“İranın Azərbaycana
qarşı yürütdüyü siyasət
yaxın qonşuluq və dostluq
siyasəti deyil”
QÜDRƏT
HƏSƏNQULİYEV: “TAKSİM”DƏ
KEÇİRİLƏCƏK AKSİYAYA SİYASİ
ÇALAR VERİLMƏSİNİN ƏLEYHİNƏYƏM”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi.
– Xocalı soyqırımının baş verməsindən 20 il ötür. Bu ərəfədə görülən işləri necə qiymətləndirirsiniz?
– Sevindirici haldır ki, son illər həm hökumət xətti ilə, həm QHT, həm də siyasi partiyalar faciənin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Fikrimcə bunu etiraf etmək lazımdır. Xüsusilə bu məsələ o zaman diqqəti cəlb etməyə başladı ki, Heydər Əliyev Fondu Leyla Əliyevanın liderliyi ilə “Xocalıya ədalət” kampaniyasına start verdi. Soyqırımın dünyada tanıdılmasında bu kampaniya böyük rol oynadı. Bu aksiyaya dünyada fəaliyyət göstərən diaspora qurumlarımız, həmçinin Avropadakı cəmiyyətlər qoşuldu. Məsələn, Böyük Britaniyada qeydiyyatdan keçən Avropa Azərbaycan Cəmiyyəti də soyqırımın tanıdılması istiqamətində xeyli işlər gördü, tanıtım təbliğatı apardı. Həmçinin Milli Məclisdə də buna diqqət ayrılıb və işçi qrupların qarşısında bir vəzifə kimi qoyulub. Artıq nəticələr ortadadır. Bir neçə ölkənin parlamenti Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb, bir neçə ölkədə rəsmi sənədlər qəbul olunub. Ümid eləyirəm ki, işlər belə davam edəcək və soyqırımı tanıyan ölkələrin sayı artacaq. Mətbuatın bu məsələdə zəhmətini də xüsusi qeyd etmək istəyirəm. Bu məsələnin gündəmdə saxlanmasında Azərbaycan mətbuatı çox fəal olub.
– Soyqırımı günü – fevralın 26-da İstanbulun “Taksim” meydanında keçiriləcək mitinqlə bağlı nə düşünürsünüz?
– İstərdim ki, Türkiyənin bütün siyasi dairələri, iqtidarı və müxalifəti bu aksiyaya birgə dəstək versin. Nəticədə möhtəşəm tədbir keçirilsin, dünyaya səs sala biləcək aksiya baş tutsun və yüz minlərlə adam iştirak etsin. Bu da Türkiyədəki bütün siyasi partiyaların sözdə yox, qəlbən bu işə dəstək verməsindən asılıdır. Yeri gəlmişkən, bir məsələyə toxunum. Azərbaycan dövlətinin, xalqının, cəmiyyətinin Türkiyədən umacağı çoxdur. Hər dəfə Azərbaycandan “Ərazilərimizi bütün vasitələrlə, o cümlədən hərbi vasitə ilə də azad edəcəyik” bəyanatı səslənəndə dərhal bir rus generalı “Əgər regionda atəşkəs pozulsa, Rusiya sülhə məcburetmə tədbirləri görəcək” və sair kimi açıqlamalar verir. Şəxsən mən gözləyirəm ki, o zaman qardaş Türkiyədən də bir nəfər rəsmi şəxs çıxıb “Əgər atəşkəs pozularsa və Ermənistan destruktiv fəaliyyətini davam etdirərsə, Azərbaycan ərazilərini azad etmək məcburiyyətində qalacağı zaman üçüncü dövlətin bu məsələyə müdaxilə etməsini Türkiyə kənardan seyr etməyəcək” bəyanatını səsləndirsin. Türkiyənin bu reaksiyası erməniləri ciddi düşündürə bilər, Ermənistanı sülhə məcbur edər, düşünməyə sövq edər. Bütün bu və ya digər məsələlərə görə, “Taksim” meydanındakı aksiyanın keçirilməsini önəmli sayıram və bunun davamının gəlməsini arzu edirəm.
