Xocalı soyqırımının genosid kimi beynəlxalq hüquqi əsasları

 

Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani, insan ləyaqətini alçaldan rəftarla müşayiət olunan etnik təmizləməyə və təcavüzə məruz qalmaqdadır.

Tarixi faktları saxtalaşdırmaq, dünyanın “məzlum xalqı” obrazını yaratmaq ermənilərin öz strateji məqsədlərini həyata keçirməkdə zaman-zaman əsas taktiki gedişi olub. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüzminlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından deportasiya olunmuşdur.

1988-ci ildən ölkəmizə qarşı başlanan erməni təcavüzü də həmin çirkin siyasətin zorakılıq yolu ilə davamıdır.

Ermənistanın 16 ildən bəri yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuşdur. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi köçkünə çevrilmiş, yüzlərlə yaşayış məntəqəmiz, 6 minədək sənaye və kənd təsərrüfatı müəssisəsi, 4 mindən çox sosial-mədəni obyekt, o cümlədən 700-ə yaxın məktəb, habelə muzeylər və kitabxanalar dağıdılmış, ölkə iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur.

1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi qiymət verməyən o vaxtkı SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları əzəli-əbədi yurd yerlərimizin dağıdılıb yandırılması, əhalisinin qətlə yetirilməsi ilə nəticələndi.

İşğalçı hərbi birləşmələr növbəti həmləni müharibənin ön xəttində yerləşən Xocalı şəhərinə yönəltdilər. Düz 20 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları güclü hərbi texnikanın köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı genosid törətdilər. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayına məxsus çoxsaylı ağır texnika şəhərə yeridilmiş, yaşayış evləri dağıdılmış və yandırılmışdır. Tamamilə əliyalın olan dinc əhali – uşaqlar, qadınlar, qocalar, əlillər amansız zülmə məruz qalmışlar.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid – Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir.

Günahsız körpələrin, qadınların, qocaların qətlə yetirildiyi, böyük bir şəhərin yer üzündən silindiyi o müdhiş gecədə bəşər tarixində misli görünməyən bir faciə, əsl soyqırım baş vermişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, dünya ictimaiyyəti bu acı həqiqəti gec-tez bilməli, insanlığa qarşı törədilən bu cinayət öz layiqli qiymətini almalıdır.

Beynəlxalq hüquqa görə genosid (yun. genos – qəbilə, tayfalat. caedo – öldürürəm) ən ağır beynəlxalq cinayət olmaqla təcavüz, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, beynəlxalq terrorizm kimi cinayətlərlə yanaşı sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq cinayət hüququnda genosid xüsusilə təhlükəli beynəlxalq cinayət kimi dəyərləndirilir. Genosid cinayətinin tərkibi bir sıra beynəlxalq-hüquqi aktlarda müəyyənləşdirilmişdir. Bunların sırasında beynəlxalq cinayət tribunallarının Nizamnamələrini xüsusi qeyd etmək istərdim.

Məlum olduğu kimi, konkret tarixi şəraitdə və konkret məkanda baş vermiş hadisələri araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək məqsədilə ad hoc əsasında beynəlxalq tribunallar təsis olunmuşdur. Bundan İkinci Dünya Müharibəsindən sonra yaradılmış NürnberqTokio tribunalları və müvafiq olaraq 1993-cü və 1994-cü illərdə yaradılmış YuqoslaviyaRuanda tribunallarıdır.

