Dost, ziyalı, filosof
İlk tanışlıq
Professor Səlahəddin Xəlilovu mən çoxdan tanıyıram. O, Azərbaycan
universitetinin rektoru idi. Orda mən müxtəlif
tədbirlərdə iştirak
edirdim. Hətta mən onların universitetində mühazirə
də oxumuşam, dərs də demişəm və bu şəkildə Səlahəddin müəllimlə
yaxından tanış
olmuşam. O, çox
təmiz, dürüst
və elmdə mükəmməl, geniş
dünyagörüşü olan bir alimdir.
Azərbaycanda onun kimi alimlər çox az
tapılar. O, universitetdə
rektor olduğu vaxtlarda onun universitetində, mənim bildiyimə görə rüşvət-filan yox idi. O çox ciddi bir adamdı.
Etibarlı bir insandır.
Elmi də çox dərindi. Hər şeydən
əvvəl o bir filosofdur. Amma o, mədəniyyət tarixini, sivilizasiya tarixini də yaxşı bilir. Həm Qərb fəlsəfəsini,
həm də Şərq fəlsəfəsini
bilir. Ən başlıcası isə
odur ki, bu iki fərqli
baxış sistemi arasında müqayisələr
aparır və müasir Qərb fəlsəfəsinin bir sıra əsas müddəaları orta əsr islam
filosoflarından götürdüklərini
sübut edir. Onun işraqilik təlimi ilə bağlı apardığı tədqiqatlar
və işraqiliyin fenomenologiya ilə müqayisəsi, habelə
Kant fəlsəfəsinin bir
sıra müddəalarının
Sührəvərdinin təlimindən
də hasil olması haqqında fikirləri çox önəmlidir. Mən onun
xahişi ilə İrandan Şihabəddin
Yəhya Sührəvərdinin
və Molla Sədranın kitablarını
gətirmişəm. Səlahəddin müəllim onları tərcümə etdirmiş
və sonra onlara fəlsəfi şərhlər yazmışdır.
O, həqiqətən Azərbaycanın
fəxridir.
Dost
Bizim dostluğumuzu
stimullaşdıran şey
onun biliyi, əxlaqi keyfiyyətləri
və dostluğa verdiyi dəyərdir, onun sədaqəti və təmizliyi, paklığıdır.
O, təkcə mənə yox, Azərbaycanın və türk dünyasının bütün
ziyalılarına, elm adamlarına
dərin rəğbət
və hörmət bəsləyir. Rektor olduğu dövrdə
onun universiteti türk düşüncə
mərkəzlərindən biri və bir
ziyalı ocağı
idi. İranda yaşayan azərbaycanlı
alimlər də bura tez-tez gəlir
və onlarla universitetin kollektivi arasında görüş
keçirilirdi. Ən parlaq
xatirələrimdən biri
mərhum dostum, böyük türk şairi və mütəfəkkiri Həmid
Nitqi ilə keçirilən görüşdür.
O zaman Həmid Nitqiyə Azərbaycan Universitetinin fəxri doktoru diplomu təqdim edildi və onun şərəfinə
ziyafət verildi. Təsadüfi deyil ki, Həmid Nitqi Şərq-Qərb mərkəzinin buraxdığı
“İpək yolu” jurnalının ilk nömrəsi
üçün “İpək
yolu” adında şer yazıb göndərdi. Şer belə başlanırdı:
“Gecə röyamda yolum çoxdandır unutduğum Səmərqəndə
düşmüşdü...”
Biz “Varlıq” jurnalının
nəşrinə Həmid
Nitqi ilə bir yerdə başlamışdıq. Onunla bağlı
çox əziz xatirələrim var. Azərbaycan
Universitetində başlanan
bu ənənə sonra davam etdirildi.
Görkəmli İran
tarixçisi Rəhim
Rəyisniya və s. də Universitetin fəxri doktoru seçildilər və İran Azərbaycanından
olan alimlərlə sıx əlaqələr yaradıldı. Bizim bu gün də
türk məfkurəsi
üçün mərkəz
ola biləcək
belə bir ziyalı ocağına ehtiyacımız vardır.
Bizim dostluğumuzun
təməlində əslində
əqidə və amal birliyi dayanır. Fəaliyyətlərimizin məqsədi eynidir.
Yəni bizim münasibətlərimiz
əslində şəxsi
səciyyədən daha
çox, ümummilli səciyyə daşıyır.
Amma bu birgə əməkdaşlıq
prosesində bizim aramızda şəxsi dostluq da yaranmışdır.
Ziyalı
Səlahəddin Xəlilov sözün əsl mənasında bir ziyalıdır. Bir daha təkrar edirəm: onun tayı bərabəri çox az
tapılar, xüsusilə
də indiki zəmanədə. Ziyalılara da
onun qayğısı
və xidməti çoxdu. O, Azərbaycanın
ən görkəmli
elm adamlarını Şərq-Qərb
mərkəzinin fəaliyyətinə
cəlb etmişdi. 90-cı illərdə, hələ maddi çətinlik yaşandığı
bir dövrdə bu, həmin adamlar üçün həm maddi dəstək idi, həm də onlar öz biliklərini
istedadlı gənclərlə
bölüşmək imkanı
əldə edirdilər.