Yeri gəlmişkən, bu aksiyaya iqtidar-müxalifət yanaşmasını qəbul etmirəm. Təəssüf ki, bu aksiyanın üzərinə dolayısı ilə kölgə salmaq, yaxud da daxilə hesablanan siyasi məqsədlər üçün faydalanmaq istəyən qüvvələr var. Hesab edirəm ki, Azərbaycanda iqtidar-müxalifət, Türkiyədə yaşayan soydaşlarımızı aksiyada iştirak etməyə dəstək verməyə çağırmalıyıq. Buradan Türkiyə siyasi dairələrinə də müraciət etməliyik ki, bu ümummilli məsələdir. Bu türk xalqının bir faciəsidir. Ona görə də bu faciənin dünyaya çatdırılması üçün bütün səylərini səfərbər etməlidirlər. Öz tərəfdarlarını sözdə yox, səmimi şəkildə “Taksim” meydanına cəlb etməlidirlər. Bunu istəməkdə haqqımız da var. “Hamımız erməniyik” şüarı ilə minlərlə adam meydanlara çıxırsa, indi yüz minlər insan meydana toplanmalıdır. Taksim meydanı fevralın 26-da birliyimizin və bərabərliyimizin sınağı olacaq.
– Yeri gəlmişkən, bunu siyasi, milli notlara bağlamaq nə dərəcədə düzgündür?
– Bu insanlıq əleyhinə törədilən ümumbəşəri cinayətə etirazdır. Bu baxımdan burada məsələyə Ermənistan-Azərbaycan münasibətləri kontekstində də yanaşmaq düzgün olmaz. Özünü insan sayan hər bir şəxs, milliyyətindən asılı olmayaraq bu soyqırım aktını pisləməlidir. “Taksim”də siyasi bir aksiya keçirilmir, bu aksiya bəşəri dəyərlərin qorumasına xidmət edir.
– Son vaxtlar gündəmdə olan məsələlərdən biri də İrandır. İran hədələrinin sayını artırıb. Açıq şəkildə Azərbaycanı terrorçuları gizlətməkdə ittiham edir. Azərbaycan sərhədində sadə insanlara problemlər yaradılır. Bu məsələ ilə bağlı da fikirlərinizi bilmək istərdik.
– Əvvəla onu deyim ki, İran
tərəfindən sərhəddə sadə vətəndaşların
hərəkətinə olan problemlər bu gün
yaradılmayıb. Sadəcə çətinləşdirilib.
Dəfələrlə Milli
Məclisdə demişəm ki, İran ərazisindən keçməklə
Naxçıvana və ya əks istiqamətə
getmək istəyən Azərbaycan vətəndaşlarının
sənədləri alınır və saatlarla
heç bir əsas
göstərilmədən orada
saxlanılır. Bizim vətəndaşlara
sadəcə zülm edilir.
Başqa yolumuz
olmadığı üçün vətəndaşlarımız
bu yoldan istifadə etmək
məcburiyyətində qalırlar. Bunu zaman-zaman söyləmişəm. Son vaxtlar isə problem daha da kəskinləşib.
İranın Azərbaycana qarşı
yürütdüyü siyasət
yaxın qonşuluq və dostluq siyasəti deyil. Bu barədə açıq
danışmaq lazımdır.
İran Azərbaycana münasibətdə
yürütdüyü siyasət,
həm də İslam birliyinə qarşıdır və İslam dəyərlərinin
ayaq altına atılmasıdır. Əgər
İslam müsəlmanları
bir-birinə qardaş
olduğunu təlqin edirsə, necə ola bilər
ki, qardaşının
torpaqları işğal
edilə və bu hərəkəti edən dövlətə sən hər cür dəstək verəsən? Məsələn, Pakistan İslam Respublikası
Ermənistanda səfirlik
açmayıb, Xocalı
soyqırımını tanıyıb.
