Korrupsiya ilə mübarizədə vətəndaş institutları da məsuliyyət daşıyır”

 

“TRANSPRENCY INTERNATİONAL” TƏŞKİLATININ AZƏRBAYCAN MİLLİ BÖLMƏSİ OLAN “ŞƏFFAFLIQ AZƏRBAYCAN” TƏŞKİLATININ İCRAÇI DİREKTORU RƏNA SƏFƏRƏLİYEVANIN MÜSAHİBƏSİ

Bildiyiniz kimi, Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın inkişafı və onun qarşısının alınması üçün birgə təşviq üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Vətəndaş cəmiyyətinin üzvü kimi sizbu tədbirdə iştirak etmisiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı.

– Şəxsən bu fəaliyyəti yüksək qiymətləndirirəm. BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının ölkəmizlə əməkdaşlığının artırılması müsbət haldır. Şamaxı şəhərində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfrans da bu istiqamətdə çalışan şəxslərin, qurumların, təşkilatların bir araya gəlib, fikir mübadiləsi aparması üçün gözəl imkan idi. Heç də hər zaman bu cür fürsət olmurhesab edirəm ki, aparılan müzakirələr korrupsiya probleminin aradan qaldırılması istiqamətində faydalı nəticələr verəcək.

Korrupsiya ilə mübarizənin aparılmasında vacib olan elementlərdən biri də hökumətlə vətəndaş cəmiyyətinin birgə səyidir. Bu əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, cəmiyyətdə korrupsiya ilə mübarizə üçün uyğun strategiyalar və tədbirlər hazırlayıb həyata keçirən geniş koalisiya mövcud olmalıdır. Hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi fəaliyyət göstərir ki, bu da həm dövlət, həm də ictimai sektorun qarşılıqlı münasibətinə kömək edir və problemlərin hər iki tərəfin iştirakı ilə müzakirəsinə fayda verir. Məsələn, şəffaflığın daha da artırılması, dövlət orqanlarının açıqlığının, vətəndaş iştirakçılığının təmin edilməsi məqsədi ilə korrupsiyaya qarşı Milli Strategiya çərçivəsində Milli Fəaliyyət Planının hazırlanması istiqamətində aparılan işlərdə şəbəkə hökumətlə birlikdə çalışır və müəyyən tövsiyələrin verilməsi işini həyata keçirir. Yalnız dövlətin bu problemin öhdəsindən gəlməsi mümkün deyil.

Başqa bir əsas prinsip ondan ibarətdir ki, hər cəmiyyət özünəməxsus “təmizlik və rüşvətsizlik sistemini yaradır. Problemin həlli kənardan yox, cəmiyyətin daxilində həll edilməlidir. Korrupsiya bəlkə də insanlararası və siyasi münasibətlərin hər hansı başqa formasından fərqli olaraq yerli situasiyaya, mədəniyyətə və ənənələrə daha çox bağlıdır. Korrupsiya ilə mübarizə ilk növbədə hökumətin üzərinə məsuliyyət qoysa da, cəmiyyət də tamaşaçı rolu oynamamalıdır. Korrupsiya ilə mübarizədə hökumət institutları nə qədər məsuliyyət daşıyırsa, vətəndaş institutları da bir o qədər məsuliyyət daşıyır. Prosesin davamlı olması və effektiv nəticələr verməsi üçün nəzarət və monitorinq tədbirləri artırılmalıdır. QHT-lər prosesə müşahidəçi kimi deyil, tərəf kimi qoşulmalı, lazımi dəyərləndirmə və qiymətləndirməni aparmalıdır. Həm prezidentin müvafiq sərəncamında, həm də Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tövsiyələrində dövlət qurumlarının antikorrupsiya tədbirlərində vətəndaş cəmiyyəti ilə birgə işləməsi əsas istiqamətlərdən sayılır.

– Sizcə, ölkədə korrupsiyaya qarşı mübarizədə hansı istiqamətlərdə fəaliyyət göstərmək daha vacib əhəmiyyət kəsb edir?

