Buzovna kəndinin əhvalatları” Gənc Tamaşaçılar Teatrının səhnəsində

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçinin Abşerondan bəhs edən nəsr əsərlərindən səhnələşdirilmiş “Buzovna kəndinin əhvalatları” tamaşasının premyerası keçirilib. Xalq yazıçısının “Toyuğun diri qalması” hekayəsi və “Dolçapovesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapıb. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı, Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdi, ədəbi məsləhətçisi Rafiq Rəhimlidir.

Buzovna kəndinin abu-havasını qorunub saxlandığı səhnə əsərində rolları Xalq artisti Ağaxan Salmanlı, əməkdar artist Nübar Novruzova, Kubra Dadaşova, aktyorlar Nuriyyə Əliyeva, Atabala Səfərov, Ələsgər Qurbanəliyev, Sərvər Əliyev, Elşən Çarhanlı, Eşqin Quliyev, Şəbnəm Hüseynova, Anar Seyfullayev, İradə Rəşidova, Roza İbadova, Xanna Əliyeva, Günay Zeynallı, Fidan Abbasova, Aytac Nəzərova, Xalidə Əliməmədova, Natiq Fərzəliyev və başqaları ifa ediblər.

İki hissəli komediya özündə yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü, onun böyük ailəsi və ailənin qonşularının başına gələn maraqlı hadisələri əks etdirir. Tamaşada təmiz əqidəli, vicdanlı, ailəsini sevən və ona bağlı olan kişi obraz – Ağababanın (Sərvər Əliyev) övladlarının gələcəklərini təmin etmək üçün evlərini kirayə vermək məcburiyyətində qalması, evlərini kirayə vermək üçün həyat yoldaşını hər gün az qala dincəlməyə belə qoymayansonradan buna peşman olan Ağabacının (Nuriyyə Əliyeva), vaxtıykən “beynəlxalq alver”ə görə həbs olunanbununla da tövbə edərək, öz təbirincə desək “xırda-xuruş” alverə keçən Zübeydənin (Kubra Dadaşova), bədbəxt Xeyransa (Nübar Novruzova) ilə əri sərxoş Əmirqulunun (Elşən Çarhanlı) və başqalarının həyatları ümumiləşdirilmiş şəkildə tamaşaçılara təqdim olunub. Saf, təmiz sevgiyə də yer ayrılan səhnə əsərində tamaşaçılar Ağagülün (Eşqin Quliyev), Nisəyə (Şəbnəm Hüseynova) olan təmənnasız, qarşılıqlı məhəbbətinin şahidinə çevrilirlər. Bu ailənin sakitrahat yaşam tərzini Ağabacının çoxdan istədiyi və Zübeydənin tapdığı kirayənişinlər pozur. Hər gün həyətdə düzənlənən kef məclisləri, həyətə, divarlara hopan kabab və yemək qoxuları, harınlamış kirayənişinlərin davranışları tezliklə Ağabacını tutduğu işdən peşmanlamağa sövq edir...

Ağababanın ailəsi, qonşularına olan münasibəti əks olunan tamaşada halal zəhmətin hər şeydən üstün olması fikri təlqin edilərək, insanların əvvəllər bir-birilərinə olan mehribanlığını, personajların başına gələn maraqlı hadisələri, insanların rəngarəng talelərini özündə ehtiva etdirir.

Ilk tamaşada müəllif, Xalq yazıçısı Elçin, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev iştirak ediblər.

Məlumat üçün bildirək ki, yazıçı ElçininDolçapovesti əsasında 1985-ci ildə “Bağ mövsümü” (rejissor Tofiq Tağızadə), “Toyuğun diri qalması” əsəri əsasında isə 1989-cu ildə “Sahilsiz gecə” filmləri (Şahmar Ələkbərov) lentə alınıb.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2012.- 21 fevral.- S.7