İran rəsmi dairələri sadəcə əsassız
yazılardan bəhanə
kimi istifadə edir. Böyük Britaniyanın “Tayms”
qəzetində guya İsrailin kəşfiyyat
orqanlarının Azərbaycan
üzərindən İran
əleyhinə müəyyən
işlər aparması
və Azərbaycan da buna şərait
yaratması haqqında
yazı dərc olunub. Həmin yazını mən
də diqqətlə oxudum. Əvvəla, siyasətdən kənar insana da bəllidir ki, heç bir kəşfiyyatçı
fəaliyyət göstərdiyi
ölkədə özünün
kimliyini və niyyətini açıqlamaz.
İkincisi, son vaxtlar Britaniya
mətbuatında Azərbaycan
qarşı təxribat
xarakterli yazılar yer almasını bütün dünya izləyir, o cümlədən
İran da. Boksla bağlı qalmaqal, elə bayaq Xocalı ilə bağlı fəaliyyətini söylədiyim
Avropa Azərbaycan Cəmiyyəti əleyhinə
yazılar, indi də “Eurovision” əleyhinə
aparılan kampaniya göstərir ki, bu ölkənin mətbuatının bir hissəsində Azərbaycana
qərəzli yanaşma
var. Əminəm ki, bu prosesi İran
xüsusi xidmət orqanları da izləyir. Belə olduğu halda
İranın Böyük
Britaniya mətbuatında
gedən yazıya görə, Azərbaycan qarşı belə bir kampaniyaya başlaması təzyiqdən
başqa bir şey deyil. İranda 30 milyon azərbaycanlı yaşayır. Farsların da
içərisində münasibətlərin
normal olmasını istəyənlər
var. Çünki tarixi
əlaqələrimiz var,
bir adət-ənənəni
bölüşürük. Təəssüf edirəm ki,
artıq həmin məsələ ilə bağlı İran prezidentinin qardaşı səviyyəsində münasibət
bildirilir və Azərbaycan ittiham olunur. Yenə də deyirəm
burada məqsəd Azərbaycan qarşı düşmənçilik siyasətini
yürütməkdir. Onlar Azərbaycanda İslam dövləti adı altında özlərinə
bənzər və İran tərəfindən
idarə olunan bir teokratik rejim
qurmaq istəyirlər.
Azərbaycan cəmiyyəti də
sözsüz bunu rədd edir və qəbul etməyəcək. İran Azərbaycanda
nə qədər vəsait xərcləsə
də, bu alınmayacaq. Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən
də terror cəhdinin
də qarşısı
alındı. Azərbaycana qarşı bu siyasətin yürüdülməsi
yanlışdır. Nə qədər
gec deyil, İran siyasətinə nəzər salmalı və Azərbaycana yönələn siyasətlərində
dəyişiklik etməlidirlər.
Ən azı ona görə
də həmin ölkədə 30 milyondan
çox azərbaycanlı
yaşayır. Azərbaycana yönələn bu düşmənçilik siyasəti
istər-istəməz 30 milyonun
da kəskin narazılığına gətirib
çıxaracaq. İran daxilində
ciddi parçalanma və milli qarşıdurma
yarada biləcək.
Ona görə də İran rəsmiləri bu barədə çox ciddi düşünməlidirlər. Onu da nəzərə almalıdırlar ki, Azərbaycan kimi ərazisinə görə
çox da böyük olmayan bir ölkə böyük dövlətlərin
qarşısında bəyan
edib ki, biz İranla qonşu ölkəyik və öz torpaqlarımızdan
İrana qarşı istifadə olunmasına imkan verməyəcəyik.
Ən azı Azərbaycanın bu mövqeyini İran qiymətləndirməyi
bacarmalıdır.
– Sizin parlamentdə ölkəmizin adının
dəyişdirilməsi təklifi
də olmuşdu. Yəni respublikanın adının
Şimali Azərbaycan
adlandırılması. Münasibətlərin gərginləşdiyi məqamda bu təklifi səsləndirmişdiniz.