Korrupsiyaya qarşı mübarizə sistemli və ardıcıl aparılmalıdır. Sistemli deyərkən, onu nəzərdə tuturam ki, problemə baxış tələb olunur. Buraya qanunvericilik aktlarının təkmilləşdirilməsi, qanunların icrasına nəzarətin gücləndirilməsi, dövlət məmurlarının maarifləndirilməsi, onların maaşlarının yüksəldilməsi, cəza mexanizmlərinin tətbiqi və digər bir sıra struktur islahatların aparılması daxildir.

– Bəs, bu istiqamətdə nə kimi işlər görülübdaha nələrin görülməsinə ehtiyac var?

Son dövrlərdə korrupsiyaya qarşı mübarizə məqsədilə bir çox qanunvericilik aktları qəbul olunub, bəzilərinin üzərində isə aparılır. Buna misal kimi göstərmək olar ki, son olaraq parlamentə “Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” qanun layihəsi təqdim olunub. Bu, kifayət qədər təqdirəlayiq haldır. Amma, bununla yanaşı, maraqların toqquşması ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilsə də, hələ də qəbul edilməyib. Eyni zamanda, vəzifəli şəxslər tərəfindən “Maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun icra edilməsi üçün lazımi hüquqi normativ aktlar qəbul edilməlidir.

Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğun fəaliyyəti ilə bağlı qəbul edilmiş son qərarları yüksək qiymətləndirir və hesab edirik ki, bu sahələrə edilən dəyişikliklər digər dövlət qurumlarında da həyata keçirilməlidir və bunlar elektron idarəçiliyə keçilməsi istiqamətində ilk, eyni zamanda, mühim addımlar kimi qiymətləndirilməlidir. Məmur və vətəndaşlar arasında birbaşa əlaqənin minimuma endirilməsi və ya elektron idarəetmənin daha da inkişaf etdirilməsinə ciddi ehtiyac duyulur.

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) və bunun ardınca dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanı və Nazirlər Kabinetinin elektron xidmətlərin göstərilməsi ilə bağlı qərarının icrası kifayət qədər sürətlənib. Artıq bəzi dövlət qurumlarında bu yüksək səviyyədə qurulub. Məsələn, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu istiqamətdə öncüllər sırasındadırlar. Bununla yanaşı, bir çox dövlət qurumlarında bu istiqamətdə işlər axsayır və irəliləyişlər daha az nəzərə çarpır. Daha yüksək uğurlar əldə etmək üçün vahid metodologiyanın hazırlanmasına ehtiyac var. Yuxarıda adını çəkdiyim tədbirdə səsləndirilən təkliflər arasında ən çox bəyəndiyim təkliflərdən biri də görülən işlərə nəzarət üçün mərkəzi nəzarət orqanının yaradılması ilə bağlı təklifdir. Ümid edirik ki, atılmış bu addımlar məmurlarla xidmət istifadəçiləri arasında birbaşa təması azaldacaqeffektiv nəticələri görmək mümkün olacaq.

Birbaşa olaraq sahibkarlarla işləyən dövlət qurumlarında da (məsələn, Vergilər Nazirliyi) biznes fəaliyyətinin həyata keçirilməsi üzrə tənzimləyici qaydaların sadələşdirilməsi və bəzi sənədlərin ixtisar edilməsi ilə əlaqəli irəliləyişlər qeydə alınıb. Dövlət qulluğuna qəbul (Dövlət Qulluğu Məsələri üzrə Komissiya), yol polisinin fəaliyyəti (Daxili İşlər Nazirliyi) ilə bağlı da eyni irəliləyişləri qeyd etmək olar.

Bir sıra dövlət qurumları korrupsiya ilə mübarizəyə institusional şəkildə yanaşaraq, şəbəkə formasında qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər. Bunlara misal kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiniKorrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasını göstərmək olar.

Vətəndaşlarla birbaşa təmasda olan digər dövlət qurumlarının da bu istiqamətdə addımlar atması effektiv nəticələr verə bilər.

