2 + 2 = 5

 

 

“Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq”. (Corc Oruell)

150 cildlikDünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunan kitabların tərtibat və poliqrafiya keyfiyyətinə söz yoxdu. Aşağı səviyyəli tərcümələr barədə fikrimi bəzi müəlliflərin özünə dediyimdən burda yazmağa ehtiyac duymuram. Amma yaddaqalan tərcümələr də az deyil, hazırkı yazının mövzusu bu olmadığından bəyəndiklərimdən yalnız ikisini qeyd edəcəm. Biri Amerikanı Azərbaycan dilinin sehriylə “kəşf edən” Tehran Vəliyevin Cerom Selincerdən çevirmələri, xüsusilə onun “Çovdarlıqda uçurumdan qoruyan”ıdırsa, o biri Vilayət Quliyevin mükəmməl bir dildə Azərbaycancaya çevirdiyi Corc Oruellin seçilmiş əsərləridir.

 

lll

 

...Dünyada ən çətin mübarizə köləliyə qarşı azadlıq dirənişi, haqsızlığa qarşı ədalət savaşı, cəhalətə qarşı maarifçi inqilab, total zülmə qarşı fərdi inad deyil, ən ağır dava insanın şüur və qəlbində özüylə apardığı davadı.

Ən dözülməz işgəncə türmə, “psixbolnitsa”, həbs düşərgələrindəki zülm deyil, vicdanın “qaranlıq kamera”sında verilən amansız mühakimə suallarıdı. Bəzən o, İsanın çarmıx ağrılarından da dözülməz olur. İsanın işi asandı: Atası başı üstündə... Dərgahın darvazaları açıq... Aparıb qanı daman yarasını sarıyacaq...

Şüur və qəlblərin daim basqıda qaldığı rejimlərdə insanlar vicdanın ağrı dərəcəsinə görə növbə ilə qurban gedir. İlk qurban vicdanı daha çox ağrıyandı. Vicdan ağrısı bitən adam sağdısa, demək, onda çevrilmə baş verib. Dünyanın ən qorxulu çevrimi insanın manqurta dönməsi deyil, vicdanın o biri üzünə çevrilməsidi.

Mən Kafkanın Qreqor Zamzasından, Aytmatovun Jolamanından yox, Corc Oruellin Smitindən danışıram.

“1984” romanının qəhrəmanı Uinston Smit. Öz düşüncələrinin labirintində azan Smit. “Keçmiş ölmüşdü. Gələcəyi təsəvvürə gətirmək mümkün deyildi”. Keçmişi və gələcəyi olmayan bu gün?! Həqiqət nazirliyinin əməkdaşı kimi işi yeni həqiqət yaratmaq olan, sonunda “2 +2 = 5” həqiqətinə inanan qəhrəman.

Məsələ seksual aclığın isteriya yaratmasında idi. Bu isteriya Partiyanın işinə yarayırdı. Çünki onu asanlıqla müharibə ehtirasına, yaxud rəhbərə pərəstiş hissinə çevirmək olurdu”. Həyatını dəyişən Culiya ilə bu gen dünyada azad bir öpüşə yeri olmayan Smit, kitaba ön sözdə yazıldığı kimi, sevgilisiylə  elmi-psixoloji əsaslara söykənən istintaq-işgəncə prosesi nəticəsində Sevgi Nazirliyinin binasını dəyişmiş haldapartiyaya inam, Böyük Qardaşa məhəbbət hissi ilə tərk edirlər”...

Total beyinyuma mexanizmi şüur, fikir düşüncələrin ən dərin qatına belə müdaxilə edir. Müdaxilənin ən dəhşətlisi şüurlara yox, qəlblərə müdaxilədi. Atam Stalinin ölümünü belə xatırlayırdı: “Adamlar çaş-baş qalmışdı. Stalinsiz həyatı təsəvvürə gətirmək olmurdu. Küçələrdə arvadlarşaxseydeyir, “Stalinim, oyyydeyə ağlaşırdı”.

Şüurlara total nüfuz edən rejimlər həm ona görə təhlükəlidi ki, oradakıları pozub səhifəyə öz mətnini yazmaqla yanaşı qəlblərə girir, onun forma məzmununu dəyişib istədiyi hala salır.

“1984” insan çevrilişi haqda romandı. “1984” romanı “2 +2 = 5” həqiqətinə inanan insanlardan bəhs edən əsərdi. Orada bir xeyli tanış səhnə gördüm, tanış sözlər oxudum. Əsərdən seçdiklərimi sən oxu:

– “Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar”;

– “Kiçik qaydalara əməl eləmək böyük qaydaları pozmağa imkan yaradır”;

– “İyerarxik cəmiyyət yalnız yoxsulluq və cəhalət bünövrəsi üzərində yüksələ bilər”;

– “...İndi onlara intellektual azadlıq da vermək olar. Çünki heç bir intellektləri yoxdur”,

Prinsip etibarı ilə hərbi xərclər əhalinin minimal tələbləri ödənildikdən sonra yerdə qalan vəsaitin hamısının mənimsənilməsinə hesablanır”;

– “Müharibə vəziyyətinin mövcudluğu onun doğurduğu təhlükələr bütün hakimiyyətin kiçik qrupun əlində cəmlənməsini təbii hala, hətta labüd xilas yoluna çevirir”;

– “Müharibə uzun müddət davam edəndə təhlükəliliyini itirir. Hədsiz uzanan müharibədə hərbi zərurət anlayışı yoxa çıxır”;

– “Bizim qurduğumuz dünya... qorxu, xəyanət işgəncə dünyası olacaq, tapdalayanların ayaq altda əzilənlərin dünyası olacaq, insanın kamilləşdikcə daha da amansızlaşdığı dünya olacaq”.

 

lll

 

İki üstəgəl iki beş eləmir ki?!

 

 Vahid QAZİ

525-ci qəzet.- 2012.- 18 fevral.- S.16.