Xocalı faciəsi sənət əsərlərində

 

Bu günlər bəşəriyyət tarixində insanlığa qarşı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliyin – Xocalı faciəsinin 20 ili tamam olur. Bu dəhşətli qətliamın ağrıları bu günə kimibizi tərk etməməkdə, düşmən gülləsinə tuş gəlmiş günahsız soydaşlarımızın xatirəsi əziz tutulmaqdadır. Düşmənin davamlı təbliğatına baxmayaraq ölkəmizin müxtəlif qurumları bu faciənin beynəlxalq səviyyədə tanınmasına səy göstərməkdə, əhali isə onun baiskarlarının layiqli cəzasını alacağına ümid bəsləməkdədirlər. Onların sırasında xeyli sənət adamları da çoxdur. Əgər desək ki, ötən bu iyirmi ildə onlar Xocalı faciəsinin yaddaşlarda əbədi iz salmış dəhşətlərinə yaradıcı münasibət bildirməkdədirlər, onda həqiqəti ifadə etmiş olarıq.

Ölkəmizdə və onun hüdudlarından kənarda baş tutan rəssamlıq sərgilərində Xocalı faciəsinə həsr olunmuş əsərlərin davamlı yer alması da birmənalıdır. Bu gün ölkə muzeylərində və qalereyalarında bu mövzuda yaradılan sənət əsərlərinin nümayiş etdirilməsinin faciənin yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində önəmli rol oynaması da danılmazdır.

Bu faciəni özündə yaddaqalan şəkildə əks etdirən əsərlərin adını çəkməli olsaq, ilk növbədə istedadlı fırça ustası Vaqif Ucatayın “Xocalı” plakatını qeyd etməliyik. Onun sinəsinə düşmən xəncəri sancılmış körpəni əks etdirən bu əsərinin bədii güclü təsir gücü sayəsində onu görən hər kəsdə şəhidlərə mərhəmət, faciəni törədənlərə isə sonsuz nifrət hissi oyanır.

Vaqif Ucatayın Qarabağ müharibəsinə həsr olunmuşBax, gör, unutma!” qrafik silsiləsində şahidlərin xatirələri əsasında yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə əsər var. Bu lövhələrin bundan sonra erməni vəhşiliyini ifşa edən bədii – tarixə sənədə çevriləcəyi birmənalıdır.

Xalq rəssamı Arif Hüseynovun “Xatirə” qrafik lövhəsində də şəhidlik zirvəsinə yüksəlmiş soydaşlarımızın işıqlı xatirəsi fəlsəfi tutuma bələndiyindən əsər çox düşündürücüdür.

Əməkdar rəssam Adil Rüstəmovun yaratdığı “Rənglərin kədər səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsində də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlər az deyil. Rəmzlərdən və məcazlardan uğurla istifadə edən rəssam sözün əsl mənasında bu qrafik lövhələri günahsız şəhidlərə yönəli “bədii ağı”ya çevirə bilib.

Tanınmış plakat ustası Həşim Elçiyevin yaratdığı yeddi plakatdan ibarət “Qarabağ” silsiləsində də Xocalı ağrıları özünün yaddaqalan ifadəsini tapıb.

Mayis Əliyevin “Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, “Abdulla Ələkbərovun “Qarabağın sabahı”, Səbuhi Məmmədov “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun “Torpağın harayı” və “O qan yerdə qalmaz”, Vüqar QuliyevinSönmüş ocaq” və s. əsərlərində faciənin ayrı – ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli bədii – psixoloji qaynağa çevrilmişlər.

Çox vaxt belə dəhşətli faciələrin təsirli bədii əsərinə çevrilməsi üçün zamana ehtiyac duyulduğunu söyləyirlər. Amma Xalq rəssamı Xanlar Əhmədov bunu əksinin də mümkünlüyünü sübut etdi. Onun faciənin birinci ildönümündə Xocalıya həsr olunmuş heykəltəraşlıq əsərlərindən ibarət sərgi təşkil etməsi də bunun əyani təsdiqi oldu. 25 əsərdən ibarət bu ekspozisiyada heykəltəraşın müxtəlif materiallarda əbədiləşən Xocalı yaşantıları doğrudan də təsirli, sənətkarlıq baxımından isə təqdirə layiq idi. Onun ötən il Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birlikdə Xocalı mövzusunda keçirdiyi müsabiqədə ikinci mükafata (birinci mükafat heç kimə təqdim olunmayıb) layiq görülməsi də əslində onun davamlı axtarışlarının yaddaqalan bədii – plastik görüntüsü ilə yanaşı həm də gördüyü işin rəsmi dəyərləndirilməsinin göstəricisi oldu...

1992-ci ildən sonra faciənin abidələşməsi sahəsində də mühüm addımlar atılıb. Hər il Bakıda Xocalı faciəsinin anımı təşkil olunan məkandakı abidə xalqımızın şəhidlərin əziz xatirəsinə ehtiramını əks etdirən belə sənət əsərindəndir. Özündə ana kədərini əks etdirən bu tunc heykəlin müəllifi tanınmış tişə ustası Aslan Rüstəmovdur.

