,
ikinci mənbədən istifadə etsəm də, nə qədər
imkanım çatırsa, Sartr ab-havasından kənara
çıxmayım.
Bu əsər sosializm ilə, daha doğrusu, kommunizm ilə
kapitalizm arasında, daha konkret desəm, SSRİ ilə Qərb
arasındakı soyuq müharibənin
qızışdığı bir dövrdə – 1955-ci ildə
yazılıb.
Pyesdə adları çəkilən Adenauer,
Makkarti, Molotov, Dalles, Franko (“Madriddəki general”) həmin soyuq
müharibə dövrünün məşhur tarixi
simalarıdır. Bu o vaxt idi ki, İkinci Dünya
müharibəsi geridə qalmışdı və faşizm
üzərində qələbə çalan dünənki
müttəfiqlər bir-birlərindən – SSRİ Qərbdən,
Qərb isə SSRİ-dən qorxurdu, fərq isə onda idi ki,
Qərb yazıçısı bunu yaza bilirdi, sovet
yazıçısı isə – yox.
Pyesdə Sovet İttifaqına hüsn-rəğbət
bu ölkəyə məhəbbətdən daha artıq dərəcədə
haqqında yazdığı cəmiyyətdəki fariseyliyə,
riyakarlığa, insani hisslərin eybəcərliyinə
qarşı dəruni nifrətin (gülüşün!) bədii-estetik
ifadəsi nəticəsində yaranıb.
SSRİ
elə bir ölkə idi ki, onun mahiyyətini – yaxşı və
pis cəhətlərini dərindən dərk etmək
üçün bu ölkədə doğulmalı və
burada yaşamalı idin, nə qədər ağıla,
güclü fəhmə, müşahidə qabiliyyətinə
malik olsan da, SSRİ-nin gerçək mündərəcatını
kənardan baxmaqla dərk etmək mümkün deyildi. Bu fikri mən yalnız SSRİ-ni tərifləyib
göyə qaldıranlara yox, həm də SSRİ-ni tənqid
atəşinə tutanlara şamil edirəm.
Bir var idi
Romen Rollanın, Bernard Şounun, Andre Jidin və yaxud da Leon
Feyxtvangerin gördüyü SSRİ, bir də var idi həqiqi
SSRİ və bu həqiqi SSRİ-dəki gerçəkliyi hətta
Sartr kimi unikal təfəkkür sahibi də görə
bilmirdi, əslində, bu pyesi diqqətlə oxusanız,
görəcəksiniz ki, buna heç ehtiyac da yoxdur,
çünki SSRİ burada tamam şərti bir məfhum, mən
deyərdim ki, şərti bir obrazdır.
SSRİ qapalı bir ölkə olduğu
üçün, biz elə bilirdik ki, kapitalist ölkələri
cənnətdir, misal üçün, Fransa kimi ən mədəni
və qabaqcıl bir ölkədə demokratiya
aşıb-daşır, orada cəmiyyət bizdə olduğu
riyadan, yalandan, satqınlıqdan uzaqdır. Ancaq bu gün
bir daha məlum oldu ki, hər şey nisbidir, riya, yalan,
satqınlıq üçün siyasi-ictimai sərhədlər
mövcud deyil və bu, xislətdən gələn cəhətlərdir
ki, bütün quruluşlarda, bütün cəmiyyətlərdə
özünü ifadə edib.
Başqa sözlə desəm, belə adi və məlum
bir fikir ki, ideal cəmiyyət yalnız idealist müəlliflərin
əsərlərində mövcuddur, real həyatda isə belə
bir cəmiyyət yoxdur, olmayıb və güman edirəm ki,
heç vaxt da olmayacaq. Sartrın pyesini tərcümə edərkən,
mən bir daha əmin oldum ki, fərd diferensial bir
anlayış olduğu üçün, bu
anlayışın ortaya qoyduğu mürəkkəblik və
ziddiyyət ideal cəmiyyətə tamam ziddir və bu ziddiyyəti
yalnız utopik ədəbiyyat aradan götürə bilər,
həyat yox.
