Hikməti sevmək missiyası.....

 

 

Düşünən hər kəsə filosof demək olarmı? Bu fərziyə  doğru olsaydı milyonlarla insan tarixin qızıl səhifələrində yer alardı. Demək bu düşüncə yanlışdır. Bəs o zaman filosof kimdir?  Fikrimcə,  filosof  bir sıra üstün keyfiyyətlərə sahib olan, adi insanlardan daha artıq düşünən və həyatı  dərk etməyə çalışan insandır.

Fəlsəfədə suallar önəmlidir deyirlər, buna mən də qatılıram. Ancaq fəlsəfədə önəmli olan həm də  sualların cavabını tapa bilməkdir. Filosof da bu suallara cavab axtaran insandır. Əslində bu fikirlər  mövzuya giriş üçün  hesablanan cəhdlərdir. Çünki dünyanın yaradılışının nidası olanBöyük partlayış” dan bu yana dərketmə ilə bağlı hansı fikir adamı öz fəlsəfi sistemini təqdim etsə də belə  hələ də həyat,zaman, məkan  və yaradılışın digər substansiyaları fəlsəfə güzgüsündə müxtəlif  əyarlarla sərf-nəzər edilir. Bəzən bu substansiyalar hüdudsuz görünür, bəzən miqyasca kiçilir  bütün zənginliyi ilə əks olunmur. Amma bilinən odur ki, biz insanların dünyadan bildiyi, ağılı kəsdiyi biliklər, dərketmə  fəzası  hikməti sevmək elmindən və onavaxt, necə və hansı baxış bucağından baxan  təfəkkür sahiblərindən asılıdır. Və bəşəriyyətdə var olan baxışı bu təfəkkür sahiblərinin  hikmət xəzinəsindən əxz ediblər. Bu mənada  insanlıq “ Böyük Fəlsəfəyə” borcludur. Bu Fəlsəfə ona görə böyükdür ki, bizə həyatı dərk etməyə yol göstərənlər (əgər göstərilən yolla gedə biliriksə?) imana səsləyənlər,aləmin gizlinlərinə çıraq tutanlar qədim Çin, Hind, Yunan fəlsəfəsinin böyüklərindən tutmuş  İslam , Avropa fəlsəfəsinin nəhənglərinədək  orada – “əbədi qalereyada”dırlar.

Məchula  cavab axtarışlarından doğan fəlsəfi mühakimələr istər yunan fəlsəfəsində olsun, istər onun təsiri ilə intişar tapan islam fəlsəfəsi olsun, istər qərb, istərsə də şərq fəlsəfəsi olsun  həyatın yaranması, nə, necə sualları ilə başlayır,düşüncə mühitinin dərin qatlarına baş vuraraq  zaman və məkan qanunauyğunluqları ilə sinxronlaşır və  insanı  ilkdən sonadək olanların səbəb nəticə  əlaqəsinə səsləyir. Filosoflar da  insanın düşünə bildiyi  andan fəhm və  idrakları ilə  olub olacaqlardan  ruhlarında təcəlla edən fövqəl intuisiya ilə  onlara qulaq verənləri və nəhayət,  sosiumu xəbərdar ediryeni dəyər örnəkləri yaradırlar. Biz istər təbiət,istərsə də humanitar dunyagörüşünün  ilkin formalaşma mühitindən danışdıqda  Aristotel, Platon, Fərabi, İbn Sinadandaha kimlərdən danışırıq. Çünki var olana münasibət, təbiət qanunlarının yozumudaha xeyli nələr məhz bu və bu kimi düşünənlərin fikir yorumundan axıb  gəlir, bəşəriyyəti günümüzə-bugünə və   dərketmə  mühitində  sabaha daşıyır. Bəs bu dərketmə nədir? Onun fikir xətlərini kim müəyyənləşdirir ? Cavab birmənalı- fəlsəfə elmi, dərketmə və  bu dərketmənin fikir atası  olan filosoflardır. Ona görə də, fiosofiya sözü mahiyyət etibarilə hikməti sevmək kökənlidir. Çünki bütövlükdə  dərketmə   məhz hikməti sevməkdən keçir. Və birfilosofun, Mövlananın təbirincə  desək ,“Xam idim, bişdim, yandım!” çiləsi var.

Xam idim, bişdim, yandım!...