Heykəltəraşların “əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına göstərdikləri digər yaddaqalan plastik münasibətlər sırasında Xalq rəssamı Fuad SalayevinDöyüşçü”, Sahib Quliyevin “Qarabağlı qadın” və “Döyüşən şəhər”, Məmməd Rəşidovun “Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərin adını çəkmək olar. Bu heykəltəraşlıq nümunələrində faciənin daha çox ümumiləşdirilmiş təqdimatına üstünlük verilib. Fuad Cəfərovun “Ağrı”, Zakir Əhmədovun “Xocalısız qocalar” və Natiq Əliyevin “Yaralı” kompozisiyalarında isə daha çox obrazların psixoloji yaşantıları qabarıqlaşdırılıb...

Mərhum fırça ustası Nazim Məmmədov (1934-2004) ağır xəstə olmasına baxmayaraq Xocalı faciəsinə dərhal və davamlı münasibət bildirən sənətkarlarımızdan olub. Bunun əyani nəticəsi onun 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş fərdi sərgisi oldu. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada onun 50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi. “25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”, “Köməksiz Xocalı”, “Ata, oğul,ər !Bizi xilas edin !” və s. lövhələri insanları duyğulandıran həmin sərginin məna-məzmununu özündə hifz edən və erməni vəhşiliyini ifşa edən nümunələr idi. Rəssam sərgi sonrası faciənin ən önəmli məqamlarını özündə əks etdirən bütün lövhələri muzeyə hədiyyə etdi.

Öz yaradıcılığında Qarabağ müharibəsinin bədiiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq əsərlərində də hadisəyə real-rəmzi münasibət duyulmaqdadır. Onun “Xocalı qaçqınları”, “Didərginlər” və “Şəhidlər” bu bədii-psixoloji məziyyətləri görmək mümkündür.

Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin “Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid önündə”, “Ruhların gəzintisi” və “Xeyir və Şər”, Namiq Məmmədovun “Faciə” və “Qaçan qadınlar” və Telman AbbasovunAna harayı” tablolarında düşmənə nifrətin, insanların əyilməzlik ruhunun və gələcəyə inamının daha qabarıq təqdimatı ilə qarşılaşırıq.

Rəhman Şıxəliyevin “Şəhər draması”, İsmayıl İsmayılovun “Mübariz”, Dadaş Məmmədovun “Xocalı soyqırımı”, Bayram Qasımxanlının “Təcavüz” və “Faciələrimiz”, Etibar Aslanovun “Şəhərin son günü” və Vüqar İsmayılovun “Xocalı faciəsi” lövhələrinin leytmotivində isə baş vermiş dəhşətli hadisənin ölçüyəgəlməz miqyasını göstərmək istəyi duyulandır. Rəngkar Nadır Bayrışovun “Şəhid”, “Xocalıldır” və “Məcburi qaçqınlar” tablosunda da insanların mübarizlik ruhunun ifadəsi rənglərin təzadı ilə göstərildiyindən çox təsirlidir.

Etiraf edək ki, təsviri sənət sahələrindən fərqli olaraq dekorativ-tətbiqi sənətdə belə faciələri bədii görüntüyə çevirmək bir qədər çətindir. Belə ki, bu sahənin “təsvir dilidaha çox ümumiləşdirmə, lakoniklik və rəmzi ifadə tələb edir. Bəlkə elə bu səbəbdəndir ki, bu sahədə yaradılan əsərlərin sayı bir qədər azdır. Bununla belə bu sahədə istənilən mövzuya müvafiq bədii həll tapmağa qadir olan Adil Şıxəliyevin yaratdığı qobelenləri qeyd etmək lazımdır. Onun ərsəyə gətirdiyı “Əsrin faciəsi” və “Müstəqilliyə doğru” qobelenlərinə geniş bədii ümumiləşdirşmələr hakim olsa da, onların rəng ovqatında həyəcanını mövcudluğunu duymaq mümkündür.

Davamlı səyləri ilə qədim keçə sənətini yaşadan Rauf Əbdülhüseynoğlunun bu faciəyə münasibətində özünəməxsusluq duyulur. Onun “Xocalı harayı”, “Dəhşət” və “İblisin hökmü” keçələrində Qarabağ hadisələrinə ümumiləşdirilmiş obrazlı görkəm verilib. Atası Raufun respublikamızda bir qədər unudulmuş keçəçilik sahəsini bərpa etmək cəhdlərinə mənəvi – yaradıcı dəstək verən Əbdülhüseyn İsmayılovun “Xocalım,Xocalım, laylay” adlı toxuculuq nümunəsinin bədii həllində də el sənəti ənənələrinə bağlılıq duyulur...

Haqqında söz açdığımız əsərlər Xocalı faciəsinin müxtəlif səhifələrinə tutumlu “bədii güzgütutan dəyərli sənət əsərləridir. İnanmaq istərdik ki, zaman-zaman onların sayının və bədii məziyyətlərinin yüksələcəyinə bundan sonra da şahidlik edəcəyik. Elə düşünürük ki, nə vaxtsa dilə gətirilən “Hər bir sənətkar öz dövrünün aynasıdır” deyimi bu gün də aktualdır. Bu mənada Xocalı mövzusunda vaxtında yaradılan sənət əsərlərini də gələcək nəsillərə etibarlı ərməğan olmaqla, həm də incəsənətimizin çoxəsrlik tarixini zənginləşdirən əsərlər hesab etmək olar. Belə əsərləri yaratmaq isə hər sənətkar üçün öz sənətkarlığını nümayiş etdirməkdən çox, özünün həm də “Vətən daşı” olduğunu sərgiləmək imkanıdır...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 525-ci qəzet.- 2012.- 22 fevral.- S.6.