Bu gün ölkədə ən aktual olan məsələlərdən biri qaynar xətlərin fəaliyyəti ilə bağlıdır. Əksər dövlət qurumlarında məlumat qaynar xətləri yaradılsa da, vahid metodologiyanın olmaması əlavə problem yaradır və qaynar xətlərin fəaliyyətinin effektiv qurulmasına mane olur. Təklif edirik ki, bu kimi halların aradan qaldırılması üçün qaynar xətlər vahid metodologiyaya uyğun olaraq yaradılsın və ya artıq yaradılmış qaynar xətlər təkmiləşdirilsin. Qaynar xətlərin idarə edilməsinə, cavablandırmaya peşəkarlar cəlb edilsinqaynar xətlərin fəaliyyətinin monitorinqi aparılsın, nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilsin. Bu istiqamətdə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun qaynar xətlərini nümunə kimi göstərmək olar.

Eyni zamanda, büdcə vəsaitlərinin xərclənməsi istiqamətində effektiv fəaliyyətin qurulmasına ciddi ehtiyac duyulur. Bu gün bu sahə ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Büdcə vəsaitləri xərclənərkən bəzi hallarda sui-istifadə hallarına yol verilir ki, bu da haqlı narazılıqlara səbəb olur. Böyük layihələrin icrasında şəffaflığın təmin olunması, tenderlərin keçirilməsi, işin icrasına nəzarətlə bağlı işlər sürələndirilməlidir.

Yuxarıda haqqında danışdığımız, korrupsiyaya qarşı mübarizə ilə bağlı qəbul ediləcək yeni strategiyada qurumların üzərinə konkret vəzifələr qoyulmalı və bu vəzifələrin icrasına nəzarət mexanizmləri artırılmalıdır.

Bir neçə kəlmə də cəza mexanizmləri barədə demək istərdim. Təbii ki, korrupsiya əməllərinə yol vermiş dövlət qulluqçuları və digərləri cəzalandırılmalıdır, amma bu, problemdən tam çıxış yolu deyil. Korrupsiya hüquqpozmalarına görə, ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb olunması ilə yanaşı, bu addımlar institusional islahatlarla müşayiət olunmalı və məmurların maarifləndirilməsi işinə daha böyük diqqət ayrılmalıdır. Dövlət qurumlarında mütəmadi olaraq, korrupsiyaya qarşı mübarizə ilə bağlı təlimlər keçirilməlidir. Beynəlxalq Antikorrupsiya Akademiyası ilə bu istiqamətdə görülməsi planlaşdırılan fəaliyyətin müsbət nəticələr verəcəyini hesab edirəm və ümidvaram ki, bu tədbirlərdə vətəndaş cəmiyyətinin iştirakı da təmin ediləcək.

– Sadaladığınız bir çox məsələlər birbaşa olaraq hökumətlə bağlıdır. Bəs, vətəndaşları korrupsiyaya qarşı mübarizəyə cəlb etmək üçün hansı üsulları tövsiyə edərdiniz?

– Vətəndaşları korrupsiyaya qarşı mübarizəyə həvəsləndirmək üçün onlarda dövlətə inam hissi yaratmaq vacibdir. Onlar eyni zamanda öz hüquq və vəzifələrini də bilməlidirlər. Hesab edirəm ki, pulsuz hüquqi klinikaların yaradılmasına da ciddi ehtiyac duyulur. Bu gün bir sıra qeyri-hökumət təşkilatları, həmçinin “Şəffaflıq Azərbaycan” bu istiqamətdə fəaliyyət göstərir, lakin dövlətin də bu prosesə qoşulmasına ehtiyac var. Bu kimi klinikaların sayı artırılmalıdır. Klinikaların yaradılmasında universitetlərin hüquq fakültəsində təhsil alan, elmi fəaliyyətlə məşğul olan tələbələrin xidmətindən yararlanmaq olar. Dövlətə inamın formalaşmasının əsasında duran əhəmiyyətli faktorlardan biri də həyat şəraitinin yaxşılaşdırılmasıdır. Dövlət qulluqçularının və məmurlarının, eyni zamanda, dövlət büdcəsindən maliyyələşən qurumların işçilərinin əməkhaqları artırılmalı, onların qeyri-leqal məvacibə olan ehtiyacları aradan qaldırılmalıdır. Bu halda onlar qanunsuzluğa qarşı mübarizədə daha effektiv fəaliyyət göstərəcəklər (“Trend”).

 

 

525-ci qəzet.- 2012.- 18 fevral.- S.6.