Hikməti sevmək missiyası !  Səlahəddin müəllimin həm həyat yolunu , həm də  təfəkkür tərzini ehtiva edir. O, öyrənən və düşünən insandır. Yazdığı kitablarında  istər siyasətin fəlsəfəsi olsun, istər elmin,təhsilin fəlsəfəsi, geniş götürdükdə –Böyük Fəlsəfədə  axtarış  imkanları ilə milli mentalitetin təfəkkür qatına   dünya fəlsəfi irsi ilə müqayisə prizmasında  baxış üslubu var.  O, hər zaman  Fəlsəfə bizə lazımdırmı? sualı ilə mahiyyətə vararaq, istər tədqiq etdiyi məsələlərdə, istərsə də  fəlsəfi publisistikasında  ümumbəşəri problemlərlə yanaşı konkret dövrün ab-havasından, milli özünüdərkin  səviyyəsindən doğan problemləri iti baxışı və dərin məntiqi ilə elmi-fəlsəfi süzgəcdən keçirir. Bu yanaşmada Səlahəddin müəllim çox həssasdır. O, Azərbaycanın elmi-fəlsəfi düşüncə xəttinə, ictimai sorulara  öz  baxış bucağından baxır. Onun “Baxış bucağı” fəlsəfi-publisistik kitabında mədəni-mənəvi həyatımızın müxtəlif sahələri fəlsəfi yöndən təhlilə cəlb  olunub. Maraqlıdır ki, Səlahəddin müəllimin  elmi-fəlsəfi arealına  ədəbiyyatda  baş verən proseslər də daxildir. Müəllif özünəməxsus duyumla deyir ki,  poeziya fikri tənbəlləşdirir: “Poeziya uzaqları yaxına, öz hüzuruna gətirir. Xəyalın gücünə adət edənin fikirləşməyə ehtiyacı qalmadığına görə fikir müstəqil, sürəkli bir proses kimi institutlaşmır, ictimailəşmir, elmləşə bilmir və nəticədə uzağa gedə bilmir”. Özünün fəlsəfi fəhmi ilə filosof  həm də, bizə daha çox ədəbiyyat xadimləri kimi təqdim olunan M.F.Axundovu, Hüseyn Cavidi,Cəfər Cabbarlını  milli fəlsəfi fikirin nümayəndələri olaraq  qərb mütəfəkkirləri ilə  qarşılıqlı müqayisədə  təqdim edib. Özübu təhlil tərzi, yanaşma yorumu, tamamilə yeni “Baxış bucağ”ından  yön  alır.

Şərqə doğru...

Səlahəddin müəllim “vahid Allah” ideyasına münasibətdə  islam nöqteyi-nəzərindən yanaşan  böyük filosofların – Kant, Hegel, Gote və başqalarının  fəlsəfi irsinə öz araşdırmalarında  geniş yer verir. Bu baxımdan Səlahəddin müəllimin ifrat qərbçi və alman millətçisi kimi tanınan  Hegelin təlimində “ şərqlilik” və “islamçılıq” məqamlarının üzə çıxarılması və alman fəlsəfəsinin banisi Kantın  şərq fəlsəfi fikri kontekstində araşdırması  yeni və maraqlıdır. Səlahəddin müəllim  orta əsrlər Azərbaycan fəlsəfi fikrini və ümumən, islam dünyasının  fəlsəfi dünyagörüşünü  təhlil edir,yunan fəlsəfi fikir nəhənglərinin  ruh dünyasından  pərvazlanan  böyük islam filosofları- Fərabi,İbn Sina, Sührəverdinin və daha kimlərin   ideya dünyasına nəzər salır və bu məsələyə müqayisəli kontekstdə baxır.

Biz elmləşməyə və

elmi-fəlsəfi özünüdərkə

yeni-yeni başlayırıq       

Səlahəddin müəllimin  bir mühakiməsi var:  Biz elmləşməyə və elmi-fəlsəfi özünüdərkə yeni-yeni başlayırıq...” Əslində bu düşüncə filosofun  elmşünas kimi  tədqiqatçı kimliyini göstərir. O, hər məqaləsində məsələyə  Azərbaycan, bir az geniş mənada İslam Şərqi prizmasından yanaşmağı hədəf götürür. Və ən azından milli invariantların müqayisəli təhlili ilə problemə yanaşır. Bir elmşünas alim olaraq üç böyük alim Əbdüs Səlam, Xudu Məmmədov və Oqtay Sinanoğluna həsr olunmuşElm adamları Elm haqqında” kitabında ehtiva olan  yüksək milli ruh  Səlahəddin müəllimin  öz  fəlsəfi yanaşma   üslubu ilə aşılanır. Burada filosofu çəkən ən böyük formabu üç insanın əqidə müəyyənliyi,milli qeyrəti və dövlətçilik ruhudur. Səlahəddin müəllim həm də bu kitabda öz elmi –fəlsəfi kimliyini  təqdim edir. Doğrudur, hələ bundan illərlə öncə çap olunan əsərlərində Səlahəddin  müəllim elmi-texniki tərəqqi, elmdil, elm və sənət mövzularına toxunmuşdur. Ancaq bu kitab nümunəsi ilə  o, öz ruhuna yaxın olan elm adamlarını ilk dəfə olaraq həm azərbaycan düşüncə mühitinə gətirir, həm də bu təqdimatdan  xüsusi zövq alır. Çünki kitabda adları qeyd olunan  dahi alimlərin düşüncə tərzləri ilə Səlahəddin müəllimin fikir yorumu arasında  həssas  yaxınlıq xətti və imanlı alim eyniyyəti  var.

Fəlsəfi kimlik miqyası...

