Təhsil sahəsində Avropa Şurası ilə əməkdaşlıq: inkişaf üçün münbit zəmin

 

Azərbaycan təhsil sisteminin beynəlxalq, o cümlədən Avropa təhsil məkanına inteqrasiyası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində mümkündür. Bununla əlaqədar Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Bu əlaqələr içərisində Avropa Şurası ilə əməkdaşlığın inkişafı, həmin təşkilat tərəfindən həyata keçirilən beynəlxalq və regional təhsil proqramlarında iştirak xüsusi yer tutur. Avropa Şurası 1949-cu ildə yaradılıb. Hazırda dünyanın 47 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan Avropa Şurasına 2001-ci il yanvarın 25-də üzv olub. Təşkilatın məqsədi insan hüquqlarının müdafiəsi, demokratiyanın inkişafı və qanunun aliliyinin təmin edilməsi, üzv ölkələrin sosialhüquqi təcrübəsinin uyğunlaşdırılması sahəsində Ümumavropa dəyərlərinin yaradılması olub. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, Avropa Şurası Azərbaycanda təhsil sahəsində aparılan islahatlara ekspert yardımı göstərən ən fəal beynəlxalq partnyorlardan biridir. Təhsil Nazirliyi ilə Avropa Şurası arasında təhsil sahəsində səmərəli əməkdaşlıq Azərbaycanın Avropa Şurasına rəsmi daxil olmasından xeyli əvvəl yaranıb. Avropa Şurasının himayəsi altında ilk birgə layihələr 1996-cı ildən həyata keçirilməyə başlanılıb: “Təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi. Bu layihə Avropa Şurasına üzv olan bütün ölkələri əhatə etmişdir. Layihənin məqsədi üzv ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin səriştələrinin artırılmasıdır. Azərbaycan bu layihəyə 1996-cı ildə qoşulmuşdur və həmin il ərzində nəzərdə tutulan tədbirlər başa çatdırılıb. Layihə çərçivəsində seminarlar, konfranslar və digər təlim xarakterli tədbirlər keçirilmişdir. Təlim seminarlarında 60 nəfər təhsil işçisi iştirak edib. Tbilisi təşəbbüsü layihəsi. Təhsil Nazirliyi bu layihəyə 1998-ci ildə qoşulub. Layihə Avropa ümumtəhsil məktəblərinin 15-16 yaşlı şagirdləri üçünQafqaz xalqlarının tarixi” dərs vəsaitinin hazırlanmasını nəzərdə tuturdu. Avropa Şurası tərəfindən təqdim olunmuşregion ölkələri tərəfindən qəbul edilən prinsiplərə əsaslanan bu vəsaitin yazılmasında regionun 4 dövlətindən müəlliflər qrupuAvropa Şurasının Böyük Britaniya, Polşa, AlmaniyaHollandiyadan dəvət edilmiş ekspertləri və naşirləri iştirak edirdilər. Layihənin əsas məqsədi Qərbi Avropa ölkələrinin orta məktəb şagirdlərini Azərbaycan və digər Qafqaz ölkələri xalqlarının tarixi, ənənələri və mədəniyyəti ilə tanış etmək idi. Vəsaitin ingilis dilində çap olunması nəzərdə tutulurdu. 2004-cü ildə dərs vəsaitinin son variantı Avropa Şurasına təqdim olunmuş, siqnal nəşri 2005-ci ildə çap edilib təsdiq üçün layihədə iştirak edən ölkələrə göndərilib. Vəsaitin nəşri 2007-ci ilə planlaşdırılmışdı. Lakin nəzərdə tutulan vəsaitin nəşri Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə mümkün olmadı. Bununla belə, layihə çərçivəsində Azərbaycanın dərslik hazırlığı sahəsində mütəxəssisləri və naşirləri Avropa təcrübəsi ilə yaxından tanış olub, bu sahədə müvafiq bacarıqlara yiyələniblər. Layihə 2007-ci ildə başa çatıb, Azərbaycandan 540 nəfər tarix müəllimi təlim seminarlarında öz bacarıqlarını inkişaf etdirmişdir. Azərbaycanda və Gürcüstanda təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi. Təhsil Nazirliyi Avropa Şurasının bu regional layihəsinə 2000-ci ildə qoşulub. Həmin layihə Azərbaycana təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində beynəlxalq standartlara uyğun mexanizmlərin yaradılmasına yardım göstərməyi nəzərdə tutur. Eyni zamanda bu layihə göstərilən sahələrdə beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar da açıb.Layihə çərçivəsində 2000-2003-cü illərdə Azərbaycanda işçi qrupları yaradılıb, Avropa Şurası ekspertləri ilə birgə işçi qruplarının iclasları keçirilib, Azərbaycanda akkreditasiya, lisenziya verilməsi və təhsilin keyfiyyətinə nəzarət sahəsində effektiv hüquqi-normativ sənədlərin işlənməsi və təsdiq olunması məsələləri ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində 2001-ci ilin may ayında Bakıda üç Qafqaz ölkəsi təhsil nazirlərinin regional konfransı keçirilib. Tədbirdə Avropa Şurası Baş katibinin siyasi məsələlər üzrə müşaviri Klaus Şuman, Avropa Şurasının digər nümayəndələri və Avropanın bir sıra nüfuzlu ekspertləri iştirak etmişlər. Konfransda Azərbaycan, Gürcüstan və Ermənistanın təhsil nazirləri tərəfindən imzalanmış birgə Bəyannamə qəbul edilib. Bu layihə çərçivəsində əldə olunan səmərəli təcrübədən ali təhsil müəssisələrinin akkreditasiyası (2003-cü il) və ali təhsil sahəsində xarici diplomların tanınması (2004-cü il) üzrə yeni normativ sənədlərin hazırlanmasında geniş istifadə olunub. Layihənin uğurla həyata keçirilməsi Cənubi Qafqaz ölkələri təhsil nazirlərinin 2004-cü ildə Strasburq şəhərində keçirilən konfransda vurğulanıb və birgə Bəyannamə qəbul edilib”. Nazir deyir ki, Demokratik vətəndaşlıq üzrə təhsil. Bu layihə 2002-ci ildən həyata keçirilməyə başlanıb. Layihə Avropa Şurasının bütün üzv ölkələrini əhatə edir. Əsas məqsəd Avropa Şurası tərəfindən vətəndaşlıq təhsili sahəsində (insan və cəmiyyət fənni) beynəlxalq standartlara cavab verən yeni tədris proqramlarının, dərslik, dərs vəsaitləri və digər materialların hazırlanmasında ölkələrə, o cümlədən Azərbaycana yardım göstərməkdir. Layihənin əsas məqsədi Azərbaycanda vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində ümumi vəziyyətlə tanış olmaq, mövcud problemlərin həllini, həmçinin bu sahədə Avropa Şurası ilə əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməkdir. Layihə çərçivəsində Bakıda Avropa Şurasının ekspertlərinin iştirakı ilə seminariclaslar keçirilmiş, təklif olunan tövsiyələr və təcrübə nəzərə alınmaqla Azərbaycanın ümumtəhsil məktəbləri üçün insan və cəmiyyət fənni üzrə yeni tədris proqramının, müəllimlər üçün müasir təlim texnologiyalarına əsaslanan vəsaitin hazırlanmasında istifadə olunub. Avropa Şurası 2005-ci ili “Təhsil vasitəsilə demokratik vətəndaşlıq” ili elan etmişdi. Bununla bağlı Təhsil Nazirliyi ümumiali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla birlikdə insan hüquqları və demokratik vətəndaşlıq mövzuları üzrə konfranslar, seminarlar, “dəyirmi masalar və digər tədbirlər həyata keçirib. Layihə çərçivəsində 240 nəfər müəllim müxtəlif mövzularda təlimlərə cəlb olunub, “Demokratik vətəndaşlıq üçün təhsil: həyat boyu öyrənmə perspektivi”, “Demokratik vətəndaşlıq üzrə təhsil üçün əsas konsepsiyalar və biliklər” adlı kitablar, “Məktəblərdə demokratik vətəndaşlıq üçün təhsilin keyfiyyəti üzrə vəsait”, “Demokratik vətəndaşlıq və insan hüquqları təhsili üzrə müəllimlər üçün tədris vəsaiti” Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib. Təhsil siyasəti və milli azlıqlar layihəsi. 2003-cü ildən Avropa Şurası Azərbaycanın Təhsil Nazirliyi ilə bu regional layihəni həyata keçirir. Layihənin əsas məqsədi iştirakçı ölkələrə milli azlıqların təhsili ilə bağlı qanunvericilik sənədlərinin hazırlanmasında yardım göstərilməsi və milli azlıqların təhsil siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir. Bu layihənin səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan – Avropa Şurası birgə işçi qrupu yaradılıb.

