VAHİDDƏN
“BÖYÜK” ZAHİD?
Azərbaycan məktəblərinin 2-ci sinifləri üçün yazılmış “Ana dili” dərsliyində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məşhur “Qız məktəbində” şeirinin başına açılan “oyun” haqqında görkəmli jurnalist-xanım Flora Xəlilzadənin çaldığı həyəcan təbili uzun illərdən bəri Cavid əsərlərinin nəşri ilə məşğul olan bir ədəbiyyatşünas, eləcə də Cavid yaradıcılığının vurğunu olan bir oxucu kimi məni həm qəzəbləndirdi, həm də kədərləndirdi. Yadıma Cavidlər nəslinin son yadigarı mərhum Turan xanımla böyük Cavidin beşcildlik külliyyatını nəşrə hazırlamağımız düşdü. 1982-1984-cü illərdə çapdan çıxmış Hüseyn Cavid dördcildliyinin Turan xanımın öz əli ilə qırmızı rənglə “çimizdirilmiş” səhifələri gözümün önündə canlandı. Turan Cavidin dəfələrlə təkrar etdiyi və Cavid əsərlərinin yeni nəşrlərinin ön sözlərində qeyd etdiyi Cavid xəbərdarlığı xatirimdə təzələndi: “İmlasına dokunmamalı!”
Bəli, Cavidin özü kimi, sevimli qızı Turan xanım da bu dahinin ölməz əsərlərinin “müasirləşdirilərək” eybəcər hala salınmasının qarşısını almaqda israrlı idi. Çünki bu, dahinin, böyük klassikin vəsiyyəti idi və xələfləri onun milli sərvət olan bədii irsinə laqeyd yanaşa bilməzdilər.
Beşcildlik üzərində birgə işimiz zamanı Turan xanım bir maraqlı əhvalat da danışırdı. Cavidin bəraətindən sonra öncə “Seçilmiş əsərləri” (Azərnəşr: Bakı, 1958) sonra isə dördcildliyi nəşr olunmuşdur. “Seçilmiş əsərlər”də onu tərtib edən Turan Cavidin adı göstərilməmiş, yalnız bu nəşrin M.Arif, M.Rahim və M.C.Cəfərovun redaktəsi ilə çapa hazırlandığı qeyd edilmişdir. Turan xanımın dediyinə görə, sən demə, “Seçilmiş əsərlər” çapa hazırlanarkən “qlavlitdən” (Sovet dövrünün senzurası) göstəriş gəlir ki, Cavidin əsərlərinin dili o dövrün müasir Azərbaycan dilinə uyğunlaşdırılmalıdır. Turan xanım bu əcaib təklifdən qətiyyətlə imtina edir. O zaman Turan xanımın tərtib etdiyi əlyazmanı “quş həddinə salmaq” üçün bir redaktor axtarılır və seçim görkəmli şair Əliağa Vahidin üzərinə düşür. Ömrü boyu ehtiyac içində yaşamış Vahidə bu iş üçün yaxşı qonorar da ayırırlar. Müqavilə bağlamaq üçün Vahidi nəşriyyata çağırırlar. Ancaq görkəmli qəzəlxan şair ondan tələb olunan işin mahiyyətini öyrənəndən sonra qaşlarını çatıb müqaviləni imzlamaqdan imtina edir və deyir: “Mən nəkarayam ki, ustadın əsərlərini redaktə edim?”
Təxminən iyirmi beş ildən sonra Hüseyn Cavid əsərlərinin dördcildliyi çapa hazırlanarkən yenə də “redaktə” problemi meydana çıxır və bu işi professor Əkrəm Cəfərə tapşırırlar. O da çalışır ki, nə şiş yansın, nə kabab. Yəni həm tələb olunan redaktə işini aparır, həm də mümkün qədər Cavid dilinin orijinallığını, üslubunun təravətini qorumağa çalışır və əksər hallarda da buna nail olur. (Hüseyn Cavid. Əsərləri. 4 cilddə. Azərnəşr: Bakı, 1982-1984.)
Ə.Cəfərin Cavid mətni üzərində işini daha çox kosmetik redaktəyə də bənzətmək olar. Belə ki, “bən”lər “mən”ə dəyişdirilmiş, “kimsin” qəbilindən olan söz formaları “kimsən” olmuş və s. Bəzən də dövrün ideoloji tələbləri üzündən müəyyən ixtisarlar da aparılmışdır. Məsələn, “Peyğəmbər” əsərinin başlanğıcındakı remarkada Peyğəmbərin xarici görünüşünü təsvir edən “O, qırq yaşında, gözəl, vəqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; saqalı bir tutam, sıq və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər” hissəsi ixtisar edilmişdir.
Əlbəttə, bu “redaktə işi” Cavid əsərlərinin dilinə və üslubuna zərərsiz ötüşməyib, ancaq düşünəndə ki, o zaman Cavidin əsərlərini “müasirləşdirmək” üçün Əkrəm Cəfərə deyil, yuxarıda adını çəkdiyimiz “Ana dili” dərsliyinin tərtibçilərinə versəydilər, indi əlimizdə Cavidin ancaq karikaturu qalmış olardı. Təkcə onu qeyd etmək kifayətdir ki, dərslikdə eybəcər hala salınmış və hətta adı da dəyişdirilərək “Məktəbli qız” qoyulmuş (guya ki, “Qız məktəbində” ifadəsini II sinif şagirdi anlaya bilməzmiş!) məşhur şeir də “Seçilmiş əsərlər”də və dördcildliyin I cildində olduğu kimi verilmiş, “quzum” sözü “qızım”la əvəz edilməmişdir. Hətta “Seçilmiş əsərlər”də “altun bilərzik” (Azərbaycan türkcəsində “bilərzik”) ifadəsi də olduğu kimi saxlanmışdır.