Sartrın
komediyasında parodiya ünsürləri, fars məqamları,
qroteks var və yazıldığı vaxtdan az qala altmış
il keçməsinə, dünya siyasi xəritəsinin tamam dəyişməsinə,
kommunikasiya texnologiyalarının ildırım sürətli
inkişafına baxmayaraq, bu pyesdə həmin cəhətləri
yaradan səbəblər bu gün də aktual və mütəmadi
rastlaşdığımızdır.
Əsərdə
böhtan, yalan və riya aurası altında olan mətbuat
mühiti qələmə alınıb və baxın, o
böhtan, yalan və riya bu gün bizdən çox
uzaqdırmı, bir sıra mətbuat orqanlarımızın tanış böhtançılığı
və yalanı deyilmi? Bu sualı təsdiq edən
cavab, elə bilirəm ki, yuxarıda söylədiyim fikri – xislət
naqisliyinin həmişəyarlığını da bir daha təsdiq
edir.
Sartr
yaradıcılığının qadirliyi yalnız bədii-estetik
qadirliklə yox, eyni dərəcədə də fəlsəfi
qadirliyi ilə də müəyyənləşir və buna
görə də onun satirası məhəlli yox, bəşəri
səciyyə daşıyır; o, yalnız fərdin yox, həmin
fərdin timsalında bəşəriyyətin eybəcərliklərini
göstərir; o, bir şəxsi yox, həmin şəxsin
timsalında, ümumiyyətlə, həyatı tənqid edir
və belə bir yaradıcılıq səlahiyyətini ona
istedadı və təfəkkürü verir.
Sartrın bütün yaradıcılığı, o cümlədən
də bu komediya başdan-başa iddiadan və həmin
iddianı doğruldan imkandan ibarətdir. Bu mənada mən
Sartrı Lev Tolstoyla müqayisə edə bilərəm.
“Sergiy ata”nı xatırlayın. Fəlsəfi mənada nə qədər iddialı
bir əsərdir?! Və bu iddianın
öhdəsindən gələn nə qədər
güclü bədii-estetik imkana malik bir əsərdir?!
Ancaq siz
bu iddialı (və həmin iddianı doğruldan!) əsərin
dialoqlarına fikir verin: tamam sadə, adi
danışıqdır, ancaq baxın, bu sadəlik, adilik nə
qədər təsirli, yaddan çıxmayan epizodik surətlər
– İrma ilə Rober – yaradır?
İrma ilə Rober xətti sırf dramaturji baxımdan,
olsun ki, qüsurludur, çünki səkkiz şəkildən
ibarət pyesin birinci şəkilində başlayır və
birinci şəkilində də sona yetir. Ancaq... Sartr
yazıçı olduğu qədər də filosofdur və
İrma-Rober epizodu, elə bil ki, bu satirik əsərin
içində həyatın faniliyindən, mənasızlığından
xəbər verən lirik-fəlsəfi bir pritçadır.
Və bu pritça o qədər ağıllı, zərif
və təsirlidir ki, hansısa dramaturji qanunlar onun
müqabilində əriyib, yox olur.
Teatr səhnəsi
baxımından bu pyesin çox mühüm bir xüsusiyyətini
qeyd etmək istəyirəm: burada rejissor fantaziyası, yozumu
üçün zəngin material var. Personajlar elə qələmə
alınıb ki, onları, obrazlı desəm, profildən də,
anfasdan da görmək mümkündür – bu, artıq
rejissorun istedadından və hünərindən
asılıdır.
lll
Mən bu
sətirləri yazıram və doğrusunu deyim ki, oxucuya bir az həsəd hiss edirəm, çünki o hələ
bu pyesi oxumayıb və bu gözəl əsərlə
tanışlığın sevinci onun üçün hələ
irəlidədir.
2 yanvar 2012
Bakı
ElÇIN
525-ci qəzet.- 2012.-
18 fevral.- S.18.