Azərbaycan tərəfindən işçi qrupu Prezident Administrasiyasının məsul işçisi, Təhsil Nazirliyinin üç əməkdaşı və Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə təmsil olunub. Avropa Şurası tərəfindən işçi qrupunun tərkibinə bu təşkilatın məsul əməkdaşı və Qərbi Avropa ölkələrindən dörd ekspert daxil edilib: “Layihə çərçivəsində 2003-cü ilin may ayında Bakıda “Təhsil siyasəti və milli azlıqlar” mövzusunda milli seminar keçirilib. Seminarda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri, o cümlədən məktəb direktorları, rus, yəhudi, gürcü və digər milli azlıqların icma rəhbərləri iştirak ediblər. Seminarda Azərbaycanda milli azlıqlar üçün təhsil siyasətinin istiqamətlərini müəyyənləşdirmək, eyni zamanda ölkəmizdə milli azlıqlar üçün effektiv və bərabər imkanlar prinsiplərinə əsaslanan təhsil siyasətinin işlənib hazırlanması məsələləri müzakirə olunub. 2003-cü ildə Afinada Avropa ölkələri təhsil nazirləri konfransının 21-ci sessiyası keçirilib. Təhsil Nazirliyinin nümayəndə heyəti Yunanıstanda olub və sessiyanın işində iştirak etmişdir. Sessiyada müzakirələrin əsas mövzusu mədəniyyətlərarası təhsil, fərqlərin aradan qaldırılması və demokratiyanın möhkəmləndirilməsi olub. Sessiyada Avropa ölkələrinin təhsil nazirləri və təhsil sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Azərbaycanın Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat veriblər. Avropa Şurasının Baş direktoru Bendik Ruqas görüş zamanı Avropa Şurasının Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və mədəniyyətlərarası təhsil və demokratiyanın tədrisi mövzusunda Azərbaycana xüsusi layihənin təqdim olunacağını qeyd edib. Sessiyada Azərbaycanın Təhsil Nazirliyinin nümayəndə heyəti işçi qruplarla “Tədris proqramları (kurikulum)”, “Təhsil müəssisələrinin idarə olunması”, “Müəllimlərin təkmilləşdirilməsi” mövzuları üzrə müzakirələr aparıblar. Müzakirələr zamanı vurğulanıb ki, Ümumavropa təhsil məkanının formalaşdırılması prosesində şagird və tələbələrin Avropa ölkələri xalqlarının mədəniyyətləri və ənənələri ilə daha yaxından tanış olması əhəmiyyətli rol oynayır, tədris proqramlarında mədəniyyətlərarası təhsilə və demokratiyanın tədrisinə daha geniş yer ayrılması zəruridir. Həmin tövsiyələr sessiyanın sonunda qəbul olunmuş Bəyannamədə öz əksini tapıb. Sessiyanın sonunda iştirakçılar Avropa ölkələrinin təhsil sistemlərindəki informasiyakommunikasiya texnologiyalarının daha geniş tətbiqi ilə bağlı məsələləri də müzakirə ediblər. Sessiya zamanı Azərbaycanın Təhsil Nazirliyi nümayəndə heyətinin bir sıra ölkələrin təhsil nazirləri və nümayəndə heyətlərinin başçıları ilə qeyri-rəsmi görüşləri də olmuşdur. Danışıqlar zamanı Azərbaycanla bu ölkələr arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”. Təhsil naziri bildirib ki, 2005-ci ildə “Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti” mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olunub. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilib. Eyni zamanda milli azlıqların təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi məqsədilə hesabata konkret tövsiyələr daxil olunub. Layihə 2007-ci ildə başa çatıb, 150 nəfər müəllim və təhsil işçisi təlim seminarlarında iştirak edib. Ali təhsilin idarə edilməsində tələbələrin iştirakı layihəsi MDB ölkələrində, o cümlədən Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatlara dəstək məqsədilə Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi ölkəmizdə bu xüsusi layihəni həyata keçiriblər. Layihənin həyata keçirilməsi şərtlərinə uyğun olaraq Təhsil Nazirliyi Avropa Şurasına milli hesabat təqdim edib. Eyni zamanda layihəni effektiv şəkildə həyata keçirmək məqsədilə 5 nəfərdən ibarət işçi qrupu yaradılıb. İşçi qrupuna Təhsil Nazirliyinin, tələbə təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri daxil edilib. Ali təhsil müəssisələrinin idarə edilməsində tələbələrin fəal iştirakının ali təhsilin keyfiyyətinin təmin edilməsi prosesinin tərkib hissələrindən və 1999-cu ildə qəbul olunan Boloniya Deklarasiyasının şərtlərindən biri olması bu layihənin aktuallığını bir daha sübut edir. Cənubi Qafqaz ölkələrində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə tədris layihəsi. Bu layihə Avropa Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə Əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların və müəllimlər üçün tədris vəsaitinin hazırlanması olub. Layihə çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti 2008-ci ildə Strasburqda keçirilən regional konfransda iştirak edib. Konfransda layihənin İşçi Proqramı qəbul edilib, eyni zamanda qərara alınıb ki, ilkin mərhələdə layihənin mahiyyətinin təhsil işçilərinə və ictimaiyyətə çatdırılması məqsədilə region ölkələrində Avropa Şurası ekspertlərinin iştirakı ilə milli konfranslar keçirilsin və müəllimlər üçün treninqlər təşkil edilsin. İşçi Proqrama uyğun olaraq Azərbaycanda milli konfrans 2008-ci ildə Bakıda keçirilib. Konfransda Avropa Şurasının 5 eksperti, Azərbaycanın dövlət qurumlarının, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat və müəllimləri təkmilləşdirmə institutlarının, qeyri – hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Bu layihə çərçivəsində 2008-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı mövzuların tədrisinə həsr olunmuş treninqlər keçirilib. Layihənin növbəti mərhələsində müəllimlər üçün işçi seminarları keçirilib və mədəniyyətlərarası təhsil üzrə müəllimlər üçün dərs vəsaiti – “Tarixin tədrisində çoxtərəfli yanaşma” adlı vəsait hazırlanmış və nəşr edilib: “Layihə çərçivəsində 240 nəfər müəllim, metodist, məktəb rəhbəri treninqlərdə iştirak edib. Onu da qeyd edim ki, Avropa Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin və müzakirələrin böyük əhəmiyyəti olub. Belə ki, Avropa Şurasının Baş katibi Valter Şvimmerin dəvəti ilə Təhsil Nazirliyinin nümayəndə heyəti 2003-cü ildə Strasburq şəhərində rəsmi səfərdə olublır. Səfərin əsas məqsədi ikitərəfli əməkdaşlığın vəziyyəti haqqında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək, Avropa Şurasının rəhbərliyini Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlarla tanış etmək və Avropa Şurasının rəhbərliyinə ikitərəfli əməkdaşlığın daha səmərəli qurulması məqsədilə Azərbaycan tərəfinin təklif və tövsiyələrini təqdim etmək idi. Səfər çərçivəsində Avropa Şurasının Baş katibi V.