Aktyorlar evində Kamran Nəzirlinin “Şeytan işığı” tragikomediyası göstərilib

 

Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” tragikomediyası əsasında N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının hazırladığı tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Naxçıvan Dövlət Dram Teatrının Baş rejissoru, Xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı, teatrın rejissoru Adil Zeynalov, quruluşçu rəssam Naxçıvan MR əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Anşlaqla keçən tamaşada əsas rolları aktyorlardan Qızılgül Quliyeva, Sucəddin Mirzəyev, Aynur Əhmədova, Zemfira Nəcəfova, Məqsudə Əliyeva, Niftulla Əsgərov, xalq artisti Qabil Quliyev və başqaları oynamışlar. Güclü tamaşaçı marağına səbəb olan K. Nəzirlinin “Şeytan işığı” tragikomediyası bu günkü müasir həyatımızda baş verən hadisələrdən götürülmüş, müqəddəs ailə dəyərlərinin milli-mənəvi-əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsini dramatik şəkildə ortaya qoyur. Psixologiyaya, adət-ənənəyə, bir sözlə, ənənəvi həyat tərzinə təsir edən bu müasir ruhlu tamaşada xarici vətəndaşların, Azərbaycanla işbirliyi quran müxtəlif millətlərin nümayəndələrinin obrazları maraqlı çalarlarla yadda qalır. İstedadlı rejissor, xalq artisti K. Quliyevin quruluş verdiyiŞeytan işığı” tamaşası ölkənin digər şəhərlərində də nümayiş etdiriləcək.

 

 

525-ci qəzet.- 2012.- 21 fevral.- S.7