Burada mən Səlahəddin müəllimin yaratdığı
“İstedad klubu”nun böyük əhəmiyyətini
qeyd etmək istəyirəm. Müxtəlif universitetlərdən toplanmış
bu gənclər həm görkəmli ziyalılarla görüşmək
imkanı əldə edir, həm də onlarla bir məclisdə öz fikirlərini sərbəst surətdə
söyləyir, mükamilə
mədəniyyətinə yiyələnirdilər.
Məncə, gənclərin
yoluna işıq tutmaq, onları milli mədəniyyətin,
adət-ənənələrin fəlsəfi təməlləri
ilə tanış
etmək ziyalı borcunun yerinə yetirilməsi idi.
Onun əsərləri
də ziyalılara çox böyük bir dərsdi. Xüsusilə, “Təhsil, təlim tərbiyə” kitabı və “Mənəviyyat fəlsəfəsi” kitabı.
Və mən ümid edirəm ki Azərbaycan gələcəkdə
ondan daha çox faydalansın.
Ziyalılığın bir
şərti də vətənpərvərlikdir. Səlahəddin
Xəlilov çox vətənpərvərdir,
amma şüurlu bir vətənpərvərdi, fanatik
deyil. O, eyni zamanda çox dərin imana malik olan
bir müsəlmandır.
Hətta
dini elmlə uzlaşdırmaq istəyən
bir şəxsiyyətdir.
Elm və təhsil təşkilatçısı
Səlahəddin çox dəyərli
bir elm təşkilatçısıdır
və o, universitet rektorluğundan gedəndə mən çox təəssüfləndim. Amma onun özünün daha böyük qayəsi var. Özünü
bütövlükdə fəlsəfəyə həsr etmək
istəyir. İndi O elmi
bir müəssisə qurub
– “Şərq-Qərb” mərkəzi və istəyir
vaxtını daha çox
elmə, fəlsəfəyə həsr eləsin. Amma bir rektor kimi
də o, fevkalade bir rektor idi. Onun universitetində
sağlam mənəvi
mühit var idi. Gözəl kitabxanalar var
idi. Təkcə Universitet kollektivi
yox, Azərbaycanın
hər yerindən bu kitabxanaya gəlirdilər. Burada tez-tez
elmi seminarlar, konfranslar keçirilirdi.
Bu universitetin məzunlarının bir çoxu xarici ölkələrdə çalışır
və Azərbaycan diasporunun təşkilatlanmasında
iştirak edirlər.
Filosof
Səlahəddin Xəlilov Şərq fəlsəfəsinin müsbət
dəyərlərini üzə
çıxardır və
həqiqi İslam Fəlsəfəsini göstərmək
istəyir. Və deyir ki, qərblilər sivilizasiyanın
təməllərini Xristianlıqdan
yox, bizdən, İslamdan alıblar.
Biz özümüz isə onu unutmuşuq.
Bu çox mühüm
məsələdi. İslam Şərqində
əvvəllər də
bu cür filosoflarımız olub, məsələn, Məhəmməd
İqbal Lahuri kimi. Səlahəddin Xəlilov da
bu cür filosoflardan biridir. Amma Səlahəddin Xəlilov
hələ gəncdir
və görəcəyi
işlər hələ
çoxdur.
Onun Azərbaycan
ədəbiyyatı ilə,
ədəbiyyatımızın fəlsəfi fikir təməlləri ilə
bağlı tədqiqatları
çox önəmlidir. Cavid fəlsəfəsinə
dair yazdığı
kitablar və məqalələri xüsusi
ilə qeyd etmək istəyirəm.
Mən Cavidi çox sevirəm. O, XX əsrdə
Azərbaycanın ən
böyük mütəfəkkirlərindən
biridir. Ona görə də
Cavidin yaradıcılığında
fəlsəfi fikir qatını üzə çıxarmaq böyük
xidmətdir. Səlahəddin bir tərəfdən ədəbiyyatı, digər
tərəfdən də
elmlərin əsaslarını
mükəmməl bildiyinə
görə onun fəlsəfəsi birtərəfli
deyil. O, həm bədii, həm də elmi düşüncənin
özünəməxsus cəhətlərini
araşdırır və
islam dünyasında
elm ilə fəlsəfə
arasında özünəməxsus
əlaqələri aşkara
çıxarmağa çalışır.
Onun elm fəlsəfəsi sahəsində
irəli sürdüyü
təlim Qərb filosoflarının təlimlərindən,
xüsusi ilə neopozitivizmdən, praqmatizmdən,
analitik fəlsəfədən
köklü surətdə
fərqlənir.
S. Xəlilovun ən böyük xidmətlərindən biri də təsəvvüfün başlıca ideyalarını müasir fəlsəfi kateqoriyalarla izah etmək cəhdlərindən ibarətdir. Bu sahədə hələ çox iş görülməlidir. Mənə elə gəlir ki, təsəvvüf təməlində qurulmalı olan yeni fəlsəfə onun əsas məqsədlərindən biridir.
Səlahəddin Xəlilovun əsərlərini yaxşı oxuyub başa düşəndən sonra oradan çox şey əxz etmək və bir düşüncə sahibi olmaq mümkündür. Onun əsərlərini oxuduqdan sonra adam əsl Şərq fəlsəfəsinin, İslam fəlsəfəsinin nə olduğunu başa düşür və bu fəlsəfəyə qayıdışı düşünür.
Cavad HEYƏT,
professor
525-ci qəzet.- 2012.- 22 fevral.- S.4.