Şvimmer ilə görüş keçirilmiş və təhsil sahəsində həyata keçirilən islahatlar haqqında qısa məlumat verilib. Əsas diqqət ikitərəfli əməkdaşlığın inkişafına və 2000-2002-ci illərdə həyata keçirilən layihələrin nəticələrinin müzakirəsinə yönəldilib. Qafqaz xalqlarının tarixi” dərs vəsaitinin hazırlanmasının böyük nailiyyət hesab olunduğu qeyd olunub, bu istiqamətdə hətta keçmiş Sovet İttifaqında müxtəlif sərəncamların verilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmadığı halda, Avropa Şurasının köməyi ilə qısa müddətdə bu mühüm işin başa çatmaqda olması yüksək dəyərləndirilib. Qeyd edilib ki, bu vəsaitin hazırlanması Azərbaycan haqqında obyektiv məlumatların Qərbi Avropa məktəblilərinə və geniş oxucu auditoriyasına ingilis dilində təqdim olunması imkanları yaradıb. Azərbaycanın milli azlıqların təhsili sahəsində yeni layihəyə qoşulması ilə əlaqədar müzakirələrdə Təhsil Nazirliyinin nümayəndə heyəti qeyd edib ki, ölkədə bu sahədə heç bir problem olmasa da, Azərbaycan tərəfi milli azlıqların təhsilinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu səfərdə başlıca məqsədlərdən biri də ölkədə Ermənistanın iştirak etdiyi regional layihələrdə iştirakda maraqlı olmadığını Avropa Şurası rəhbərliyinə çatdırmaq olub. Bu məsələ ilə bağlı V.Şvimmerin diqqətinə çatdırılıb ki, Azərbaycan təhsil sahəsində bütün ölkələrlə əməkdaşlığa hazırdır, lakin Ermənistanın Azərbaycana təcavüzünə son qoyulanadək bu ölkə ilə Azərbaycanın əməkdaşlığı mümkün hesab edilmir. Bunu nəzərə alaraq, gələcək əməkdaşlıq proqramlarının bəzi aspektlərinə yenidən baxılması və təhsilin konkret sahələrində Azərbaycana yardım göstərilməsinə yönəlmiş ikitərəfli əməkdaşlığa daha çox diqqət yetirilməsinin zəruriliyi vurğulanıb. Səfər çərçivəsində Təhsil Nazirliyi nümayəndə heyətinin Avropa Şurasının siyasi məsələlər üzrə direktoru Klaus Şumanla görüşü keçirilib. Görüş zamanı Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin dərinləşməsinin siyasi əhəmiyyəti vurğulanmış, Avropa Şurasının təhsil sahəsində həyata keçirilən bir sıra layihələri vasitəsilə bu təşkilatın dəyərlərinin Cənubi Qafqaz bölgəsində tətbiq edilməsinin və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsinin zəruriliyi qeyd olunub. Avropa Şurası Orta Təhsil Departamentinin direktoru Qabriel Mazza ilə keçirilən görüşdə 2003-cü il üçün əməkdaşlıq proqramı ətraflı müzakirə olunub, eyni zamanda Avropa Şurası tərəfindən idarə olunan müxtəlif təhsil layihələrini əlaqələndirən departamentlərin rəhbərləri ilə görüşlər keçirilib. Avropa Şurasının Parlament Assambleyasının məsul əməkdaşları ilə sonrakı görüşlər zamanı əməkdaşlıq və yardım proqramlarına dair konkret təkliflər və Avropa Şurasının ekspertləri tərəfindən təqdim edilən müxtəlif təşəbbüslər ətraflı müzakirə olunub. Parlament Assambleyasının nümayəndələri ilə görüş zamanı Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyətinin gördüyü işlər haqqında fikir mübadiləsi aparıldı, onun fəaliyyəti yüksək qiymətləndirilib. Avropa Şurasının Baş katibi Valter Şvimmerin təşəbbüsü ilə 2005-ci ildə Strasburqda Cənubi Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransı keçirilib.

