Xocam Xocalı” və “Aynasında buta” kitablarının təqdimatı keçirilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Beynəlxalq Rəsul Rza, Şahmar Ələkbərzadə mükafatları laureatı, şair Ədalət Əsgəroğlunun “Ərgünəş” nəşriyyatında çapdan çıxmış “Xocam Xocalı” və “Mütərcim” nəşriyyatında çapdan çıxmış “Aynasında buta” kitablarının təqdimatı keçirilib.Xocam Xocalı” kitabı Azərbaycanın və bütün dünyanın gözü qarşısında erməni vəhşiləri tərəfindən törədilən Xocalı soyqırımına həsr olunub. Müəllif qətlə yetirilmiş insanların qanının yerdə qalması, bu fəlakətə dünya müstəvisində hələ də hüquqi qiymət verilməməsi üçün etiraz edir. Bütün xalqların halına yanan, hər kəsi öz sevgisi, qayğısı ilə əhatə edən Azərbaycan xalqına qarşı olan bu haqsızlığa, ədalətsizliyə qarşı çıxır.

“Aynasında buta” kitabında isə müəllifin daha çox irfani şeirləri toplanıb.

Tədbirdə çıxış edənlər Ə. Əsgəroğlunu məhsuldar yaradıcılığa malik bir şair adlandırıb, onun “Mən sənə aşiqəm dünya”, “Göyçaydan başlayan ömür yolu”, “Sabahını itirməyən adamlar”, “Məmləkətim canım mənim”, “Dərdimizin qan rəngi” kitablarından, şairin vətəndaş qayəsindən söhbət açıb.

AYB-nin katibləri, Xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu, Rəşad Məcid, AYB-nin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd və başqaları onun həm şair, həm bir insan kimi müsbət insani keyfiyyətlərindən danışıblar.

Sonda Ədalət Əsgəroğlu başda Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və tədbirin təşkilində əməyi keçən insanlara öz minnətdarlığını bildirib, tədbir iştirakçılarına yeni şeirlərini oxuyub.

 

GÜNEL

 525-ci qəzet.- 2012.- 22 fevral.- S.7.