Qarayazının
dəmir ağacları...
Yuxarıdan meşələrə baxanda bir görməklə dəmir ağaclarını seçmək, tanımaq mümkündü. Ayrıca bir zolaq kimi meşənin bu başından o başına uzanar. Bu da ən əsası alıb verdiyi nəfəsə, yaratdığı ab-havaya, sonra da yarpaqlarının rənginə, boy-buxununa, görkəminə görədi. Ekoloji ahəngin pozulduğunu da birinci dəmir ağac bildirir və bu zaman bütün nəsil- dəmir ağac nəsli rəngini dəyişir, təbiətin acığını, kinini- hirsini, bir sözlə ağrısını yaşayırlar; budaq-budaq, yarpaq-yarpaq qurumağa başlayırlar. Bu, bizə xəbərdarlıqdı. Təbiət fəlakətin yaxınlaşdığını- ağrılarını bu cür bildirir. Biz də təbiətin nə dediyini heç vaxt anlamaq istəməmişik...
Mən indi ömrümün bu çağında otuz-qırx il əvvəl Qarayazı- Borçalı elində tanıdığım, tanıyıb dost olduğum, sözündən söz götürdüyüm, öyrəndiyim ziyalı nəslini dəmir ağaclarına bənzədirəm. Ağrı içində üstümüzə yeriyən və yeriməkdə olan dərdləri, xataları, fəlakətləri hiss edib, duyub ömürləri boyu narahatlıq keçirən, millətin ağrılarını öz ağrıları kimi yaşayan dostlarımı xatırlayıram...Olanları- olacaqları necə duyub qələmə alırdılar?!
Dəmir ağacları kimi elə bu cür də söz-söz, kəlmə-kəlmə əriyib getdilər...Nə demək istədiklərini duyub, anlaya bildikmi?!
Eyvaz Əlləzoğlunun ölümü bir-birinin ardınca vaxtsız- vədəsiz itirdiyimiz həmin Qarayazı- Borçalı ziyalı nəslini təzədən yadıma saldı...
Savadı, mütaliəsi, bildiyi xarici dillərlə dünyaya doğulduğu ev kimi bələd olan Tanqo Tanar (Tanrıqulqu Əliyev),xeyirxah, nəcib, incə ruhlu, öz doğma dilimizin belə dərindən bildiyi qatlarıyla məni həmişə təəccübləndirən Arif Mustafazadəni, yaxşı sözü anlamağı və qorumağıyla, çevik düşüncəsi, çalışqanlığı, ən əsası, hadisələrə (mövzulara) orijinal yanaşma bacarığıyla seçilən, səliqə-sahmanıyla hamımıza örnək olan İsa İsmayılzadəni xatırladım.
Onların hər biri harda olur-olsun Millətin, Böyük sözün əsgəriydilər...Biz anladıq-anlamadıq ömürlərinin sonunacan da heç nə ummadan əsgər kimi döyüşdülər.
Bir-birinə bənzəyən tələsik, gözlənilməz ölümləriylə nə demək istəyirdilər?
O dövrün işığı, havası, istisi-soyuğu onlara niyə bəs eləmədi?
Üstümüzə yeriyən, indinin özündə də yeriməkdə olan faciələrimi anladırdılar?!
Eyvazın ölümü də onların ölümünə bənzədi; gözlənilməz, tələm-tələsik, vaxtsız- vədəsiz...Hətta sevimli ömür-gün yoldaşının faciəli özünə qəsdi də elə bil bütün ölümləri tamamlamaq üçünmüş...
Bütün bunların hamısı əslində bizim böyük itgilərimiz, itirdiklərimizdi. Əlimizdən salıb sındırdıqlarımızdı...Deyə bimədiyimiz Söz, yaza bilmədiyimiz Yazıdı.
Eyvazı da o dostlarım kimi yazısıyla tanımışdım. Bunu ona görə deyirəm ki, mən yazını insanın astar üzünə çevrilmiş iç dünyası hesab edirəm. Biz bunun fərqinə vardıq varmadıq bu əslində də belədi...
Yadımdadı, otuz-qırx il öncə “Ulduz” jurnalının alaqaranlıq otaqlarının birində hekayəsini oxuyurdum; hekayənin gözəl, bütöv-tam, sözün bütün çalarlarda yerində olduğuna görə hər şey anbaan yadımdadı. Oxuduqca onu da fikirləşirdim ki, bizim nəsrimizə xas olmayan bu tərz, bu yol,- bu ədəbi yön-istiqamət, yəni fikri uzatmadan, sözü yormadan kəsədən demək, qonduğu yerin,- mövzunun bütün gizlinlərini aşkara çıxartmaq bacarığı Eyvaz Əlləzoğluna hardan gəlir görəsən?! Düşündüm ki, yəqin yaxşı bildiyi gürcü dili və gürcü ədəbiyyatının təsirindəndi.
Onu da düşündüm ki, Eyvaz gördüyü və yaşadığı həyatı necə gəldi, elə-belə yox, anlayaraqdan, dərdinə- azarına qalıb yaşayan, bir qismətə qane olandı. Necə yaşayırsa yazılarında da elə anlatmağa çalışır. Onun yaşadığı həyatın da çətin, qarışıq, bulaşıq olsa da sadə ifadə tərzi var, nağıllarımızdakı, dastanlarımızdakı üslub. Onun yazılarındakı üslub da şübhəsiz elə ordan gəlir.
Özü bir az qapalı görünsə də yazıları açıqdı; bununla belə tez tanınan idi. Gizlin, örtülü incə xırdalıqlarına qədər tanımaq mümkün idi...Tələsgən deyildi; danışmağa tələsməzdi, hərəkətləri içdəndi.Mənə elə gəlir ki, utancq görünməyi də ona görədi.
Üzdə yaşaya bilmirdi, dəyişgən, oynagan münasibətlər onu elədən-elə, belədən-belə qovurdu. İndinin yaşayışı da dərinlərdə yox, üzdə bərqərar olduğuna görə üzə çıxandan sonra yaşaya bilmədi, daha doğrusu, dözüb, səbr edib yaşaya bilmədi, çünki balığa su lazım olduğu kimi Ona da dərinliklər lazım idi. Yazıları da ordan gəlirdi- dərinliklərdən...
Düşüncəsinə, hər şeyi görə bilmək bacarığına hörmətim vardı...
Tez-tez görüşə bilməsək də ondan-bundan halını soruşurdum, xəbər tuturdum. Daha çox Əhməd Oğuzla görüşürdülər. Əhməd Oğuzun ozü də halı soruşulası dostlarımdan olsa da xəbər alırdım:
–Eyvaz Əlləzoğlu necədi? Sözü sağdımı?
Ruhu dərinliklərdədi, ruhu şad olsun. Az yaşasa da iki “daşın arasında” çətinliklərdə yazdıqları, yaratdıqları, dediyi Söz sağdı, həmişə də sağ qalıb Onu xatırladacaq...
Ruhuna dərin sayqılarla,
Mövlud SÜLEYMANLI
525-ci qəzet.- 2012.- 22 fevral.- S.7.