– İranın bir
qrup parlament üzvü məsələ
qaldırdı ki, Türkmənçay müqaviləsinə
yenidən baxmalıyıq. Hətta Azərbaycanın
qədim İran torpaqları olduğunu söyləyirdilər. Amma mənim
təklifim bu bəyanata qarşılıq
deyildi. Bu məsələ 2008-ci ildə
prezident seçkisi kampaniyası zamanı seçki platformamda öz əksini tapmışdı. Azərbaycan 19-cu əsrdə xanlıqlar şəklində olarkən
ərazisi İran və Rusiya tərəfindən işğal
olunub. Bu da Gülüstan və Türkmənçay
müqavilələri ilə
rəsmiləşib. Bu
gün də İranın ərazisində
qərbi və şərqi Azərbaycan ostandarlığı bir inzibati ərazi kimi saxlanılıb.
İran özü oranın Azərbaycan olduğunu etiraf edib. Bir yerin cənubi varsa, şimalı da var də.
Bu artıq təkzibolunmaz
və qacınılmaz
gerçəklikdi. İran Azərbaycan
Respublikasını da
rəsmən tanıyır.
Azərbaycan Respublikası bütöv
Azərbaycanın ümumi
ərazisinin üçdə
birini təşkil edir. Əhalisinin isə dörddə birini... Belə olduğu halda
bizim yalnız Azərbaycan adı ilə çıxış
etməyimiz doğru olmaz. Hər bir xalqın
dövlətinin adını
dəyişmək hüququ
var. Bizim Şimali Azərbaycan adı ilə tanınmağımız
BMT-də, deməli dünyada bölünmüş
xalq olmağımızın
təsdiqi olacaq.
Mənim
bu açıqlamamın
əleyhinə olanlar ciddi arqument tapa bilmədilər.
Hətta
səviyyəsiz yanaşmalar
da oldu. Alim kimi hörmət
etdiyim şəxs dedi ki, Azərbaycan
Xalq Cümhuriyyətinin
baniləri indi bu ideyanı irəli sürənlərdən
savadsız olmayıblar
ki... Ona görə də
ölkənin adını
dəyişmək olmaz.
Bilirsiniz, əvvəla
xoşagəlməz vəziyyət
odur ki, o adam tarixçi
kimi yox, siyasətçi kimi məsələlərə qiymət
verir. Bundan əlavə də
hər dövrün öz siyasi reallıqları var və siyasi reallıqlara uyğun olaraq, qərar qəbul olunanda burada savad, vətənpərvərlik
məsələsi gündəmdə
olmur. Həmin məntiqlə yanaşanda,
məgər həmin dövrdə ölkəyə
rəhbərlik edənlər
qeyrətsiz idilər ki, İrəvanı ermənilərə paytaxt
kimi verilməsinə razı olmuşdular?
Ortada sənədlər də
var. Əlbəttə yox,
sadəcə o dövrün
siyasi reallıqları
onu tələb edirdi. Amma indiki dövrün
siyasi reallığı
budur ki, dünyada parçalanmış
xalqlar birləşir və parçalanmış
xalq olduğunu elan edir. Biz də çalışmalıyıq
ki, dünyaya parçalanmış xalq
olduğumuzu göstərək.
Bəziləri bunu siyasi konyunktura kimi dəyərləndirdilər. Bu milli maraqlardan
irəli gələn məsələdir. Kimin necə
yanaşmasından asılı
olmayaraq, biz bu məsələni gündəmə
gətirməliyik.
– Güney Azərbaycandan danışmışkən, bu yaxınlarda mətbuatda Babək və Şah İsmayılla bağlı ciddi bir polemika oldu. Sizin münasibətiniz necədir bu məsələyə?
– Mən Babəkə yönələn hücumları qətiyyətlə pisləyirəm. İstənilən tarixi şəxsiyyətin həyatını araşdırsan, orda şəxsi nələrsə tapmaq olar. Amma bunu nəzərə almaq lazımdır ki, Babək bu gün Güneyi Azərbaycanda millətimizin bütövlüyünün simvoluna çevrilib. Hər il milyonlarla insan Bəzz qalasına yürüş edir. Bəs bu dəyəri aşağılayanlar nəyə xidmət edirlər? Azərbaycan torpaqlarında dövlət qurmuş Şah İsmayıl Xətaiyə qarşı da belə yanaşmanın əleyhinəyəm.
525-ci qəzet.- 2012.- 22 fevral.- S.4.