Şübhəsiz ki, dərsliyin tərtibçiləri (Rafiq İsmayılov, Gülşən Orucova, Zahid Xəlilov) Cavid şeirini yenidən yazarkən indiki II sinif şagirdlərinin intellektual və linqvistik səviyyəsini deyil, özlərinin II sinifdə oxuduqları yaş dövründə malik olduqları intellektual səviyyəni nəzərə alıblar. Yoxsa onlar bilərdilər ki, müasir peyk televiziyasının sayəsində nəinki 7 yaşlı II sinif şagirdləri, hətta təzə dil açan körpə azərbaycanlılar da, Cavidin yaradıcılıqla istifadə etdiyi müasir İstanbul türkcəsini çox gözəl anlayırlar.
Şərq zərgərliyində belə bir ifadə var: “xatalı inci”. Məlumdur ki, incidən boyunbağı düzəltmək üçün onu deşmək lazımdır. Ancaq bir balaca ehtiyatsızlıq etsən, incini sındıra bilərsən, ya da lazım olan yerə düşməyə bilərsən. Buna görə də ən qiymətli inciləri ustalar özləri deşməyib, şagirdlərinə verirmişlər. Çünki böyük məsuliyyət hissindən ustanın əli əsə bilər və incini korlaya bilərdi. Ancaq bunun qiymətini bilməyən şagird heç bir həyəcan keçirmədən sakitcə lazım olan yerdən deşik açırmış...
Cavidin də dilini “redaktə” etmək təxminən buna bənzəyir: Əliağa Vahid kimi söz ustadının qorxduğu işi Zahid Xəlilov çox asanlıqla yerinə yetirir. Buradan iki nəticə çıxarmaq olar: Vahid ustad, Zahid şagirddir; ya da Zahid Vahiddən daha “böyük” ustaddır.
Qırmızı inqilabdan sonrakı proletkult dövründə klassiklərə necə münasibət bəslənildiyindən çox yazılıb, onların əsərlərinin başına açılan oyunlardan bəhs edilib. O dövrü görmüş müəllimlərimdən biri danışardı ki, Füzulinin sovet dövründəki ilk nəşrlərində bolşevik senzorlar “Yarəb, bəlayi-eşqilə qıl aşina məni!” misrasındakı “Yarəb” sözünü dəyişdirərək, “Yoldaş, bəlayi-eşqilə qıl aşina məni!” şəklində verməyi təklif edirmişlər. Nə yaxşı ki, Salman Mümtaz, Həmid Araslı, Mir Cəlal kimi vətənpərvər, klassik irsimizin qeyrətini çəkən ədəbiyyatşünaslar bu kimi ədəbi cinayətlərin baş verməsinin qarşısını alıblar.
Bəli, klassikin dilini təhrif etməyin ancaq bir adı var: ədəbi cinayət. Cavidin də əsərlərinin dilini müasirləşdirmək adı ilə eybəcərləşdirmək təkcə bu böyük klassikə qarşı deyil, həm də onu yetirən xalqa qarşı hörmətsizlikdir.
Bu il Azərbaycanda
Hüseyn Cavid ilidir. Xalqımızın
ərsəyə gətirdiyi
bu dahi şəxsiyyətin
anadan olmasının
130 ili tamam
olur. Bu münasibətlə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənabları xüsusi Sərəncam imzalamışdır. Bu yüksək Sərəncama
əsasən bir çox tədbirlər keçiriləcək, Cavid
haqqında məqalələr,
monoqrafiyalar yazılacaq.
Çox arzu edərdik ki, bu araşdırmalar aparılarkən ilkin qaynaq kimi böyük
şairin qızı Turan xanım Cavidin tərtib etdiyi və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 12 yanvar
2004-cü il tarixli Sərəncamı ilə
25 min tirajla nəşr
edilərək kitabxanalara
hədiyyə edilmiş
Hüseyn Cavid beşcildliyindən istifadə
edilsin. Onu da qeyd edək
ki, beşcildliyin ikinci nəşri də həyata keçirilmişdir və
həmin komplekti Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyindən
əldə etmək mümkündür.
Ümumiyyətlə, yaxşı olardı ki, Hüseyn Cavid haqqında araşdırma
aparanlar Respublika cavidşünaslığının mərkəzi olan Hüseyn Cavidin Ev Muzeyi
ilə əlaqə saxlasınlar. Belə olsa, gələcəkdə
Cavid irsinin tədqiqi, nəşri, tərcüməsi, tamaşaya
qoyulması və s. ilə bağlı baş verə biləcək arzuolunmaz halların qarşısı
vaxtında alına bilər.
Sonda Hüseyn Cavidin qəribə taleli bir sənətkar olduğuna bir daha diqqəti yönəltmək istəyirəm:
Azərbaycan bolşevik
istilası altında olanda qırmızı senzorlar onun dilini korlayırdılar; Azərbaycan müstəqil
bir dövlət olduqdan sonra isə senzorların nəsli kəsilsə də, əvəzində bu irsin poetik
orijinallığını layiqincə qiymətləndirə
bilməyənlər onun
dilini korlamaq təşəbbüsü göstərirlər.
Bu cür özfəaliyyət
aktlarının qarşısı
qətiyyətlə və
birdəfəlik alınmalıdır.
Teymur KƏrimli
AMEA-nın müxbir üzvü,
Azərbaycan Respublikasının Dövlət
Mükafatı Laureatı
525-ci qəzet.-
2012.- 21 fevral.- S.7.