NürnberqTokio tribunalları haqqında danışarkən qeyd etmək lazımdır ki, onlar beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Tribunallar İkinci dünya müharibəsi illərində törədilmiş misilsiz vəhşiliklərə cavab olaraq qalib dövlətlər tərəfindən yaradılmışdı. Tribunalın Nizamnaməsinə əsasən tribunalın yurisdiksiyasına aşağıdakı cinayətlər aid edilmişdir:

sülh əleyhinə cinayətlər, əsasən də: təcavüzkar müharibənin və ya beynəlxalq müqavilə, saziş və etimadnamələri pozmaqla müharibənin planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması və ya yuxarıda sadalanan fəaliyyətin hərhansı birinin həyata keçirilməsinə yönəlmiş ümumi planda və qəsdlərdə iştirak etmək;

– hərbi cinayətlər, əsasən də, müharibə qanunya adətlərini pozmaq. Bu pozuntulara işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, işgəncə verilməsi, qula çevrilməsi və ya başqa məqsədlə aparılması; hərbi əsirlərin və ya dənizdə olan şəxslərin öldürülməsi və ya onlara işgəncə verilməsi; girovların öldürülməsi; ictimaiya xüsusi mülkiyyətin talanması; şəhər yaxud kəndlərin mənasız olaraq dağıdılması; hərbi zərurətlə əlaqədar olmayan virançılıq və başqa cinayətlər;

– insanlıq əleyhinə cinayətlər, əsasən də, müharibəyə qədər və ya müharibə zamanı mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, işgəncə, qula çevirmə, sürgünbaşqa qəddarlıqlar və ya siyasi, irqiya dini motivlərə əsasən mülki əhalini təqib etmə.

Nizamnamədə birbaşa genosid termini işlədilməsə də, bu cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur.

Genosid cinayətinin əsas tərkib elementi zəruri niyyətin təşkil etməsi və onun dinc dövrdə törədilə bilməsi da bu əməli digər oxşar beynəlxalq cinayətlərdən, xüsusilə də insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərindən fərqləndirir.

Məhz buna görə də, genosid, YuqoslaviyaRuanda Tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsinin Statutundabir sıra digər sənədlərdə ayrıca beynəlxalq cinayət kimi fərqləndirilmişdir. Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsində təsbit olunmuş prinsiplər BMT Baş Məclisinin qətnamələrində əsas prinsiplər kimi təsdiq olunmuşdur. Həmin prinsiplər əsasən aşağıdakılardır:

– beynəlxalq hüquqa görə cinayət sayılan hərhansı əməli törətmiş hər bir şəxs ona görə məsuliyyət daşıyır və cəzalandırılmalıdır;

– beynəlxalq hüquqa görə cinayət sayılan hərhansı əmələ görə dövlətdaxili hüquqda cəza nəzərdə tutulmaması həmin əməli törətmiş şəxsi beynəlxalq hüquq üzrə məsuliyyətdən azad etmir;

– beynəlxalq hüquqa görə cinayət sayılan hər-hansı əməli törətmiş hərhansı şəxsin dövlət başçısı və ya hökumətin məsul vəzifəli şəxsi kimi hərəkət etməsi həmin şəxsi beynəlxalq hüquq üzrə məsuliyyətdən azad etmir;

– beynəlxalq hüquqa görə cinayət sayılan hərhansı əməli törətmiş hər-hansı şəxsin hökumət və ya məsul şəxsin əmrini yerinə yetirməklə əlaqədar fəaliyyət göstərməsi onu beynəlxalq hüquq üzrə məsuliyyətdən azad etmir; lakin yüngülləşdirici hal kimi qiymətləndirilə bilər;

sülh və bəşəriyyət əleyhinə cinayətlər, insanlığa qarşı cinayətlər, hərbi cinayətlər beynəlxalq cinayət kimi cəzalandırılır.

Genosid cinayətinin hüquqi əsasları BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, genosidin bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə genosid hərhansı milli, etnik, irqi, yaxud dini qrupu tamya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir:

bu cür qrup üzvlərinin öldürülməsi;

– belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;

– hərhansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi;

– uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilmasi.

Analoji müddəa Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində (4-cü maddə), Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində (3-cü maddə), Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin layihəsində (17-ci maddə), Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunmuşdur. Belə bir müddəa Azərbaycanın daxili qanunvericiliyində də təsbit olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hərhansı milli, etnik, irqiya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.