Konfransda Azərbaycanın Təhsil Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Konfransın əsas məqsədi iştirakçıları və Avropa Şurası ekspertlərini Cənubi Qafqaz ölkələrində ali təhsil sahəsində keçirilən islahatların gedişi və təhsilin inkişafının prioritet istiqamətləri ilə tanış etmək, eyni zamanda Avropa Şurası ilə birgə həyata keçirilmiş layihə və proqramların nəticələrinin və 2004-2006-cı illər üçün əməkdaşlıq proqramlarının müzakirəsi olub. Nazirliyin nümayəndə heyəti konfrans iştirakçılarını Azərbaycanda həyata keçirilən islahatlar haqqında, o cümlədən təhsilin keyfiyyətinin təmin edilməsi, ali təhsil sahəsində xaricdə qazanılmış ixtisasların tanınması, ali təhsil müəssisələrinin attestasiyası və akkreditasiya proseduru haqqında ətraflı məlumatlarla tanış ediblər. Eyni zamanda Azərbaycanın Boloniya prosesinə qoşulması haqqında niyyətini Avropa Şurasına çatdırıb. Konfrans zamanı nazirliyin nümayəndə heyəti Avropa Şurasının məsul nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri və konkret layihələri, o cümlədən məcburi köçkün uşaqlar üçün təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sahəsində ixtisasların tanınmasında ekspert yardımının göstərilməsi ilə bağlı müzakirələr aparıb. Eyni zamanda Avropa Şurası Orta Təhsil Departamentinin direktoru Qabriel Mazza, Avropa Şurası Ali Təhsil və Tədqiqatlar Departamentinin direktoru Şur Berqanla görüşlər keçirib. Konfrans zamanı üç Cənubi Qafqaz ölkəsinin nümayəndə heyəti başçılarının Avropa Şurasının Baş katibi Valter Şvimmerlə birgə görüşü olub. Konfransın sonunda müvafiq Bəyannamə, 2006-cı il üçün əməkdaşlıq üzrə çərçivə proqramı və digər sənədlər qəbul edilib. Avropa Şurası ilə təhsil sahəsində əməkdaşlığın istiqamətlərindən biri də Azərbaycanın Boloniya prosesinə inteqrasiyası çərçivəsində müxtəlif layihələrin icrasıdır. Avropa Şurasının Ali Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitəsi Avropa Vahid Ali Təhsil Məkanının formalaşması üçün kifayət qədər əhəmiyyətli tədbirlər həyata keçirir. Bir çox hallarda bu tədbirlər Avropa İttifaqının təhsil üzrə müvafiq qurumları ilə əlaqəli şəkildə təşkil olunur. Bu tədbirlər sırasında Boloniya prosesinə yeni qoşulan ölkələrdə ali təhsil sahəsində islahatlara yardım göstərmək məqsədilə təşkil olunan seminar və konfranslar xüsusilə qeyd olunmalıdır. 2005-ci ildə Bakıda Avropa Şurasının texniki və ekspert yardımı ilə “Boloniya prosesi: Ali təhsil sahəsində Avropa siyasəti və islahatların həyata keçirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Avropa Şurası Ali Təhsil və Tədqiqatlar Departamentinin rəhbəri Şur Berqan və Qərbi Avropa ölkələrindən bir sıra nüfuzlu ekspertlər iştirak ediblər. Konfransda Avropa Şurasının ekspertləri ilə birlikdə Azərbaycanda ali təhsil sahəsində islahatların həyata keçirilməsi, ali təhsilin inkişafında tələbələrin rolu, ali təhsildə sosial amil, Şərqi Avropa ölkələrində Boloniya prosesinin həyata keçirilməsi, ali təhsil müəssisələrinin idarə edilməsində tələbələrin rolu, təhsilin keyfiyyətinin təmin edilməsi və digər məsələlər müzakirə olunub. Avropa Şurası ilə səmərəli əməkdaşlıq nəticəsində Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulmuş və bununla əlaqədar xüsusi fəaliyyət planı qəbul edilmişdir. 2006-cı ildən başlayaraq Avropa Şurası Azərbaycanda Boloniya prosesinin şərtlərinin həyata keçirilməsi üzrə layihələrin icrasına başlanıb. Azərbaycanın Avropa Şurası ilə təhsil sahəsində uğurlu əməkdaşlığı hazırda davam edir. Təşkilatın təhsil siyasətini formalaşdıran və icra edən iki qurum – Təhsil üzrə Rəhbər Komitə, Ali Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitə ilə yaranmış işgüzar əlaqələr bu istiqamətdə gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına əsas verir”.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2012.- 18 fevral.- S.10-11.