Səlahəddin  müəllimi bir şəxsiyyət kimi səciyyələndirmək çox çətindir. O rektor idi. Rektor ola-ola millət vəkili seçilmişdir. Düşünürəm ki, vəzifə adamı kimi onu xarakterizə edəndə hər şey Səlahəddin müəllimin fəlsəfi kimlik miqyası önündə  kiçilir. O əsl fəlsəfə adamı kimi  öz mənəvi nüvəsinə çəkilərək “hikmət sevgisi” ilə məşğuldur. Hələ Azərbaycan universitetinin rektoru olanda Səlahəddin müəllim xaricdən universitet kitabxanası üçün ən çox kitab alan ali məktəb rəhbəri idiali məktəbinin ən mötəbər yerinikitabxana üçün ayırmışdır. Həm də , o demək olar ki, bütün ali elmi titullara sahib olan alim kimi kitabxanada gününü keçirən çox az elm adamlarından biri idi. O, gənc elm adamları üçün bacara bildiyi və bəlkə də bilmədiyi hər şeyi etməyə hazır olub. Və bir özəlliyi də odur ki, Səlahəddin müəllim bugünə qədər aşağı –yuxarı 5-6 nəfər gəncin elmi rəhbəri olaraq onlara hər cür köməklik edib. Burada da  Səlahəddin müəllim statistika miqyasını deyil, həqiqi elmi düşünüb.

Səlahəddin Xəlilovun  akademik Ramiz Mehdiyevin ön sözü ilə bu yaxınlarda çap olunmuşElm haqqında Elm” kitabı elm fəlsəfəsi, elmin sosiologiyası bütövlükdə elmşünaslıqda yeni sözdür. Akademik Ramiz Mehdiyev kitabın  ön sözündə yazır: Professor Səlahəddin Xəlilov elmin sistemli tədqiqinə hələ ötən əsrin 70-ci illərindən başlamış və keçmiş SSRİ-nin tanınmış elmşünas alimlərindən biri kimi  ölkə miqyasında alternativ inkişaf modellərinin işlənib hazırlanmasında iştirak etmişdir.Təsadüfi deyil ki, onun elmi-texniki  tərəqqinin aktual problemlərinə dair yazdığı kitab 1987-ci ildə SSRİ EA-nın Rəyasət heyətində müzakirə olunmuşdur. Layihə bəyənilsə də o vaxtlar ölkədə başqa istiqamətdə proseslər başlandığından onun realizəsi mümkün olmamışdır...”  Bu günlərdə Moskvada  tərtibçisi olaraq  çap edilən “Fəlsəfi aforizmlər” kitabı da daxil olmaqla Səlahəddin müəllim  40-dan çox kitabın və 500-dək məqalənin müəllifidir. Bu məqalələrin bir çoxu dünyanın məşhur “Springer” nəşriyyatı tərəfindən çap olunan  kitablarda  yer alıb. Səlahəddin müəllim həm də  dünyanın fəlsəfi nəşrlərinin akademik  dərgisi hesab olunan  Filosophy study” jurnalının  redaksiya heyətinin üzvüdür.

Müdrik yaşda müdriklik

sevgisi ...

Səlahəddin müəllim ixtisasca fizikdir.  Fizika - təbiətin ən ümumi qanunlarını,bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənir və mənası təbiət deməkdir. Deməli Fizika həm də Fəlsəfədir. Səlahəddin müəllim öz adının mahiyyətindən doğan passionar fəaliyyət enerjisi ilə sahib olduğu ixtisasın fövqəl miqyasında   həyat haqqında düşünüb. Bu düşüncə qeyri-adi tərzdə və yeni fəlsəfi dərketmə ruhundadır. Filosof Səlahəddin Xəlilovun müdriklik yaşında çatmaq istədiyi hədəf dünyanı  fəlsəfi  miqyasda dərketmə  ruhi ənginliyin bütün sınırları ilə mahiyyətə varmaqdır.  O, öz kitablarının oxucusunu təhrik etmədən inandırır ki, insan  fəaliyyətinin müxtəlif sahələrində(elm,təhsil və  sənətdə) dərin  vəhdətli invariantlar mövcuddur.Və bu yanaşma ilə filosof  kimi  Səlahəddin müəllimin ayrı-ayrı problemlərə özünəməxsus yanaşması yeni biliklərin generasiyasını yaradır.

Deməli, filosof  Səlahəddin Xəlilov öz təfəkkür və tədqiqat çevrəsində  nə qədər əhatəli miqyas cızsa da (elmşünas, təhsilşünas, təhsil təşkilatçısı kimi)- Böyük Fəlsəfəyə tapınır , onun cazibəsi ilə dünyaya baxır. Bu baxışda  varlığa eşq var. Əsl eşq isə zamanın və məkanın arxasında təcəlli edir. Əsl varlıq zaman və məkanın arxasında təcəlli edir.

 

 

Cəsarət VALEHLİ

fəlsəfə doktoru

525-ci qəzet.- 2012.- 18 fevral.- S.14.