Artıq qeyd olunduğu kimi, ermənilər tərəfindən Xocalıda törədilmiş əməllər də, əvvəlcədən düşünülmüş qaydada (yaxındakı kəndlərdə, qaçmaq istəyən əhalini məhv etmək məqsədilə əvvəlcədən pusquların qurulması da bunu sübut edir) məhz azərbaycanlı olduqlarına görə milli qrupu tamya qismən məhv etmək məqsədilə bu qrup üzvlərinin öldürülməsi olmuşdur. Həmçinin Xocalıda uşaqların zorla valideynlərindən alınması faktı da məlumdur. Belə ki, faciə zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən girov götürülmüşdür. Uşağı olan girov götürülmüş azərbaycanlılardan isə uşaqları zorla alınmışdır. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi dı genosid cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir. Bütün bunlar isə ermənilərin genosid cinayəti törətmələrini bir daha sübut edir.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edironun qarşısını almaqonun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Konvensiyaya əsasən, genosid, genosid törətmək məqsədilə sui-qəsd, genosidə birbaşa və açıq təhrikçilik, genosidə cəhd, genosiddə iştirak etmək əməlləri cəzalandırılır.

Genosid cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, genosid cinayətini törətmiş şəxslər Konstitusiyaya görə məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar.

Genosidi həyata keçirmiş şəxslərin cəzalandırılması labüddür. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər genosid cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

Genosid cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə, Konvensiyaya əsasən, müqəssirlərin təhvil verilməsinə münasibətdə genosid siyasi cinayət sayılmır. Deməli, genosid cinayəti törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir.

Konvensiyanın 8-ci maddəsinə əsasən, Konvensiyanın hərbir iştirakçısı BMT-nin müvafiq orqanlarına BMT Nizamnaməsinin müddəalarına uyğun olaraq, onun fikrincə genosidin qarşısını almaqya kökünü kəsmək üçün lazım olan bütün tədbirlərin görülməsi tələbi ilə müraciət edə bilər. Konvensiyaya görə buya digər dövlətin genosiddə məsuliyyəti barədə mübahisə, tərəflərdən birinin tələbi ilə Beynəlxalq Məhkəməyə verilir.

Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli, müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq genosid cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

Belə bir müddəa Azərbaycan Respublikasının daxili qanunvericiliyində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə ilə bağlı 75-ci maddəsinin 5-ci bəndinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və bəşəriyyət əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxtharada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məhkəmə məsuliyyətinə cəlb olunmalı və müqəssir sayıldıqda cəzalandırılmalıdırlar.

Bir məqamı da vurğulamaq lazımdır ki, genosid cinayətinə görə məsuliyyətin meydana çıxması üçün bütövlükdə müəyyən qrupun məhv edilməsindən ibarət son nəticə tələb olunmur. Yuxarıda qeyd etdiyimiz genosid cinayətinin tərkibini təşkil edən əməllərdən birininya bir neçəsinin müəyyən qrupu tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi genosid kimi qiymətləndirilir.

Qeyd edilməlidir ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa beynəlxalq adət normasına çevrilmişdir və dövlətdaxili hüquqla nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, ümumqəbul olunmuş hüquq prinsiplərinə əsasən cinayət sayılan hərhansı əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi zəruridir.

Beləliklə, yuxarıda deyilənlərdən göründüyü kimi Xocalı hadisələrinin genosid kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır. Ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət – genosid kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən genosid törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı genosid törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) erməni və onların havadarları olan şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Həmçinin genosid cinayəti törətmiş şəxsləri dəstəkləyən və genosidin dövlət siyasətinin tərkib hissəsi təşkil etdiyi Ermənistan dövlətinə qarşı da beynəlxalq birlik tərəfindən müxtəlif sanksiyalar tətbiq olunması zərurəti yaranır, həmçinin bu dövlətin beynəlxalq-hüquqi məsuliyyətini doğurur.

 

Nəcibə MUSTAFAYEVA

 525-ci qəzet.- 2012.- 22 fevral.- S.6.