Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ötən ilin yekunlarına dair kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha diqqətə çatdırıb və qeyd edib ki, ötən il bu sahədə bir çox nailiyyətlər əldə olunub: “Ötən il Azərbaycanın turizm sahəsi 14% artıb və 2012-ci ildə turizm sahəsinin inkişaf dinamikası ötən ildəkindən bir qədər də çox olacağı gözlənilir. Biz ötən il ərzində əldə etdiymiz nailiyyətlərlə kifayətlənməməliyik və sözügedən sahəni bir qədər də inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmalıyıq”.

Nazir onu da bildirib ki, ötən il Azərbaycana 2,2 mln-dan artıq əcnəbi gəlib və bu da 2010-cu ildəkindən 14% çoxdur: “Azərbaycana ötən il gələn turistlərin hər biri orta hesabla 700 ABŞ dolları xərcləyib və nəzərə alsaq ki, ölkəyə gələnlərin sayı 2,2 mln-dan çox olub, ölkəyə daxil olan vəsaitin 1,4 mlrd. dollardan çox olduğunu görmək olar”. Ə.Qarayev həmçinin əlavə edib ki, 2002-ci ildə ölkəyə gələn əcnəbilərin sayı 834 373 nəfər olub və yalnız 2003-cü ildə bu göstərici 1 mln-u ötüb: “Ötən il Azərbaycan turizm sahəsində ilk dəfə olaraq 2 mln-dan artıq, yəni 2 239 141 nəfər əcnəbi qəbul edib”. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd edib ki, 2011-ci ildə Azərbaycanın müxtəlif regionlarında turizmin inkişafı istiqamətində, o cümlədən memarlıq-abidə və turizm nümayiş komplekslərinin yenidən qurulmasına, turizm marşrutlarının inkişafına və s. investisiyalar yatarılıb və bu işlər cari və növbəti illər ərzində də davam etdiriləcək.

Ölkədə hotel və mehmanxanaların fəaliyyətindən danışan şöbə müdiri həmçinin bildirib ki, əgər 2010-cu ildə ölkə ərazisində 499 hotelmehmanxana fəaliyyət göstərirdisə və yataqxanaların sayı 30 793 ədəd təşkil edirdisə, 2011-ci il ərzində hotel və mehmanxanaların sayı 515-ə çatıb, oradakı yataq yerləri isə 2010-cu ilə nisbətən 11,8% artaraq 33 393-ə çatdırılıb: “Ötən il Azərbaycanda 30 mehmanxanamehmanxana tipli obyektlər istifadəyə verilib. Hazırda isə ölkə ərazisində 45 hotelmehmanxana inşa etdirilir”.

A.İsmiyev onu da bildirib ki, 2011-ci ildə 39 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib və hazırda ölkə ərazisində 178 turizm şirkəti fəaliyyət göstərir.

Ölkəyə gələn əcnəbi vətəndaşların sayından danışan Nazirlik rəsmisi qeyd edib ki, 2011-ci ildə Azərbaycana 2,2 mln-dan çox əcnəbi vətəndaş gəlib, onların 1,836 mln-dan çoxu turist olub: “Hər bir turist Azərbaycanda orta hesabla 618 manat xərcləyib. Turizmdən əldə olunan gəlir isə 2010-cu ilə nisbətən 26% artaraq 966,3 mln. manat təşkil edib”.

Tədbirdə həmçinin Nazirliyin digər rəsmiləri, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri və s. çıxış ediblər.

İclasın sonunda 2011-ci ildə turizm sahəsində həyata keçirilən tədbirlər qənaətbəxş qiymətləndirilib və 2012-ci ildə bu sahədə görüləcək işlər barədə sənəd qəbul olunub.

 

Günay FƏRHADQIZI

525-ci qəzet.- 2012.- 23 fevral.- S.7.